PDF Oxu

MİA

  • 19 077

Azərbaycan davamlı, sürətli, dinamik inkişaf yolundadır

Azərbaycan davamlı, sürətli, dinamik inkişaf yolundadır
Son illər Azərbaycan iqtisadiyyatında davamlı, sabit, sürətli, dinamik inkişaf təmayülü özünü qabarıq şəkildə göstərir. Ölkəmizdə iqtisadi sahədə həyata keçirilən islahatlar bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun davamlı inkişafına əlverişli zəmin yaradıb. Bu prosesə yerli və xarici investisiyaların, müasir texnologiyaların cəlb olunması, qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin, yeni iş yerlərinin yaradılmasına və nəticə etibarı ilə ölkənin iqtisadi qüdrətinin artırılmasına yönəlib.
Azərbaycanda quruculuq prosesi sürətləndikcə, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası dərinləşdikcə sosial-iqtisadi inkişaf prioritetləri də mahiyyət etibarilə yeniləşir, dəyişir, yeni məzmun və forma kəsb edir. Ölkə Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, ölkəmizdə neft-qaz hasilatından əldə edilən gəlirlərdən səmərəli istifadə mühüm prioritetlərdən sayılır və bu gəlirlərin sərmayə şəkilində qeyri-neft sektorunun, regionların inkişafına yönəldilməsi Azərbaycanın davamlı, dinamik inkişafını şərtləndirir. Dövlət başçısının qeyd etdiyi kimi, bu gün ölkəmizin iqtisadiyyatı neftdən tam asılı deyil. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox ciddi işlər görülür, qeyri-neft sektoru sürətlə inkişaf edir: "Azərbaycan qarşıda duran əsas vəzifələrdən biri olan iqtisadiyyatın şaxələndirilməsi məsələlərini uğurla icra edir. Əgər iqtisadiyyatımız artıq şaxələndirilmiş iqtisadiyyat olmasaydı, Azərbaycan rəqabət qabiliyyətinə görə mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən MDB məkanında birinci yeri tutmazdı".
Ümumilikdə, Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi nəticəsində ölkə iqtisadiyyatında qeyri-neft sektorunun xüsusi çəkisi əhəmiyyətli dərəcədə artıb. Müvafiq proqramların uğurla icra edilməsi nəticəsində, ölkənin iqtisadi infrastrukturu möhkəmlənib, çoxsaylı yeni istehsal və emal müəssisələri yaradılıb, xidmət və sosial infrastruktur sahələri müasirləşdirilib, prioritet sahələrə böyük həcmli investisiyaların yönəldilməsi reallaşıb. Bütün bunları müvafiq statistik göstəricilər də əyani şəkildə təsdiqləyir. 2010-cu ilin 11 ayının yekunları ilə bağlı sosial-iqtisadi göstəricilər sistemli şəkildə təhlil olunduqda, deyilənlər bir daha dolğun ifadəsini tapır.
Dövlət Statistika Komitəsinin müvafiq məlumatında qeyd edilir ki, iqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan ümumi daxili məhsul (ÜDM) istehsalı 2010-cu ilin on bir ayı ərzində 4,5 faiz və ya müqayisəli qiymətlərlə 1,4 milyard manat artaraq 36,6 milyard manata çatıb. Bu il adambaşına 4096,4 manatlıq (5101,4 ABŞ dolları), yaxud keçən ildəkindən 3,2 faiz çox əlavə dəyər istehsal olunub. ÜDM istehsalı qeyri-neft sektorunda 5,9 faiz, neft sektorunda isə 2,6 faiz artıb. Sənaye sahəsində məhsul istehsalı keçən ilin yanvar-noyabr ayları ilə müqayisədə 3,1 faiz artıb, sənaye məhsulunun 76,1 faizi və ya 19,2 milyard manatı mədənçıxarma bölməsində, 18,8 faizi, yaxud 4,8 milyard manatı emal bölməsində, 4,5 faizi və ya 1,1 milyard manatı elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,6 faizi və ya 145,7 milyon manatı su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunub. Eyni zamanda, əlavə dəyər məhsul istehsalı sahələrində 3,4 faiz, xidmət sahələrində 6,2 faiz artım müşahidə olunub. Belə ki, əlavə dəyər məhsulunun 53,9 faizi sənaye sahələrində, 7,3 faizi tikinti kompleksində, 4,9 faizi kənd, ovçuluq və meşə təsərrüfatında, 6 faizi nəqliyyatda, 8,1 faizi ticarət və pullu xidmət sahələrində, 1,9 faizi rabitədə, 11 faizi digər sahələrdə istehsal edilib.
Müvafiq olaraq, yanvar-noyabr ayları ərzində mədənçıxarma bölməsində 47,1 milyon ton neft, 15,5 milyard kubmetr əmtəəlik qaz hasil olunub.
Emal bölməsinin məhsullarından qida məhsulları istehsalı 2,2 faiz, içki istehsalı 12,7 faiz, mebeldən başqa ağacın emalı və ağacdan məmulatlar istehsalı 14,6 faiz, kağız və karton istehsalı 22,9 faiz, poliqrafiya fəaliyyəti və yazılmış məlumatların daşıyıcılara köçürülməsi 10,5 faiz, neft məhsulları istehsalı 8,9 faiz, kimya sənayesi məhsulları istehsalı 11,2 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 22,3 faiz, elektrik avadanlıqları istehsalı 83,2 faiz, maşın və avadanlıqlar istehsalı 2,6 dəfə, avtomobil, qoşqu və yarımqoşqular istehsalı 74,4 dəfə artıb. İlin əvvəlindən ölkənin elektrik stansiyalarında 16 milyard kv.saat elektrik enerjisi istehsal olunmuşdur. Sənaye məhsulu istehsalı neft sektorunda 2,5 faiz, qeyri-neft sektorunda isə 5,9 faiz artıb.
Aqrar bölmədə bitkiçilik məhsullarının yığımı artıq başa çatdırılıb. Belə ki, dekabrın 1-nə kimi, qarğıdalı da daxil olmaqla, 2000,3 min ton taxıl, 953,7 min ton kartof, 1178,9 min ton tərəvəz, 35,3 min ton pambıq, 711 min ton meyvə və giləmeyvə, 433,2 min ton bostan məhsulları, 123,4 min ton üzüm, 218 min ton şəkər çuğunduru, 3,2 min ton tütün, 530,5 ton yaşıl çay yarpağı toplanıb, diri çəkidə 303,2 min ton ət, 1400,9 min ton süd, 1081,8 milyon ədəd yumurta və 15,4 min ton yun istehsal edilib. Beləliklə, taxıl və kartof istisna olunmaqla, qalan bitkiçilik məhsullarının və heyvandarlıq məhsullarının istehsalı keçən illə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb.
2011-ci ilin məhsulu üçün 973,1 min hektar sahədə şum qaldırılıb, 836,3 min hektar sahədə dən üçün taxıl, o cümlədən, 602 min hektar sahədə buğda, 234,2 min hektar sahədə arpa səpilib.
Sosial-iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7,7 milyard manat həcmində vəsait yönəldilib, 5,1 milyard manatlıq tikinti-quraşdırma işləri görülüb. Əsaslı vəsaitin 76,2 faizini və ya 5,9 milyard manatını daxili investisiyalar təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin məbləği 15,2 faiz, o cümlədən, tikinti-quraşdırma işlərinin aparılmasına sərf edilmiş vəsait 9,6 faiz artıb. Məhsul istehsalı obyektlərinin inşasına investisiyanın 50,8 faizi, və ya 3,9 milyard manat sərf edilib. Əsas kapitala yönəldilmiş sərmayənin çox hissəsini (53,1 faizini) müəssisə və təşkilatların vəsaitləri, 31,7 faizini büdcə vəsaitləri təşkil edib.
Cari ilin 11 ayı ərzində tikinti sahəsində də əhəmiyyətli nailiyyətlər əldə edilib. İlin əvvəlindən ümumi sahəsi 1490,1 min kvadratmetrə bərabər yaşayış evləri, 14322 şagird yerlik ümumtəhsil məktəbləri, 581 çarpayılıq xəstəxana, növbədə 530 nəfərə xidmət etməyə imkan verən ambulator-poliklinika müəssisəsi və s. istifadəyə verilib. İnşasına əvvəlki illərdə və cari ildə başlanmış obyektlərin tikintisinin davam etdirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin on bir ay ərzində 2285,4 milyon manatından istifadə olunub.
Ölkəmiz bir çox digər sahələrdə olduğu kimi, rabitə-informasiya texnologiyaları sahəsində böyük uğurları, nailiyyətləri ilə seçilir. Bu mənada, Azərbaycanın sosial-iqtisadi həyatında sürətlə inkişaf edən sahələrdən biri də rabitədir. Rabitəçilər 11 ay ərzində əhaliyə, müəssisə və təşkilatlara 1033,3 milyon manatlıq, yaxud keçən ilin müvafiq dövründə olduğundan 30,8 faiz çox rabitə xidməti göstəriblər. Xidmətlərin 74,2 faizi və ya 766,7 milyon manatı bilavasitə əhaliyə göstərilib və bu sahədə 31,2 faiz artım müşahidə olunub.
Yanvar-noyabr ayları ərzində 16,2 milyard manat məbləğində istehlak malları satılmış və pullu xidmət göstərilib. İstehlakçılara, ümumilikdə, ticarət şəbəkəsindən keçən ilin müvafiq dövründə olduğundan 8,5 faiz çox və ya 12 milyard manat həcmində əmtəə satılmış, 10,4 faiz çox, yaxud 4,2 milyard manatlıq pullu xidmət göstərilib. İstehlak bazarında satılmış malların 7,8 milyard manatını və ya 64,5 faizini ərzaq məhsulları, 4,2 milyard manatını qeyri-ərzaq malları təşkil edib.
Xarici ticarət dövriyyəsinin 17,4 milyard dollarını və ya 77,2 faizini ölkədən ixrac olunmuş mallar, 5,1 milyard dollarını (22,8 faizini) ölkəmizə idxal edilmiş məhsullar təşkil edir. Ticarət əlaqələrinin 85,7 faizi və ya 19,3 milyard dolları uzaq xarici ölkələrlə, 14,3 faizi (3,2 milyard dolları) MDB üzvü dövlətləri ilə aparılıb. Ölkəmizdən göndərilmiş malların 90,7 faizi uzaq xarici dövlətlərə, 9,3 faizi isə MDB üzvü ölkələrinə ixrac olunub. İxracatın əsas hissəsini mineral məhsullar, ərzaq məhsulları, azqiymətli metallar və onlardan hazırlanmış məmulatlar, quru, hava və su nəqliyyatı vasitələri, kimya və neft-kimya sənayesi məhsulları təşkil edir. İdxal edilən məhsulların çox hissəsi (68,9 faizi) uzaq xarici ölkələrdən daxil olub. Maşın və mexanizmlər, elektrotexniki avadanlıqlar, ərzaq məhsulları, quru, hava və su nəqliyyatı vasitələri, azqiymətli metallar və onlardan hazırlanmış məmulatlar, kimya sənayesi məhsulları, mineral məhsullar idxal olunmuş mallar içərisində üstünlük təşkil edib.
Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 179,9 milyon ton yük və 1,3 milyard nəfər sərnişin daşınıb. Ötən illə müqayisədə yük daşınması 3,1 faiz, sərnişin daşınması isə 4,4 faiz artıb. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə yanvar-oktyabr aylarında 42,5 milyon ton yük daşınıb. Bu fəaliyyətdən, habelə, sərnişin daşınmasından əldə olunmuş 263 milyon manat gəlirin 41,8 faizi dəmir yolu, 23,4 faizi dəniz, 34,8 faizi avtomobil nəqliyyatının işi hesabına yaranıb. Beləliklə, 11 ayın sosial-iqtisadi yekunları Azərbaycanın 2010-cu ildə dinamik inkişaf tempini qoruyub saxladığını, əhalinin yaşayış səviyyəsinin daha da yüksəldiyini bilavasitə təsdiqləyir. Ölkəmizin bu il əldə etdiyi sosial-iqtisadi uğurlar dünyanın nüfuzlu reytinq təşkilatlarının və maliyyə institutlarının hesabatlarında da öz əksini tapıb.

Digər xəbərlər