PDF Oxu

MİA

  • 4 011

Possovet məkanında müxtəlif ideologiyaların formalaşması prosesi

Possovet məkanında müxtəlif ideologiyaların formalaşması prosesi

Yaxın keçmişimizin milli şüura təsir edən siyasi-ideoloji sxemlərini nəzərdən keçirsək, görərik ki, sosialist ideologiyası, yəni özündə sürətləndirmə, sonra isə yenidənrqurma konsepsiyalarını əks etdirən ideologiya üstünlük təşkil edirdi. Həmin konsepsiyaların başlıca çarəsi sosializmi təkmilləşdirmək idi. Bu mərhələdə baş qaldırmış hərəkatlar yenidənqurmanı müdafiə etsə də özünün yeni siyasi ideyalarını irəli sürə bilməmişdi. Hərəkatın ikinci mərhələsində -1987-ci ilin payızında yeni siyasi-ideoloji yönümlərin axtarışı başlamışdır. Bu proses öz emosionallığı ilə seçilirdi, yalnız tədricən bu hal öz yerini gerçəkliyin rasional dərkinə verdi. Lakin hələ o dövrdə tədqiqatçılar V.G.Boyko, V.N.İvanov, J.T.Toşenko düzgün olaraq qeyd edirdilər ki, ictimai şüur və həmçinin, milli şüur keçmişin yükündən azad deyildi. İnsanlar yenidənqurmanın hiss ediləcək nəticələrini görmürdülər. Kütlə yenidənqurma deyərkən təsəvvür edirdi ki, bu sosial eksperimentin məqsədi şüurun dəyər-məna və fəaliyyət-iradə strukturlarını dəyişməkdir. Dəyişikliyin özü isə insanların psixologiyası, üstə gəl müvafiq baş idarələrin və müəssisələrin ideoloji fəaliyyətindən ibarətdir.

İctimai şüur bir növ belə istiqamətlənmişdi ki, dəyərləri, ideyaları, idealların dünyagörüşü prinsiplərini mənimsəməklə və bunları dərk etməklə "durğun" təfəkkürü "yenidənqurma" təfəkkürünə çevirmək mümkündür. Lakin belə bir həqiqət unudulurdu ki, şüurun əsasları gerçəklikdə kök salır, həmin ictimai varlığın dərinliyində yerləşir. Bu varlığı dərk etmək isə şüurdan başqa bir şey deyildir. Yenidənqurmanın müxtəlif mərhələlərində ideoloji proses çoxlu sayda amillərlə müəyyənləşmişdi. Bizcə, birinci amil sovet tarixi boyu mövcud olmuş ictimai sistemin özü olmuşdu. Bunun başlıca mahiyyəti cəmiyyətin sırf dövlətçilik idarəçiliyinə tabe olması, yəni etatizasiya, stratifikasiyanın distributiv modeli, sosial özünütənzimləməni idarəetmənin inkişaf etmiş üfiqi strukturlarının olmaması idi. (5947s.77-78) İkinci amil, ideoloji şəraitə yuxarıdan razılıq verilmiş aşkarlıq olmuşdur. Aşkarlıq müxalifət əhval-ruhiyyəsinin, sonra isə konseptual xarakter daşıyan müxalifətçi baxışların açıq söylənilməsini təmin edirdi. Üçüncüsü, yenidənqurma dövrünün ideologiyası həm də ideologiyalaşdırılmış təfəkkürün fəaliyyət xüsusiyyətlərinin, onun ətalətinin təsiri altında inkişaf etmişdir. Ölkəmizdə də belə olmuşdur. Sosializm, liberalizm, millətçilik yenidənqurma dövründə insanların siyasi-mənəvi varlığının formalaşdığı bütün ideoloji məkanda fəaliyyət göstərmişdir. Ümumiyyətlə, yenidənqurmanın birinci mərhələsində demokratik hərəkatda iştirak edənlərin milli şüuruna yenidənqurmanı müdafiə edən ideologiya hakim kəsilmişdi. Kütləvi əhval-ruhiyyə həmin demokratik hərəkatın köməyi ilə özünün milli istiqlal idealının həyata keçəcəyinə inanırdı. Əgər tarixi-ideoloji kontekstdə desək, həmin siyasi şüurun oyanışı mərhələsində milli şüurda yeni bir siyasi mifin əsasları qoyulurdu. Dövrün sosial həqiqəti belə idi ki, kütləvi əhval-ruhiyyə cəmiyyətdə geniş aspektdə hadisələri əhatə etmişdi. Kütləvi ovqat öz təbiətinə görə tez, sürətlə yayılan fenomendir. Bu fenomen daha çox iki amilin mövcudluğu şəraitində öz əlamətlərini daha çox büruzə verir. Bir tərəfdən, kütləvi tələbatlar və mənafelərlə bağlı olan insanların iddiaları, digər tərəfdən də real həyat şəraiti.

Bu mərhələdə - 1987-ci ilin payızı - 1989-cu ilin yazı - yeni siyasi-ideoloji yönümlər, istiqamətlər yaranır. Hadisələrin real gedişi ictimai şüurda hüquqi dövlət konsepsiyasının həyata keçirilməsi ilə yeni quruluşun yaranacağına inam oyatmışdı. Həm liberal demokratlar, həm də milli demokratlar yeniləşmiş sosialist ideologiyasına üstünlük verirdilər. Bu mərhələ onu göstərirdi ki, milli şüur hələ də sosializm ideologiyasından uzaqlaşa bilmirdi.

Yenidənqurmanın üçüncü mərhələsi - 1989-cu ilin yazı - 1990-cı ilin yayı - siyasi və ideoloji plüarizm ilə fərqlənir. Plüralizmin təbiəti belədir ki, hətta legitimləşmiş, təhrif olunmuş və bəsit şəkildə belə o, cəmiyyətdə normal sosial-siyasi münasibətlərin dirçəlmə meyillərinin inkişafını stimullaşdırır, milli şüuru müxtəlif siyasi davranış formalarının vacibliyini dərk etmək istiqamətinə yönəldir. Onun təsirilə proseslər nəzarətə məruz qalmayan daha sərbəst, müstəqil şəkil alır. Bunun nəticəsində sosial sistemdə daxili siyasi baxışların, əlaqələrin sayı artır ki, bu əlaqələrdən istiqamətlərdən hər biri öz muxtariyyatına doğru inkişaf etməyə başlayır.

İdeologiyada milli dövlət konsepsiyasına üstünlük verilirdi. Bizcə, məhz bu mərhələ həm də milli şüurun siyasi inkişafında dönüş mərhələsidir. Xalqların öz milli hüquqlarını müdafiə etmək, öz dövlətçiliyini qurmaq, mühüm siyasi ideologiya idi. İctimai şüurda, cəmiyyətin şüurunda belə bir ideyanın təşəkkülü, xalqların milli şüurunun tədricən oyanıb inkişaf etməsi yeni ideoloji dəyərlərə ehtiyac yaradırdı. Həmin dövrdə "boşluqların" yerində yeni ideoloji və siyasi istiqamətlər, sosializmin, liberalizmin, millətçiliyin qarşılıqlı nüfuz etməsi prosesilə müşaiyət olunan maraqlı ideoloji məkan yaranmışdı. Əgər söhbət liberalizmdən gedirsə, qeyd edilməlidir ki, bu cərəyanın ideyaları sovet gerçəkliyinə heç də asan daxil olmamışdı. Bundan əlavə, yaşadığımız məkanın keçmiş sosial-iqtisadi strukturları liberalizmi rədd edirdi. O, sosial ümumiliklərin öz mənafelərini dərk etmək zəminində yaranmamışdı. Bunu yalnız sistemin, cəmiyyətin şüurunun böhranından çıxmaq üsulu kimi başa düşürdülər. Təbiidir ki, ideya əsası sabit olmayan yenidənqurma liberalizmi səhnədən ketdikcə, milli ideologiyalar meydana gəlirdi.

İdeologiya və utopiyanın qarşılıqlı münasibətlərinə də müxtəlif yanaşmalar mövcuddur. Marksistlər utopiyaya nisbətən sosialist ideologiyasının daha real həyata keçən bir təlim olduğunu iddia etdikləri halda, Qərb filosofları ideologiyaya nisbətən utopiyanın daha çox müsbət əhəmiyyət kəsb etdiyini göstərirlər.

K.Manheym "İdeologiya və utopiya" əsərində ideologiyaya reallığı qeyri-adekvat əks etdirən ideyalar məcmusu kimi baxır. Qərb filosofları ideologiyanı müxtəlif anlayışlarla ifadə edirlər. Onların işlətdikləri "sosialist təfəkkürü", "siyasi təfəkkür", "təfəkkür üsulu", "ictimai özünüdərk", "nəzəri dünyagörüşü", "ictimai ideal", "sosial normalar", "sosial meyarlar", "ictimai-siyasi dəyərlər", "sosial doktrina", "mənəviyyat", "cəmiyyətin mənəvi həyatı", "siyasət", "siyasətşünaslıq" və onlarca belə anlayışlarda "ideologiya", "ideya-siyasi sistem" terminlərinin bu və ya digər çalarları, rakursları ifadə olunur. Bəzi müəlliflər həmin anlayışları məhz "ideologiya" mənasında işlədirlər.

Qərb filosoflarının ideologiyanı birmənalı işlətmələrini haqlı tənqid edən S.Xəlilov marksizmin çatışmazlıqları ilə yanaşı fəlsəfi fikri elmə çevirdiyinə, anlayışları dəqiq terminlər halına saldığına görə onun üstünlüyünü xüsusi qeyd edərək göstərir ki, hərə öz fəlsəfəsini və öz terminologiyasını yarada bilməzdi və hamılıqla qəbul olunmuş termin etimoloji məna ilə üst-üstə düşməsi də müəyyən mənada işlənirdi.

Onun fikrincə, heç bir ölkədə (sovet gerçəkliyindən qalmış fəlsəfi miras qədər sistemli, daxili tamlığa malik güclü fəlsəfi məktəb olmamışdır. Fəlsəfi fikir müəyyən bir ideoloji çərçivədən kənara çıxmamaq şərtilə metodoloji aspektdə, elmiliyə doğru inkişaf etmişdir.

Elmə çevrilmiş və müəyyən sosial ideala tabe etdirilmiş, çərçivəyə salınmış fəlsəfə daha artıq ənənəvi "fəlsəfə" anlayışının tələblərinə uyğun gəlmədiyindən bu yeni mahiyyətin yeni qatlarına işləməklə siyasətə, hüquqa, dövlətçiliyin bütün aspektlərinə təsir göstərir.

S.Xəlilov doğru olaraq siyasi elitanı bütün intellektual və mənəvi varlığı ilə öz dövrünün, yaşadığı ictimai və mədəni-mənəvi mühitin yetişdirməsi hesab edərək onun düşüncə tərzinin, rəhbər tutduğu sosial və əxlaqi meyarların xalqın, millətin ümumi inkişaf səviyyəsilə sıx bağlılığını göstərir, ideologiya və mədəni-mənəvi mühitin qarşılıqlı əlaqəsi məsələsinə toxunaraq fəlsəfi-etik fikrin rəsmi ideologiya olmadan da dünyagörüşə və mənəviyyata ciddi təsir etdiyini nəzərə çatdırır: "Dünyagörüşü, intellektual və mədəni-mənəvi mühit məhz ictimai-siyasi və fəlsəfi fikrin ədəbi-bədii gerçəkliyə təsiri ilə yaranır, formalaşır. Başqa sözlə, fəlsəfi fikir rəsmi ideologiyaya çevrilmədən də vətəndaşların dünyagörüşünün formalaşmasına təsir göstərərək dolayı yolla həmin funksiyanı yerinə yetirir".

Müasir Qərb ölkələrində kollektiv inam və düşüncə səviyyəsinə qalxmış fikir və ideyaların məcmusu kimi dəyərləndirilən ideologiyaya ehtiyac qalmamasını tədqiqatçılar müxtəlif cür izah edirlər. Əksinə, bəzi tədqiqatçılar, məsələn, məşhur ingilis tədqiqatçısı İ.Kristol yazırdı ki, "ideologiyasızlaşmış siyasət - silahsız siyasətdir".

S.Xəlilov düzgün olaraq kommunist ideologiyasının qeyri-obyektiv təbliğatının əksinə olaraq müasir dövrdə Qərb ölkələrində siyasi rejimin sosial-iqtisadi inkişafla ziddiyyət təşkil etmədiyindən, ayrı-ayrı sosial qruplar, təbəqələr və birliklər arasındakı ziddiyyətlər, mənafe fərqlərinin siyasi mübarizə meydanında leqal siyasi metodların köməyilə həll olunduğundan, demokratiya və plüralizm şəraitində siyasət və hüquq ön plana keçdiyindən ideologiyaya, ideoloji mübarizəyə yer qalmadığını göstərir: "İnkişaf etmiş ölkələrdə, hüquqi dövlətlərdə ictimai proseslərin əsas tənzimləyicisi konstitusiya və digər qanunvericilik aktları, hüquqi normalar olur. Əgər insanların arzu və istəkləri, mənəvi və sosial idealları mövcud ictimai quruluş şəraitində əlçatandırsa, mövcud siyasi rejim, dövlət quruluşu, hüquqi normalar buxova çevrilmirsə yeni cəmiyyət modeli qurmağa, inqilabi çevriliş haqqında düşünməyə, ideologiya yaratmağa da ehtiyac qalmır". S.Xəlilov Qərb ölkələrində 3-4 əsr bundan əvvəl formalaşmış ideologiyanın artıq reallaşdığını, ideyadan gerçəkliyə çevrildiyini, cəmiyyətin öz daxili hərəkətverici qüvvəsi hesabına düzgün istiqamətdə hərəkət etdiyini də ideologiyasızlaşmanın səbəbləri kimi izah edir. Lakin o, keçid mərhələsi dövrü keçirən ölkələrdə ideologiyanın zəruriliyini də qeyd edir.

D.İsmayılov inkişaf etmiş və sabit cəmiyyətlərdə ideoloji mübarizənin öz əhəmiyyətini itirdiyilə razılaşsa da, Qərb dünyasında ideologiyasızlaşmanın bir tərəfdən hipoideologiyalaşmadan yaxa qurtarmaq, bəzi ölkələrdə isə (məsələn, Çində, Şimali Koreyada və Kubada) sosialist ideologiyasının hakim dövlət ideologiyası şəraitində ideoloji qarşıdurmanı aradan qaldırmaq səyindən irəli gəldiyini göstərir, ideologiyaların qarşıdurmasının aradan qalxmamasını qeyd edir. Azərbaycan tədqiqatçısı ideologiyasızlaşmanın digər tərəfdən antixalq ideologiyalarının yaranmasına imkan verməmək cəhdilə bağlı olduğunu da diqqətə çatdırır. O, indi ideologiyasızlaşmaya total çağırışla razılaşmır və bunu müasir dünyada ideoloji doktrinaların həyatının sona çatmaması, müasir ideologiyaların formalarının çoxluğu ilə izah edir.

Müəllifin ideologiyasızlaşma ilə bağlı ziddiyyətli fikirləri diqqəti cəlb edir. O, bir tərəfdən müasir dövrdə yeni ideoloji əsrin başlandığını, digər tərəfdən insanların yeni istiqamət axtarışından, Qərb demokratik institutlarına elə də yüksək olmayan ideologiyalaşmanın xas olduğundan bəhs edir.


VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər