"Mühacirət ədəbiyyatı dedikdə - "Azərbaycandan kənarda müxtəlif səbəblərdən xaricdə yaşamağa məhkum olunmuş yaradıcı şəxsiyyətlərin bədii əsərləri nəzərdə tutulur. Bu əsərlərdə əsas yeri azərbaycançılıq ideyalarının - dil, adət-ənənə, milli-mənəvi dəyərlərin təbliği tutur. Folklorşünas alim Məhərrəm Qasımlı Abid Tahirlinin "Azərbaycan mühacirəti" kitabında yazırdı. "Mən eldən ayrılmazdım" başlıqlı ön sözündə mühacirət ədəbiyyatında azərbaycançılıq ideyalarının tərənnümü məsələsinə toxunaraq yazır: "Mühacir" , "mühacirət", "mühacirət ədəbiyyatı" sözlərini eşidən kimi nədənsə həmişə mənim xəyalımda payız axşamı çən-çiskin içində göy üzündən keçən və qərib-qərib ötəri durna obrazı canlanır. O durna vətən həsrətinin, el-yurd nisgilinin, ayrılıq göynərtisinin könül durnasıdı. Xəyal avazıdan kövrək səsindən qopan yanıqlı bayatıların pərişan ovqatından boylanan da o ana yurddan, el-ulusdan ayrı düşməyin gözyaşına bürünmüş qəmli-qübarıdı;
Qamışlıq qalın oldu,
Ayağım yalın oldu.
Mən eldən ayrılmazdım,
Yollayan zalım oldu.
Bənim ağlar,
Şirvanım, Şəkim ağlar,
Sən öldün, mən ağladım,
Mən ölsəm, bə kim ağlar?!
Bu könül göynədən bayatıları özünün taleyi kimi yaşayanlar - mühacir qəriblər tarixin uzaqlarından, yüz illərin o üzündən olduğu kimi, içərisində yaşadığımız yaxın zamanın bağrından da boylanır.
Qəribədir ki, o uzaq tarix kimi yaxın zaman da dumanlıdı, durulub aydınlaşmaq bilməyən bir çən-çiskin içindədi. Ancaq o dumanlığa, o çən-çiskinin içinə baş vurmaq, ordakıların adını, ruhun, yolunda can qoyduqları haqq işini işığa, aydınlığa çıxarmaq bizim milli vicdan borcumuzdu. Qəriblik ağır dərddi. Ancaq mühacirət, özü də siyasi mühacirət qəribliyi daha məşəqqətlidi. Çünki onlar taleyin təsadüfü bir hökmü, oyunuyla, məslək, əqidə uğrunda mücadilə zamanı mühacir-qərib həyatı yaşamağa məcbur olublar. Azərbaycanın istiqlalını, azadlığını özlərinin müqəddəs haqq işi sayan mühacirlərin vətəndən uzaqlardakı həyatı qəriblikdən doğan nostalgiyadan başqa, həm də bir siyasi çarpışmadır, milli istiqlal mücadiləsidir. Bütün bunları qədirşünaslıqla dəyərləndirmək, mühacirətin tarixi mənzərəsini hər cür təhrif və uydurmadan uzaq şəkildə, obyektiv görüntüsüylə üzə çıxarmaq, mühacir-fədailərin mücadilə və fəaliyyətlərini xalqa yaxından tanıtmaq olduqca vacib və zəruridir. Bu yöndə indiyə qədər bir sıra dəyərli işlər görülsə də, həllini gözləyən məsələlər kifayət qədər çoxdur".
Abid Tahirli özünün "Azərbaycan mühacirləri" əsərində mühacir ədəbiyyatının yaranması, milli ideyalarla bağlılığı məsələsinə toxunaraq yazır: "Mühacirlik təkcə bir, yaxud bir neçə adamın Vətəni tərk etməsi deyil, mühacirlik həm də tarixə, mədəniyyətə, ədəbiyyata, incəsənətə zərbədir. Doğrudur, Vətəni tərk edənlərin bir qismi qürbətdə də Azərbaycanın istiqlala qovuşması, mədəniyyətinin inkişafı naminə fəaliyyətini dayandırmamışdı.
Lakin həmin dəyərlər uğrunda mübarizə apardığı xalqa ya gec çatmış, ya heç çatmamış, itib-batmışdır. Əhməd Cəfəroğlu, M.B.Məmmədzadə, Əbdülvahab Yurdsevər, Ə.Topçubaşov, C.Hacıbəyli, Hüseyn Baykara, Kərim Odər, Almas İldırım, Kərim Yaycılı, Alazan Baycan, Araz Almaz, Gültəkin kimi qüdrətli qələm sahiblərinin zəngin irsi yalnız son illər toplanmağa, tədqiq və təbliğ etməyə başlanmışdır. Bu fikri daha çox ədəbi irsə, başqa sözlə, mühacirət ədəbiyyatına şamil etmək olar. Lakin fikrimizcə, Azərbaycan mühacirətinin fəaliyyətini qiymətləndirmək üçün məsələyə kompleks yanaşılmalı, onun coğrafiyası, maddi və mənəvi imkanları, sosial tərkibi, sayı, KİV-ləri, dərnək və təşkilatları, yaradıcılığı, məişəti, cəmiyyətdəki mövqeyi, siyasi baxışları, Azərbaycanla əlaqəsi və i.a. ətraflı araşdırılmalıdır".
Mühacir ədəbi-bədii irsi və milli ideyaların tərənnümü ilə bağlı geniş tədqiqat aparan politoloq X.İbrahimli bu sahəni aşağıdakı şəkildə təqdim etmişdir:
"1. Klassik irsin tədqiqi:
Əhməd Cəfəroğlu - "Azərbaycan Dil və Ədəbiyyatının dönüm nöqtələri" (Ankara-1953) və s.
2. Çağdaş Azərbaycan ədəbiyyatının təhlili: İ.Ə.Rəsulzadə - "Çağdaş Azərbaycan ədəbiyyatı" (Ankara, 1950), "Ədəbi bir hadisə" ("Azərbaycan" Ankara-1955, Ə.Cəfəroğlu-"Modern Azərbaycan ədəbiyyatında toplu bir baxış") (Azərbaycan Yurt bilgisi 1954, Səlim Rafik - "Son devir Azəri ədəbiyyatı" (Azərbaycan Yurt bilgisi, 1932, Ə.V.Yurdsevər - Azərbaycan dram ədiblərindən Cəfər Cabbarlı" ("Azərbaycan") Ankara, 1952), M.B.Məmmədzadə - "Mirzə Ələkbər Sabir" ("Qurtuluş" 1936), "Cəfər Cabbarlı" ("Qurtuluş 1935") və s.
3. Azərbaycan ədəbiyyatşünaslığının problemləri. Tənqid və təhlillər, nəzəri axtarışlar: Ə.Cəfəroğlu - "Azəri ədəbiyyatında istiqlal mücadiləsi" (İstanbul, 1932), M.B.Məmmədzadə - "Cəfər Cabbarlı" ("Qurtuluş" 1936) və s.
4. Bədii yaradıcılıq: "Qurtuluş yollarında", (Şeirlər məcmuəsi. Y.İstanbul 1934), "İstiqlal uğrunda", (Şeirlər məcmuəsi, İstanbul, 1928), "Ərgənəkon yolları" (İstanbul, 1952, Şeirlər məcmuəsi) "Almaz Yıldırımlının seçilmiş şeirləri" (Ankara, 1953), G.Yaycılı, "Hacı Tağı" (Hekayə "Azərbaycan" 1953), Həlim Narlıdərəli - "Qorxu" (hekayə, "Azərbaycan", 1953), Məmməd Sadıq Aran - "Qara köynək", "Gənclərə nəsihət", "Millətlərin haqqı və məhkum türklərin davası", "Qaçaq Nəbi", "Top səsləri" pyesləri, Ümm E Bənni - "Paris günləri" (roman, Paris, 1990).
5. Folklor axtarışları: M.Şakir - "Aşıq Qurbanın üç mənzuməsi" (Azərbaycan Yurt Bilgisi, 1932, Sadiq Sənan - "Azərbaycan saz şairləri" (Azərbaycan Yurt Bilgisi 1932), Səlim Rafik, "Azəri xalq ədəbiyyatında" "Dəli Alı dastanı", "Nigaristanlı aşıq Sadiqin bir şeiri (Azərbaycan Yurt Bilgisi, 1933, Ə.Cəfəroğlu - "Azəri xalq ədəbiyyatında "Aşıq Qərib dastanı", "Azəri xalq ədəbiyyatında sayaçı sözləri" (Azərbaycan Yurt Bilgisi 1934, M.Fəxrəddin - "Azəri aşıqlarından Sarı Aşıq (Azərbaycan Yurt Bilgisi, 1934, Hazir Sidqi - "Dədə Qorqud" kitabına dair" (Azərbaycan Yurt Bilgisi, 1934) və s.
6. İncəsənətin tədqiqi: Zeynal A.Saray - "Azərbaycanın gözəl sənətləri haqqında (Azərbaycan Yurt Bilgisi, 1934), M.B.Məmmədzadə - "Azərbaycan musiqisinin əsasları" ("Qurtuluş, 1935, say 9"), K.Mahmud Raqib - "Azərbaycanda son musiqi hərəkətləri", "Azərbaycan musiqisi" (Azərbaycan Yurt Bilgisi, 1932 say 3), Babazadə Sadiq - "Azərbaycan sənət həyatı" (Azərbaycan Yurt Bilgisi, 1932, say 5).
7. Azərbaycan dili ilə bağlı araşdırmalar: Ə.Cəfəroğlu: "Azəri ləhcəsində bəzi moğol ünsürləri", "Şərqdə və Qərbdə Azəri ləhcəsi tədqiqləri", "Türk Dili" (Azərbaycan Yurt Bilgisi, 1934, say 25, 26), M.B.Məmmədzadə - "Azərbaycan dilinin orfoqrasiyası" ("Qurtuluş", 1937, say 5), "Dilimizdə sovetizm" ("Qurtuluş", 1937, say 27) və s.
Təbii ki, çoxsaylı əsərlər içərisində adı çəkilənlər mühacirlərin ədəbi-bədii yaradıcılığında xüsusi əhəmiyyət kəsb edənlərdir. Bu əsərləri istər yuxarıdakı qruplaşmalar üzrə, istərsə də janr prinsiplərinə görə təhlil etmək ayrıca araşdırmağı tələb etdiyindən, biz ancaq onların özəl xüsusiyyətlərini, əhatə etdiyi problemlərin ümumi tərəflərini müəyyənləşdirməklə kifayətlənəcəyik.
Mühacir yaradıcılığında diqqəti cəlb edən başlıca xüsusiyyətlərdən biri də sovet təftişliyi və senzurasının nəticəsi kimi Azərbaycan ədəbiyyatında meydana gələn naqislikləri aradan qaldırmaq, ədəbi-bədii yaradıcılığın ictimaiyyətdən gizlədilmiş tərəflərini olduğu şəkildə xalqa çatdırmaq cəhdidir. Bu ruhda aparılan araşdırmalarda sovet təftişliyinin izləri, qoyduğu yasaqlar, eyni zamanda, "zərərçəkmiş" hər bir əsərdə müəllifin əsas məqsədi, niyyəti açılıb göstərilmişdir. Nizamidən Hüseyn Cavidə qədər (təxminən) Azərbaycan ədəbiyyatında təhrif olunan, qəsdən dolaşdırılıb baş-ayaq salınan nə vardısa hamısının mühacir yaradıcılığında yerbəyer edildiyini görürük".
Politoloq X.İbrahimli mühacirət ədəbi irsini geniş oxucu kütlələrin mənəvi sərvətinə çevirmək, bu ədəbi-bədii yaradıcılıqda əksini tapan azərbaycançılıq ideyalarını xalqın dərk etməsi üçün müəyyən tövsiyələr də irəli sürür:
"Beləliklə, ancaq ümumiləşdirmələr əsasında və ayrı-ayrı problemlər üzrə təhlil etdiyimiz zəngin, həm də çoxşaxəli mühacirət irsinin Azərbaycan xalqının mənəvi sərvətinə çevrilməsi üçün sistemli araşdırmalar tələb olunur. Azərbaycan tarixinə, ədəbiyyatına, bütövlükdə isə, mədəniyyətinə bu irsin işığında baxmadan bir çox mətləblərə aydınlıq gətirmək mümkün deyil. Sosializm dövründə Azərbaycanda, paralel vaxtda mühacirətdə eyni hadisəyə, eyni məsələyə formalaşan fərqli, bir çox hallarda ziddiyyətli baxış bu gün həqiqətin tam meydana çıxması üçün bir araya gətirilməlidir. Əslində, müharicət irsi Azərbaycan elminin və mədəniyyətinin tərkib hissəsidir. Məhz buna görə nə qədər ki, mühacirət irsi Azərbaycan xalqının sərvətinə çevrilməyib, o qədər ədəbiyyatımızda, tariximizdə boşluq, natamamlıq hissi edəcəyik".
Fikrimizcə bu boşluğu aradan qaldırmaq üçün:
- ilk növbədə, konkret sahələr üzrə araşdırmalar aparılmalı;
- ayrı-ayrı mühacirlərimizin yaradıcılığı toplanıb küll halında nəşr edilməli;
- əcnəbi dillərdə dərc olunan əsərlər dilimizə çevrilməli, eyni zamanda, əski əlifbadan transliterasiya olunmalı;
- hələ də, nəşrini gözləyən bir sıra əsərlər nəşr edilməli;
- mühacirət mətbuatı toplu halına salınıb, yenidən dərc olunmalıdır".
Vahid Ömərov,
fəlsəfə üzrə, fəlsəfə doktoru