MİA

  • 1 056

Süd vəzi xərçəngi: nə qədər erkən diaqnoz, o qədər uzun ömür

image

Oktyabr ayı bütün dünyada süd vəzi xərçəngi ilə mübarizə ayı kimi qeyd edilir

Dünyada qadınlarda ən çox rast gəlinən və eyni zamanda ən çox ölüm səbəbi olan süd vəzi xərçəngi süd vəzisi toxumasında hüceyrələrin nəzarətsiz çoxalması nəticəsində yaranır. Hər il oktyabr ayında keçirilən “Döş Xərçəngi Maarifləndirmə Aylığı” dünyada 2,3 milyon qadını əhatə edən bu xəstəliyin qarşısının alınmasına təşviq etmək məqsədi daşıyır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarında bildirilir ki, yeni diaqnoz qoyulan xərçəng xəstələrinin faiz sıralamasına görə 11,7%-i süd vəzisi, 11,4%-i ağciyər, 10%-i qalın bağırsaq, 7,3% -i prostat, 5,6%-i isə mədə xərçəngidir.

Maarifləndirmə ayı çərçivəsində metastatik döş xərçəngi də daxil olmaqla döş xərçəngi diaqnozu qoyulmuş insanlara dəstək, döş xərçəngi risk faktorları haqqında insanların maarifləndirilməsi və məlumatlılığının artırılması, döş xərçəngi risklərini bilmək və uyğun yaşdan başlayaraq müntəzəm müayinənin vacibliyini vurğulamaq kimi vacib məsələlər diqqətə alınır. Xəstəlik haqqında daha çox dəstəyə və araşdırmaya ehtiyac haqqında məlumatlılığın artırılması üçün bütün yollar sınanır, bütün mübarizə üsullarından istifadə edilir. Erkən mərhələdə aşkar edilən süd vəzi xərçəngləri daha rahat müalicə olunur və ölüm nisbəti də əhəmiyyətli dərəcədə azalır.

Dünyada aparılan araşdırmalar zamanı uzun boylu qadınların xərçəngə yaxalanma riskinin daha yüksək olması barədə nəticələr əldə edilir. Bunu bir müddət öncə Amerikanın Albert Enşteyn Tibb Colleci də sübut etdi. Araşdırmanın nəticəsinə görə hər 10 sm uca boy qadınların süd vəzi, yumurtalıq, böyrək, dəri xərçəngi kimi xəstəliklərə yaxalanma riskini 13 faiz artırır. Bundan öncə də İngiltərənin Oksford Universitetində aparılan araşdırmalar 1,52 sm-dən uzun insanlarda hər 10 sm-ə görə xərçəng riskinin 16 faiz artdığını müəyyən etmişdilər. Əgər hazırda dünyada orta statistik boy nisbətini 10 il əvvəllə müayisə etsək görərik ki, insanlar getdikcə daha bəstəboy olur. Alimlər bunu qidaların genetik kodlarımızı dəyişdirməsi ilə əlaqələndirirlər.

Döş xərçəngi bir çox faktorun təsiri ilə meydana gələn xroniki xəstəlikdir. Amma bütün xərçəng növlərində olduğu kimi döş xərçəngindən də müdafiə üsulları var. Tərəvəz və meyvələrlə zəngin olan qidalardan istifadə etməklə, sağlam qidalanma vərdişləri yaratmaqla, fiziki aktivliyi artırmaqla, sağlam çəki saxlamaqla, siqaret və spirtli içkilərdən uzaq durmaqla xərçəngdən sığortalanmaq mümkündür. Xüsusilə qeyd etmək lazımdır ki, ana südü ilə qidalanmanın döş xərçəngindən qoruduğunu göstərən çoxlu araşdırmalar var ki, mütəxəssislər bütün anaların körpələrini ən az 2 il əmizdirmələri tövsiyə edir. Bu həm körpənin, həm də ananın sağlamlığı üçün vacib məsələdir.

Süd vəzi xərçəngi dünyada yayılmış ən geniş xərçəng növüdür. Hər il dünyada 400 000 qadına bu diaqnoz qoyulur. Bu, hər 29 saniyəyə bir qadının xəstə olması deməkdir. Ümumilikdə hər 8 qadından birində süd vəzisi xərçənginə rast gəlinir. Dünyada 40 yaşdan aşağı qadınlarda bu xəstəliyə görə 1-ci yeri Türkiyə tutur. Bu ölkə 40 yaşdan aşağı qadınlarda süd vəzisi xərçəngi diaqnozu sayına görə dünyada birinci yerdədir. Azərbaycanda hər 8 qadından biri süd vəzi xərçəngindən əziyyət çəkir və bu rəqəm ilbəil artmaqdadır. Üstəlik də, bu xəstəlik artıq çox gəncləşib. Bir çox qadının mammoqrafiya etdirmədiyini nəzərə alsaq bu rəqəmin ildən ilə daha çox olacağını ehtimal etmək olar.

Xərçənglə mübarizə zamanı dəyişdirə biləcəyimiz və bilməyəcəyimiz faktorlar var. Döş xərçəngindən bədənimizi mühavizə etmək üçün dəyişdirilə bilən risk faktorları oturaq həyat sürmək, artıq çəki və ya piylənmə, siqaret və alkoqol kimi faktorlardır. Dəyişdirə bilməyəcəyimiz faktorlar isə genetik olaraq xəstəliyə qarşı zəiflik, erkən və ya gec klimaks dövrü, sinə ətrafında radioloji şüalanmaya məruz qalmaq kimi vəziyyətlədir. 40 yaşını keçən hər yüz qadından 2-si süd vəzisi xərçənginə yoluxur. Erkən diaqnozu qoyulan xəstəliyin sağalma şansı 95 faizdir.

Tibb elmi deyir ki, qadınlar iyirmi yaşından başlayaraq hər ay müntəzəm olaraq süd vəzilərini müayinə etdirməlidir, belə olan halda döşlərindəki ən kiçik dəyişiklikləri erkən yaşda hiss edə biləcəklər. Döş xərçənginin mümkün qədər erkən aşkarlanması uğurlu müalicə şansı verir. Döş xərçənginin ən çox rastlanan əlaməti zamanla böyüyən ağrısız bir kütlənin olmasıdır. Bundan əlavə, süd vəzisinin şişməsi, ağrısı, qaşınma və ya iltihablanması, irinli və qanlı maye ifrazı, süd vəzinin ölçüsünün kiçilməsi, dərisinin portağal qabığı effekti, qoltuq altında kütlənin yaranması, köprücük sümüyünün ətrafında şişlik də döş xərçənginin əlamətləri ola bilər. Bu əlamətlər süd vəzi xərçəngindən başqa digər xəstəliklərdən də qaynaqlana bilsə də, müşahidə olunarsa, səbəbini öyrənmək üçün həkim müayinəsindən keçmək lazımdır.

Unutmayaq ki, döş xərçəngi inkişaf etmiş mərhələlərə çatana qədər simptomlara səbəb olmaya bilər. Odur ki, yuxarıda göstərilən əlamətlər diaqnoz qoymaq üçün kifayət etmədiyi üçün həkim müayinəsindən keçmək də şərtdir. Erkən diaqnoz müalicənin yaxşı nəticə verməsini və sağ qalma müddətini artırır. Bu səbəblə 40-69 yaş arası bütün qadınların 2 ildən bir mamoqram müayinəsindən keçməsi tövsiyə olunur. Erkən diaqnozun qoyulmasında ən mühüm faktor qadınların bu məsələdən xəbərdar olması və 40 yaşından başlayaraq mütəmadi olaraq mamoqrama getməsidir.

Evdə özümüz də süd vəzilərinin vəziyyətini yoxlaya bilərik. Bir çox ölkədə qadınlara bu mövzuda təlim də keçirlər və qadınlar 20 yaşından sonra hər ay süd vəzilərini öz-özünə müayinə edirlər. Bu müayinə zamanı insanlar güzgü qarşısında durub hər iki döşün görünüşünün simmetrik olub-olmadığını yoxlayırlar. Yuxarıda sadaladığımız əlamətlərdən hər hansı biri varmı, öyrənilir. Döşündə bir şiş, dəridə quruluq, yanma, qaşınma, ifrazat və ya hər zamankından fərqli bir əlamət görən qadın dərhal həkimə müraciət etməlidir. Xərçəng müalicə edilə bilən xəstəlikdir, yetər ki, zamanında müdaxilə edilsin və düzgün müalicə kursu təyin edilsin.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılmas” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər