PDF Oxu

MİA

  • 1 187

Yusuf Akurçaoğlunun milli ideya axtarışları: azərbaycançılığın, Azərbaycan Xalq Cümhuriyyətinin ideya mənbəyi

Yusuf Akurçaoğlunun milli ideya axtarışları: azərbaycançılığın, Azərbaycan Xalq Cümhuriyyətinin ideya mənbəyi
Yusuf Akurça Osmanlı imperatorluğunda və Türkiyə Cümhuriyyəti dövründə türkçülük ideyalarını müdafiə edən görkəmli şəxsiyyət olmaqla yanaşı, onun milli ideya axtarışları və bu sahədəki görüşləri azərbaycançılığın təcəssümü olan Azərbaycan Xalq Cümhuriyyətinin ideya mənbəyini təşkil etmişdir.
Azərbaycan tədqiqatçısı Rəfail Əhmədov yazır: "Özünün məşhur "Üç tərzi - siyasət" adlı proqram xarakterli məqaləsi ilə Osmanlı imperatorluğunun gələcək siyasi xəttinin nədən ibarət olacağı fikrini irəli sürmüş, dünya türklərinin hansı ideoloji-siyasi yöndə öz taleyini həll edə biləcəyini göstərmişdir. Bu əsərdə irəli sürülən üç ana xətdən bizim mövzumuzla bağlı olan islamçılıq, daha doğrusu, müəllifin özünün qeyd etdiyi kimi, "İslamçılığa dayanan bir dövlət sistemi qurmaq" tezisidir.
Yusuf Akçuranın fikrincə, "Osmanlılıq" fikri kimi "İslamçılıq" da Avropadan gəlmədir. İslamçılıq Osmanlı imperatoluğunda "Osmanlılıq" fikrinin zəifləməsi ilə Sultan Əbdüləziz dövründə ortaya çıxmışdır. Avropa siyasi xadimlərinin "panislamizm" adlandırdıqları bu ideoloji fikri Yusuf Akçura əzəmətli bir proyekt hesab edərək göstərirdi ki, "İslamçılıq "Osmanlı məmləkətlərində din əsasına dayanan güclü bir Müsəlman Birliyi yaradacaqdır. Bu, (islamçılıq -R.Ə.), dünyadakı müsəlmanların xəlifə (Osmanlı sultanı nəzərdə tutulur - R.Ə.) ətrafında toplanması üçün sağlam bir zəmin hazırlayacaq. Əsərdə Yusuf Akçura din ilə dövlətin bir bütün olmasını, Quranın ana qanun mahiyyəti daşımasını, ərəb dilinin din dili, hətta müəyyən dərəcədə elm dili olmasını, xəlifənin (Osmanlı sultanının - R.Ə.) müsəlmanlar tərəfindən imam kimi qəbul edilməsini, islamçılığı asanlaşdırıcı bir amil kimi göstərmişdir. Bütün bunlarla yanaşı, Yusuf Akçura göstərirdi ki, bütün müsəlmanların birləşməsinə, müsəlman təbəələrinə sahib olan böyük dövlətlər, xüsusilə də, Rusiya və İngiltərənin mane olacaqlarından İslam Birliyinin yaranması çox uzun bir zaman alacaq. "Artıq Osmanlı milləti meydana gətirməklə uğraşmaq beyhudə bir yorğunluqdur" - deyən Yusuf Akçura "İslam Birliyi" politikasının Osmanlı imperatorluğu üçün yararlı olub- olmadığını geniş şərh edərək, göstərir ki, "Bu siyasətin (İslam Birliyi siyasətinin - R.Ə.) tətbiqi Osmanlı təbəələri arasında dini nifaq və düşmənçiliyin artması və beləliklə də, müsəlman olmayan təbəələrlə onların məskun olduqları ölkələrin itirilməsi və həmçinin, Osmanlı dövlətinin gücünün azalması ilə nəticələnəcək. Bundan başqa, ümumiyyətlə, türklər arasına müsəlman və qeyri- müsəlman fərqi düşəcək, irqdən gələn qardaşlıq dini ixtilaflarla pozulacaq. Lakin bütün zərərlərin müqabilində Osmanlı dövlətinin hakimiyyəti altında olan bütün müsəlmanlar və xüsusilə, onun bir parçası olan türklər çox güclü bir bağla bir-biri ilə birləşəcək, beləliklə, fərqli irq və dindən təşəkkül tapmış "Osmanlı milləti"nə nisbətən mülk, adət-ənənə, ərazi, sərvət və s. fərdliliklərinə baxmayaraq, daha güclü bir topluluq - islam topluluğu meydana gətirəcəklər. Daha mühümü, yer üzündəki bütün müsəlmanların getdikcə güclənərək birləşməsi və beləliklə də, anqlo-sakson, german, slavyan və latınlar kimi sarı irqin (Yusuf Akçura bu əsəri qələmə aldığı dövrdə Avropada irq nəzəriyyəçiləri millətləri həm də rənginə görə irqlərə bölür və türkləri də sarı irqə aid edirdilər - R.Ə.) birləşməsi ilə meydana gələcək, böyük qüvvətlər arasında varlığını mühafizə edə biləcək, dinə dayalı bir gücün doğması üçün zəmin hazırlanacaq... Asiyanın böyük bir hissəsi ilə Afrikanın yarıdan çoxuna hakim mənəvi bir varlıq yaradılmış olacaq."
Rəfail Əhmədov haqlı olaraq yazır ki, Yusuf Akçura Osmanlı və islam birliyi ideyasından daha çox "Türk Birliyi" ideyasına inanır və göstərirdi ki, "zamanımızda birləşməsi mümkün olan türklərin böyük bir qismi müsəlmandır. Bu cəhətdən islam dini böyük türk millətinin təşəkkülündə mühüm bir ünsür ola bilər. Millətə tərif verənlərdən bəziləri dinə bir amil kimi baxmaqdadırlar. İslam dini türklüyün birləşməsində bu xidməti yerinə yetirə bilmək üçün son zamanlarda, xristianlıqda da olduğu kimi, içində millətlərin doğmasını qəbul edəcək şəkildə dəyişməlidir. Bu dəyişmə isə demək olar ki, məcburidir də. Zamanımız tarixində görülən ümumi cərəyan irqlərdədir. Dinlər, din olmaq baxımından getdikcə siyasi əhəmiyyətlərini, qüvvətlərini itirirlər. İctimai olmaqdan daha çox fərdiləşirlər. Cəmiyyətlərdə vicdan azadlığı din birliyinin yerini alır. Dinlər, cəmiyyətlərin əlavə işləri olmaqdan vaz keçərək, qəlblərin hakimi və mürşidliyini öz üzərinə götürür, ancaq Xaliq ilə məxluq arasındakı vicdani rabitə rolunu oynayır. Dolayısı ilə dinlər irqlərlə birləşərək, irqlərə yardımçı və hətta xidmətedici olaraq siyasi və ictimai əhəmiyyətlərini mühafizə edə bilirlər."
Y.Akçura Parisdə təhsilini başa vurduqdan sonra Osmanlı dövlətinin sərhədləri üzünə qapalı olduğundan, Rusiyaya qohumlarının yanına dönərək əmisinin yanında qaldığı müddətdə "Üç tərzi-siyasət" məqaləsini yazaraq Qahirədə çıxan "Türk" qəzetində çap etdirir. Bu məqalədə Yusuf Akçura ilk dəfə olaraq "Osmanlı imperatorluğunun düşdüyü vəziyyətdən çıxış onların gücsüzlükləridir..." qənaitini möhkəmləndirmişdir. Müsəlmanlar əvvəldən bəri alışdıqları boyun əymək, yalvarmaq və üzə gülmə siyasətləri ilə zərbələrdən qorunacaqlarını düşünürlərsə, çox yanılırlar. Akçuraoğlunun bu oçerki "bütün türk və müsəlman hərəkatının Rusiyada ən amansız düşməni olan şərqşünas professor və senzor olan Smirnov tərəfindən mətbuat qanununa zidd olduğu göstərilərək, məhkəməyə verilmiş və müəllifin təqibinə başlanılmışdı". Axtarış davam etdiyi dövrdə Yusuf Akçura Baxçasarayda İsmayıl bəy Qaspıralının "Tərcüman" qəzetində çalışırdı. Sorğu hakiminin çağırışnaməsi onu axtarıb tapmadan əvvəl Osmanlı səltənətində məşrutiyyətin elan xəbəri qulağına gəlib çatdı. Bu xəbəri eşidincə Akçuraoğlu xırım-xırda işlərini tələm-tələsik həll edərək, 1908-ci ilin oktyabr ayında İstanbula döndü.
Yusuf Akçura 1908-ci ildən 1914-cü ilə qədər İstanbulda yaradılan bütün milliyyətçi təşkilatlarda və çap olunan bütün qəzet və jurnallarda, xüsusilə, Vələd Çələbi, Nəcib Asim, Mehmed Əmin Yurdaqul, Ziya Göyalp, Ömər Seyfəddin, Əli Canib və 1907-ci ildən etibarən Rusiyadakı təqiblərdən qaçaraq yenidən Türkiyədə toplanan Əhməd bəy Ağaoğlu, Məmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Əbdülrəşid İbrahimov, Ayaz İshaki, Halim Sabit kimi milliyyətçilərin ətrafında toplandığı "Türk yurdu" jurnalında ən aparıcı simalardan biri olmuşdur. İlk öncə "islam birliyi" və "türk birliyi" ideyalarını dəstəkləyən Yusuf Akçura, I Dünya müharibəsində məğlub olan və əraziləri Antanta dövlətləri tərəfindən işğal olunan Osmanlı imperatorluğunun tarix səhnəsindəki türklər arasında sünni-şiə məsələsinə son qoyulmağa çalışılmış, milli birlik şüuru ön plana keçmişdir.
Bəllidir ki, 1907-ci ildə Rusiyada təkrar irtica başlayır. 3 iyun 1907-ci ildə ikinci Dumanı dağıdan çar hökuməti seçki qanununu da rus olmayanların zərərinə dəyişdirdi, müxalif və rusca olmayan mətbuatın nəşrini dayandırdı. Belə bir ağır vəziyyətdə Yusuf Akçura özünün məşhur "3 iyun acınacaqlı vaqiəsi" adlı risaləsini yazır və çap etdirir. Bu oçerkdə Yusuf Akçura qorxmadan, çəkinmədən yazırdı ki, " XIX əsrdə dünya mədəniyyəti tarixinə ən çox təsir göstərən fikir milliyyət fikridir. Milliyyət fikrinə bu əzəmətli gücə heç bir şey qalib gələ bilmədi. Yüz minlərlə nizami ordular bu fikir (milliyyətçilik fikri- R.Ə.) qarşısında yenildi. Bu gün (1907-ci il nəzərdə tutulur - R.Ə.) milliyyət fikrini yenə biləcək qüvvət, şiddət, zülm, top, tüfəng deyildir, bəlkə milliyyət fikrinin ana və atası olan hürriyyət və bərabərlik fikirləri onu yenə bilər... İctimai və siyasi inqilabların ən güclü səbəbi sosial siniflər, hakim-məhkum millətlər arasındakı həqiqi bərabərsizliklərdir. Müsəlmanlar, ya da əsas etibarilə rus olmayan xalqlar ruslarla olan əlaqələrində nə qədər güc göstərə bilərlərsə, o qədər hüquqa sahib ola bilərlər. Bunun nəticəsidir ki, rus olmayanların və demokratiyanın əleyhinə qanunun dəyişdirilməsi (çar hökuməti tərəfindən rus olmayanların əleyhinə seçki qanunlarının dəyişdirilməsi nəzərdə tutulur - R.Ə.) bu iki ictimai gücün (sosial siniflər və məhkum millətlər nəzərdə tutulur - R.Ə.) zəifliyindəndir.
Yusuf Akçuraoğlunun "Üç tərzi - siyasət" məqaləsi Misirdə nəşr olunan "Türk" qəzetində çap edildikdən sonra bu məqalə ilə bağlı islam dünyasının bir çox yerlərində münasibətlər bildirildi. Bu münasibətlərdən biri də bütün türk aləmində "bir haqq elçisi", "bütün türk dünyasının mücahidi", "bütün türk və müsəlman xalqlarının siyasi və milli əsarətdən azad olması uğrunda mübariz", hələ öz sağlığında Peyğəmbər adlandırılan, milli tariximizə görkəmli publisist, tənqidçi, şair, nasir, tərcüməçi, ideoloq və filosof kimi daxil olan, istiqlaliyyət, milli qurtuluş məramının carçısı, türk xalqlarının vahid "Turan" ideyası ətrafında birləşməyə çağıran, "Türkləşmək, İslamlaşmaq, Avropalaşmaq" ideoloji sisteminin yaradıcısı Əli bəy Hüseynzadə tərəfindən edilən münasibətidir. Ə.Hüseynzadə bu ideyanı Azərbaycanda inkişaf etdirdi və Azərbaycan Xalq Cümhuriyyətinin, azərbaycançılığın ideya mənbəyinə çevirdi.

VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər