PDF Oxu

MİA

  • 7 922

Qarabağ qazisi Maksim Voskresenski: Dövlət bizi unutmur - MÜSAHİBƏ

image

“Haqqımda mətbuatda yazılandan sonra hamı gəlib yarmarkada məni axtarırdı və məndən bal alırdı”

Azərbaycanın Zaqatala şəhərindən olan 21 yaşlı arıçı Maksim Voskresenski haqda ötən il “Moskva-Baku” portalında məqalə nəşr olunandan sonra o, Bakıda keçirilən bal yarmarkasında ən populyar şəxs olub. Portal daha sonra göstərdiyi şücaətə görə 5 medalla təltif edilmiş İkinci Qarabağ müharibəsi veteranı olan gənc arıçıdan müsahibə alıb. Maksimlə müsahibə Azərbaycan mediası tərəfindən yenidən dərc edilib, sosial şəbəkələrdə paylaşılıb və istifadəçiləri bal yarmarkasında veterana dəstək olmağa çağırıblar. Gənc arıçının dükanında növbə yaranmağa başlayıb, insanlar ondan xeyli bal alıb, onunla fəxr etdiklərini deyib, Qarabağ müharibəsindəki qələbəyə görə ona təşəkkür ediblər. Bu günlərdə Maksim Voskresenski yenidən Bakıda illik bal yarmarkasında iştirak edir və “Moskva-Baku” portalının müxbiri son bir ildə onun həyatının necə dəyişdiyini öyrənmək üçün gənc arıçı ilə söhbət etmək qərarına gəlib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Ötən il bal yarmarkasından qayıdandan sonra Zaqatalada necə qarşılandınız?

- Ailəm və dostlarım mənim uğurumdan çox sevindilər. Xüsusilə də valideynlərim mənim gətirdiyim bütün balı bir neçə günə sata bildiyimi biləndə. Mən irsi arıçılar ailəsindənəm və keçən il valideynlərim məni ilk dəfə Bakıdakı yarmarkaya göndərdilər. Əvvəlcə atama dedim ki, çətin ki, nəyəsə nail olacam, baxmayaraq ki, ailə üçün pul qazanmalıyam. Mən həqiqətən valideynlərimə kömək etmək istəyirdim. Amma ilk vaxtlar satış ləng gedirdi, nədənsə alıcılar balı yaşlı arıçılardan, iri satıcılardan almağa üstünlük verirdilər və onların nəzərində mən çox gənc və təcrübəsiz görünürdüm.

Mən də o zaman gəlib mənə dəstək olan hər kəsə təşəkkür etmək istəyirəm. Portalınızda dərc olunandan sonra yadımdadır, yarmarkanın girişində bir-birinin ardınca gələnlər Maksimi necə tapa biləcəklərini soruşurdular Çoxdandır yarmarkada belə bir həyəcan yaşanmırdı. İnsanlar bal alır, dəstək sözləri deyir, müharibədən soruşurdular. Hətta hərbi geyimlilər də gəlib məni qucaqladılar. Əslində, mən yarmarkadakı heç bir qonşuma Qarabağ müharibəsində iştirakım barədə deməmişdim, düşündülər ki, təzə oğlan gəlib, cavandır, qoy məhsulunu satmağa çalışsın. Və biləndə təəccübləndilər və inana bilmədilər ki, 20 yaşımda Qarabağ müharibəsində igidliyə görə 5 medalım olub.

- Son bir ildə həyatınızda nə dəyişdi? Haqqında danışdığınız köhnə UAZ-ı təmir etmisiniz?

- Bəli, düzəltdim və indi onu təhlükəsiz sürə bilirəm (gülür). Yaxşı bal satışı sayəsində təsərrüfatımı genişləndirə bildim. Belə ki, keçən il şəxsən mənim 10 arı ailəm olubsa, bu il onların sayı 30-a çatıb.

Bilirsiniz, arıxana mənim üçün bir növ xilas oldu, müharibədən sonra reabilitasiya oldu. Müharibə heç vaxt asan olmur... Amma arıxanada yaşadıqlarımı, özümə gələnləri yavaş-yavaş unutmağa başladım. Təbiət insana həmişə faydalı təsir göstərir.

Mən 6-cı mükafata da layiq görüldüm. “İgid döyüşçü”, “Şuşa” “Füzuli”, “Cəbrayıl”, “Xocavənd”in azad olunmasına görə, medallarım olub, indi də “Vətən müharibəsində iştiraka görə” medalım var. Üç il keçib, amma dövlət öz əsgərlərini unutmur və bu çox gözəldir.

- Bu il nə qədər bal gətirmisiniz?

- 400 kq. Satışlar artıq başlayıb və oktyabrın 22-nə, yarmarkanın bağlanışına qədər burada olacam. Keçən il məşhur olan bal də daxil olmaqla 5 növ bal gətirmişəm. Məndən çox xahiş etdilər ki, gətirim, çünki yarmarkada çətin ki, kimsədən belə balı alasan. Sevinirəm ki, bu il məni unutmadılar, insanlar yenidən yarmarkaya gəlir və məni axtarırlar.

- Daimi müştəriləriniz varmı?

- Bəli və bütün il mənə sifariş göndərdilər. Onlara birbaşa Zaqataladan bal göndərirdim, bəzən fürsət düşən kimi özüm də gəlirdim. Səfərlərimin birində Bakıdakı pravoslav kilsəsində oldum və orada arximandrit Alekseylə tanış oldum. Belə çıxır ki, o da mənim haqqımda yazı oxumuşdu, amma o vaxta qədər yarmarka bitmişdi və onun orada iştirak etməyə vaxtı yox idi. Ata Aleksi ilə pravoslav kilsəsi üçün daimi bal tədarükü barədə razılığa gəldik.

-Evlənmək fikrində deyilsən?

- Bu haqda danışmaq hələ tezdir. Əvvəlcə evi qaydasına salıb toya pul yığmalıyıq.

- Azərbaycanda ekoturlar populyarlaşıb. Qonaqları arıxanaya dəvət etmək fikrindəsiniz?

- Bəli, bilirəm ki, turistləri arıxanalara aparmağa başladılar, orada ferma ilə tanış olurlar və özləri bal “yığırlar”. Amma belə turlar təşkil etmək mənim üçün çətin olacaq, təcrübəm yoxdur. Ancaq mən həmişə məmnuniyyətlə qonaqları qəbul edəcəyəm, təkcə arıxananı deyil, həm də meşələrdə və dağlarda bələdçi olacağam və oralar çox gözəldir! Mən ovçu olmaq arzusundayam. Mən təbiəti çox sevirəm. Ailəmiz bir neçə nəsildir ki, mənzərəli və çoxmillətli Zaqatala rayonunda yaşayır və biz həyatımızı bu ərazisiz təsəvvür edə bilmirik.

- Həmkarlarınızla ünsiyyət qurursunuzmu?

- Bəziləri ilə telefon nömrələrimizi götürmüşük və daim bir-birimizə dəstək oluruq. Əlaqələrini itirdiyim dostları tapmaq və onların necə yaşadıqlarını öyrənmək istərdim. Müharibə zamanı çoxlu dostlar qazandım. Axı mən 18 yaşımda hərbi xidmətə çağırıldım və bir neçə ay sonra İkinci Qarabağ müharibəsi başladı. Vətən müharibəsinin 44 günü ərzində bir neçə növbətçi məntəqəni dəyişdim və yaralandım. Qələbəni Şuşada olanda qeyd etdim. Yadımdadır, gecə növbətçisi bizi oyadıb dedi ki, müharibə bitdi. Hamı çox xoşbəxt idi. Üç il keçdi, amma o gecəni indiki kimi xatırlayıram.

- Hazırda Qarabağda baş verənləri izləyirsinizmi?

- Təbii ki, xəbərlərə baxıram və narahat oluram. Sentyabrın 19-da Azərbaycan Müdafiə Nazirliyi Qarabağda lokal antiterror tədbirləri elan etdi və o günlərdə mən rahat yata bilmirdim. Bu, mənim Vətənimdir və əgər məni yenidən hərbi xidmətə çağırsaydılar, heç şübhəsiz, onu müdafiə etmək üçün yenidən ayağa qalxardım. Yadımdadır, Azərbaycan tarixi ədaləti bərpa edəndə Zaqatalada hamı çox sevinirdi. Təəssüflər olsun ki, itkilər oldu, ölənlərə yas tutur, yaralılara şəfa diləyirik. Ümid edirəm ki, bu, sonuncu müharibə idi və biz bir daha əsgər itirməyəcəyik. Azərbaycan haqlı olaraq ona məxsus olan hər şeyi geri qaytardı.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər