Azərbaycan əlverişli biznes mühiti olan ölkəyə çevrilib
Hər bir ölkənin iqtisadiyyatında qeyri-dövlət sektorunun mühüm rolu və payı var. Özəl sektorun inkişafı keçid iqtisadiyyatlı ölkələrin sosial-iqtisadi sisteminin yenidən qurulmasında, hökumətin qarşıya qoyduğu strateji məqsədlərin uğurla reallaşdırılmasında mühüm rol oynayır. Bu reallığı düzgün dəyərləndirən Azərbaycan Prezidenti İlham Əliyev özəl sektorun inkişafına, yerli və xarici iş adamlarının fəaliyyətinə hərtərəfli imkanların yaradılması, iqtisadi mühitin liberallaşdırılması yolu ilə əlverişli biznes və investisiya mühitinin formalaşdırılması istiqamətində bütün zəruri tədbirləri həyata keçirir.
Ümumdünya İqtisadi Forumu (Davos Forumu), Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, "Qoldman Saks" təşkilatı, Beynəlxalq Maliyyə Korporasiyası, Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsi və digər qurumların hesabatlarında Azərbaycanda investisiyalar üçün münasib biznes mühitinin yaradılması, əcnəbi sərmayəçilər üçün hökumət tərəfindən əlverişli sərmayə imkanlarının təmin edilməsi, eləcə də, digər tədbirlərin intensiv xarakter alması əksini tapmışdır.
Davos Forumunun "2009-2010-cu illərdə dünya ölkələrinin rəqabət qabiliyyətli iqtisadiyyatları haqqında hesabat"ı respublikamızda əlverişli biznes və investisiya mühitinin mövcudluğunu bir daha təsdiqləyir. Hesabata əsasən, respublikamız rəqabət qabiliyyətli iqtisadiyyata malik dövlətlər sırasında 34-cü pillədən 13-cü pilləyə yüksəlib və iqtisadi göstəricilərinə görə, hətta bir çox inkişaf etmiş ölkələri geridə qoyub.
Beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda biznesə başlama prosedurlarının sadələşdirilməsi faktının önə çəkilməsi təsadüfi deyil. Azərbaycan Prezidentinin 30 aprel 2007-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanla təsdiq olunmuş qaydalara əsasən, 2008-ci il yanvarın 1-dən etibarən vahid qeydiyyat orqanı funksiyasını Vergilər Nazirliyi həyata keçirir.
Xatırlatmaq yerinə düşər ki, ixracın stimullaşdırılması, xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə görülmüş tədbirlər nəticəsində Azərbaycan ABŞ və Norveçin "CSP", Avropa Birliyinin "CSP+" proqramlarına da daxil edilib. Bu proqramlar Azərbaycan sahibkarlarına Avropanın 27 ölkəsinə, ABŞ və Norveç bazarlarına rüsumsuz və ya çox aşağı rüsumlarla ixrac imkanları yaradır. 2008-ci ildən Dünya Ticarət Təşkilatına üzvolma ilə bağlı işlər davam etdirilib, 11 ölkə ilə ikitərəfli danışıqlar aparılıb, 2 ölkə ilə ikitərəfli protokol imzalanıb.
Dövlət Statistika Komitəsinin ölkənin 2010-cu ilin 9 ayının iqtisadi və sosial inkişafı ilə bağlı hesabatında əksini tapmış makroiqtisadi göstəricilər də bunu deməyə əsas verir. Hesabatda qeyd olunur ki, cari ilin doqquz ayında ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatlar, habelə, fiziki şəxslər tərəfindən 29,3 milyard manatlıq ümumi daxili məhsul istehsal edilibdir ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz, və ya müqayisəli qiymətlərlə bir milyard manat çoxdur.
Ötən doqquz ayda istehsal edilmiş ümumi məhsulun 66,6 faizi məhsul istehsalı sahələrində, 26,9 faizi xidmət sahələrində yaradılmış, 6,5 faizi isə məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Ötən ilin yanvar-sentyabr aylarına nisbətən əlavə dəyər məhsul istehsalı sahələrində 2,8 faiz, xidmət sahələrində isə 6,4 faiz artmışdır. Hesabat dövründə ölkədə adambaşına düşən ümumi daxili məhsul istehsalı 3286,6 manat və ya 4090,4 ABŞ dolları təşkil etmişdir ki, bu da 2009-cu ilin doqquz ayı ilə müqayisədə 2,9 faiz artım deməkdir. Yanvar-sentyabr aylarında əlavə dəyər ölkənin neft sektorunda 2,7 faiz, qeyri-neft sektorunda isə 5,2 faiz artmışdır. 009-cu ilin 9 ayında isə əsas kapitala yönəldilmiş investisiyalarda daxili sərmayələr üstünlük təşkil etmişdir. Bunun 82 faizini daxili, 18 faizi isə xarici sərmayələrdir. Daxili sərmayələrin ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz artması Azərbaycanda güclü sərmayədarlar təbəqəsinin formalaşdığına dəlalət edir.
2010-cu ildən Azərbaycanda bir sıra sahələrdə vergilərin aşağı salınması həyata keçirilir və bu da sahibkarlığın inkişaf etdirilməsi, daxili bazarın qorunması baxımından son dərəcə əhəmiyyətli addımdır.
Ölkə Prezidenti İlham Əliyev özəl sektorun dinamik inkişafına təkcə sosial-iqtisadi yüksəliş xəttinin deyil, həm də demokratikləşmə prosesinin ardıcıllığını, vətəndaş hüquq və azadlıqlarının etibarlı şəkildə qorunmasını təmin edən başlıca vasitələrdən biri kimi yanaşır. Azad sahibkarlığın inkişafı istiqamətində atılan ardıcıl addımlar həm də demokratik islahatların iqtisadi yüksəlişlə paralel şəkildə davam etdirilməsinə, ölkəmizin siyasi, hüquqi, iqtisadi və digər sahələrdə beynəlxalq əlaqələrinin genişlənməsinə, qloballaşan dünyada etibarlı tərəfdaş kimi mövqelərini möhkəmləndirməsinə yaradılan etibarlı zəmindir.
Hazırkı durumda Azərbaycan dünyada böhrandan ziyan çəkməyən və sabit inkişafda olan çox az sayda ölkədən biridir. Bütün bunlar isə, onu göstərir ki, ölkə rəhbərliyi düzgün iqtisadi siyasət yeridir və bu siyasət Azərbaycanda yeni bir inkişaf dövrünün əsasını qoyub.