PDF Oxu

MİA

  • 9 693

Milli-azadlıq hərəkatının genişlənməsi və Ulu Öndər Heydər Əliyevin "böyük siyasətə" qayıtması

Milli-azadlıq hərəkatının genişlənməsi və Ulu Öndər Heydər Əliyevin "böyük siyasətə" qayıtması

Milli-azadlıq hərəkatının genişlənməsi prosesində Ulu Öndər Heydər Əliyevin "böyük siyasətə" qayıtması üst-üstə düşdü. Bu hadisə Azərbaycan dövlətçilik tarixində əsil şərəfli səhifə oldu. T.Qaffarov yazır: "Xalqın böyük bir hissəsi bütün ümidini Heydər Əliyevə bağlamışdı. Azadlıq uğrunda xalq hərəkatının Lideri Heydər Əliyev idi.

Qanlı yanvar hadisələrindən sonra xalqın öz qüdrətli rəhbəri ilə birləşəcəyindən qorxan imperiya və Azərbaycan rəhbərləri Heydər Əliyevə qarşı repressiya planları hazırladılar və həyata keçirməyə başladılar. Heydər Əliyevi Bakı hava limanında qarşılayacaq şəxslərdən biri məşhur naşir Əjdər Xanbabayevin qətlə yetirilməsi ona bir növ xəbərdarlıq idi. Bütün bunlara baxmadan, tarixin bu məsuliyyətli və çətin, lakin şərəfli dövründə xalqı ilə bir olmağı, ona kömək etməyi vacib bilən Heydər Əliyev 1990-cı il iyulun 20-də Bakıya gəldi. Xalq bu gəlişi böyük ümid və ruh yüksəkliyi ilə gözləyirdi. Lakin iqtidar, ondan hakimiyyət bölgüsü gözləyən sol müxalif qüvvələr Heydər Əliyevin Bakıda qalmasına hər cür maneə törətdilər və O, doğma diyarı olan Naxçxvana getməli oldu. Heydər Əliyev iyulun 22-də Naxçıvanın "Azadlıq" meydanında 80 mindən çox adamın iştirakı ilə keçirilən izdihamlı mitinqə dəvət olundu və orada çıxış etdi. Xalqın nümayəndələri ilə görüşlər keçirdi. Heydər Əliyev xalqı, azadlıq, müstəqillik uğrunda sonacan mübariz olmağa çağırırdı".

Tarixçi-alim daha sonra göstərir ki, 1990-cı ilin iyul ayından Azərbaycan SSR və Naxçıvan MSSR xalq deputatları və yerli xalq deputatları sovetlərinə seçkilər üzrə kampaniya başlandı. İyulun 28-də respublika demokratik qüvvələrinin forumu keçirildi. 20-dən artıq ictimai təşkilatın iştirak etdiyi demokratik blok (Demblok) yaradıldı. Seçki komissiyalarına cəbhənin və başqa ictimai təşkiiatların nümayəndələri də salındı. Seçkilər alternativ olsa da, keçirilirdi. 360 Azərbaycan SSR xalq deputatı mandatını almağa 1200 nəfər namizəd irəli sürülmüşdü. Seçkilər sentyabrın 30-da keçirildi. Bəzi dairələrdə oktyabrın 14-də və dekabrın 6-da təkrar seçkilər oldu. Kommunistlərin qüvvələri səfərbər etməsi, habelə, fövqəladə vəziyyət, repressiyalar seçkilərin nəticəsinə təsir göstərdi. Azad və ədalətli rəqabət təşkil etmək mümkün olmadı. Qeyri-demokratik seçki qanunlarının özünü də rəhbər dairələr biabırçı şəkildə pozurdular. Bu yolla onlar seçkilərin nəticələrini saxtalaşdırıb parlamentdə yerlərin çoxunu kommunistlərə verdilər.

"Demblok"un cəmi 30 nümayəndəsi Azərbaycan SSR xalq deputatı seçildi. İqtidarın və xalq cəbhəsi liderlərinin başı hakimiyyət, vəzifə uğrunda mübarizəyə qarışdığı bir vaxtda Heydər Əliyev Naxçıvandan Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizəsinə rəhbərlik edirdi. O, Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçildi. Heydər Əliyev müdrik, uzaqgörən siyasəti ilə xalqın azadlıq mübarizəsini istiqamətləndirdi. 1990-cı il noyabrın 17-də Naxçıvan parlarmentinin Onun Sədrliyi ilə keçirilən sessiyası muxtar respublikanın adından "Sovet Sosialist" sözlərinin götürülməsi ADR-in üçrəngli aypara və səkkizguşəli ulduz nişanlı bayrağının dövlət bayrağı kimi qəbul edilməsi və bu barədə Azərbaycan parlamenti qarşısında qanunverici təşəbbüsü qaydasında məsələ qaldırılması haqqında tarixi qərarlar qəbul etdi. Naxçıvan Muxtar Respublikası Ali Sovet, "Ali Məclis" adlandırıldı.

Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan MR Ali Məclisi 1990- cı il noyabrın 21-də "20 Yanvar" hadisəsinə düzgün siyasi qiymət verdi, bu qanlı hadisədə SSRİ rəhbərliyi ilə yanaşı, respublika rəhbərləri Vəzirovun, Mütəllibovun və b. günahkar olduqlarını qeyd etdi, xalqa kimlərin ona rəhbərlik etmək istədiyini göstərdi.

Ali Məclisdə DQMV-də, Şaumyan rayonunda və Xanlar rayonunun Çaykənd kəndində yaranmış vəziyyət müzakirə olundu, imperiya və respublika rəhbərliyinin bu sahədə yol verdiyi bağışlanılmaz səhvlər açılıb göstərildi, rəhbərlikdən bu bölgələrdə Azərbaycanın hüquqlarının bərpa olunmasına istiqamətləndirilmiş təxirəsalınmaz tədbirlər görməsi tələb edildi.

Naxçıvanda həyata keçirilən demokratik tədbirlər bütün Azərbaycana nümunə olmuşdu. T.Svyatoçovski bu dövrü kitabının "İkinci dəfə müstəqillik" fəslində təqdim edərək, göstərir ki, 1991-ci il avqustun 19-da Moskvada çevriliş baş verdiyi zaman prezident Mütəllibov İranda rəsmi səfərdə idi. İran radiosu ilə verilən məlumatda göstərilirdi ki, Mütəllibov Təbrizdə yolüstü ayaq saxlarkən, Qorbaçovun siyasi səhnədən anlaşılmaz şəkildə getməsi hadisəsi haqqında razılıqla danışmışdır. Məlumatda Mütəllibovun sözləri sitat gətirilərək, göstərilirdi ki, o, "bu hadisələri Qorbaçov son bir neçə il ərzində xaosa gətirib çıxaran siyasətinin təbii nəticəsi kimi xarakterizə etmişdir... Biz Sovet İttifaqındakı hadisələri təqdir edirik".

Mütəllibov Bakıya qayıtdıqdan sonra rəsmi "Azərinform" agentliyi tələsik belə bir təkzib edir ki, prezident Mütəllibov hakimiyyətin ələ keçirilməsi cəhdini heç vaxt təqdir etməmişdir. Moskvada çevriliş düyünü açılmaqda idi və Azərbaycan Kommunist Partiyasının başçısı zirək tərpənərək siyasət işlətdi. Bu hudisələrdən qalib çıxan adamın Boris Yeltsin olduğuna xüsusi əhəmiyyət yetirərək, Mütəllibov ona səmimi təbrik teleqramı göndərdi. Həmin ərəfədə Bakının küçələrində Xalq Cəbhəsi Mütəllibovun Moskva çevrilişini bir fakt kimi təsdiq etməsinə etiraz əlaməti olaraq, hər gün nümayişlər təşkil edirdi. Qəti imkan tədbirləri kimi, kütləni dağılmaq üçün hökumət zorakılıq işlətdi və AXC rəhbərlərindən bir neçəsini müvəqqəti olaraq həbs etdi.

Elmira Qafarova Bakının məlum yanvar günlərindən sonra Moskvadakı İttifaq Parlamentinin rəhbərliyini əmin edirdi ki, Azərbaycan rəhbərliyi konstitusiyalı orqanla həmişə hesablaşır. Lakin Naxçıvanda Heydər Əliyev Azərbaycanın Kommunist Partiyasının yuxarı eşalonunu Moskva xuntası ilə əlbir olduğuna görə tamamilə hakimiyyətdən kənarlaşdırmağı tələb edirdi, o zaman işartı şəklində olan bu qeyri-reallığın həyata keçməsi mümkün deyildi. Hal-hazırda Əliyev partiya sıralarını artıq tərk edib və nomenklaturanın parçalanma əlamətlərini təsdiq edərək, işgüzar bir şəkildə hakimiyyətin kommunist monopoliyasına son qoymaq istiqamətində təşviqat apardı. Heydər Əliyev Mütəllibovun yeganə namizəd kimi irəli sürüldüyü prezident seçkilərinin keçirilməsinə qəti etiraz etdi və seçkilərin muxtar respublika arasında qadağan edilməsi üçün Naxçıvan MSSR Ali Sovetinin başçısı kimi öz səlahiyyələrindən istefa verdi. Heydər Əliyev onun niyyətinin, guya Naxçıvanı Azərbaycan Respublikasından qoparmaq olduğu haqqındakı şayiələri hiddətlə rədd etdi. Buna baxmayaraq, Heydər Əliyev sonradan Ermənistan İran və Türkiyə ilə danışıqlar aparacaqdı. Bu bir həqiqətdir ki, Türkiyə rəhbərliyi ilə sıx əlaqələr yaradan Naxçıvan anklavının həyat şəraitini təmin etmək üçün bu ölkədən bir milyon dollar məbləğində borc alacaqdı.

Uğursuz avqust çevrilişi elə bir xəbərdarlıq işarəsinə çevrildi ki, dəyişikliklərin yeni silsiləsi artıq ört-basdır edilməsi mümkün olmayan bir tələbatı üzə çıxardı. İttifaq respublikaları bir-birinin ardınca öz Kommunist Partiyalarının buraxılması haqqında qərar verdilər. AXC-nin mübarizəsinə duruş gətirdikdən sonra AKP təzəcə qəddini düzəltmişdi ki, indi də öz-özünü ləğv etmək məqsədinə qədəm qoydu. Bu addımı ataraq hər təzyiqdən deyil, yalnız kreslonu qorumaq üçün lazım idi. Birinci addım Kommunist Partiyasının Ali Məhkəmə DTK prokurorluq və Daxili İşlər və Ədliyyə nazirliklərində fəaliyyətinin ləğv edilməsindən ibarət idi.

Əliyevin bir pillə yuxarı getməyə çalışdığı Naxçıvanda Muxtar Respublikanın qanunverici orqanı dərhal Kommunist Partiyasının yerli təşkilatının buraxılması və bu təşkilatın mülkiyyətinin milliləşdirilməsinə keçdi.

M.Məhərrəmov "III Respublika Milli inkişaf modeli və strategiyası" ərzində Ulu Öndər Heydər Əliyevin "böyük siyasətə" qayıdışını tarixi zərurət kimi səciyyələndirərək, göstərir ki, Heydər Əliyev xalqın siyasi potensialını mübarizə, sabitlik, hakimiyyət, güclü dövlət və liderlik anlayışlarının xalqın təsəvvüründəki mənasını hamıdan yaxşı qiymətləndirirdi. Ümumxalq hərəkatının ideoloji məzmunu ayrıca bir söhbətin mövzusudur. Fövqəlmilli ideologiyalar sürətlə puç olanda ideoloji vakuumun yaranması labüddür. Bircə anda "əhaliyə" çevrilmiş xalq kütlələrinin birgə yaşaması və hər biri ayrıca istehkamı xatırladan minlərlə şəhər və kəndlərə dağılışması üçün milli ideologiya əsasında bu birgə yaşayışı əsaslandırmaq və möhkəmlətmək üçün həmin vakuumu dərhal və hər yerdə vulqar millətçilik ideologiyası ilə doldurmağa çalışırlar. Millətçiliyin yaranması üçün iki amil lazımdır: ideologiya vakuumu və milli ideyanın daşıyıcısı olan sosial təbəqə.

Azərbaycanda bu rolu ziyalılar yerinə yetirirdi: idarəçilərin (keçmiş partiya və sovet işçilərinin) şəxsində dövlət ziyalıları və siyasi fəaliyyət təcrübəsinə malik olmayan yaradıcı ziyalılar. Heydər Əliyev millətçiliyin mahiyyətini aydınlaşdırdı, öz əməli fəaliyyəti ilə bu terminə siyasi məna verdi: millətçilik milli ideyanın qorunması üzərində cəmləşmiş ideya və hisslərin bir-biri ilə nisbi əlaqəli sistemidir. O, Elçibəyə xas olan şovinist etnokratizmi rədd etdi, millətçi separatizmi darmadağın etdi və bununla da milli azlıqların dövlətə zidd hərəkətlərinin qarşısını aldı.

Heydər Əliyevin yenidən böyük siyasətə qoşulması zaman etibarilə 1990-cı ilin payızına təsadüf edir. Həmin dövrdə o, xalqın iradəsi ilə hesablaşaraq Naxçıvan MSSR-in Ali Sovetinə Sədr seçildi. Bizim fikrimizcə, bu, düşünülmüş addım idi. Xalqın çağırışlarına məhəl qoymadan hakimiyyət sükanına qayıtmaq istəməmiş Roma imperiyası Diokletianın düşdüyü mənəvi vəziyyəti Heydər Əliyevə tətbiq etməyi təsəvvürə gətirmək mümkün deyil. Siyasət - riskli fəaliyyət növüdür. İnsanlar öz talelərini, millətin, dövlətin taleyini siyasətlə həll edir. Özlərinin cəmiyyətdəki statusunu siyasət yolu ilə dəyişirlər. Mahir idarəetmə işçisi olan Heydər Əliyev də siyasəti insanın imkanlarının təşkil edilməsi uğrunda mübarizə kimi başa düşür. Onun parlaq dövlət fəaliyyəti onun motivlərini bu cür izah etməyə əsas verir. Biz cəsarətlə belə bir fərziyyə söyləyə bilərik ki, hələ o vaxt - 1990-cı ildə diletantlıq edərək "hakimiyyəti oğurlayanlara" onun münasibəti müəyyən mənada, Bismarkın aşağıdakı fikirləri ilə səslənir: "sükanı tamahkar, "novarum rerum cupidi"lərin yeniliklərə can atanların və düşüncəsiz kütlələri aldatmaq qabiliyyətinə ən yüksək səviyyədə yiyələnmiş natiqlərin əlində olan dövlət həmişə çox sürətlə inkişafa məhkum olacaqdır. Bu isə dövlət kimi böyük bir qurumun bütün orqanizminə ciddi ziyan vurmaya bilməz".

Heydər Əliyev öz həyatının bu yeni mərhələsində böyük siyasət "yaratmağa" başladı. Bu siyasət elə "imkanlar pəncərəsi" yaradır ki, böyük şəxsiyyətlər tərəfindən idarə edilən insanlar yeni təsisatların təməlini qoymağa, ictimai həyatına yeni təşkilinin prosedur və normativ əsaslarını yaratmağa qadir olur. O vaxt çox cüzi sayda adam başa düşürdü ki, hakimiyyətin təşkili məsələsində xalqın iradəsini ifadə etməyin yeni tipini həyata keçirmək missiyası məhz Heydər Əliyevin üzərinə düşmüşdür. Hegelin təbirincə desək, mənəvi pozğunluq və ehtirasların kor-koranə qızışması şəraitində nicat tapmağın zəruri yolunu seçmək lazım idi. Axı "mütəllibovçularla" cəbhəçilər arasında qarşıdurma şəraitində hakimiyyətin oğurlanması və hakimiyyət məkanının parçalanması Azərbaycanın bir dövlət qurumu və ölkə kimi məhvinə gətirib çıxara bilərdi.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər