PDF Oxu

MİA

  • 2 185

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası dövlətçilik tariximizdə yeni mərhələ kimi

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası dövlətçilik tariximizdə yeni mərhələ kimi

Keçmiş SSRİ məkanında baş verən tarixi hadisələr müttəfiq respublikaların müstəqilliyi üçün şərait yaratdı. Bu dövrdə imperiya hakimiyyətinin yuxarı eşolonlarında mühafizəkar qüvvələrin müqaviməti getdikcə güclənirdi. Onların səmərəli fəaliyyəti üçün inflyasiyanın sürətlə artması, əhalinin vəziyyətinin gündən-günə pislənməsi münasib şərait yaradırdı. 1991-ci ilin iyununda SSRİ Ali Sovetinin gizli iclasında mühafizəkarların liderləri Nazirlər Kabinetinə fövqəladə səlahiyyətlər verilməsini tələb etdilər. Bu, baş tutmadı. İrticanın növbəti hücumu 18-19 avqust dövlət çevrilişi cəhdində təzahür etdi. Onun başçıları Forostda (Krımda), istirahət edən Qorbaçovu "neytrallaşdırıb", Dövlət Fövqəladə Vəziyyət Komitəsi (QKÇP) təşkil etdilər və "demokratikləşmə"nin, "yenidənqurma"nın çıxılmaz vəziyyətə saldığı imperiyanı iflasdan qurtarmaq üçün bütün hakimiyyəti öz əllərinə aldılar. Kommunist Partiyası bu çevrilişi müdafiə etdi.

Lakin qiyamçılar səhv etmişdilər, onlar iri şəhərlərdə demokratik qüvvələrin güclü olduğunu nəzərə almamışdılar. Avqustun 19-da Rusiya prezidenti B.Yeltsinin başçılığı ilə qiyama qarşı bütün demokratik qüvvələr birləşib ayağa qalxdı.

Azərbaycanda da demokratik qüvvələr "QKÇP"-nin qanuna zidd fəaliyyətinə qarşı çıxdılar. Lakin respublikanın prezidenti "QKÇP"-ni müdafiə edərək ciddi siyasi səhvə yol vermişdi. Prezident A.Mütəllibov avqustun 21-də Azərbaycan televiziyası ilə bəyanat verib bildirdi ki, respublikanın qarşısında duran mürəkkəb məsələlərin həllində ümidini "QKÇP"-yə bağlayır. Azərbaycan KP MK-nin ikinci katibi V.Polyaniçko da çevrilişi razılıqla qarşıladığını elan etdi.

Rusiyada demokratik qüvvələrin birgə fəaliyyəti nəticəsində dövlət çevrilişinin qarşısı alındı. Azərbaycanın hər yerindən irticaya tərəfdar olan qüvvələrə qarşı mübarizə-mitinqlər başlandı. Avqustun 23-də AXC qərargahı qarşısındakı mitinqdə dinc əhaliyə qarşı güc tətbiq edildi. Lakin xalqı qorxutmaq mümkün deyildi.

Naxçıvanda mitinqlər səngimək bilmirdi. Xalq avqustun 26-da muxtar respublika Ali Məclisinin fövqəladə sessiyasının açılmasına nail oldu. Sessiya Naxçıvan MR-də kommunist hakimiyyətini ləğv etdi. MR ərazisində AKP və komsomolun fəaliyyəti dayandırıldı, onların bütün strukturları ləğv olundu. Mitinqlərdə respublikada prezident seçkilərinin dayandırılması, parlamentin buraxılması, yeni parlament seçkiləri keçirilməsi, Kommunist Partiyası ağalığının, fövqəladə vəziyyətin ləğv edilməsi, DQMV-də Azərbaycanın suveren hüquqlarının təmin olunması üçün qəti tədbirlər görülməsi tələb edilirdi. Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyası 1991-ci il avqustun 30-da, saat 13-30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyanat qəbul etdi.

Bu sessiyanın məqsədi Azərbaycan Respublikasının müstəqilliyi təklifinin səsə qoyulmasından ibarət idi. Respublikanın adında daha "sovet" və "sosialist" kimi kəlmələr işlənə bilməzdi. Sessiyada aşağıdakı bəyannamə qəbul olundu:

Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan xalqının ali dövlət mənafelərini rəhbər tutaraq və onun iradəsini ifadə edərək,

1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək,

Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikasının suverenliyi haqqında və Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında Konstitusiya qanunlarına əsaslanaraq,

Azərbaycan xalqının müqəddəratı və azad inkişafının təmin olunması üçün məsuliyyətini dərk edərək,

Milli mənsubiyyətindən və dini etiqadından asılı olmadan Azərbaycan Respublikasının bütün vətəndaşlarının beynəlxalq aktlarda nəzərdə tutulmuş bütün insan hüquqlarına və əsas azadlıqlarına təminat verərək,

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü üçün təhlükəni aradan qaldırmağa çalışaraq,

Azərbaycan Respublikasının təhlükəsizliyini və dövlət sərhədlərinin toxunulmamazlığını təmin etmək kimi müqəddəs borcu rəhbər tutaraq,

Respublikanın bütün vətənpərvər qüvvələrinin sıx birləşməsinin zəruriliyini dərk edərək,

Azərbaycan Respublikasının və onun xalqının mənafeyinə zidd olmayan beynəlxalq paktları, konvensiyaları və başqa sənədləri qəbul edərək,

SSR İttifaqına daxil olan bütün respublikalarla dostluq münasibətlərini bundan sonra da saxlamağı arzu edərək,

Beynəlxalq birliyin üzvü olan dövlətlərlə bərabərhüquqlu münasibətlər yaratmağa hazır olduğunu bildirərək,

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarında təsbit edilmiş prinsiplərə müvafiq surətdə beynəlxalq birliyin üzvü olan dövlətlər və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmasına ümid bəsləyərək,

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu elan edir.

T.Svyatoçovski yazır ki, Bəyannaməyə 1918-1920-ci illərdə mövcud olmuş respublikaya dair münasib intinadlar, yeni qazanılmış müstəqilliyin tarixi nöqteyi-nəzərdən qanuniləşdirilməsi və insan hüquqları daxil idi. Həmin sənədə Ermənistan tərəfindən gözlənilən təhlükə qarşısında müxalif qüvvələrin birləşməsinə çağırış daxil idi. Bu sənəd Azərbaycanın beynəlxalq əlaqələr saxlamaq və beynəlxalq miqyasda tanınmaq üçün göstərdiyi ciddi səy haqqında xəbərdarlıq edir. Lakin eyni zamanda, Azərbaycan SSR-in irsinə bağlılığına da işarə vururdu. Bəyannamədə SSRİ-dən ayrılmaq haqqında konkret heç nə deyilmədiyindən, müstəqilliyin mənası hələ də tamamilə aydın deyildi və Mütəllibov axıradək naməlum separatçıları kəskin surətdə tənqid etməkdə davam etdi. Parlamentdə bəyannamə, müxalifətin gözləmədiyi halda, yekdilliklə qəbul edildi, müxalifət bu sənədin əleyhinə səs vermək iqtidarında deyildi, heç bunu istəmirdi də.

Azərbaycan dərhal Dövlət Şurasına, SSRİ-dən qalan müvəqqəti idarəetmə orqanına daxil oldu. Mərkəzi Asiya respublikaları ilə yanaşı, Azərbaycandakı iqtidar da köhnə ittifaq bağlarını mövcud imkanlardan maksimum istifadə etməklə qoruyub saxlamaq işinə xidmət edən blok yaratdı. Nomenklatura daxilində açıq-aşkar parçalanma getdiyindən, Mütəllibov Azərbaycan xalqını parçalamaq məqsədi güdən erməni millətçiləri tərəfindən gözlənilən təhlükəni hamıya xatırlatmaqda davam edirdi. Məhz bu cəhətlə bağlı Mütəllibovun üzərinə hücumlar olacaqdı, bunu o özü təkidlə bildirirdi.

"Bu Xəzər paytaxtının küçələrində baş verən heyrətləndirici hadisələri göründüyü kimi qəbul edən adam tapmaq çətindir", - deyə "Nyu-York Tayms"ın müxbiri Bakıdan xəbər verirdi: "Hətta çoxluq təşkil edən mövqesiz adamlar da siyasi həyat üçün çalışan rəhbərliyin heç nədən çəkinmədən diqqəti özünə cəlb etmək bacarığına heyran qalırdılar". Əsas məsələ Mütəllibov haqqında onun köməkçisinin təsdiq etdiyi faktdan ibarət ola bilər ki, "yalnız çevriliş iştirakçılarının məğlubiyyətindən sonra... onun rəhbəri əsil antikommunist olduğunu deyə bilər. Mütəllibovun köməkçisi üstüörtülü şəkildə bildirirdi ki, Mütəllibov cənabları müəmmalı müsəlmandır. "Nyu-York Tayms" müxbirinin öz qənaəti ondan ibarət idi ki, "hətta Kommunist Partiyasını aşağı tutanlar arasında belə Mütəllibov cənabları çox rəğbət qazanmışdı".

Skeptik ictimaiyyətin gözü qarşısında hadisələr başgicəlləndirici bir sürətlə açılmağa başladı. Prezident seçkiləri sentyabrın 8-də Mütəllibova qarşı heç bir müxalif qüvvənin iştirakı olmadan keçirildi. Digər yeganə namizəd, Sosial- Demokratik Partiyasından olan Zərdüşt Əlizadə seçkilərə plüralist qanunilik xarakteri verilməsini istəməyərək, prezidentlik uğrundakı mübarizəni dayandırdı. Mərkəzi Seçki Komissiyasına əsasən, Mütəllibovun özü yığılan səslərin 98,5 faizini topladı. Bu zaman seçicilərin 85,7 faizi səsvermədə iştirak edirdi. Bu rəqəmlər o demək idi ki, müxalifətin seçkiləri boykot etməsi haqqındakı çağırışı eşidilməz oldu. Halbuki Xalq Cəbhəsi Bakıda seçicilərin 66 faizinin seçki məntəqələrinə gəlmədiyini hesablamışdı.

Öz ömrünü çoxdan başa vurmuş bir ideologiyanın tör-töküntülərindən yaxa qurtarmağa xidmət edən son formallıqlara çox asanlıqla əməl olundu. Sentyabrın 14-də parlamentdə Azərbaycan Kommunist Partiyasının indiyədək çağırdığı ən qısa sessiyada kommunist təşkilatının buraxılması qərara alındı. Parlament respublika prezidentindən xahiş etdi ki, keçmiş partiya işçilərinə yeni iş tapmaqda kömək etsin. Açıq-aşkar aparatçıların hökumət vəzifələrinə keçirilməsinə işarə edilirdi. Bu proses artıq bir müddət idi ki, həyata keçirilirdi. Mütəllibov hadisəsi buna parlaq misal ola bilərdi.

Baltik respublikaları, Gürcüstan və Ermənistanın diqqətəlayiq müstəsnalığını nəzərə almaqla, əksər keçmiş sovet respublikalarının rəhbərləri kimi, Mütəllibov da zahiri dəyişikliklər hesabına keçmiş idarəetmə elitasının sovetlərdən sonrakı dövrə uyğunlaşdırılmasına çalışırdı. Həmin bu açıq-aşkar cəhdin arxasında belə bir fikir durduğu fəaliyyətsizliyində qalacaq, çünki o, həmişə olduğu kimi, "İdarətetmə əslində biznesə çevriləcəkmi?" cavabsız sualını bu gün də götür-qoy edirdi.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər