XX əsrin sonları, 20 yanvardan sonrakı dövr Azərbaycan üçün mürəkkəb dövr idi. Bu dövr haqqında akademik Ramiz Mehdiyev bəhs edərək, yazır: "Ürək ağrısı ilə deməliyəm ki, xalqımız üçün taleyüklü günlərdə izi-tozu görünməyən keçmiş sovet elitası nümayəndələrinin çoxu 1993-cü ildə, Heydər Əliyev hakimiyyətə qayıdandan sonra, əslində, göstərmədikləri xidmətlərdən və onlara heç bir dəxli olmayan işlərdən dəm vurmağa, bunları öz adlarına çıxmağa başladılar. Axı tamamilə haqlı sual doğa bilər: bu gün müxtəlif dövlət təltifləri və ya xüsusi ehtiram iddiasında olanlar həmin günlərdə harada idilər? O günlərdə onların vətəndaşlıq mövqeyi nədən ibarət idi? Məgər elita Vəzirovun antimilli siyasətinin və Moskvanın azğınlığının bu ölkəni haraya sürüklədiyini görmürdümü?
Elitanın Ermənistandan qaçan həmvətənlərimizin, 1990-cı ilin qanlı yanvar günlərində tankların altında həlak olanların, ölkəmizin ərazi bütövlüyü uğrunda vuruşanların taleyi həll edildiyi bir vaxtda bu proseslərdə iştirakını ört-basdır etməyə çalışmasına nə dərəcədə haqq qazandırmaq olar? İndiki dövlət quruculuğu və cəmiyyətin konsolidasiyası şəraitində milli elitanın bəzi nümayəndələrinin rolu nədən ibarətdir? Yalnız ölkəmizdə görülən bütün işlərə qara yaxmaq və məntiqini onların başa düşməsi və dərk etməsi çətin olan prosesləri tənqid etməkmi? Lap açıq danışmaq istəyirəm, elita adlanmağa iddia edən bu insanlar ancaq özləri barədə, özlərinin firavanlığı haqqında düşünürlər, Vətən onlara yalnız bu və ya digər fayda əldə etmək üçün lazımdır. Bəs özləri Vətənə nə veriblər? Bu suala onların cavabı yoxdur".
Müəllif daha sonra göstərir ki, yenidən mövzuya qayıdaraq, demək istərdim ki, o dövrün milli elitasının bu gün nə isə təqdim etməyə çalışan müəyyən hissəsi Azərbaycanın o ağır günlərində cəsarətsizlik göstərmiş, sayca daha çox olan digər hissəsi isə Ə.Vəzirovun və onun əlaltılarının əlində alətə çevrilmiş, Vətənin çətin dövründə xalq kütlələrinin avanqardı kimi həqiqi elitaya xas olan keyfiyyətləri göstərə bilməmişdi.
O dövrdə mən bir məsələni başa düşə bilmirdim ki, Ə.Vəzirovun 1988-ci il mayın 30-da (MK-nın birinci katibi seçiləndən 9 gün sonra) MK-nın plenumunda mənim Azərbaycan KP MK-nın katibi vəzifəsindən azad edilməyim barədə birdən-birə qərar çıxarması nə ilə bağlı idi? Zənnimcə, Azərbaycanın o narahat günlərdə ki, artıq dağılmaqda olan sovetlər ölkəsi bütün gəmini öz arxasınca dənizin dibinə çəkən lövbər kimi milli respublikaları öz arxasınca sürüdüyü dövrdəki tarixini daha ətraflı təsvir etməyə hərə imkanım olacaqdır.
Həmin plenumdan sonra Ə.Vəzirov keçən əsrin 70-80-ci illərində yaradılmış bütün kadr potensialını məhv etməyə başladı. Nə üçün bu insan öz xalqı üçün bu dərəcədə taleyüklü dövrdə yetərli rəhbərə çevrilə bilmədi? Axı, tarix ona belə fürsət vermişdi. Azərbaycanın o dövrü haqqında diskussiyalar aparılanda hər dəfə Ə.Vəzirovun ölkəyə rəhbərlik etdiyi iki ildən az müddətdə onunla işləmiş insanlardan eyni cavab alıram: Ə.Vəzirov nəinki çox zəif rəhbər idi, həm də ona etibar edilmiş kiçik kollektivi də idarə edə bilməmək kimi faciəli dərəcədə fərsizliyi ilə fərqlənirdi. Aradan qaldırılması üçün çox böyük təmkin, intellekt və vəziyyəti idarə etmək qabiliyyəti tələb olunan böhranlar barədə isə danışmağa dəyməz. Azərbaycan cəmiyyəti bu insanın düşük "əqli nəticələrini" və çox vaxt onu gülünc vəziyyətə salan dingilişliyini hələ də xatırlayır.
Milli reallıqları başa düşməmək, respublikada yaranmış vəziyyətə adekvat yanaşmanın olmaması, Azərbaycan mentalitetinə yabançı olan davranış normaları elə bir insan obrazı formalaşdırmışdı ki, onun fəaliyyəti bizi dövlətimizin ərazisinin 20 faizini itirməyə, iqtisadiyyatın bərbad vəziyyətə düşməsinə düçar etdi. Bütün bunlarla yanaşı, Mixail Qorbaçovun buyruq qulu və ən yaxın əlaltısı olan Ə.Vəzirov onun bütün göstərişlərini səylə və can-başla yerinə yetirirdi. Onun, Mixail Qorbaçovun, əslində, Azərbaycanın düşməni olmasını, respublikada böhranın yaranmasında və Dağlıq Qarabağ regionunun ayrılmasında marağının olmasını dərk etməməsinə inanmaq çətindir. Tarixdə Azərbaycan xalqına qarşı bu cür cinayətlər və satqınlıqlar az olmuşdur. Ə.Vəzirovun rəhbər tutduğu ideya çox sadə idi: məşhurlarşın və tarixə düşsün, fərqi yoxdur, qurucu kimi, yoxsa dağıdıcı kimi. Xatırladaq ki, qədim Yunanıstanda Herostrat da eyni hisslərlə yaşayırdı. Lakin Herostrat kimi, Ə.Vəzirov da milli tarixə uğursuz bir şəxsiyyət, sosial quruluşun autsayderi kimi düşdü.
1990-cı ilin 20 yanvar hadisələrindən sonra Dövlət Plan Komitəsinin keçmiş sədri A.Mütəllibovun ölkəyə rəhbərlik etməsi Azərbaycan cəmiyyətinin siyasi və iqtisadi dəyişikliklərə olan ümmunitetini tamamilə məhv etdi.
R.Mehdiyev daha sonra qeyd edir ki, Ayaz Mütəllibov hakimiyyətə gələndən sonra SSRİ məkanında yeni tarixi dəyişikliklərin başlandığını dərhal dərk etməmişdi. O, Dağlıq Qarabağın Azərbaycandan ayrılması ilə bağlı hadisələrin arxasında Sovet İttifaqının dağılmasının başlandığını görə bilmirdi. Heç də təsadüfi deyil ki, o, "QKÇP" - Dövlət Fövqəladə Vəziyyət Komitəsi iştirakçılarının qiyamını əvvəlcə dəstəkləmişdi. Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi kreslosundan Azərbaycan prezidenti kürsüsünə əyləşəndə isə erməni separatçılarının cilovlanmasına, habelə, ölkənin həyatında nəzərəçarpacaq dəyişikliklər edilməsinə yönəlmiş qətiyyətli tədbirlər görmədi. A.Mütəllibov AXC-nin cəbhədə baş verən hadisələrə faktik olaraq rəhbərlik etməsinə imkan verməklə xarakterinin faciəli dərəcədə zəifliyini göstərdi, bu isə hərbi əməliyyatların gedişində, o cümlədən, onun fəaliyyətsizliyi və birbaşa səhlənkarlığı ucbatından 366-cı motoatıcı alayın köməyi ilə erməni quldur dəstələrinin Xocalıda həyata keçirdikləri əməliyyatda dinc əhalinin kütləvi şəkildə qırılması ilə nəticələndi.
M.Qorbaçovun birbaşa göstərişinə əsasən, ölkənin rəhbəri olduqdan sonra o, ictimaiyyətlə və özünün opponentləri olan Xalq Cəbhəsi ilə dialoq yarada bilmədi. A.Mütəllibov faktik olaraq Ə.Vəzirovun yolu ilə gedir, cəmiyyətin konsolidasiyası və ölkəni gözləyən təhlükə qarşısında siyasi qrupların səylərinin birləşdirilməsi məsələlərini öz praktikasından çıxarmışdı. Özünün qəti mövqeyi olmayan bu insan yaxın ətrafındakı adamların diktəsinə tabe olurdu, onların çoxu isə dövlətin mənafelərini deyil, sırf konyuktur, şəxsi maraqları rəhbər tuturdu. Onun hakimiyyətə gətirdiyi kadrları ictimaiyyət tanımırdı və onlar yalnız A.Mütəllibovla, özü də müəyyən məqama qədər yaxın olmalarından başqa elə bir xüsusi qabiliyyətləri ilə fərqlənmirdilər. Davranışına xas olan ədalar ona ümumxalq məhəbbəti və nüfuz gətirməmişdi, yalnız "Torqovı küçəsindən olan modabaz oğlan" imicini qazandırmışdı. Heydər Əliyevin dövründə işində yol verdiyi ciddi səhvlərə, nöqsanlara və vəzifədən sui-istifadə hallarına görə işdən kənarlaşdırılan "cəzalandırılmışları" hakimiyyətə qaytarması da onun mövqeyini möhkəmlətmədi. Mübaliğəsiz demək olar ki, ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanda hakimiyyət "ayaqlar altında" qalmışdı. Onu kimsə qaldırmalı idi. Bunu Xalq Cəbhəsi etdi.
Tarixçi T.Qaffarov bu dövrü "İqtidar - AXC sövdələşməsi dövrü" kimi səciyyələndirərək, yazır ki, SSRİ-ni labüd iflasdan iqtisadi və siyasi islahatlarla xilas etmək, xalqları bir-birinə qarşı qoymaqla mərkəzdənqaçan qüvvələri zəiflətmək üçün "yenidənqurma" müəlliflərinin həyata keçirdiyi tədbirlər səmərəli olmadı. Əksinə, bu, imperiyada ümumi böhranı, ittifaqın dağılma prosesini sürətləndirdi. Milli ucqarlarda müstəmləkə boyunduruğuna qarşı mübarizə aparan qüvvələr daha da yetkinləşdi.
Azərbaycan xalqı qanlı yanvardan böyük dərs aldı, fövqəladə vəziyyət şəraitində partizan müharibəsi aparmaq kimi avantürist çağırışları rədd etdi, qarşıya mövcud reallıqlar daxilində həll edilməsi mümkün olan məsələlər qoymağa, mübarizəni dinc siyasi vasitələrlə davam etdirməyə başladı, mütəşəkkil şəkildə qırx günlük ümumrespublika tətili keçirildi.
Kənd əhalisinin yaxından köməyi ilə tətil edən fəhlələrə müntəzəm maddi və mənəvi yardım göstərilirdi. Tətil imperiyaya yarım milyard rubldan çox iqtisadi ziyan vurdu. Lakin tarixin bu məsuliyyətli dövründə AXC artıq xalqa rəhbərlik edə bilmədi. Onun siyasi cəhətdən kəmsavad, burnunun ucundan uzağı görməyən, öz ambisiyalarından çıxış edən bəzi liderləri qarşıdakı parlament seçkilərində yer almaq üçün iqtidarla razılığa gəldilər. Belə ki, bir qrup ziyalının "75-lərin bəyanatı" adlı müraciətindən "təsirlənən" iqtidar və AXC liderləri mayın ortalarında görüşüb Məşvərət Şurası yaratdılar.
Azərbaycan SSR Ali Sovetinin sessiyası mayın 19-da, Məşvərət Şurasında əvvəlcədən əldə olunmuş razılığa əsasən, prezident vəzifəsi təsis etdi və Ayaz Mütəllibovu bu vəzifəyə seçdi. İqtidar bir sıra güzəştlərə getdi. Demokratlara qarşıdakı seçkilərdə deputat yerləri vəd olundu. 21 may tarixli Fərman ilə 28 may - 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yarandığı gün Azərbaycan dövlətçiliyinin bərpası günü elan edildi.
Həmin gün demokratik qüvvələr Azərbaycan Respublikasının üçrəngli bayrağını keçmiş Azərbaycan parlamenti binası üzərində yenidən qaldırdılar. Fövqəladə vəziyyətin olmasına baxmayaraq, Bakıda, habelə, Gəncədə və respublikanın başqa şəhərlərində 28 may münasibəti ilə mitinqlər və nümayişlər keçirildi.
Lakin bütün bu nümayişkaranə tədbirlərə baxmayaraq, Azərbaycan xalqı Xalq Cəbhəsi liderlərinin qeyri-ardıcıl mövqeyini görüb bu təşkilatdan uzaqlaşmağa başladı. Qısa bir müddətdə xalq cəbhəsi üzvlərinin sayı 3 dəfəyə qədər azaldı.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru