Bu gün dünyada sudan sonra ən çox istehlak edilən içki çaydır. Bir çox ölkədə çay hətta, yerli əhalinin çox sevdiyi, ikinci və üçüncü yerlərdə qərarlaşan qəhvə və pivəni geridə qoyur. Çay bir çox cəmiyyətlərdə mədəniyyətin əsas hissəsidir, bir çox mədəniyyətdə çay münasibətləri inkişaf etdirən, səmimi mühit yaradan və qonaqpərvərlik aşılayan içki hesab olunur.
Çayın dəqiq mənşəyi məlum olmasa da, onun Hindistanda, Myanmada və Çində yarandığına inanılır. Çayın Çində 5000 il əvvəl istehlak edildiyinə dair dəlillər var ki, bu da onu dünyanın ən qədim içkilərindən birinə çevirir. Maraqlı burasıdır ki. bir çox dillərdə çay sözü elə çay kimi tələffüz edilir. Cənubi Asiyanın, Cənub-Şərqi Asiyanın, Mərkəzi Asiyanın, Yaxın Şərqin və Şərqi Avropanın bir çox yerində çay sözü "cha" sözündən əmələ gəlir. Bu fakt çayın əslində beynəlxalq səviyyədə sevilən içki olmasının göstəricisidir.
Çay bitkisi adətən tropik və subtropik iqlimlərdə yetişdirilir və burada onun becərilməsi və emalı milyonlarla insanın dolanışığını təmin edir. "Tea and Coffee Trade Journal" jurnalının "Global Tea Report" nəşrinin son məlumatlarına görə, dünya çayının təxminən yarısı (48 faiz) Çində istehsal olunur. Hindistan dünya istehsalının 20 faizini təşkil edərək ikinci ən böyük istehsalçıdır, ardınca Keniya (8 faiz), Türkiyə (4 faiz) və Şri-Lanka (3 faiz) gəlir. Dünyanın qalan hissəsi qlobal miqyasda çay istehsalının 17 faizini təşkil edir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünya çay istehlakı əvvəlki illərlə müqayisədə 2022-ci ildə artaraq 6,5 milyon tona çatıb. Ən böyük çay istehlakçısı olan Çində istehlak 2022-ci ildə 3 milyon tona çatıb ki, bu da qlobal istehlakın 46 faizini təşkil edir.
İkinci ən böyük istehlakçı olan Hindistanın payı 2022-ci ildə 1,16 milyon tonla təxminən 18 faiz təşkil edib, ardınca Türkiyə 250.000 ton, Pakistan 247.000 ton və Rusiya 133.000 tonla gəlir. FAO-nun məlumatına görə, çay istehlakı 2021-ci illə müqayisədə 2022-ci ildə 2 faiz artıb və 2023-cü ildə daha da artıb. Lakin Avropa və Şimali Amerika ölkələrində çay istehlakı digər içkilərlə artan rəqabət səbəbindən azalmaqdadır, Rusiya üçün isə çay idxalına Ukraynadakı müharibə mənfi təsir göstərib.
Dünyada ən məşhur və tələbat olan çay növü "Camellia sinensis" bitkisindən hazırlanan çaylardır. Bu bitkidən hazırlanan çaylar “əsl çay” hesab olunur. Çox sevdiyimiz qara çay bu bitkidən əldə edilir. "Camellia sinensis"dən əldə edilən qara çay digər çay növlərindən emal üsuluna görə fərqlənir. Emal prosesində yarpaqlar yığılır, soldurulur, tam oksidləşmə (fermentasiya) prosesi aparılır, qurudulur. Məhz bu tam oksidləşmə qara çaya tünd rəng, güclü aroma və daha sərt dad verir. Ən çox tələbat olan növləri Hindistanda yetişdirilən "Assam", Şri-Lankanın brendinə çevrilən "Ceylon", Böyük Britaniyanın "Earl Grey"i, Britaniyanın " English Breakfast"ı və Türkiyənin məşhur "Rize çayı"dır.
Bir çoxlarının sevdiyi yaşıl çay (Green Tea) isə fermentasiya olunmadan əldə edilir. Yaşıl çayın dünyada məşhur növləri Yaponiyanın "Sencha", "Matcha", Çinin "Longjing" (Dragon Well), Çin və Mərakeşin "Gunpowder"adlandırdığı növlərdir. Çayın "oolong" və "ağ çay" adlandırılan növləri də var ki, bizim ölkədə çox təlabatə yoxdur. Oolong çayı yarımfermentləşdirilmiş çaydır. Ağ çay isə ümumiyyətlə fermentasiya olunmur, minimal emaldan keçir, tumurcuqlar və açılmamış yarpaqlardan hazırlanır. Bu çaylardan başqa təlabatı çox olan bir çay növü də var ki, o da Pu-erh (Pu’er) adlanır. Pu-erh çayı xüsusi fermentasiya olunmuş çaylar qrupuna aiddir. Emal xüsusiyyəti uzunmüddətli mikrobioloji fermentasiya və yaşlandırmadır.
Ümumilikdə, dünyada 1000-dən çox çay növü mövcuddur və əsas çaylar 5 böyük kateqoriyaya bölünür: qara, yaşıl, ağ, oolong və pu-erh. Bunlara əlavə olaraq hər ölkənin öz florasına uyğun bitki və meyvə çayları var və bu çaylar hər ölkənin mədəni kimliyinin bir hissəsidir. Bizim ölkəmizdə də qara çayla yanaşı çiçək və otlardan hazırlanmış təbii çaylar da çox istehlak edilir. Xoşbəxtlikdən, Azərbaycanın iqlimi orqanizm üçün faydalı bitkilərlə zəngin olduğu üçün çay çeşidimiz də bir o qədər çoxdur.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti çərçivəsində hazırlanıb.