PDF Oxu

MİA

  • 32 197

Albaniyaya aid mənbələr Albaniyaya aid mənbələr

Albaniyaya aid mənbələr Albaniyaya aid mənbələr

Görkəmli albanşünas Fəridə Məmmədova "Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası" əsərində Albaniyaya aid bir çox mənbələri təhlil edərək, belə qənaətə gəlmişdir ki, alban ədəbi ənənələrinin yaranması və formalaşması prosesində aparıcı rol xristian abidələrinə məxsus idi, yəni qədim Qafqaz ədəbiyyatı kimi, alban ədəbiyyatı da xristian ədəbiyyatı sayılırdı.

Bizim eranın I-II yüzilliklərində meydana gələn xristian ədəbiyyatı yalnız IV əsrdən, yəni Roma imperiyası və digər qonşu ölkələr bu dini qəbul edəndən sonra aparıcı ideoloji qüvvəyə çevrildi.

Albaniyada xristianlıq qəbul edilməzdən və hakim dinə çevrilməzdən qabaq da xalqın öz yazısı olmuş və ölkədəki müxtəlif dilli qəbilə və tayfalar bir-birilə alban dilində ünsiyyət saxlamışlar. Sasanilərlə rəsmi yazışma fars dilində aparılmışdır. Ticarət dili kimi arami (Suriya) dilindən istifadə olunmuşdur. Lakin fars və arami-Suriya dilləri silki-sinfi dillər idi.

Feodalizmin meydana gəlməsi ərəfəsində yerli dilə, yerli yazıya ehtiyac artır və bunların meydana gəlməsi üçün əlverişli şərait yaranırdı. Erməni və gürcü yazıları və ədəbiyyatı kimi alban yazısı və ədəbiyyatının yaranması da ölkənin xristianlaşması ilə bağlı idi.

Xristianlıq Albaniyaya Suriyadan və Fələstindən keçməyə başlamışdı. Buna görə də lap əvvəldən, Zaqafqaziyanın başqa ölkələrində olduğu kimi, Albaniyada da dini dil, yəni xristian dininə ibadət dili Suriya və yunan dilləri idi. Dini ədəbiyyat alban dilinə ilk dəfə Suriya dilindən tərcümə edilmişdir. Musa Kalankatlının verdiyi məlumatdan aydın olur ki, Albaniya hələ çox qədim dövrlərdən Suriyanın ayrı-ayrı əyalətləri ilə və Fələstinlə əlaqə saxlayırmış.

Albaniya və Zaqafqaziyanın digər ölkələrində xristianlığın rəsmən qəbul olunması (313-314-cü illər) Yunanıstanın təsiri ilə bağlı olsa da (maarifçi Qriqorinin Ermənistanda, Ninonun Gürcüstanda, Romadan gəlmiş yepiskopun Albaniyada fəaliyyəti), Albaniyaya yunanfil təsiri daha sonrakı dövrlərdə özünü göstərməyə başlamışdır. Sasanilərin hakimiyyəti altında olan İran xristian kilsəsinin Zaqafqaziya ölkələrində fəaliyyətinə göz yumur, Suriyanın din xadimlərinə himayədarlıq edirdi, çünki onlar siyasi cəhətdən Sasanilərə sadiq olduqlarını daim nümayiş etdirirdilər. Lakin Sasanilər Zaqafqaziyada dini ibadət dili kimi yunan dilindən istifadə olunmasını qadağan etmişdilər.

N.Y.Marrın fikrincə, Albaniyada xristianlığın yayılmasının ilkin mərhələsi suriyafil məktəbi ilə bağlıdır (I-V əsrlər). Məlum olduğu" kimi, suriyalılar yunan elmi və ədəbiyyatının biliciləri və yayıcıları kimi tanınır, yunan elmi və ədəbiyyatına ilahiyyatın sahələrindən biri kimi baxırdılar. Suriyalılar qədim yunan yazılı abidələrini alban dilinə, çox güman, suriyafil məktəbinə aid olan erməni nümayəndələri kimi orijinaldan deyil, Suriya dilindən tərcümə edirdilər.

N.Marr göstərir ki, sonralar, ədəbiyyatda yunanfil-ellin istiqamətinin inkişaf etməyə başladığı - V-VI yüzilliklərdə bu təsir artıq yunanlarla deyil, tədqiqatçıların fikrincə, monofizit-suriyalılarla bağlı idi. N.Puqulevskaya yazır: "Belə bir fakt mühüm əhəmiyyət kəsb edir ki, Suriya əlifbası tez və rahat mənimsənilirdi, sonralar bu əlifba bir qədər də təkmilləşdirilmişdi". Bütün bunlardan əlavə Dəclə-Fərat mədəniyyətinin Zaqafqaziya ölkələrinə təsiri qədim ənənələrlə bağlı idi. "Alban tarixi" Albaniyanın arami vilayətləri ilə əlaqələrinin qədim izlərini qoruyub saxlamışdır.

Sasanilərin dini-siyasi təsirinə, assimilyasiya siyasətinə - Albaniyada zərdüştiliyi yaymaq cəhdlərinə, habelə, Suriya kilsəsinin fəaliyyətinin qarşısını almaq üçün xristian dinini yerli alban dilində yaymaq lazım idi ki, albanların mədəni və etnik ənənələrini qoruyub saxlaya bilsin.

Alban yazısının çiçəklənmə dövrü V-VII yüzilliklər sayılır. A.Q.Şanidzenin dili ilə desək, həmin dövrdə "albanlar Qafqazın siyasi və mədəni həyatının bütün sahələrində gürcülər və ermənilərlə birlikdə fəal iştirak edirdilər".

Alban ədəbiyyatı ilkin mərhələdə əlverişli tarixi-mədəni bir şəraitdə formalaşırdı. Bu, alban Arşakilərinin və onları əvəz etmiş alban Mehrənilərinin hakimiyyət başında olduqları, Albaniyanın qüdrətli müstəqil dövlət kimi tanındığı, Albaniyanın avtokefal, yəni müstəqil kilsəsinin fəaliyyət göstərdiyi bir dövr idi. Həmin dövrdə Ermənistan müstəqil bir dövlət kimi ləğv edilmiş və ölkə canişinliyə çevrilmişdi. Bizansdan və İrandan ikitərəfli vassal asılılığında olan Gürcüstanda da 527-ci ildə dövlət ləğv edilmişdi.

Ədəbiyyatın inkişafı nəticəsində maraq dairəsi genişlənirdi və bu, ədəbi janrlarda öz əksini tapırdı: aqioqrafik əsərlər, tarixi xronika janrında yazılar meydana gəlmişdi, hüquqi sənədlər - kilsə kanonları və dünyəvi qanunlar yaradılırdı. V-VI yüzilliklərdə ədəbiyyatda ellinofil ənənələri üstünlük qazanmağa başlamışdı ki, bunun da siyasi səbəbləri var idi. Məsələ burasındadır ki, həmin dövrdə Sasanilərin hakimiyyəti xeyli möhkəmlənmişdi və onlar Qafqazda xristian-kilsəsinin fəaliyyətinə dözmür, zərdüştiliyi yaymağa çalışırdılar. Bu isə Albaniyada Bizansa rəğbət meyillərinin və ədəbiyyatına marağın artmasına səbəb olmuşdu.

F.Məmmədova qeyd edir ki, yerli alban ənənəsinə aid əsərlərdən bizim dövrümüzə qədər gəlib çıxmış aşağıdakı tarixi mənbələri göstərmək olar: Musa Kalankatlının "Alban tarixi", Mxitar Qoşun "Alban xronikası", "Gəncəli Xosrovun əzablı həyatı"; Kirakos Gəncəlinin "Tarix" əsərləri, habelə, alban hüquq məcəllələri-kilsə kanonları" (V əsr Aquen kilsə məclisi kanonları və 705-ci il Partav (Bərdə) kilsə məclisinin kanonları, eləcə də, alban katalikosu Simeonun adıyla bağlı kanonlar) və dünyəvi qanunlar (Mxitar Qoşun "Qanunnamə"si).

Musa Kalankatlının yuxarıda adı çəkilən əsəri albanların tarixini, I-X əsrlər Albaniyasının və digər xalqların tarixini öyrənmək baxımından son dərəcə qiymətli əsərdir. "Alban tarixi" bir çox cəhətdən sosial-iqtisadi, siyasi, dini-ideoloji, mədəniyyət, tarixi coğrafiya, Azərbaycanın etnokenezi problemi baxımından böyük maraq doğurur.

Əsərin müəllifinin kim olmasının dəqiqləşdirilməsi problemi hələ həll edilməmişdir. Əsərin özündə müəllifin adı, təxəllüsü göstərilməsə də, onun iki Moiseyin (Musanın) - Musa Kalankatlının və Musa Dasxoranlının adı ilə bağlayırlar, özü də bu haqda daha sonrakı dövrlərdə yazılmış alban mənbələrində məlumat verilir.

"Alban tarixi" haqqında yazan F.Məmmədova göstərir ki, müəllifin xronoloji sistemini təhlil etdikdən, habelə, onun dilini, üslubunu, ədəbi fəndlərini öyrəndikdən sonra biz bu yazılı abidənin meydanagəlmə tarixində bəzi təshihlər aparmışıq.

Bizim fikrimizcə, əsərdə tarixqoyma xronoloji təsbitetmə metodu ilə aparılmışdır: 1. İran və Bizans çarlarının hakimiyyət başında olduqları illərə görə. Bu, əsasən, xarici siyasi hadisələrlə bağlı məsələlərdə tətbiq edilmişdir; 2. Əsasən, ilk iki kitab üçün xarakterik olan sinxronlaşdırmaya görə. Tarixqoymada tətbiq olunan bu üsuldan müəllif Albaniyanın daxili həyatı ilə bağlı hadisələrdən söhbət açanda istifadə edir; 3. Böyük alban knyazı Cavanşirin hakimiyyət başında olduğu illərə görə tarixqoyma üsulu. Burada həmin illər İran və Bizans çarları xəttilə, ərəb hökmranlığı illəri ilə paralel qeyd edilir və onlarla sinxronlaşdırılır. Bu üsul yalnız ikinci kitabda tətbiq olunur; 4 Yalnız üçüncü kitabın bir neçə fəslində istifadə olunan alban katolikoslarının hakimiyyəti illərinə əsaslanan üsul; 5. Yalnız erməni tarixinə əsaslanan üsuldur ki, bu da ancaq üçüncü kitabın bir neçə fəslində tətbiq olunur. Tarixqoymada bu üsulların tətbiqi müəyyən ardıcıllığa əsaslanır. "Alban tarixi"nin xronoloji sistemini dərindən öyrəndikdən sonra biz belə bir nəticəyə gəldik ki, əvvəlinci kitabın hamısını və ikinci kitabın ilk fəsillərini (I-VIII fəsilləri) VIII yüzillikdə yaşamış birinci müəllif yazmışdır.

İkinci kitabın 9-52-ci fəsilləri, habelə, üçüncü kitabın bir neçə fəsli (3-7, 9-13-cü fəsillər) bilavasitə həmin müəllifin qələmindən çıxmışdır. Üçüncü, kitabın 1-2, 15-21, bir də 23-cü fəsillərinin X-XI yüzilliklərdə yaşamış tamamilə başqa müəllif tərəfindən yazıldığı heç bir şübhə doğurmur.

Məlum olduğu kimi, hər bir abidə mənsub olduğu siyasi epoxanın bir növ inikasıdır. Buna görə də hər bir tədqiqatçı üçün başlıca vəzifələrdən biri öyrəndiyi mənbəyin meydana gəlməsi vaxtı ilə yanaşı, onun nə məqsədlə yarandığını aydınlaşdırmaqdır. Musa Kalankatlı Mehranilər sülaləsindən olan böyük alban knyazı Cavanşirin müasiri olmuşdur. Demək olar ki, bütün tədqiqatçıların fikrincə, Cavanşirin hakimiyyət başında olduğu illər Albaniyanın həm siyasi, həm də mədəniyyət sahəsində çiçəklənmə illəri sayılır.

İki böyük imperiyanın - Sasanilər İranı və Bizansın, habelə, köçəri hunların (xəzərlərin), daha sonra isə ərəblərin Albaniyanı işğal edib öz əyalətlərindən birinə çevirməyə çalışdıqları bir şəraitdə Cavanşir özünün hərbi istedadı, müdrik və çevik siyasəti sayəsində Albaniyanı qədim sərhədləri hüdudunda-cənubda Araz çayı, şimalda isə Dərbənd - Çol bərpa edib birləşdirmiş, alban kilsəsinin avtokefallığını saxlamaqla, müstəqil daxili və xarici siyasət yeridən dövlət başçısı olmuşdur. Tamamilə aydındır ki, öz hakimiyyətinin inikası olan yazılı abidənin sifarişçisi də Cavanşir özüdür. Musa Kalankatlının "Alban tarixi" əsərinin meydana gəlməsi səbəblərindən biri budur. Üçtərəfli siyasi təzyiqə məruz qalan alban xalqını öz dövlətinin istiqlaliyyəti və müstəqilliyini, mədəni-ideoloji özünəməxsusluğunu qoruyub saxlamağa səfərbərliyə almaq üçün nəinki müəllifin yaşadığı dövrdə, yəni Cavanşirin hakimiyyət başında olduğu illərdə, həm də Bibliya dövründən, sonra isə yeni eranın birinci əsrindən ta yeddinci yüzilliyə qədərki bir dövrdə baş verən hadisələri əhatə edən fundamental bir tarixi əsərin yaradılması zəruri idi.

Beləliklə, "Alban tarixi" müəllifinin məqsədi - Albaniya dövlətinin, alban çarlığının meydana gəlməsi və inkişafı tarixini, onun etnosu, ərazisi, siyasi və mənəvi həyatının, onun çarları - alban Arşakiləri və böyük knyazlar Mehranilərin (Cavanşir) hakimiyyətdə olduğu illərin tarixini yaratmaq - çar hakimiyyətinin varisliyini və arasıkəsilməzliyini, apostol-patriarx mənşəli avtokefal alban kilsəsinin yaranma tarixini göstərməkdir.

Beləliklə, bu yazılı abidədə Albaniya dövlətinin və alban kilsəsinin müstəqilliyi tərənnüm edilmişdir.

A.Məmmədova "Alban tarixi"nin məzmunu haqqında yazır ki, xronoloji baxımdan əsər - Bibliya dövründən başlanıb 999-cu ilə qədərki hadisələri əhatə eləyir. Quruluş baxımından üç hissədən ibarətdir. Birinci hissə Bibliya tarixindən başlanır. Albanların mənşəyi İafət nəsli ilə, özü də həmin nəslin ermənilərin mənsub olduğu budağı ilə yox, başqa budağı ilə bağlanır, göstərilir ki, albanlar öz yazısı olan 15 xalqdan biridir. Ölkənin tarixi coğrafiyası Albaniya ərazisinin coğrafi təsviri, təbii sərvətləri, ölkənin hüdudlarının dəqiq təsviri ilə təqdim olunur. Dördüncü fəsildə Albaniyanın real tarixinin təsviri başlanır. Əsərdə göstərilir ki, ölkənin ilk şahı yerli Aran hökmdarı olmuşdur, sonra isə Arşakilər sülaləsindən olan çarların siyahısı verilir. Çarlardan Urnayrın, Asuakenin, II Vaçenin və Mömin III Vaçaqanın hakimiyyət başında olduqları illərdən real söhbət açılır. Əsərin birinci hissəsi (kitabı) V yüzillikdə hunların Albaniyaya basqınının təsviri ilə başa çatır.

İkinci kitab 552-ci ildən başlanıb 703-711-ci illərdəki hadisələrin təsviri ilə qurtarır. Bu kitabda böyük knyaz Cavanşirin başçılığı altında alban qoşunlarının da iştirak etdikləri İran-Bizans və İran - ərəb müharibələri təsvir edilmişdir.

Kitabda alban arşakilərinin süqutundan sonra Albaniyada hakimiyyət başına gəlmiş Mehranilər sülaləsinin tarixi də verilmişdir. Mehranilərdən Cavanşirin və Varaz-Trdatın hakimiyyət illəri də bu kitabda öz əksini tapmış, xəzərlərin ölkəni işğal etdikləri dövrdə alban katolikosu Vironun həyatı təsvir edilmişdir.

Üçüncü kitab (hissə) ərəblərin tarix meydanına daxil olmasına həsr olunmuşdur. Burada Məhəmməd peyğəmbərin zühurunun qısaca tarixi verilir, ərəblərin 698-877-ci illərdə Albaniyaya, Ermənistana, İberiyaya hücumlarından söhbət açılır. Ölkənin daxili həyatı ilə bağlı hadisələrdən bu kitabda Varaz-Trdatın hakimiyyət başında olduğu son illər, 705-ci ilin kilsə həyatı, alban katolikosu Nerses Bakurun xalkidonçuluq fəaliyyəti, alban kilsə məclisi (alban katolikosu Simeonun kanonları) öz əksini tapmışdır. Burada rusların 944-cu ildə ölkəyə basqını da təsvir olunmuşdur. Kitab alban hökmdarlarının və katolikoslarının siyahısı ilə qurtarır.

"Alban tarixi"ndə aşağıdakı mənbələrdən istifadə olunmuşdur. 1. Xalq rəvayətləri və hekayələri; 2. Monastırlar və qəsrlərin arxivlərində saxlanmış ruhani və kübar şəxslərin bir-birinə göndərdikləri epistolyar janrda yazılmış materiallar; 3. Müəllifin özünün və şahidlərin müasirlərinii məlumatları.

G.V.Treverin göstərdiyi mənbələrə aşağıdakıları da əlavə etmək olar: 4. Alban aqioqrafik ədəbiyyatı (alban müqəddəslərinin həyatı və əzabları); 5. Alban xronikaları (alban katolikosu Vironun xronikası); 6. Alban kilsə kanonları (V əsrə aid Aquen kanonları və 705-ci ildə alban katolikosu Simeona məxsus kanonlar); 7. Alban şairi Dəvdəyin Cavanşirin ölümünə həsr etdiyi ağı (mərsiyə); 8. Albanlara məxsus olmayan, başqa dillərdə yazılmış mənbələr Romalı İppolitin (III əsr) xronikası.

"Alban tarixi"nin sonradan redaktə olunmasına baxmayaraq, bütövlükdə kitabın üslub xarakteri, buradakı məlumatların dolğunluğu, müəllifin maraq dairəsinin genişliyi, dəqiq işlənmiş xronoloji sistem və bu sistemə əsaslanan daxili və xarici siyasətlə bağlı hadisələrin düzgün tarixi, müəllifin verdiyi məlumatların obyektivliyi adamda belə bir fikir oyadır ki, artıq o vaxt Albaniyada tarixi əsərlərin yazılması sahəsində müəyyən ənənə və tərcümə varmış.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər