Müasir Azərbaycan elmində akademik Ramiz Mehdiyevin azərbaycançılığı dərin, elmi-fəlsəfi tədqiqindən bəhs etmişdir. AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov da azərbaycançılığı fəlsəfi cəhətdən tədqiq edən tədqiqatçılardan biridir. S.Xəlilovun "Fəlsəfədən siyasətə", "Lider. Dövlət. Cəmiyyət", "Heydər Əliyev və azərbaycançılıq məfkurəsi" əsərlərində azərbaycançılıq hərtərəfli, sistemli araşdırılmışdır.
S.Xəlilov "Lider. Dövlət. Cəmiyyət" əsərində "Heydər Əliyev və milli ideologiya" bölməsində ideologiya və dövlətçilik, ideologiya, fəlsəfə hüquq, din, millət, milli ideologiyamızın - azərbaycançılıq ideologiyasının dövlətçilik ideologiyasına çevrilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərini qeyd etmişdir: "Heç bir dövlət başçısı, heç bir siyasi lider və hətta heç bir millətçi ziyalı dövlət quruculuğu və idarəçiliyi ilə yanaşı, milli ideologiyanın əsas istiqamətlərinin müəyyənləşdirilməsi, bu sahədə yeni mükəmməl elmi konsepsiyanın yaradılması və onun həyata keçirilməsi sahəsində Heydər Əliyev qədər şəxsi əzmkarlıq göstərməmişdir".
S.Xəlilov göstərir ki, Ulu Öndər Heydər Əliyev milli ideologiyanı milli dövlətçilik və milli-mənəvi dəyərlərlə vəhdətdə götürürdü. S.Xəlilovun geniş və əhatəli tutumu ilə fərqlənən əsərlərindən biri "Heydər Əliyev və azərbaycançılıq məfkurəsi" kitabıdır. Kitab Heydər Əliyevin ideyaları əsasında formalaşan müasir azərbaycançılıq təliminin elmi-nəzəri və ideoloji bir sistem kimi şərhinə həsr olunmuşdur. Müəllif Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda formalaşmağa başlayan milli inkişaf strategiyasının ideya-siyasi əsaslarını təhlil edir, azərbaycançılıq ideyasının birləşdirici rolunu elmi cəhətdən araşdırır.
Sona xanım Vəliyeva yazır: "Əsərin başlıca ideyası bundan ibarətdir ki, bəşəri dəyərlərin qiymətləndirmə meyarlarının milli sədləri aşdığı qloballaşma şəraitində bir millətin məfkurəsi olmaq etibarilə yalnız Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan dövlətinin deyil, bütün dünyada yaşayan azərbaycanlıların, habelə, bir neçə nəsil Azərbaycanda yaşamış və buranı öz Vətəni sayan digər etnik və milli azlıqların maraqlarını ifadə edən müasir azərbaycançılıq konsepsiyasını müstəqil dövlətimizin strateji inkişaf xətti kimi ilk dəfə Heydər Əliyev irəli sürmüşdür.
Əsərdə azərbaycançılığın əsasları kimi söhbət təkcə milli dildən, dindən, adət-ənənədən, mədəni-mənəvi dəyərlərdən, habelə, bu dəyərlərin rəsmi dövlət fərmanları ilə təsbit olunmasından getmir. Müəllifin mövqeyi belədir ki, bu milli sərvətlərin ayrı-ayrılıqda öyrənilməsi, dəyərləndirilməsi, sadəcə, qorunub-saxlanması azdır, bu dəyərlər ictimai miqyasda, Vətən miqyasında məhz dinamik bir proses kimi, ictimai varlığımızın ayrılmaz tərkib hissəsi kimi saxlanılmalı və inkişaf etdirilməlidir".
S.Xəlilovun fikrincə, əsas vəzifə problemə təkcə milli-etnik müstəvidə deyil, həm də ictimai-siyasi müstəvidə baxmaq, milli-mənəvi dəyərləri yeni qurulan cəmiyyətin bilavasitə strukturuna daxil etmək, milli şüurla dövlətçilik şüurunu birləşdirməkdir.
S.Xəlilovun kitabında Ulu Öndər Heydər Əliyevin ana dili, milli-mənəvi dəyərlərimiz və mədəniyyətimizlə bağlı fikirləri əsasında dünya azərbaycanlıları və azərbaycançılıq ideyası, vahid milli-mənəvi məkan, milli-etnik və milli-siyasi özünüdərk, azərbaycançılıq və milli ziyalılıq, azərbaycançılıq və milli-fəlsəfi fikir, milli mənəviyyat və dövlətçilik, milli-mənəvi dəyərlər və müasirlik kimi aktual problemlər üzrə geniş fəlsəfi təhlil aparılmışdır.
Müəllif azərbaycançılığın elmi aparatının özünəməxsus strukturunu açmış, milli mündəricədən çıxaraq, millilik və ümumbəşəriliyin vəhdətindən çıxış edən bir məfkurə kimi onu formalaşdıran amilləri göstərmişdir. Həmin komponentlər bunlardır: 1) Azarbaycanın milli-etnik gerçəkliyi; 2) dilimiz; 3) islam dini; 4) milli mənşəyin həyat tərzində, məişətdə, mərasimlərdə saxlanılan ümumi əlaməti olan etnoqrafiya; 5) toponimika; 6) arxeologiya və maddi mədəniyyət nümunələri; 7) milli-mənəvi mədəniyyət.
Hər hansı bir xalqın milli kimlik məsələsi təkcə onun dili, dini, adət-ənənələri ilə müəyyən olunmur. Millət kimi formalaşmağın bir şərti də spesifik dünyagörüşü və milli-fəlsəfi fikrdir. Bir sıra xalqlar böyük fəlsəfi təlimlər yaratmaqla dünyaya elmi baxışın milli modellərini işləyib hazırlamış və bunu bütün başqa xalqlara qəbul etdirməyə nail ola bilmişlər. Antik fəlsəfənin, XVIII əsr fransız maarifçi fəlsəfəsinin, klassik alman fəlsəfəsinin tək öz xalqlarına deyil, bütövlükdə, Avropaya, hətta bütün dünya xalqlarının elmi dünyagörüşünə böyük təsiri olmuşdur.
Səlahəddin Xəlilovun "Heydər Əliyev və azərbaycançılıq məfkurəsi" əsəri haqqında akademik Budaq Budaqov yazır: "Professor Səlahəddin Xəlilovun "Heydər Əliyev və azərbaycançılıq məfkurəsi" kitabı azərbaycançılığın inteqrativ məzmununun açılmasına, türk mənşəli "xalqlarla yanaşı tat, talış, kürd və s. etnik mənşəli qrupların da azərbaycançılığın formalaşmasında iştirak etməsinin əsaslandırılmasına həsr olunub. Bu əsər Azərbaycanın bütövlüyünü, respublikamızda yaşayan bütün xalqların sarsılmaz birliyini təcəssüm etdirməklə yanaşı, bu sahədə yazılmış ilk elmi-fəlsəfi monoqrafiyadır". Müəllif göstərir ki, Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması da təsadüfi deyil. Azərbaycan dili ölkəmizdə yaşayan yerli xalqların böyük əksəriyyəti tərəfindən qəbul olunduğuna və burada hər hansı bir etnosun adına üstünlük verilmədiyinə görə birləşdirici səciyyə daşıyır.
S.Xəlilovun kitabında Azərbaycan dilinin inteqrativ mövqeyi ilə yanaşı, həm də islam dininin bütün etnik qruplar üçün oynadığı rola geniş yer verilib. Kitabda vahid mədəni-mənəvi məkan konsepsiyası işlənib hazırlanıb. Bütün bunlar azərbaycançılığın məhz inteqrativ bir təlim olduğunu əsaslandırmaq üçündür. Bu məqsədlə müəllif dünya təcrübəsini nəzərə almış və milliliyin elmi-fəlsəfi qaynaqlarının araşdırılmasına geniş yer vermişdir. Akademik Budaq Budaqov S.Xəlilovun digər əsərlərində də azərbaycançılıq ideyalarına geniş yer verildiyini, "Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti" kitabında hər iki müəllifin yaradıcılığına məhz azərbaycançılıq kontekstində qiymət verildiyini göstərir."
S.Xəlilovun "Heydər Əliyev və azərbaycançılıq məfkurəsi" kitabına yazdığı ön sözdə akademik R.Mehdiyev azərbaycançılığın mövcudluğunun iki mühüm şərtini və çərçivəsini göstərir və etiraf edir ki, bu ideologiyanın ayrı-ayrı elementləri ailələrdə, müxtəlif insan və toplumların mənəvi aləmində yaşaya bilir. Lakin əlbəttə ki, azərbaycançılığın inkişafı onun yalnız bir milli-etnik dəyər kimi dar müstəvidə, bir etnosun içində deyil, müstəqil dövlətin xüsusi himayəsi altında ictimai-siyasi və mədəni həyatın bütün sahələrində tətbiq olunmasını tələb edir. Beləliklə, R.Mehdiyev azərbaycançılığın yeni dövrdə daha böyük inkişaf yoluna keçəcəyini proqnozlaşdırır və bunu dünya xəritəsində müstəqil və suveren Azərbaycan dövlətinin mövcudluğu ilə bağlayır. Bu nöqteyi-nəzərdən azərbaycançılığa vahid, bölünməz Azərbaycanı qoruyub-saxlamaq və möhkəmləndirmək üçün vasitə kimi baxan R.Mehdiyev yazır: "Bu gün "azərbaycançılıq" milli həyatın, konfessiyaların harmoniyasının çoxəsrlik ənənəsi, ölkədə yaşayan bütün millətlərin və etnik qrupların qardaşlığı, qarşılıqlı əlaqə və təsirinin tarixi, onların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü uğrunda birgə mübarizəsinin tarixi təcrübəsidir".
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru