Andrey Petrov: Azərbaycan bütün problemlərini həll edərək yaxşı yaşayır, Ermənistan isə təcrid olunmuş vəziyyətdə qalmaqda davam edir
Hazırda Cənubi Qafqaz regionunda münaqişə potensialı demək olar ki, sıfıra enib və Ermənistan tərəfindən heç bir qarşıdurma hərəkəti gözləmək olmaz. Bu həm də ona görə baş verir ki, Qarabağ məsələsinin bağlanması təkcə Azərbaycanın deyil, qəribə də olsa, Ermənistanın da strateji problemlərini həll edib.
Bunu “Vestnik Kavkaza” agentliyinin baş direktorunun müavini, rusiyalı politoloq Andrey Petrov “Caliber” analitik mərkəzinə açıqlamasında deyib. Politoloqun fikirlərini oxucularımıza təqdim edirik.
“Qarabağ məsələsi Paşinyan üçün böyük problem idi, çünki onun Qarabağda heç vaxt şəxsi maraqları olmayıb, o, ancaq hakimiyyətə gəlməmişdən xeyli əvvəl əsası qoyulmuş və sponsorlar tərəfindən aparılmağa məcbur edilən siyasətin davam etdirilməsi ilə məşğul olub. Qərbdə erməni diasporunun nümayəndələri, eləcə də Rusiya ilə sərhəddə gərginlik və qarşıdurma ocaqları yaratmaqda maraqlı olan Qərb siyasətçilərinin sifarişi ilə. Üstəlik deyə bilərik ki, Paşinyan bu dilemmanı özü üçün demək olar ki, ağrısız həll etdi. Sentyabrın 19-20-də Qarabağ separatçılarının öz-özünü buraxdıqlarını elan etməsindən sonra İrəvanda ciddi iğtişaşlar və ya dövlət çevrilişi baş vermədi. Baxmayaraq ki, risklər var idi. Maraqlıdır ki, Ermənistanın əvvəlki rəhbərliyi bu müddət ərzində praktiki olaraq kölgədən çıxmayıb və onların hazırda nə işlə məşğul olduqları bəlli deyil.
Bu problem həll olunduğundan Paşinyanın onu yenidən, məsələn, şərti Ermənistan-Azərbaycan sərhədində təxribatlar şəklində yaratmaq motivi yoxdur. Ona görə də hesab edirəm ki, Paşinyan hakimiyyətdə olduğu müddətdə Ermənistan Azərbaycana qarşı yeni ərazi iddiaları ilə çıxış etməyəcək. Ona görə də regionda münaqişə üçün heç bir ilkin şərt yoxdur”, - deyə politoloq bildirib.
Onun fikrincə, indi Ermənistan Qarabağı tərk edən ermənilərlə bağlı sızlamaq siyasətini davam etdirəcək, lakin Azərbaycanı bezdirmək üçün deyil, guya bu “qaçqınları” təmin etmək üçün Qərbdən daha çox pul almaq üçün.
“Eyni zamanda, Azərbaycanın Ermənistanla bağlı hələ də sualları var. Bura ərazilərin işğalı nəticəsində dəymiş dəhşətli ziyana görə kompensasiyanın ödənilməsi, 8 Azərbaycan kəndinin qaytarılması tələbi də daxildir”,- politoloq xatırladıb.
Andrey Petrov hesab edir ki, Ermənistan bu kəndləri “sakit şəkildə” Azərbaycana qaytaracaq. Çünki yenə də Ermənistanın onları geri qaytarmamaq üçün nəsə etməyə imkanı yoxdur. Paşinyan isə millətçilərdən təhlükə görməyəcək. Amma yenə də bu proses zamanı bazarlıq etməyə çalışacaq.
Paşinyan indi Azərbaycandan daha çox Türkiyə ilə sərhədin açılmasında və oradan Ermənistan nəqliyyat axınının inkişafında maraqlıdır. Amma Türkiyə şərt qoyur- Azərbaycanla münasibətləri yaxşılaşdırsın, ona görə də, görünür, proses irəliləməyəcək,- rusiyalı ekspert deyir.
“İrəvanın praktiki olaraq strategiyasını dəyişmək arzusu yoxdur, bunu “heç nə etməmək” strategiyası kimi təsvir etmək olar. Azərbaycan artıq onun üçün hər şeyi edib: torpaqlarını işğaldan azad etdi, Qarabağı qaytardı və Paşinyan yalnız Ermənistanın qoşun yeritməyəcəyini və döyüş əməliyyatlarına başlamayacağını bəyan etməli oldu. Ona görə də hesab edirəm ki, Paşinyan bundan sonra da bu davranış xəttinə sadiq qalacaq. İrəvanın sərhədin delimitasiyasına belə marağı yoxdur, hərçənd ki, kommunikasiyaların qarşısını almaq istəyi var, bunu ləngidir, çünki ölkə artıq bir neçə onilliklər ərzində özünü təcrid vəziyyətində yaşamağa vərdiş edib. Ərazi itirilməsini və iqtisadi dinamikanı nəzərə alsaq, Paşinyan açıq şəkildə razılaşır ki, Ermənistan daha da Qərbdən və diaspordan asılı dövlətə çevriləcək, yəni, Ermənistanın mövcud olmasını istəyirsənsə, bunun əvəzini ödə.
Mən çox istərdim ki, Ermənistan qonşuları ilə münaqişə etməyən, regiona uğurla inteqrasiya olunmuş normal dövlət kimi yaşasın. Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlayaraq, sərhədlərini açmaqla özünü rasional aparmaq və normal yaşamaq imkanı var, amma rasional davranmaq və normal yaşamaq arzusu yoxdur- münaqişə elə buradadır. Beləliklə, Paşinyanın “heç nə etməmək” strategiyası davam etdiriləcək və nəticədə bizdə elə bir təəssürat yaranıb ki, Azərbaycan bütün problemlərini həll edərək yaxşı yaşayır, Ermənistan isə təcrid olunmuş vəziyyətdə qalmaqda davam edir”,- ekspert bildirib.
O, noyabrın 8-də Xankəndində keçirilən hərbi parada da toxunub: “Bu parad Azərbaycanın bütün problemlərin həll olunduğu və heç bir maneə olmadan daha da inkişaf etməsinin mümkün olduğu yeni dövrünün simvoludur. Hesab edirəm ki, biz Azərbaycanın separatizm problemindən tamamilə xilas edilməsinin əhəmiyyətini hələ də dərk etməmişik. Amma şəxsən mən İlham Əliyevin Xankəndindəki parad meydanında dayanaraq Azərbaycan hərbçilərini salamladığını görməkdən bir insan kimi sadəcə sevindim. Mən Azərbaycanı bu mühüm nailiyyət, regionun geosiyasi reallığında unikal hadisə münasibətilə ürəkdən təbrik etmək istərdim”, - deyə A.Petrov yekunlaşdırıb.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb