Azərbaycançılıq ideyası Azərbaycan xalqının tarixi kökləri, özünəməxsusluğunu ifadə etməklə yanaşı, onun həyatında bəşəriyyətin ayrılmaz hissəsi kimi ümumbəşəri dəyərlərin - azadlığın, bərabərliyin, qardaşlığın, dostluğun vəhdəti kimi çıxış edir. Məlumdur ki, millətlərin mənəvi həyatında mühüm amil olan milli ideyaların əsas vəzifəsi millətin daxili qüvvələrini səfərbər etmək, onun həyati dəyərlərini ifadə edərək inkişafının dönüş mərhələsində keçmişini və gələcəyini bir-birinə bağlamaqdır. Milli ideyalar millətin, xalqın özünüdərkinin istiqamətlərini, bir etnos kimi bütün təbəqələrini və nəsillərini öz ətrafında birləşdirir.
İdeya anlayışı ümumiyyətlə, ictimai, siyasi və milli ideyalara ayrılır. İdeyalar cəmiyyətin müxtəlif tərəflərinin dərki formasıdır. "İdeya xüsusiyyətləri, münasibətləri, sadəcə olaraq, onların mövcud varlığında əks etdirmir, həm də onlardakı inkişaf meyillərinin zəruriliyini ifadə edir. İctimai hərəkatı istiqamətləndirən ideyalar sosial-tarixi təcrübədən çıxış edərək, sosial refleksiyasının nəticəsi kimi yaranaraq, tənqidi və evristik xüsusiyyətləri özündə birləşdirir".
İctimai, milli psixologiya, milli-mənəvi dəyərlər ilə bağlı olan milli ideyanı milli mədəniyyətin ayrılmaz tərkib hissəsi kimi Azərbaycan xalqının tarixi inkişafından və mədəniyyətin tarixindən kənarda öyrənmək mümkün deyildir.
Milli özünüdərk və milli kimliklə sıx bağlı olan milli ideya millətin formalaşması, yaranıb inkişaf etməsi ilə birlikdə formalaşır, millətin milli mənlik şüurunun formalaşmasını, özünüdərkini sürətləndirir.
V.Abdullayev çox doğru olaraq göstərir ki, Azərbaycan xalqı türk xalqlarından biri kimi türkdilli xalqların çox güclü vətənpərvərliyi mühitində formalaşmış, yadelli işğalçılara qarşı mübarizədə tarixən özünü ləyaqətlə aparmışdır. Ona görə də xalqımızın tarixi şüuru, onun ləyaqəti türkçülük idealı zəminində formalaşmış, tarix boyu amansız sarsıntılara, sosial deformasiyalara uğrasa da, özünün "mən"ini ictimai şüurunda qoruyub saxlaya bilmişdir.
Azərbaycanın tarixi taleyi elə olmuşdur ki, onun milli şüuru yüzilliklər ərzində daha iri dövlətlərin tərkibində olduğu sivilizasiyalarda nəyisə itirib, nəyisə qazandığı şəraitdə formalaşmışdır. Qüdrətli etnosiyasi birliklərdə xalqımız mədəniyyətlərin etnoslararası qarşılıqlı təsiri mühitində digər mədəniyyətlərin dəyərlərindən bəhrələnmiş, özünün inkişafı boyu qazandığı zəngin siyasi-mədəni təcrübəni sosial yaddaşında daşıya bilmişdir.
Azərbaycan ideologiyası, dövlətçiliyi və milli-mənəvi dəyərləri məhz güclü etnosiyasi birliklər şəraitində qarşılıqlı təsir, qarşılıqlı əlaqə, qarşılıqlı zənginləşmə şəraitində formalaşmışdır. Azərbaycan dövlətçiliyi əsrlər boyu qanuna, mənəvi prinsiplərə, cəmiyyətin mənəvi hakimi olan dinə, hərbi qüdrətə əsaslanmışdır. Sovet kommunist rejimində diktatura və kommunist ideologiyası mərhələsini keçən Azərbaycan öz milli varlığını qoruyub saxlaya bilmişdir. Azərbaycan tarixində dərin izlər qoymuş, milli dövlətçiliyi aldanış nəticəsində bolşevik hakimiyyətilə əvəz olunan bu dövr istər ideoloji, istərsə də, dövlətçilik tariximizdə "sovet dövləti", "sosializm dövrü" adlandı. Bu dövrdə azərbaycanlılar milli mənliklərinin bəzi cəhətlərini itirsələr də, milli-mənəvi inkişafını təmin edəcək zəngin tarixi və mədəni ənənə və adətlərini qoruyub saxlaya bildilər və indi də milli ləyaqətini, milli mənlik şüurunu, milli həmrəyliyini və vətən əxlaqını inkişaf etdirmək əzmini nümayiş etdirirlər.
Məlumdur ki, Şərq və Azərbaycan dövlətçiliyində başlıca ictimai əxlaq forması, idarəçilik prinsipləri kimi adət və ənənələr çıxış etmişdir. Dövlətçiliyin və milli psixologiyanın inkişafında mühüm rol oynasa da, tayfa əxlaqı bütün ölkəni əhatə edə bilməmişdir. Vətən əxlaqı isə ərazi və əhalinin vəhdətini, milli-mənəvi birliyini, dövlətçiliyin əsasını təmin edən mühüm, güclü bir amildir. Buna görə də dövlətçiliyin fundamenti olan torpağı, ərazini qoruyub bərpa etmək, milli ideologiyanı formalaşdırmaq, dövlətçiliyin əsas dayağı olan vətənçiliyi təmin etmək, vətən və dövlət əxlaqını formalaşdırmaq Azərbaycan xalqının ümdə vəzifəsidir.
Azərbaycançılıq - dövlətçilik ideologiyası və məfkurəçilik kimi müstəqil Azərbaycanın suverenliyinin əsas atributudur. Xalqımızın çoxəsrlik milli-mənəvi dəyərlərinə, dini və əxlaqi ənənələrinə söykənən azərbaycançılıq məfkurəsi kökə qayıdışı, istiqlalçılığı təmin etməsilə mühüm əhəmiyyət kəsb etdi. Bu gün Azərbaycan istiqlalçılığının əsasını ittihadçılıq - birlikçilik təşkil edir.
Azərbaycançılıq ideologiyası dövlətçilik ideologiyası kimi müxtəlif milli, etnik ideyaların məcmusunu özündə əks etdirir: "Bizdəki millətçiliyi bütün azərbaycanlıların - Azərbaycandakı türkdilli, irandilli və qafqazdilli xalqların vahid və bölünməz Azərbaycanın vətənçilik hissilə birləşdirməsi təşkil edir.
Yazıçı Anarın milli ideologiya, azərbaycançılıq ideologiyası barədə özünəməxsus mülahizələri var. O, azərbaycançılıq ideologiyasının dayaqlarının azadlıq, müstəqillik, bərabərlik, qardaşlıq və dostluqdan ibarət olduğu fikrini irəli sürür. Azərbaycançılığı insan azadlığı, insan haqları ilə bağlayan Anar onun düşüncə, söz, mətbuat azadlığı, toplantılar, mitinq, siyasi partiyalar yaratmaq azadlığından ibarət olduğunu diqqətə çatdırır.
Azərbaycançılığın ikinci mühüm şərti olan milli müstəqillik xalqın ərazi bütövlüyü və toxunulmazlığı şəraitində öz müstəqil, suveren dövlətini qurmaq, yaşatmaq kimi təbii arzusu ilə bağlıdır. Milli müstəqilliyin məsuliyyətlə əlaqədar olduğunu göstərən Anar yazır: "Milli müstəqillik də insan azadlığı kimi ən ciddi şəkildə məsuliyyət deməkdir. O cümlədən də, öz xalqının taleyi qarşısında məsuliyyət". Azərbaycançılığın sözdə deyil, işdə gerçəkdən əhalinin sinfi, milli, irqi, dini, cinsi bərabərliyi ilə bağlı olması və onun demokratik cəmiyyətin təməl prinsiplərindən hesab edilməsini diqqətə çatdıran Anar Azərbaycanda tolerantlığın mövcudluğunu, onun milli mentalitetimizlə bağlı olduğunu da göstərir: "İlk addımlarını atan, hələ də körpəlik çağlarını yaşayan Azərbaycan demokratiyasının əsas prinsiplərindən biri - bərabərlik prinsipi siniflərə şamil edildiyi kimi, milli azlıqlara da aid olmalıdır. Xalqımızın milli mentalitetinə xas olan dözümlülük, tolerantlıq ölkəmizdəki bütün milli və dini azlıqlara münasibətdə açıq-aydın həyata keçirilməlidir. Cinsi bərabərlik, ilk növbədə, qadının cəmiyyətdə kişilərlə bərabər mövqe tutmasını, o cümlədən, siyasət sahəsində də mühüm mövqelər qazanmasını təmin etməlidir".
Azərbaycanın təməl prinsiplərindən olan qardaşlıq deyəndə, müəllif türk qardaşlığını nəzərdə tutur: "Tarixi kökləri, dil qaynaqları, düşüncə və davranış tərzi, adət-ənənələri, sənət, gözəllik, əxlaq anlayışları bir olan türk xalqlarının münasibətləri dostluqdan daha artıq qardaşlıq sözüylə səciyyələnə bilər.
Nəhayət, Anar azərbaycançılığın başqa bir prinsipinin dostluqdan - Azərbaycanda yaşayan xalqların və Azərbaycan xalqının digər xalqlarla dostluğundan ibarət olduğunu göstərir: "Xalqlar dostluğu - həm ərazi, tarixi tale, adət-ənənə baxımından bizə yaxın olan qonşu xalqlarla mehriban münasibətlərinə, həm də Azərbaycanın öz içində yaşayan müxtəlif millətlərin doğmalıq əlaqələrinə aid edilməlidir".
Müstəqillik əldə edən Azərbaycan Respublikası demokratik, hüquqi, dünyəvi, parlamentli, dövlət quruculuğu, plüralizmin, azadlığın, bazar iqtisadiyyatının hökm sürdüyü vətəndaş cəmiyyəti quruculuğu yolu tutmuşdur. Cəmiyyətdə çoxpartiyalılıq, çoxideologiyalılıq hakimdir. Ümumbəşəri və milli-mənəvi dəyərlərin vəhdəti şəraitində vahid bir ideoloji görüş və vahid siyasi lider ətrafında xalqın birləşdirilməsi zərurəti yaranır. Ə.Tağıyev yazır ki, Azərbaycançılığın sözdə deyil, işdə gerçəkdən əhalinin sinfi, milli, irqi, dini, cinsi bərabərliyi ilə bağlı olması və onun demokratik cəmiyyətin təməl prinsiplərindən hesab edilir.
Ə.Tağıyev milli ideyanın milli ideologiyaya çevrilməsi prosesinin milli-etnik ideya, milli-dövlət ideyası səviyyəsindən keçdiyini göstərir: "Milli etnik ideyalar ayrı-ayrılıqda milli siyasi şüurun ilkin mərhələsi səviyyəsində - milli psixologiya və milli xarakter şəklində mövcuddur. O, hələ qarşısına qoyduğunu dərk etmir. Lakin o, inkişaf edərək milli dövlət ideyası səviyyəsinə yüksələndə, artıq əlahiddəlikdən çıxıb başqaları ilə birlikdə dayanır və bütövlükdə millətin maraqlarını ifadə edir. Daha doğrusu, milli şüurun yüksək səviyyəsini - vahid milli ideologiyalarını yaradırlar". Müəllif çox doğru olaraq vahid milli ideologiya formalaşarkən Azərbaycan ərazisində yaşayan müxtəlif etnosların öz milli-etnik mənafelərinin müəyyən bir hissəsini ümumazərbaycan maraqlarına güzəştə getdiyini, bu prosesin mürəkkəb, çoxsahəli və uzun tarixi bir inkişaf yolu keçdiyini qeyd edir. Vahid milli ideologiyada tarixi tale, dil və mədəniyyət ümumiliyinin vahid vətənpərvərlik hissləri və ümumi Azərbaycan ideologiyasının inteqrativ rol oynadığı göstərilir.
Demokratik cəmiyyətlər üçün vahid milli ideologiya məqbul sayılmasa da, dünya təcrübəsi və Azərbaycanın yaşadığı siyasi, sosial-iqtisadi keçid dövrü, təcavüzkar müharibəyə düçar olması, böhranlar və sosial bəlalarla qarşılaşması "milli-etnik mənsubiyyətindən və sosial vəziyyətindən asılı olmadan bütün vətəndaşların vahid bir ideya-siyasi xətt (hətta doktrina) ətrafında birləşməsi zərurətini yaratmışdır. Ona görə də milli (dövlət) ideologiya...dövlət-siyasi xətti həyata keçirən doktrinanı əvəz edir və respublikada yaşayan müxtəlif milli, etnik ideologiyaların məcmusundan ibarətdir. Bu ideologiya mövcud unitar dövlət quruluşunun möhkəmləndirilməsinə, siyasi stabilliyə, ərazi bütövlüyünün təmin olunmasına, sosial-iqtisadi, siyasi-mənəvi sahələrdə millətin tərəqqisinə xidmət" edir.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru