Elçin Bayramlı
İnsanın yaradılışı haqda dünyanın qədim mifoloji mənbələrində, həmçinin dini mətnlərdə xeyli maraqlı izahlar var. Mifoloji görüşlərin bir çoxu əfsanə, nağıl kimi qəbul edilir, lakin bir çox mifoloji məqamlar var ki, tarix elmi, arxeologiya elmi tərəfindən təsdiq edilmişdir. Bu səbəbdən mifologiyanı bəzi alimlər “tarixdən əvvəlki tarix” adlandırırlar. Məlum olduğu kimi, yazılı tarix 5-6 min ildən o yana keçmir. Ondan əvvəl biliklər şifahi olaraq yayılırdı. Ona görə də müxtəlif xalqların folklorunda bir-birinə oxşar inanılmaz elementlər yer alıb. Halbuki, bu xalqları bir-birindən nəhəng okeanlar ayırır.
İnsanların yaradılışı haqda mifoloji mətnlər təxminən eyni görüşdədirlər. Texniki fərqlər olsa da, ümumi motivlər eynidir. Məsələn, öz kosmoqonik bilikləri ilə dünya elmini heyrətə gətirən Afrikada yaşayan qabonlarda insanların Sirius ulduzunun planetindən köçüb gəldiyi qeyd olunur. Mayyalarda bu Neburu planeti sayılır. Qədim hind Vedalarında günahkar varlıqların ruhi kainatdan maddi bədən alaraq maddi kainata keçirildikləri qeyd olunur. Şumer tabletlərində, Tibet Ölülər kitabında, Misir mifologiyasında, astek və ink sivilizasiyasına aid mifoloji görüşlərdə də buna bənzər məlumatlar var. Zərdüştlükdə və ilk müqəddəs kitab kimi məlum olan Avestada da bu haqda həm elmlə səsləşən, həm yarı anlaşılmaz mifoloji biliklər var.
Bu mövzunun elmi sübutu hələlik mövcud olmadığından insanın yaradılışının və dünyaya gəlişinin qədim dini mifoloji görüşlərdə necə verildiyi haqda qısa məlumatı sizlərə dini-mifoloji görüşlər əsasında təqdim etmək qərarına gəldim…
Yaradılışı yoxsan var edən, saysız kainatlar, varlıqlar, enerjilər formalaşdıran Uca Yaradan bir gün bu qərara gəldi ki, gərək digərlərindən xeyli fərqli yeni bir məxluqat növü yaradım, onda digər varlıqlarla olan və olmayan hər cür xüsusiyyətlər mövcud olsun. Ən əsaslı fərq isə İnsana mütləq müstəqilliyin verilməsi kimi nəzərdə tutulurdu.
Böyük Yaradan “Adam” adı verdiyi prototipi yaradıb dərgahda kosmik ictimaiyyət qarşısında prezentasiyasını keçirdi və onun xüsusiyyətlərini sadaladı. Tədbirdə uca Yaradan bütün ali varlıqlar qarşısında rəsmi şəkildə bəyan etdi ki, onu sizdən üstün yaratmışam, mütləq azadlıq vermişəm, bu səbəbdən ona hörmətlə baş əymənizi məsləhət görürəm. Xüsusiyyətlər arasında nəfs, acgözlük, yalançılıq, qəddarlıq kimi mənfi elementlərin də olduğunu görən mələklər bərk qəzəbləndilər və dedilər: Ey Yaradılışın sahibi, hər yerdə fitnə fəsad törədəcək, dünyanı qana bələyəcək bir məxluqmu yaradırsan? Üstəlik, bizi ona təzim etməyə çağırırsan. Bu ədalətlidirmi? Tanrı heyrətlə onlara baxıb dedi: Mən bildiyimi siz bilmirsiniz!
Mələklər bu bəyanatı eşidəndən sonra Yaradana dedilər- Sən bizdən daha yaxşı bilərsən, biz qəbul edirik və hörmət əlaməti olaraq Adam qarşısında ehtiramla baş əydilər. Lakin onlardan biri- İblis sərt etirazda bulundu və dedi ki, bu məxluq məndən üstün ola bilməz, icazə ver, mən bunun nə sifətdə şey olduğunu hamıya sübutalni, dokumantalni dakazat eləyim. Tanrı dedi ki, buyur, mən ona güvənirəm, üstəlik onu səndən güclü yaratmışam, özü könüllü təslim olmasa sən heç nə edə bilməzsən. İblis dedi ki, yaxşı, mən onun məndən üstün olmadığını Sənə göstərərəm.
Adəm və daha sonra onun həyat yoldaşı olaraq yaradılmış Lilit ali dərgahda şad xürrəm yaşamaqda idilər. Daha sonra Tanrı yeni adamlar yaratmışdı və cənnətin daha gözəl bir guşəsini onlara ayırmışdı. Çox keçməmiş İblis qadın cildinə (Həvva) girərək Adəmi yoldan çıxardı və qadağan edilmiş yeganə şeyi etdirirək onu günaha batırdı. Yaradan tərəfindən qadağan olunmuş şey insanın digər məxluqat növü ilə cütləşməsi idi ki, bu da insanda olan nəhs və ehtiras xüsusiyyəti səbəbindən baş verdi. Bu artıq fərqli məxluq növlərinin genetik birləşməsi ilə mələz məxluqun ortaya çıxması demək idi. Bundan qəzəblənən Yaradan ilk prototiplər olan Adəm və Lilit başda olmaqla bütün insanları İblislə birgə Ruhi kainatdan maddi kainata- Yer planetinə sürgün elədi və dedi ki, yalnız ağıllananda qayıdacaqsınız. Adəmin Həvvadan olan övladları (genetik mələz məxluqlar) şərin tərəfində, Lilitdən olan övladları (əsil insanlar) isə xeyirin tərəfində əbədi müharibəyə başladılar. Sonrasını bilirsiniz- biz İblisi haqlı çıxardıq və planetdə satanizm hakim oldu.
Qədim dini-fəlsəfi biliklərə görə, varlıqlar bu dünyaya insan kimi gəlir ki, kamilləşib, müdrikləşib, saflaşıb Adam formasına qayıtsınlar və əbədi kainata- öz evlərinə geri dönsünlər. Bu haqda ən dərin və geniş biliklər Vedantaya aiddir. Vedalarda (induizmin müqəddəs kitabı olan Bhaqavat-Qita, həmçinin, Şrimad Baqavatam, Puranalar, Ramayana və sair) kimi mənbələrdə bu haqda geniş danışılır.
Beləliklə, insanlar tam kamilləşib, saflaşıb maddi enerjinin əsarətindən xilas olduqda ədəbi ruhi dərgaha qayıda bilirlər. Vedalara görə, bir həyatda bunu bacarmayanlar təkrar-təkrar bu dünyaya gəlir gedir- necə deyərlər,- Siz öyrənənədək dərs davam edəcək!
Bibliya kanonunda və Quranda məsələ texniki olaraq bir qədər fərqli olsa da, mahiyyət eynidir. Yaradan insanları maddi həzzlərdən, nəfsdən, nifrətdən təmizlənərək əbədi Ruhi dərgaha qayıtmağa çağırır. Görünən odur ki, çox az adam buna nail ola bilir. Amma şans hər zaman var, hər həyatda var.
Uzun minillər boyu və bu gün də bəşəriyyət müxtəlif dinlərə bölünüb bir-birini qırmaq məşğuldur. Halbuki, bütün dinlər eyni mənbədən eyni şeyləri deyir. Sadəcə, müxtəlif sivilizasiyalara görə metodlar, izah üsulları fərqlidir. Lakin şər qüvvələr bütün dinləri saxtalaşdırıb, konteksdən çıxarıb, müqəddəs kitabları səhv izah etməklə insanları çaşdırır, onları əsil həqiqətdən daim aralı saxlamağa çalışır. Bütün müqəddəs kuitablar insanlara ən böyük nemətin elm olduğunu, elmlə yaşayıb dərk etmələrini məsləhət görsə də, saxtakar satanistlər dinlə elmi qarşı-qarşıya qoymağa çalışırlar. Halbuki, bunlar tam olaraq eyni şeydir, sadəcə biri ümumi fəlsəfi-mənəvi biliklər toplusudur, digər Yaradılışın sirlərini öyrənməyə çalışan bir sistemdir. Qurtuluş elmlə dinin vəhdətindədir.
İnsanlara elə bir güc verilib ki, istəsələr bu dünyanı belə cənnətə çevirərlər. Sadəcə, bütün bu şansları yalnız bir quru nəfsə qurban verərək, ilahi mahiyyətimizə qayıda bilmirik. Müvəqqəti olanı əbədi olana dəyişirik.
Bir gün gələcək bəşəriyyət “tarixdən əvvəlki tarixin”, yəni mifologiyanın da sirlərini açacaq və bir çox ezoterik elmlərin necə əsaslı olduğunu anlayacaq. Bu isə şeytani qüvvələrə sərf etmir və onların adamlara qarşı elan olunmamış müharibəsi davam edir. Elmi, alimləri öz əllərində cəmləşdirərək yalnız mənfi istiqamətdə tətbiq edən şər qüvvələr, əsil elmin qarşısını alırlar. Buna baxmayaraq, son vaxtlar kvant fizikası, molekulyar biologiya, genetika, astronomiya kimi elm sahələri çox sirləri aça bilib və bunlar müqəddəs kitablarda qeyd olunanlarla üst-üstə düşür. Hətta bir çox mifoloji mətnlərdə qeyd olunanlarla belə.
Doğrudur, indi insanlar elə çaşdırılır ki, dinlə cini, elmlə şeytanı ayırd edə bilməyəcək vəziyyətə gəlib. Çünki həm elmin, həm dinlərin başında İblisin nökərləri dayanır və hələ ki, bütün kainata Adamın ali varlıq olmadığını göstərməyə çalışırlar.
Lakin mən şəxsən Yaradanın son bəyanatındakı "Mən bildiyimi siz bilmirsiniz" frazasına güvənirəm və sonda hər şeyin fərqli olacağına əminəm. Bir gün gələcək insanlar ilkin yaradılış instruksiyasına qayıdaraq Adama çevriləcəklər və ilahi ədaləti bərqərar edəcəklər. Son döyüşə az qalır və əminəm ki, Avestada qeyd olunduğu kimi, Xeyir şər üzərində qalib gələcək. Bütün kitablarda bunun baş verəcəyi aydın qeyd olunub. Yeganə sual olaraq bunun nə vaxt baş verəcəyi qalır...
P.S: Yazıda qədim mifoloji və dini mətnlərdə yaradılışın mənbəyi haqda verilmiş məlumatlardan istifadə olunub.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb