Azərbaycan idealı, azərbaycançılıq ideyası 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətində gerçəkləşdi. Sona xanım Vəliyeva haqlı olaraq azərbaycançılığın Azərbaycan Xalq Cümhuriyyətində ilk dəfə dövlət siyasəti səviyyəsinə qaldırıldığını, ümummilli ideologiyaya çevrildiyini göstərir: "Azərbaycançılıq əsrlərin sınağından keçərək şüur, milli idrak sahiblərinin fikir və əqidə süzgəcində süzülərək, vahid ümummilli düşüncə və baxış sisteminə çevrilmişdir. Odur ki, azərbaycançılığı ümummilli ideologiya kimi, yalnız bir yaradıcılıq sahəsi - ədəbi-bədii fikir tarixi ilə eyniləşdirmək ümummilli ideologiya anlayışının mahiyyətini xeyli dərəcədə sadələşdirmək olardı.
Doğrudur, azərbaycançılıq ideyasını onun ilkin təzahürlərinin əks olunduğu "Kitabi-Dədə Qorqud" boylarından başlayaraq, Şah İsmayılın yaradıcılığından ana xətt kimi keçən, XIX əsrin sonu -XX əsrin əvvəllərində fəaliyyət göstərmiş milli maarifçilərin yaradıcılığına qədər davam edən uzun bir tarix çərçivəsində ədəbi-bədii fikir tarixi üzərində izləmək mümkündür. Lakin onun ümummilli ideologiyaya, millətin kütləvi düşüncə və baxış sisteminə çevrilməsini ədəbi fikir tarixinin heç bir dövrü ilə birmənalı bağlamaq mümkün deyildir. O ki qaldı Azərbaycan Xalq Cümhuriyyəti ideoloqlarının "türkçülük" ideologiyasının (bu ideologiya daha çox etnik və dil birliyinə əsaslanırdı-S.V.) bizim bu gün anladığımız müasir "azərbaycançılıq"la eyniləşdirilməsinə, bu da müəyyən qədər qüsurludur. Biz bu məsələyə yuxarıda da azərbaycançılığın türkçülük, turançılıq və islam ümmətçiliyi ilə qarşılıqlı əlaqələrindən bəhs edərkən toxunmuşuq".
Sona xanım Vəliyeva haqlı olaraq, göstərir ki, azərbaycançılıq ideyası XIX əsrin sonu, XX əsrinə əvvəllərində vüsət almışdır: "Qabaqcıl maarifçilərin Azərbaycana gətirdikləri azərbaycançılıq və istiqlal düşüncəsi sonrakı illərdə əməli hərəkata keçmiş və ictimai-siyasi xadimlərin düşüncələrinə və fəaliyyətlərinə bilavasitə istiqamət vermişdir.
XIX əsrin axırları, XX əsrin əvvəllərində mədəni və sosial-siyasi düşüncənin tədricən formalaşması Azərbaycanda milli dövlət ideyasının yetişməsinə və müstəqil dövlətçilik uğrunda mübarizənin formalaşmasına gətirmişdir.
Birinci Dünya müharibəsinin planetimizdə yaratdığı dərin böhranlardan istifadə edərək, 1918-ci ildə Azərbaycanın öz dövlət müstəqilliyinə nail olması nəticəsində, azərbaycançılıq ədəbi-bədii və milli-mənəvi fəaliyyət dairəsini aşaraq, siyasi-sosial məzmun kəsb etmiş və getdikcə dövlət doktrinasına çevrilmişdir. Bu isə özünün bütün cəhətləri ilə azərbaycançılığın bütöv və tam şəkildə meydana çıxmasına, siyasi-ictimai faktora çevrilməsinə şərait yaratmışdır. Deməli, bu zaman azərbaycançılıq ənənəvi etnomədəni dəyərdən başqa, birləşdirici, səfərbəredici bir ideologiyaya çevrilmiş və özünün məxsusi siyasi konseptual mahiyyətini daşımağa başlamışdır.
Hələ xeyli əvvəlki illərdən etibarən tədricən yüksələn xətlə güclənən ümummilli şüur Azərbaycan Xalq Cümhuriyyəti dövründə inkişafın yeni müstəvisinə keçmiş, azərbaycançılıq ümumşəri, ümummüsəlman mücərrədliyindən ayrılaraq, artıq ayrıca götürülmüş bir xalqın düşünən hissəsinin fikir və əqidəsində özünə möhkəm, əvəzolunmaz yer tutmuşdu. Azərbaycanlıların müstəqil dövlət qurmaq şansı milli düşüncənin daha da güclənməsinə, etnik-milli hissələrin milli-siyasi hisslərlə tamamlanmasına səbəb olmuşdu. Milli dövlət quruculuğunda bilavasitə iştirak edən insanların düşüncə tərzi də dəyişmiş və bu da nəticədə yeni qurulan milli dövlətin aparıcı ideologiyasının yaradılmasına təkan vermişdir. Həmin dövrdə milli mənlik şüuru artıq getdikcə qarşısıalınmaz determinanta çevrilmiş, onun inkişafı düzgün, yaradıcı istiqamətə yönəlmişdi.
Azərbaycançılıq ideyası ilk dəfə dövlət siyasəti səviyyəsində 1918-ci ildə qaldırıldı və Azərbaycan Xalq Cümhuriyyətinin milli siyasətinin əsasını təşkil etdi. Xalq Cümhuriyyəti liderlərinin, hökumət rəhbərlərinin və ideoloqlarının millət və milli məsələ, milli siyasət, millət və sinif, millətçilik və beynəlmiləlçilik və s. haqqında olan nəzəri müddəaları əsasən azərbaycançılıq (türkçülük) üzərində qurulmuşdu və milli dövlət quruculuğuna yönəlmişdi."
Professor Əlikram Tağıyev Azərbaycan Xalq Cümhuriyyətində milli dövlət ideyasının-azərbaycançılığın reallaşması probleminə toxunaraq yazır: "Milli etnik ideyada hər bir etnosun öz milli marağı birinci yerdə durursa, milli dövlət ideyasında iqtidar ərazi və əhali vəhdəti ön sıraya çəkilir. Dövlətin mənafeyi etnosüstü xarakter daşıyır. Millətlər və etnoslar özlərinin seçdikləri ümummilli siyasi liderlərinin ətrafında birləşərək öz milli dövlətini, vahid vətənlərini (ayrı-ayrı vətənlərin bir Vətəndə, vahid vətənpərvərlik şüurunda birləşməci) daha da möhkəmləndirmək işinə qoşulurlar. O ki qaldı problemin tarixinə və ideya-nəzəri mənbələrinə, onu demək lazımdır ki, həm etnik birlik mənasında, həm də müəyyən bir dövlət ümumiliyinə malik olmaq baxımından XX əsr Azərbaycan tarixi iki mühüm hadisə ilə əlamətdar olmuşdur. Onlardan biri islam Şərqində ilk respublika tipli bir dövlətin -ADR-in yaranması, digəri isə müasir mərhələdə yeni dövlətçiliyimizin yaradılması və möhkəmlənlirilməsi prosesidir."
Prof. Ə.M.Tağıyev 2003-cü ildə yazdığı "Azərbaycan Xalq Cümhuriyyəti- Azərbaycan milli idealının təcəssümüdür" məqaləsində qeyd edir: "Azərbaycanlıların milli ideyası və milli idealı tarixən dünyəvi, azad, müstəqil, hüquqi bir dövlət yaradılması olmuşdur... Azərbaycan ideyasının tarixi köklərinin qədim dövrlərdə və eləcə də, orta əsrlərdə axtarmaq lazımdır. Lakin fikirdə və əməldə təcəssüm edən Azərbaycan ideyası yeni dövrün məhsulu hesab olunmalıdır."
Akademik Fərəməz Maqsudov Azərbaycan Xalq Cümhuriyyətinin azərbaycanlılaşmaq ideyasının həyata keçirilməsindəki tarixi roluna toxunaraq yazırdı: "XX əsrin əvvəllərində Azərbaycanda genişlənən milli azadlıq hərəkatı milliyyət, hürriyyət, türkçülük ideyalarının güclü təsiri altında idi. İslamçılıq meyilləri və şüarları ilə qarşılıqlı təsir və müqayisədə türkçülük ictimai fikirdə getdikcə daha çox üstünlük qazanırdı. Milli Azərbaycan hərəkatının rəhbərləri, xalqımızın tarixi ideologiyası kimi azərbaycançılıq təlimini işləyib hazırlamışdılar. İdeoloji mənşəyi etibarı milli Azərbaycan hərəkatı, Şərqdəki cəmiyyətin məqbul şəkildə quruluşu ideyaları ilə Qərbdəki mədəniyyət və demokratiya dəyərlərini özündə birləşdirirdi.
Milli Azərbaycan hərəkatında bu ideya təkamülü, onun dinimizə, milli-mənəvi dəyərlərimizə bağlılığı və müasirliyi, yeni tarixi uyğunluğu respublikanın üçrəngli bayrağında əks olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyətində azərbaycançılıq, müasirləşmək, islamlaşmaq tələblərinə cavab verən daxili və xarici siyasət həyata keçirilmişdi."
Azərbaycan Cümhuriyyətinin XIX əsrin son rübündən başlayaraq, oyanmış və getdikcə güclənən ümummilli şüur inkişaf etmiş, azərbaycançılıq ümumşərq və ümummüsəlman zehniyyətindən ayrılaraq, xalqın düşünən hissəsinin fikrində özünə möhkəm yer tutmuşdu. Nəticədə, milli mənlik şüuru güclənmiş, onun inkişafı düzgün, yaradıcı istiqamətə yönəlmişdi.
Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin azərbaycançılıq ideyasının, dövlətçiliyimizin həyata keçməsində mühüm tarixi mərhələ olduğunu xüsusi qeyd edirdi: "1918-ci ildə yaranmış Azərbaycan Demokratik Cümhuriyyəti bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir. Ondan sonrakı illər, onilliklər də həyatımızın böyük mərhələləridir, parlaq səhifələridir, xalqımızın böyük nailiyyətidir. Məhz bunlar hamısı birlikdə indiki müstəqil Azərbaycanın həm iqtisadi, həm intellektual, həm də mədəni potensialını yaradıbdır". "Demokratik Respublikamızın yaranması əsrimizin əvvəlindən Azərbaycan xalqında, onun mütəfəkkir insanlarında oyanmış müstəqillik, milli azadlıq ideyalarının, arzularının, istəklərinin həyata keçirilməsi idi". Azərbaycan Xalq Cümhuriyyəti az bir müddət yaşayıbdır. Ancaq o, XX əsrdə Azərbaycan xalqının həyatında tarixi bir mərhələ olub və xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının, suverenliyinin təməlini qoyubdur. Məhz buna görə də Azərbaycanın bütün vətəndaşları - biz Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını, onun fəaliyyətini və Xalq Cümhuriyyətini yaradanları, o dövrdə qəhrəmanlıq nümunələri göstərən insanları böyük minnətdarlıq hissi ilə yad edirik. Eyni zamanda, biz ondan sonrakı dövrü də yüksək qiymətləndiririk.
1992-ci ilin sonunda Azərbaycan xalqı 1918-ci ildə əldə olunmuş və sonra itirilmiş müstəqilliyini bərpa etmişdir. Ötən altı il müddətində biz müstəqillik şəraitində yaşayırıq. Azərbaycan öz müstəqilliyini dünyaya sübut etdi, beynəlxalq təşkilatlarda təsdiq etdi və istiqlaliyyətimizin daimi, əbədi olmasının əsasını yaratdı.
1918-1920-ci illər kimi, son altı il də çox mürəkkəb, çox çətin dövr olmuşdur. Ancaq biz qürur hissi ilə deyə bilərik ki, bu çətinliklərin öhdəsindən gələ bilmişik, mürəkkəb şəraitdə dövlətimiz yaşayır və yaşamaqdadır, bundan sonra da uğurla yaşayacaqdır.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru