PDF Oxu

MİA

  • 4 330

Dövlətə və dövlətçiliyə müxtəlif yanaşmalar

Dövlətə və dövlətçiliyə müxtəlif yanaşmalar

Müasir siyasi-fəlsəfi və hüquqi ədəbiyyatda dövlətə müxtəlif yanaşmalar mövcuddur. Professor Nizaməddin Şəmsizadə "Azərbaycançılıq" əsərində dövlətə müxtəlif münasibətlərdən bəhs edir:

1. Materialist (sinfi) nəzəriyyəyə görə dövləti iqtisadi səbəb yaradır, onun əsasında isə dövlət - "xalq kütləsindən ayrı olan kütləvi hakimiyyət" (F.Engels), "sinfi hökmranlıq maşını" (K.Marks), "gücə malik xüsusi bir təşkilat, bir sinfi əzmək üçün olan zorakılıq təşkilatı" (V.İ.Lenin) yaranır.

2. Təbii-hüquqi nəzəriyyəyə görə dövləti insanın tarixdə və cəmiyyətdəki təbii vəziyyəti yaradır. Dövlət insanlar arasında ictimai müqavilədir. "İctimai müqavilə haqqında" adlı əsərində J.J.Russo bu ictimai müqavilə nəzəriyyəsini daha ardıcıl müdafiə edir. "Hər bir insan öz azadlığı və iradəsi əsasında başqaları ilə əlaqəyə girməyə ehtiyac duyur" deyən H.Spenser də həmin nəzəriyyəni müdafiə edir və belə əlaqəni dövləti yaradan səbəb kimi izah edirdi. Qan qohumluğu və əmlak ümumiliyi belə əlaqə üçün başlıca şərt sayılıb. Bu cəhət dövlətçilikdə həmişə həlledici olub. Məsələn, Səlcuq imperiyasının məşhur və müdrik vəziri Nizamülmülkün "Siyasətnamə" əsərində göründüyü kimi, ən əsas vəzifələrə öz övladlarını, qohum-qardaşını, sədaqətli adamlarını təyin edirdi. Monarxiya dövlət tipi qan və gen qohumluğuna əsaslanıb. Şərq və Azərbaycan dövlətçiliyində nəsil, tayfa dövrünün başlıca ictimai əxlaq forması, idarəçilik prinsipi adət və ənənələrdir. Sonralar həm dövlətçiliyin, həm də milli psixologiyanın formalaşmasında böyük rolu olub. Halbuki nəsil şəxsi ittifaqdır, o, ölkənin bütün ərazisini və əhalisini əhatə etmir, dövlətçilik üçün başlıca şərt ərazi və əhalinin vəhdətidir ki, bunun da əsasında vətən əxlaqı dayanır. V.N.Xrononyuk "Dövlət və hüquq nəzəriyyəsi" əsərində yazır ki, tayfa əxlaqına əsaslanan dövlətdə "hökmdarlar dövlətə öz şəxsi mülkiyyətləri, ölkənin vətəndaşlarına isə öz kölələri kimi baxırlar".

3. Orqanik nəzəriyyəyə görə dövlət insan orqanizmi kimi təsəvvür olunur. Onun əsası qədim yunan mütəfəkkirləri, xüsusilə, Platon tərəfindən qoyulub. Sonralar bu nəzəriyyə H.Spenser tərəfindən inkişaf etdirilib.

Dövlətin yaranma səbəbləri kimi onun vəzifələri barəsində də fikir müxtəlifdir; Məsələn, qədim yunan fəlsəfəsinə görə dövlətin əsas vəzifəsi "mənəviyyatının təsdiqidir (Aristotel, Platon) XIX əsrdə Hegel "Estetika" əsərində bu fikri inkişaf etdirərək, belə nəticəyə gəlir: "Dövlət mənəvi ideyanın gerçəkliyidir". Həmin fikri söylərkən, o, buna əsaslanırdı ki, "Din ruhun tamamlanmasıdır", "Yunanların dövlət quruluşu yunan dini ilə birbaşa əlaqədardır".T.Hobbsa görə dövlətin vəzifəsi "ümumi təhlükəsizliyi təmin etməkdən, J.J.Russoya görə isə "ümumi azadlığın təminatından" ibarətdir. Lassal "insan azadlığının təminatı və inkişafı"nı dövlətin əsas vəzifəsi hesab edirdi.

Bizcə, həm dövlətin yaranma səbəbləri, həm də onun tarixi-ictimai funksiyaları ilə bağlı klassik qənaətlərdə səmərəli cəhətlər, uğurlu müəyyənləşmələr vardır. Bəlkə də bu mülahizlərin məcmusu dövlət və onun vəzifələri anlayışını daha bitkin əhatə edərdi. Azərbaycan dövlətçiliyinin mənşəyi, təşəkkülü, mərhələləri ilə bağlı araşdırma, habelə, xatırlatdığımız nəzəriyyələr belə bir nəticəyə gəlməyə müəyyən əsas verir ki, dövlət cəmiyyətin iqtisadi qüdrətini (imkanını) təcəssüm etdirən siyasi maşındır. Dövlətin sinfiliyi haqqında marksist konsepsiya məsələni mütləqləşdirdiyi üçün onu tarixin sınağından çıxara bilmədi. Ümumiyyətlə, cəmiyyəti hərəkətə gətirən enerji mənbəyi, mexanizm maraq, birinci növbədə, iqtisadi maraqlardır.

Maraq cəmiyyətin (və dövlətin!) nüvəsini təşkil edən insan fəaliyyətinin çıxış nöqtəsidir. Cəmiyyət, əslində, öz fərdi maraqları ilə əlaqəyə girmiş insanların ictimai toplumudur.

N.Şəmsizadə yazır: "Bir ideologiya forması kimi marksizmin (leninizmin!) ən ciddi qüsuru ictimai maraq problemini ön plana çəkməsi, şişirtməsi, ictimai marağı (əvvəlcə kollektiv təsərrüfat - kolxoz, sonra sosialist təsərrüfatı - sovxoz!) fərdi maraqdan üstün tutması idi. Sovet dövlətində (ümumən hər hansı bir dövlətdə!) ictimai marağın fərdi maraqdan üstün tutulması, ikincinin birinciyə qurban verilməsi tarixdə insan hüquqlarının ən kobud surətdə pozulması faktıdır. Bu, dövlətdə əmlak, eyni zamanda, hamının mülkiyyəti hesab olunur, eyni zamanda, konkret olaraq, heç kimin mülkiyyəti də deyildir. Mülkiyyətin taleyi (onu artırıb, azaltmaq!) üçün heç kəs məsuliyyət daşımırdı. Halbuki məsuliyyətin taleyi üçün məsuliyyət dövlətin və dövlətçiliyin əsas şərtlərindən biridir. Başqa sözlə desək, müstəqil vətəndaşın mülkiyyəti, xüsusilə, toxunulmaz mülkiyyət üçün məsuliyyətdən başlanır. Rövşən Mustafayev "İnkişafın Azərbaycan yolu. XXI əsr" əsərində yazır: Hakimiyyətin yeganə-vəzifəsi insanlara onların özləri üçün edə bilmədiklərini etməkdən ibarətdir.

Cəmiyyətdə toxunulmaz mülkiyyətin əsas növü torpaqdır. Elə etmək lazımdır ki, tələbat yarandıqda, (elə günü bu gün olduğu kimi!) hərə öz torpağı uğrunda yox, hamı vətən torpağı uğrunda mübarizə aparsın. Beləliklə, torpaq (ərazi!) dövlətçiliyin fundamentidir, dövlətçilikdə əsas şərt vətənçilik, vətənin tarixi ərazisinin bütövlüyünü təmin etmək, vətən əxlaqını dövlət əxlaqı kimi formalaşdırmaqdır. Əks halda qapısından içərini vətən, ailəsini millət hesab edənlərin əlində dövlət oyuncağa çevrilə bilər, vətənin faciəsi başlanar. Böyük Hun imperatoru Mete hələ e.ə. 220-ci ildə bu sözləri sanki üzünü bizə tutaraq deyib: "Torpaq dövlətin təməlidir, onu heç kəsə vermək olmaz. Torpağı əcdadlarımız bizə irs qoyub getmişdir, orada babalarımızın sümükləri uyuyur".

Bütün bu mülahizələrdən sonra Azərbaycan şəraitinə uyğun olaraq hüquqi dövlət və demokratik cəmiyyət konsepsiyasını irəli sürürük. Demokratiya dövlətin yox, cəmiyyətin tarixi-mənəvi fəaliyyətinin - ibtidai ənənələrdən tutmuş ən sivil qanunçuluğa qədərki təkamülün yekunudur. Azərbaycan dövlətçiliyinin taleyi əhəmiyyətli dərəcədə Azərbaycan cəmiyyətinin demokratikləşməsindən asılıdır.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fəttah Heydərov "Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir" məqaləsində yazır: "Böyük yaradanın nəsib etdiyi yenilməz iradə, müdrik uzaqgörənlik və tükənməz enerji sahibi olan bu nadir insan bütün həyatını və fəaliyyətini mənsub olduğu Azərbaycan xalqına həsr etmişdir. Yarım əsrdən çox bir zamanı əhatə edən, Vətənə və xalqa sonsuz sevgi və məhəbbətlə dolu olan bu fəaliyyət göz muncuğu kimi müqəddəs bir varlığın - bugünkü müstəqil, azad, suveren Azərbaycan dövlətinin varlığına və əbədiliyinə gətirib çıxarmışdır.

Bu sətirləri yaza-yaza müdriklərdən birinin yaddaşına işıq salan belə bir kəlamını xatırlatmaq istərdim. Dahi şəxsiyyət təbiətin hadisəsidir. O, hələm-hələm yetişmir. O, hansı xalqda varsa, olubsa, o xalq xoşbəxtdir. Taleyimizə minnətdar olmalıyıq. Minnətdar olmalıyıq, ona görə ki, zəmanənin müdrik ağsaqqalı, millətimizin təəssübkeşi, dünya azərbaycanlılarının sərkərdəsi və müdrik rəhbəri bizimlə, xalqla bir yerdədir.

Sirr deyil ki, Ulu Öndər Heydər Əliyev gəncliyində memar olmaq istəyirdi. İstəyirdi ki, yaratdığı sənət nümunələri əbədiyaşarlıq nümunəsi olsun. Amma insanın yaşamına, taleyinə rövnəq verən illər onu siyasət meydanında sınamaq istədi. Haqlı olaraq bu gün Heydər Əliyevi qurub-yaradan siyasətçi kimi qəbul edirlər. Çünki O, sözün əsil mənasında, təptəzə bir Azərbaycanın qurucusudur. Müstəqil Azərbaycan dövlətinin memarıdır. Dürüst desək, Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir. Onun xarakterindəki bütövlük, qətiyyət, cəsarət, sədaqət və səmimiyyət fitrətdən gəlir. Yaradan əsrlər boyu başı bəlalar çəkmiş bir xalqa Heydər Əliyevi xilaskar kimi göndərib. Belə bir deyim var: "Hər dövrün tənəzzüldən öz qurtuluş yolu var. Hər xalqın yad millətin ağalığından öz qurtuluş yolu var".

1991-ci ilin oktyabr ayının 18-də "Dövlət müstəqilliyi haqqında Konstitusiya aktı"nın qəbul edilməsi keçmiş ittifaqda 80-ci illərdə baş verən ictimai-siyasi proseslərin məntiqi nəticəsi idi. Bu barədə möhtərəm Ulu Öndər Heydər Əliyev belə demişdir: "1991-ci ildə müstəqilliyi elan etmək çətin bir məsələ deyildi. Çünki bu tarixi zərurətdən irəli gəlmiş bir hadisə idi. SSRİ dağılırdı, istəsən də, istəməsən də, sən öz respublikanın aqibətini müəyyən etməli idin. Burada da müstəqillikdən savayı başqa yol yox idi. Amma bu müstəqilliyi qorumaq, saxlamaq, o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi. Eləcə də, 1918-ci ildə. Yaranmış tarixi şərait nəticəsində Azərbaycanda ilk Xalq Cümhuriyyəti vardı, ölkəmiz öz dövlət müstəqilliyini elan etdi. Bu böyük tarixi hadisə idi. Ancaq bu müstəqilliyi sona qədər saxlaya bilmədik... Əgər paralel olaraq götürsək. 1991-ci ildə tarixi zərurətdən meydana gələn müstəqillik də Azərbaycan xalqı üçün ən böyük tarixi hadisə idi. Artıq o müstəqilliyi qorumaq, saxlamaq, yaşatmaq və indi artıq 10 il müstəqillik şəraitində yaşamaq ondan qat-qat çətin idi. Heç müqayisə edilməyəcək dərəcədə çətin bir şeydir".

F.Heydərov daha sonra yazır: Heydər Əliyevin düzgün seçilmiş siyasəti nəticəsində 1993-cü ilin ortalarından başlayaraq, Azərbaycanda hakimiyyətin formalaşdırılmasında güc, zorakılıq tətbiq edilməsi kimi təhlükəli meyillərə birdəfəlik son qoyuldu. Dövlət quruculuğu sahəsində qanunçuluq, dövlət intizamının möhkəmləndirilməsi, rəhbərlik və idarəçilik mexanizmlərinin, ənənələrinin bərpası, Azərbaycan dövlətçiliyinin təməl prinsiplərin təsbit olunduğu qanunvericilik bazasının yaradılması və s. ilə nəticələndi.

Dahi Öndər Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, sözün əsil mənasında, "Ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" deyə öz xalqına sahib çıxması böyük fədakarlıq idi. O, müstəqil Azərbaycanda ölkənin öz xüsusiyyətlərinə uyğun milli-demokratik dövlət quruculuğunu müvəffəqiyyətlə həyata keçirir. İqtisadiyyatın inkişafı, adamların rifah halının yaxşılaşdırılması Prezidentin daim diqqət mərkəzində olmuşdur. "Biz həm ölkəmizin suverenliyini, ərazi bütövlüyünü qorumaq üçün çalışırıq, həm də vətəndaşlarımızın rifahını yaxşılaşdırmağa, yaranmış vəzyyətdə müxtəlif cür formalardan istifadə edərək, iqtisadiyyatı inkişaf etdirməyə çalışırıq". İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir".

Ölkənin və millətin ən ağır vaxtında hakimiyyətə gələn və ilk gündən etibarən xalqına nicat verəcəyini söyləyən dahi siyasətçi tarixi bir missiyanı - Azərbaycanı, dövlətçiliyi, müstəqilliyi, milli ideologiyanı daxili və xarici düşmənlərin caynağından özünün fitri istedadı, dərin zəkası, uzaqgörənliyi, yuxusuz gecələri ilə qurtara bildi. Konkret olaraq, göstərdi ki, əgər kimsə Azərbaycanın dövlətçiliyinə xəyanət edəcəksə, son damla qanına qədər onunla mübarizə aparacaqdır. "Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin keşiyində bir vətəndaş kimi də, bir Prezident kimi də durmuşam, duracağam və bu yolda hər dəqiqə, hər gün şəhid olmağa hazıram". Budur milli vətənpərvərlik, vətənə bağlılıq. Təsadüfi deyil ki, bu gün dünyada Heydər Əliyev modeli formalaşıb. Onun atdığı hər bir addım konkret nəticəsini göstərir - müharibədə atəşkəsə nail olunması, dövlət və ordu quruculuğunun uğurla həyata keçirilməsi, dünya ölkələrinin Azərbaycana sabit tərəf kimi baxmaqla onunla taleyüklü tarixi sazişlərin imzalanması və s. bu qəbildəndir. "Əsrin müqaviləsi", sonrakı kontraktlar, iqtisadi islahatların sosial yönümünü gücləndirməklə özəlləşdirmə, bazar iqtisadiyyatı istiqamətində önəmli addımlar atıldı. Azərbaycan Avropa ölkələri arasında öz layiqli yerini tutmaqla dünya miqyasında Ermənistanın formalaşdırmış olduğu bütün rəyləri öz xeyirinə dəyişdi. O, dünyanın hansı ölkəsinə gedirsə, həmin ölkədə yaşayan azərbaycanlılarla görüşməyi özünə mənəvi borc bilir. Eyni zamanda, onları Azərbaycanın problemləri ilə maraqlanmağa, doğma yurd haqqında fikirləşməyə dəvət edir. Onları "Mən Azərbaycana nə etmişəm, hansı köməyi göstərmişəm" fikri ətrafında düşünməyə dəvət edir. Dönə-dönə xatırladır ki, azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Heydər Əliyev bütün azərbaycanlıların vahid bir ideya ətrafında birləşməsini arzulayır. Və bu yolda yorulmadan ardıcıl fəaliyyət göstərir...

F.Heydərov müqaləsinin sonunda müstəqil Azərbaycan dövlətinin bütün dövlətlərlə ümumi və fərqli xüsusiyyətlərindən bəhs edir:

Mustafa Kamal Atatürk türkdilli Türkiyə Cümhuriyyətinin banisi olduğu kimi, Heydər Əliyev də Azərbaycan dilli Azərbaycan dövlətinin banisi və yaradıcısıdır. Bugünkü müstəqil Azərbaycan, mübaliğəsiz demək olar ki, Heydər Əliyevin şah əsəridir. Hüquqi, sivil, demokratik quruluşuna görə, o, dünyanın bir sıra dövlətlərinə bənzəsə də, onlarla eyniyyət təşkil etmir. Konstitusiya quruluşuna, qanunlarına, əsas xüsusiyyətlərinə görə, o, keçmiş postsovet məkanında yaranmış dövlətlərdən millilik və mənəvi-əxlaqi prinsipləri baxımından da fərqlənir. Heydər Əliyevin yaratdığı Azərbaycan dövləti dünyada orijinallığı ilə seçilən bir dövlətdir. Bunun isə əsas səbəbi dövlətimizin memarının-möhtərəm Heydər Əliyevin özünün orijinallığından irəli gəlir. O, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olmasını şərtləndirən bütün amilləri - çox uzun bir dövr üçün Azərbaycan dövlətinin siyasi platformasını, iqtisadi əsaslarını, mənəvi və əxlaqi konsepsiyalarını yaratmışdır. Heydər Əliyev "Milli ideologiyamız tarixi keçmişimizlə, millətimizin adət-ənənələri ilə, xüsusiyyətləri ilə, xalqımızın, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır" deyir. Təbii ki, bu müdrik ifadədə adət-ənənələrin gözlənilməsi də diqqəti çəkən məqamlardandır. Möhtərəm Prezidentimizin dini və mənəvi dəyərlərə bağlılığı bütün şüurlu həyatı boyunca onunla bir addımlamışdır. "Dinimizin bizə tövsiyə etdiyi və qoyduğu bütün adət-ənənələrdən səmərəli surətdə həyatımızı daha da inkişaf etdirmək üçün istifadə etməliyik" deməklə, möhtərəm Prezidentimiz demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində xalqla bağlı adət-ənənələrin saxlanılmasını tövsiyə edir. Eyni zamanda, prezident seçildikdən sonra and içərək, əlini Qurani-Şərifin üstünə qoyması soykökümüzə bütün varlığı ilə bağlı olmasının bariz nümunəsidir. Təsadüfi deyildir ki, O, dinin mənəviyyatla bağlı məzmununa böyük diqqət yetirərək deyir: "İslam dini həmişə insanları saflığa, ülvi mənəviyyata dəvət etmişdir..." 1995-ci ildə Kəbəni ziyarət etməsi, uca Allahın dərgahına əl açaraq, Azərbaycanın müstəqilliyinin daimi olması üçün dua etməsi xalqa bağlılığını bir daha sübut edir.

Bir sözlə, tariximizin 80 illik zaman məsafəsi Heydər Əliyev işığına bürünüb və bu gur işıq selində müdrik insana həyatda ən əziz nemət olan can sağlığı, uzun ömür, Azərbaycan dövlətinin çiçəklənməsi naminə daha böyük müvəffəqiyyətlər arzulayırıq. Heydər Əliyev ətrafında sıx birləşməklə müstəqil Azərbaycanın sabahı naminə qazanacağımız uğurlarda Allah bizə yar olsun!


Vahid Ömərov,

fəlsəfə üzrə, fəlsəfə doktoru

Digər xəbərlər