MİA

  • 3 830

“Qərb Ermənistanın əli ilə bölgəni qanlı qarşıdurmaya salmaq istəyir, amma Azərbaycan buna imkan verməyəcək” - MÜSAHİBƏ

image

İqor Korotçenko: İlham Əliyev Qərbin Cənubi Qafqazda sabitliyi pozmaq cəhdlərinin qarşısını almağa çalışır

Kaspi Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko “Moskva-Baku” portalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Parlamentinin yeni tərkibdə ilk iclasında verdiyi əsas bəyanatları təhlil edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- İqor Yuryeviç, dünən Azərbaycan prezidenti ölkənin yeni parlamentində çıxış edib. İlham Əliyev bildirib ki, faktiki olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin öz ərazilərini azad etməsindən və regionda sülhün bərqərar olması üçün imkanların yaranmasından sonra Ermənistanda hələ də revanşizm müşahidə olunur. Qərb isə bu işdə ona kömək edir, silah-sursat verir, Azərbaycan əleyhinə kampaniyalar təşkil edir...

- Azərbaycan Prezidentinin çıxışı proqram xarakterli olmaqla strateji əhəmiyyət daşıyırdı və çox güclü idi. Regionda hərbi-siyasi vəziyyətin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən məqamlara toxunulub. Azərbaycanın vacib hesab etdiyi amillər müəyyən edilib.

Ermənistana gəlincə, təbii ki, analitiklərin məlumatları onu deməyə əsas verir ki, bu gün onun arxasında Qərbdə təkcə bu ölkəni manipulyasiya etməklə kifayətlənməyən, həm də Cənubi Qafqazda yeni reallıq yaratmağa çalışan əsas geosiyasi oyunçular dayanır. Onlar Azərbaycanın son illər əldə etdiyi uğurları: 2020-ci ildə İkinci Qarabağ müharibəsində Bakının qələbəsinin nəticələrini, 2023-cü ildə Qarabağda erməni separatçı rejiminin mövcudluğuna son qoyan antiterror əməliyyatının nəticələrini zərərsizləşdirməyə çalışırlar.

Bir sıra Qərb dövlətləri, ilk növbədə ABŞ, Fransa, Kanada, o cümlədən Aİ bu gün praktiki baxımdan Cənubi Qafqazda sülhün inkişafına ən fəal və dağıdıcı təsir göstərirlər. Söhbət təkcə Ermənistanı silahlandırmaqdan deyil, həm də Ermənistanın Azərbaycana qarşı mümkün qisasının əsasının qoyulmasından gedir. Bu isə Azərbaycanın diqqətini dinc konstruktiv inkişafa yönəltməsinin qarşısını almaq, Qərbin yardımı ilə onu gərgin vəziyyətdə saxlamaq, yeni ağrı nöqtələri və təzyiq imkanları axtarmaq üçün edilir. Və bu məqsədlə qarşıya qoyulan məqsədlərə nail olmaq üçün gələcəkdə silahlı revanşist Ermənistan daha əlverişlidir.

Ermənistanda revanşist istəklər davam edir, onlar həm siyasi, həm də hərbi dairələrdə mövcuddur. Bu, Azərbaycan üçün təkcə sözdə, bəzi bəyanatlarda deyil, praktiki aspektlərdə reallaşan real təhlükədir. Qərb çətinliklər yaradır. İlk növbədə, Cənubi Qafqazda bu, Ermənistan ordusunun Qərb silahlarının müasir növləri və hərbi texnikası ilə tədricən NATO standartlarına keçidlə yenidən silahlanmasıdır.

Bu, Qərb hərbi müşavirlərinin Paşinyan rejiminə köməyidir ki, onlar açıq-aşkar hərbi quruculuqda və prioritetlərin müəyyən edilməsində, Ermənistanın “güc” maşınının qarşısında duran vəzifələrin icrasında iştirak edirlər. Vəzifə həm də kəşfiyyat xidmətləri vasitəsilə Qərblə Ermənistan arasında məlumat mübadiləsi aparmaqdır. Məlumdur ki, İrəvan və Paris bu sahədə müqavilə bağlayıb. Beləliklə, Ermənistan Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstanla bağlı məxfi məlumatlar əldə edir. Fransa xüsusi xidmət orqanları bu məlumatları əldə edərək erməni tərəfdaşlarına ötürürlər.

Bütün bu amillər, görünür, Azərbaycan prezidenti İlham Əliyevi ölkə üçün davam edən təhdidləri bir daha ortaya qoymağa vadar edib.

Ərazi bütövlüyünü bərpa etmiş suveren, özünə güvənən Azərbaycan bu gün bir sıra xarici güc mərkəzləri üçün boğaz sümüyü kimidir. Və bu nəzərə alınmalıdır.

- Azərbaycan Prezidenti dünənki çıxışında Ermənistan hakimiyyətinin tərəflərin razılaşa bilmədiyi son dərəcə mühüm məqamlar olmadan qısaldılmış variantda Bakıya tezliklə sülh sazişi imzalamağı təklif etməsini qeyri-adekvat adlandırıb və İrəvanın bunu etməklə sülh istəmədiyini göstərir....

- Qərb və Ermənistan Azərbaycana daha aşağı səviyyədə sülh müqaviləsi tətbiq etmək istəyir. Azərbaycanın əsas təhlükəsizlik tədbirlərinə, eləcə də ərazi bütövlüyünün tanınmasına bu və ya digər dərəcədə məhəl qoymayan sənəd. Beləliklə, Ermənistan və Qərb regionda revanşın əsasını qoyur. Onlar 2020 və 2023-cü illərdə baş vermiş hadisələrdən sonra Azərbaycanın hərbi əməliyyatlarda ikiqat qələbə qazanması ilə bağlı yaranmış vəziyyəti dəyişmək istəyirlər. Qərb və Ermənistan gələcəkdə hansısa hadisələrə görə Azərbaycanın zəifləyəcəyinə ümid edir. Və nəticədə erməni revanşizmindən regionda vəziyyəti dəyişməyə cəhd etmək olar.

- İlham Əliyev artıq neçə illərdir ki, Ermənistan tərəfinin xarici qüvvələrin dəstəyi ilə təxribatlara hər an hazır olması səbəbindən Azərbaycanın öz ordusunu modernləşdirməyə məcbur olduğunu izah edir... Və bu, təhlükəsizlik baxımından cavab xarakterli məcburi tədbirdir və mütləqdir....

- Müasir dünyada silahlı qüvvələr dövlətin davamlı inkişafının ən mühüm amillərindən biridir. 30 ilə yaxındır ki, Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfi tərəfindən işğal olunmuşdu. Güclü və müasir ordunun yaradılması Azərbaycana vəziyyəti dəyişməyə imkan verdi.

Və eyni zamanda, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini müstəqil şəkildə həyata keçirərək öz səyləri ilə tarixi ədaləti bərqərar etdi.

- Dünən BMT Baş Assambleyası çərçivəsində keçirilən sammitlərin birində Ermənistanın baş naziri eyham vurdu ki, biz yeni dinc gələcək qurmalıyıq, qonşularımızla sülh şəraitində yaşamalıyıq. Erməni KİV-ləri ənənəyə uyğun olaraq Azərbaycan prezidentinin Milli Məclisdəki çıxışını Ermənistan üçün əlverişsiz olan mühüm izahedici məqamları buraxaraq özünəməxsus şəkildə təqdim etməyə başlayıb. Paşinyanın BMT Baş Assambleyasındakı güzgü çıxışından nə gözləyirsiniz?

- Ermənistan hakimiyyəti bu gün sülh pərdəsi altında öz mövqeyini həm ölkə daxilindəki insanlara, həm də beynəlxalq ictimaiyyətə təqdim edir. Bütün bunlar ona görədir ki, Azərbaycan 2020-ci ildə, sonra isə 2023-cü ildə Ermənistandan hərbi dişləri çıxarıb. Əgər bu edilməsəydi, bu gün biz Ermənistanda daha da aqressiv və qana susamış, hələ də Azərbaycan ərazilərini əlində saxlayan, heç bir sülh danışıqları haqqında düşünməyən “döyüş maşını” görərdik. Azərbaycan öz gücünə və hərbi potensialına arxalanaraq müasir tarix yazmağı göstərdi və sübut etdi. Məhz buna görə də gələcəkdə Ermənistanın və onun himayədarlarının hər hansı təcavüzkar planlarının qarşısını almaq üçün bu potensialın yaradılması və təkmilləşdirilməsi davam etdiriləcək. Kənar oyunçular Ermənistanın “əli” ilə bölgəni yenidən xaosa məruz qoyaraq, qanlı qarşıdurmalara salmaq istərdilər. Amma Azərbaycan buna imkan verməyəcək.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər,habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər