“Biz iqtisadi imkanlarımızı daha da gücləndirməliyik”
Bu ilin aprel-may aylarında Kür və Araz çaylarının daşması nəticəsində yaranan təbii fəlakət zamanı Saatlı, Sabirabad, Salyan və İmişli rayonunun ərazisində evləri uçan vətəndaşlar üçün artıq təzə evlər tikilib. Noyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev yeni evlərin açılışında iştirak edib. Prezident İlham Əliyev fərdi evlərdə yaradılmış şəraitlə tanış olub, qəsəbənin planına və tikintidə istifadə olunmuş materialların nümunələrinə baxıb.
Prezident İlham Əliyevə bildirildi ki, Saatlı rayonunda evlərə dəymiş ziyanla bağlı 916 ailəyə 998 min manat məbləğində kompensasiyanın ödənilməsi də başa çatmaq üzrədir. Qeyd olundu ki, yeni tikilən evlərin 13 min 751 kvadratmetr sahəsi vardır. Bu da həmin evlərə köçürüləcək ailələrin əvvəlki çiy kərpicdən olan mənzillərinin sahəsindən 3 min 400 kvadratmetr çoxdur.
Dövlətimizin başçısının tapşırıqlarına əsasən qısa müddətdə Yeni Novruzlu kəndində 36 hektar ərazidə 178 ev tikilmişdir. Yeni evlərdən 104-ü ikiotaqlı, 71-i üçotaqlı, 3-ü isə dördotaqlıdır. Burada müasir infrastruktur şəbəkəsi yaradılmış, yeni su xətti ilə yanaşı, 2 su hovuzu tikilmiş, evlərə su çəkilmişdir. Mənzillər elektrik enerjisi ilə təmin olunmuş, smart-kart tipli sayğaclar quraşdırılmışdır. Kənddə abadlıq və yaşıllaşdırma işləri aparılmış, 50 yerlik uşaq bağçası və körpələr evi, tibb məntəqəsi, klub, kitabxana, poçt şöbəsi, elektron ATS, inzibati binalar tikilib.
Prezident İlham Əliyev qəsəbə sakinləri ilə görüşərək, onları təbrik edib: "Sizi ürəkdən salamlayıram. Yeni, gözəl evlərin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Burada bütün şərait yaradılıb, gözəl evlər tikilib. İndi mən tanış oldum, çox geniş, rahat, daş evlərdir, məktəb, bütün şərait vardır. Yəni, rahat, normal yaşamaq üçün bütün şərait vardır. Əlbəttə ki, bu evlər əvvəlki evlərlə müqayisə edilə bilməz. Siz yaxşı bilirsiniz ki, əvvəlki evlər hansı vəziyyətdə idi. Onların böyük əksəriyyəti çiy kərpicdən tikilmişdi və təbii fəlakət nəticəsində uçulub dağılmışdır. Bu evlər isə əsaslı tikilib. Keyfiyyətli materiallardan istifadə olunub, geniş, rahat daş evlərdir. Bu ərazidə heç nə yox idi, boş ərazi idi. İndi gözəl qəsəbə salınıb, burada 178 ev tikilib, böyük qəsəbədir. Bütün bunları çox qısa müddət ərzində yarada bilmişik. Cəmi bir neçə ay ərzində böyük qəsəbə salınıb. Mənə verilən məlumata görə, bütövlükdə, Saatlı rayonunda nəzərdə tutulmuş evlərin 90 faizi artıq tikilibdir. Hələ tikinti işləri davam edir. Bir neçə ay ərzində görün nə qədər böyük işlər görülübdür. Təkcə Saatlı rayonunda deyil, sel-daşqınlardan əziyyət çəkmiş bütün rayonlarda tikinti, təmir-bərpa işləri gedir. Təbii fəlakətdən cəmi 4-5 ay keçibdir. Bu qəsəbələrin layihələndirilməsi, inşaat materiallarının gətirilməsi, işçi qüvvənin səfərbər olunması, tikinti işlərinin belə keyfiyyətlə aparılması, böyük zəhmət və peşəkarlıq tələb edən məsələlərdir. Mən söz vermişdim ki, qış gələnə qədər işlərin böyük əksəriyyəti görülməlidir və bu gün bunun şahidiyik. Hava hələ yaxşıdır, istidir, amma evlər artıq hazırdır".
Ölkə Prezidenti ölkəmizin inkişaf kursunun daha böyük əzmlə davam etdiriləcəyini bildirib. Görülən bütün işlərin iqtisadi imkanlarımız nəticəsində əldə olunduğunu vurğulayan ölkə Prezidenti İlham Əliyev bu sahənin daha da gücləndirilməsi üçün çox böyük islahatların aparıldığını vurğulayıb. Ölkə Prezidenti onu da bildirib ki, hələ tikinti işləri davam edir: "Hələ bir neçə sahədə təmir-bərpa işləri aparılır və ümid edirəm ki, nəzərdə tutduğumuz bütün vəzifələr icra ediləcəkdir. Bu, böyük bir layihədir. Ölkə daxilində, bütün bölgələrdə evlərin tikintisi böyük zəhmət tələb edən məsələdir. Üç mindən artıq ev təbii fəlakət nəticəsində uçub-dağılıb, yaxud da ki, yararsız, qəza vəziyyətinə düşüb. Dediyim kimi, onların əksəriyyəti çiy kərpicdən tikilmiş keyfiyyətsiz evlər idi, su dəyən kimi, dağıldı, uçuldu. İnsanlar evsiz-eşiksiz qalmışdılar. İnsanlara kompensasiya ödənildi, biz onları müvəqqəti yaşamaq üçün şəraitlə təmin etdik. Bütün bu işlər - xilasetmə və tikinti işləri qısa müddət ərzində görüldü. May ayında keçirdiyim müşavirədə qarşıya qoyulan bütün vəzifələr icra edildi. İnsanlar xilas edildi, bir dənə də itki baş vermədi, müvəqqəti yaşamaq üçün şərait yaradıldı, ərzaq, tibbi xidmət, təhsil məsələləri həllini tapdı. Bəzi insanlar məktəblərdə məskunlaşdırıldı, bəziləri üçün müvəqqəti olaraq çadır şəhərcikləri yaradıldı. Ondan sonra tikinti-bərpa işlərinə başlandı ki, bunun nəticəsini biz artıq görürük. Bir müddət bundan əvvəl mən yeni evlərin tikintisinin başa çatması ilə əlaqədar Hacıqabulda olmuşam. Bu gün Salyan, Sabirabad, Saatlı, İmişli rayonlarında belə mərasimlər keçirilir. Bu, məni çox sevindirir. Mən bu gün çox xoşbəxtəm, çox şadam ki, biz buna nail ola bildik. Azərbaycan dövləti, həmişə olduğu kimi, öz vətəndaşlarına qayğı və diqqət göstərdi, onları ağır günlərdə tək qoymadı".
Qeyd edək ki, ölkə Prezidenti İlham Əliyev hər zaman deyir: "... Biz öz iqtisadi siyasətimizi apararkən, ancaq daxili resurslarımıza əsaslanırıq və bununla bərabər, heç vaxt heç bir müqayisə aparmamışıq. Biz öz səylərimizi daxili məsələlər ətrafında qoyuruq. Belə olan halda, Azərbaycan iqtisadiyyatı istənilən iqtisadi şəraitdə öz imkanlarını ortaya qoyur".
Göründüyü kimi, Azərbaycanın sosial-iqtisadi inkişafının davamlı və sabit olması heç də təsadüfi deyil. Çünki təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm iqtisadi baza, ölkəmizin malik olduğu zəngin potensial Azərbaycanın dönməz tərəqqisinə əlverişli şərait yaradıb, ölkə iqtisadiyyatını hər cür böhrana qarşı dayanıqlı edib. Son illər Prezident İlham Əliyev tərəfindən ölkəmizin gələcək davamlı inkişafına yönəldilmiş ümummilli proqramların qəbul edilməsi, ölkə iqtisadiyyatının şaxələndirilməsi məqsədilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanın makroiqtisadi göstəriciləri bir qədər də yaxşılaşıb, ölkəmizin strateji valyuta ehtiyatları 20 milyard dolları ötüb keçib.
Bütün bu inkişaf və tərəqqi meyilləri ötən il də davam edib, sosial-iqtisadi həyatın güzgüsü sayılan ümumi daxili məhsul istehsalı ilə yanaşı, iqtisadiyyatın vacib sahələri olan sənayedə və kənd təsərrüfatında da yüksək artım tempi qeydə alınıb.
Prezident İlham Əliyev bu siyasətin bundan sonra da davam etdiriləcəyini, xarici və yerli investisiyaları cəlb etməklə sənaye sektorunda müxtəlif yeni müəssisələrin yaradılacağını bəyan edir.
Artıq bir neçə ildir ki, ölkəmizin ayrı-ayrı bölgələrində həyata keçirilən mühüm infrastruktur layihələri, eləcə də, dövlət tərəfindən özəl sektora verilən güzəştli kreditlər də sənaye istehsalının artırılmasına təkan verir. 2009-cu il iqtisadiyyatın mühüm sahəsi sayılan kənd təsərrüfatı üçün də son dərəcə uğurlu olub. Aqrar sahədə aparılan məqsədyönlü islahatlar kənd təsərrüfatı məhsulları istehsalının artırılması üçün münbit şərait yaradır. Təkcə onu demək kifayətdir ki, dövlət tərəfindən adı çəkilən sahənin inkişafına verilən dəstək, maliyyə yardımı, fermerlərə yanacağın, gübrənin güzəştli şərtlərlə verilməsi, aqrolizinq xidməti və s. tədbirlər cari ilin doqquz ayında aqrar bölmədə ciddi artımın əldə olunması ilə nəticələnib. Bu da qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atan, iqtisadiyyatın şaxələndirilməsi xəttini götürən bir ölkə üçün yüksək göstəricidir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, böhranlı zamanda, qeyri-neft sektorunun inkişafda olduğu bir şəraitdə kənd təsərrüfatı ölkəmiz üçün həm iqtisadi cəhətdən, həm də sosial cəhətdən çox böyük əhəmiyyətə malik bir sahədir. Qeyd etmək lazımdır ki, iqtisadi və sosial baxımdan son dərəcə böyük əhəmiyyətə malik olan layihələrin tamamlanması Azərbaycanı daha da gücləndirəcək, suvarılan torpaqlar çoxalacaq, içməli su problemi həll olunacaqdır.
Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı məsələlərin uğurla həll edildiyini vurğulayan dövlət başçısı qeyd edir ki, indi ölkəmiz xaricə neft və qazla yanaşı, elektrik enerjisi də ixrac etməyə başlayıb. Artıq Azərbaycan dünyada getdikcə aktuallıq kəsb edən alternativ enerji mənbələrinə üstünlük verməyi qarşısına məqsəd qoyub. Azərbaycanın əsas makroiqtisadi proqnoz göstəricilərinə əsasən, 2010-cu ildə 32 mlrd. manat həcmində ÜDM-in istehsal olunacağı proqnozlaşdırılırdı ki, bu da 7 faizlik real artım deməkdir. Proqnozlara görə, bu il qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 62,4 faiz səviyyəsində proqnozlaşdırılır. ÜDM-in tərkibində sənaye sahəsi üzrə 7,8 faizlik artım gözlənilir.
Qeyri-neft sənayesində 2,4 faiz səviyyəsində real artım ola bilər. Ümumilikdə, kənd təsərrüfatında 4 faiz, nəqliyyatda 9,3 faiz, rabitədə 17 faiz, sosial və digər xidmətlər üzrə 3,1 faiz səviyyəsində artım proqnozlaşdırılır.
Şübhə yoxdur ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası isə, heç şübhəsiz, növbəti illərdə Azərbaycanın sosial-iqtisadi tərəqqisini daha da sürətləndirəcək, ölkə əhalisinin həyat səviyyəsinin bir qədər də yaxşılaşmasına səbəb olacaq.