Azərbaycanın dünyaya inteqrasiya olmasında Böyük Britaniya ilə əlaqələrin inkişaf etdirilməsinin böyük əhəmiyyəti var. Məlum olduğu kimi, Böyük Britaniya ingilis, şotland, valliyalıların və başqalarının vətənidir. İngilis milləti qədim İberiya qəbilələrinin hind-Avropa mənşəli kelt, anql, saks, friz, yut qəbilələri və sonralar frank-normandlar ilə qaynayıb qarışmasından əmələ gəlib. Hazırda Böyük Britaniyada 45 mln ingilis, 5 mln şotland, 1 mln valliyalı, 0,3 mln Olster irlandı yaşayır. Həmin millətlərin nümayəndələri müxtəlif dövrlərdə ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyaya mühacirətə getmişlər. İngilislər olduqca qürurlu millətdir. İngilisə elə gəlir ki, onun vətənində hər şey başqalarına nisbətən daha əla qurulub. Bəzən o, xariciyə yuxarıdan aşağı, həqarətlə baxır.
İngilislər var-dövlətə ehtiramla yanaşırlar. Pul qazanmaq bacarığı ifrat dərəcədə yüksək qiymətləndirilir. Eyni zamanda, ingilis heç də xəsis deyil. O, evinin abadlığına, ailəsinin rahatlığına zəruri miqdarda pul sərf etməyə qadirdir.
İngilislər səyahət etməyi, yeni təəssürat əldə etməyi xoşlayırlar, lakin ziyarət etdikləri ölkələrdə yerli əhali ilə yaxınlaşmağa meyilli deyillər.
"Azərbaycan-Böyük Britaniya: əməkdaşlıq və tərəfdaşlıq (1991-2001) tarixi xronika" əsərində göstərilir ki, Böyük Britaniya tarixən Azərbaycanda siyasi və iqtisadi maraqları olan qüdrətli dövlətdir və iki ölkə arasında əməkdaşlığın tarixi keçmişi vardır.
Hələ XVI əsrdə Azərbaycanda Səfəvi dövlətinin İngiltərə ilə sıx əlaqələri mövcud olmuşdur. İngiltərənin Rusiya və onun ərazisi vasitəsi ilə Şərq ölkələri ilə ticarət əlaqələrinə nəzarət edən "Moskva" kompaniyası XVI əsrin 60-70-ci ilərində (1561-1581) Səfəvi dövlətinə altı ekspedisiya göndərmişdir (Birinci ekspedisiya 1561-1564; ikinci ekspedisiya 1563-1565; üçüncü ekspedisiya 1565-1567; dördüncü ekspedisiya 1568-1569; beşinci ekspedisiya 1568-1574; altıncı ekspedisiya isə 1579-1581-ci illərə təsadüf edir). Bununla orta əsrlərdə ilk dəfə olaraq Azərbaycan Səfəvi dövləti ilə İngiltərə arasında əlaqə yaranmışdır. Bu ekspedisiyalarda Avropanın tanınmış tacir və səyyahları E.Cenkinson, A.Eduards, X.Berrou, C.Deket, R.Çini, T.Benister və L.Çompmen də iştirak etmişdir.
Böyük Britaniyanın müasir neft maqnatlarından Doktor Terri Adams çıxışlarının birində demişdir: "Bakı əsrlər boyu tarixi hadisələrin qovşağında yerləşmişdir. O, "İpək yolu"nun üstündə mühüm ticarət mərkəzi, Rusiya inqilabında aparıcı oyunçu və bunun nəticəsində isə Sovet İttifaqı tarixinin mühüm vəsiləsi olmuşdur. Azərbaycan regional geosiyası qüvvələrin təsirinin azaldığı və artdığı ölkə olmaqdan əziyyət çəkmişdir. Lakin XX əsrdə Bakı neftinin tarixçəsi onun keşməkeşli keçmişini diqqtə etmişdir. Britaniyanın Bakıdakı maraqlarına dair geniş məlumatlar vardır və bugünkü təcrübəmizi Bakıda olmuş Britaniya missiyaları haqqında məlumatlarla müqayisə etsək, regionun tarixinin dövrü olaraq dəyişən təbiətini görə bilərik.
1555-ci ildə Londonda yeni Moskva şirkəti yaradıldı. XVI əsrin sonrakı illərində Mərkəzi Asiyaya agentlər göndərildilər. 1568-ci ildən 1574-cü ilə kimi Azərbaycana 6 ingilis missiyasının gəlməsi qeydə alınmışdır. Bu dövrdən Tomas Bannister və Cefri Daketin Qafqaz təəssüratlarında Bakı aşağıdakı kimi təsvir edilmişdir: "Burada yerdən qeyri-adi yağ çıxır, ondan isə bütün ölkədə evlərdə yandırmaq üçün istifadə olunur. Bu yağ qaradır və "neft" adlanır. Həmçinin, Bakı şəhərində ağ rəngdə olan digər bir yağ növü vardır və o, çox qiymətlidir, onu bezin (petrol) adlandırırlar."
Bu məlumatlar Britaniya sahillərində Bakıya BP-nin gölgəsində iz salan digər bir iş adamı 1994-cü ildə yaradılmış ABƏŞ neft konsorsimunun rəhbərindən 400 ilə əvvəl yazılmışdır.
XVI əsrin 60-cı illərində İngiltərənin Səfəvi dövləti ilə əlaqələr yaratmasının səbəbi dövrün ən qiymətli sənədlərindən birində ingilis kraliçası, əlahəzrət Yelizaveta Tüdorun (1558-1603) Şah Təhmasibə göndərdiyi 1561-ci il 25 aprel tarixli məktubunda aydınca göstərilmişdir. Məktubda əlahəzrət kraliça ingilis tacirlərinə sərbəst və güzəştli ticarət şəraiti yaradılmasını xahiş etmiş və yaranacaq əlaqələrin hər iki tərəf üçün faydalı olacağına inandırmağa çalışmışdır. Elə həmin ildə "Qaranquş" adlı ilk ingilis gəmisi 80 tay mahud yükü ilə ölkəmizə gəlmişdir. Nümayəndə heyətinə başçılıq edən XVI əsrin görkəmli ingilis səyyahı və taciri Entoni Cenkinson Azərbaycan ərazisini gəzmiş, xalqımızın məişətinə, iqtisadi həyatına çox həssas yanaşaraq, bütün incə məqamlara diqqət yetirmiş və müəllifi olduğu "Gündəlik" adlı əsərdə Azərbaycan haqqında çox qiymətli məlumatlar vermişdir. O, 1552-ci ildə Şamaxıda Şirvan əyalətinin hakim Abdulla xan Ustaclı ilə görüşmüş və Şamaxıda ingilis ticarət faktoriyasının əsasını qoymuşdur.
Sonrakı illərdə də İngiltərə ilə münasibətlər davam etmişdir. Səfəvı hökmdarı I Şah Abbas dövründə (1587-1629) Azərbaycana gəlmiş ingilis taciri və səyyahları Entoni və Robert Şerlı qardaşları 1599-cu ildə İsfahanda Səfəvi hökmdarı tərəfindən qəbul edilmiş, onların xahişi ilə ingilis tacirlərinin gömrük rüsumu ödəmədən azad ticarət etməsinə razılıq verilmişdir.
XIX əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda neft sənayesinin inkişafı Birinci Dünya müharibəsindən sonra dünyada, eyni zamanda, Qafqazda yaranmış yeni siyasi şərait Azərbaycanla İngiltərə arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasına səbəb olmuşdur.
Doktor Terri Adamsın fikrincə, Bakı nefti müasir beynəlxalq neft sənayesinin atasıdır. Bakıda geniş miqyaslı neft istehsalına hətta Pitsburqda (Pensilvaniya) polkovnik Dreykin neft fəaliyyətindən qabaq - 1872-ci ildə başlanmışdır, XIX əsrdə çox qısa bir dövrdə Bakı beynəlxalq neft sənayesinin qlobal mərkəzinə çevrilmiş və bu gün bizim istifadə etdiyimiz texnologiyanın çoxu Bakıda kəşf olunmuşdur. Bundan əlavə, Nobellərin rəhbərliyi ilə yerlı rus və avropalı mühəndislər Bakıya onun bu gün malık olduğu zərif və mədəni havanı bəxş etmək üçün birləşmişdilər.
1905-ci ildə Londonda bu hadisələri təsvir edən kitab nəşr olundu. Kitab dövrünün məşhur Britaniya neft jurnalisti, müşahidələri 90 ildən sonra bu gün də müəyyən rezonans doğuran Cefri Daket Henri tərəfindən tərtib olunmuşdur. O yazırdı: "On iki ay əvvəl neft haqqında heç nə bilməyən adam, Bakıdan bixəbər idi. Bu gün Bakı milyonlara tanışdır". ABƏŞ yaradılanda Azərbaycandan kənarda az adam bu hay-küylü şəhərdə bəş verənlərdən xəbərdar idi. Bura gəlib çıxmaq çətin idi, Rusiya və Türkiyədən başqa Bakıya beynəlxalq hava xətləri yox idi. Bu yaxınlarda Britaniya Hava Yolları hələ də lovğalanırdı ki, "Biz hər yerə Aberdindən Azərbaycana uçuruq". Lakin indi çoxlu sayda nəqliyyat təyyarələri vardır. Əlavə olaraq, Bakıdakı cari işlər Britaniya və ABŞ teieviziyası və beynəlxalq mətbuat üçün ümumi mövzudur.
1905-ci ildə C.D.Henri yazırdı: "Qafqaz təbiətən praktik olaraq tükənməz mineral sərvətlərlə təmin olunmuşdur. Biz bu regionun xarici maliyyəçilərə açılacağı zamanın yaxınlığındayıq."
1994-cüildə ABƏŞ sərmayədarları azərbaycanlıların "Əsrin Müqaviləsi" adlandırmağı xoşladıqları sazişi imzaladıqdan sonra neft uğrunda yarış yenidən təkrarlandı. Henri əlavə edirdi: "Azərbaycan hökuməti neft inkişafında göstərilən yardımı çox arzu edir və çox mühüm imtiyazlar təqdim edir". Biz sonrakı nişanələri ikinci dəfə Azərbaycanın müstəqilliyinin təhlükəsizliyində çox mühüm olan beynəlxalq alyansların yaradılması üçün əsas olan Prezident Heydər Əliyevin 1990-cı illərdəki neft strategiyasında görürük.
XX əsrin əvvəllərindəki Azərbaycan-Böyük Britaniya münasibətlərinin araşdırılması bir neçə xüsusiyyətı meydana çıxarmışdır Birinci, orta əsrlərdən başlayan iqtisadi münasibətlər 1918-20-cı illərdə müstəqil dövlətçilik səviyyəsində davam etdirilmişdir. Digər tərəfdən həmin dövrdə özünü beynəlxalq aləmə müstəqil dövlət kimi tanıtmaq üçün ciddi problemlərlə qarşılaşan Azərbaycan hökuməti mənəvi dəstəyi məhz Böyük Britaniyadan almışdır.
1918-ci il noyabrın 17-də Britaniya Ekspedisiya korpusunun generalı Tompson Birinci Dünya müharibəsində qalib gəlmiş ölkələr - Antanta adından Bakıya gəlir. Azərbaycan Xalq Cümhuriyyəti nümayəndələrinin general Tompsonla sıx əməkdaşlığı sayəsində 1918-cı il dekabrın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin koalision hökuməti Antanta dövlətləri adından Bakıda olan ingilis komandanlığı tərəfindən tanınır. Əməkdaşlıq sayəsində ingilis komandanlığı çar Rusiyasının generalı Denikinlə danışıqlar apardıqdan sonra Azərbaycanın şimalında demorkasiya xətti çəkilmiş və Denikin bu xətti pozmağa cəsarət etməmişdir.
Terri Adams deyirdi: "Hazırkı dövrlə belə müqayisələr I Dünya müharibəsindən sonra baş verən coşqun, Azərbaycan Demokratik Respublikası kimi tanınan (1918-1920) və çox qısa bır ömür yaşamış Birinci Respublikada kulminasiya həddinə gəlib çatmış hadisələrin yenidən nəzərdən keçirilməsi ilə daha dramatik şəkildə nümayiş etdirilir. Təəssüf ki, bu respublikaya sosialist inqilabı üçün Bakı neftini mənbə kimi istifadə etmək məqsədilə onu ələ keçirən, Bakıya 1920-ci ilin aprelində qırmızı ordunun gəlişi ilə son qoyuldu. Bundan çox qısa müddət əvvəl isə "26 Bakı komissarları" qətlə yetirilmişdilər
Bu böyük tarixin bir hissəsi 1918-ci ilin 17 noyabrında Britaniya ordu zabiti general V.Tompsonun Bakıda Britaniya Neft Administrasiyası adlanan quruma başçı təyin edilməsi idi. Bu, nə Bakıda, nə də ondan kənarda hamılıqla alqışlanan bir təyinat olmadı. Lakin general Tompsonun qarşılaşdığı təhdidlərin əksər hissəsı təxminən 80 il sonra ABƏŞ öz yüksək profilli ilkin neft layihəsinə başlayanda təkrarlandı. General Tompsonun 1918-ci ilə dair məruzələri Xarici İşlər Nazirlıyinin (Foreign Office) arxivlərində vardır və onların oxunması bu gün çox şeyin üzərinə işıq salır. O, çox böyük dəqiqliklə Bakıda artmaqda olan xaotik potensial və iqtisadi vəziyyəti sabitləşdirmək üçün ondan nə tələb olunduğunu təsvir etmişdir."
Bu dövr haqqında qəhrəmanların və casusların hekayətlərinin üstünlük təşkil etdiyi çox əsərlər yazılmışdır. General Tompsonun müşahidələri daha praktik idi "Bakıda ticarət demək olar ki, tamamilə kəsilib və durğunluğun nəticəsi olaraq gəmilər və dəmir yolları tamam yararsız hala düşüb. Buna görə əsaslı yenidənqurma zəruridir və bu vəzifə aşağıdakı əsas sahələrdə aparılmalıdır: bank işi, əmək və nəqliyyat (dəmir yolları) və neft".
Eyni sözləri 1994-cü ilin dekabrında ABƏŞ Bakıda ilk neft əməliyyatlarına başlayanda da yazmaq olardı. 1990-cı illərin əvvəllərində İkinci Respublika Birinci Respublikanın qarşılaşdığı oxşar təhdidlərlə qarşılaşmışdır. Bakı müasir Rusiya imperiyası olan Sovet İttifaqının çökməsi nəticəsində süquta uğramış iqtisadiyyatdan əziyyət çəkir və o, Qarabağ üzərində ərazi iddialarına görə müharibə vəziyyətində idi (hələ də belədir).
1918-ci ildə general Tompson iqtisadiyyatda sabitliyi bərpa etmək kimi çətin bir məsələ ilə üzləşdi. Onun qarşısında duran əsas tələb möhkəm və etibarlı bank sistemini yenidən qurmaq idi. Lakin o yazırdı: "Bakıdakı siyasi vəziyyət daimi Britaniya Bankının açılmasına imkan vermir, çünki bu, Britaniyanın niyyətlərinə şübhə və qısqanclığı artıra bilər".
Bakıda Yaxın Şərq Britaniya Bankının baş icraçısı da ikinci respublika üçün möhkəm beynəlxalq bank sektorunun yaradılması prioritet məsələ olduqda oxşar fikirləri ifadə edə bilərdi.
Əməyə münasibətdə general Tompson yerli vəziyyətə dair çox dolğun və geniş məruzə edərək qeyd edirdi: "Neft sahəsi və dəmir yollarında və ya fabriklərdə işləyən heç bir fəhləyə maaş ödənilmir, Xəzər Ticarət Donanmasının dənizçiləri və liman fəhlələri də oxşar vəziyyətdədirlər. Buna çox qısa bir zamanda diqqət yetirmək lazımdır. Əlavə olaraq, fəhlələri daha ucuz qiymətə yeməklə təmin etmək üçün razılaşmalar əldə olunmalıdır".
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Nazirlər Kabineti 1994-cü ildə eyni problemlə qarşılaşmışdılar. Haqqı ödənilməmiş və ac işçi qüvvəsi Sovet İttifaqının süqutundan sonra bir qüvvə kimi qalxan, tez-tez rast gəlinən cəhət idi. Lakin 1918-ci ildə general Tompson bunları əlavə edə bilirdi: "Bütünlükdə, Azərbaycan fəhlələri ən yaxşı halda İngiltərədəki çox dözümlü fəhlə sinfi ilə müqayisə oluna bilər. Onlar ədalətli davranışa cavab verirlər. Ümumilikdə danışsaq, azərbaycanlılar əməksevərdirlər." Bakıda 80 il sonra da eyni əhval-ruhiyyə hökm sürürdü. Bakı və ya Azərbaycanın digər hər hansı bir yerində neft fəhlələrinin səbri və dözümlülüyü çox qəhrəmancasınadır və özünə qarşı hörmət tələb edir Onların çalışqanlığı, sadiqliyi və təcrübəsi olmadan ABƏŞ-in ilkin neft layihəsi vaxtında (1994) başa çatdırılmazdı.
1918-ci ilə qayıdarkən, general Tompson daha sonra dəmiryol nəqiiyyatçısının, xüsusilə, Bakı və Qara Dəniz arasındakı dəmir yolları məsələsini qaldırırdı. Qafqazın vəziyyətini bu günə uyğun bir şəkildə təsvir edirdi: "Azərbaycan və Gürcüstan arasında güclü rəqabət mövcud olmuşdur Birincı (yəni Azərbaycan) dəmiryol sisteminin asılı olduğu neftə. ikinci isə (Gürcüstan) bütün dəmiryol təmirlərinin həyata keçirildiyi emalatxanalara malik idi".
Regional əməkdaşlığa çox vacib ehtiyac var idi. Təəssüf kı, Birinci Respublika vaxtı bu gözlənilən deyildi. Xoşbəxtlikdən, 1990-cı illərdə Azərbaycan və Gürcüstan öz iqtisadi və siyasi fəaliyyətlərində Bakıda Prezident Əliyev və Tbilisidə prezident Şevardnadze kimi mühüm çəkiyə malik mötəbər siyasi liderlər tərəfindən dəstəklənən həqiqi məqsəd birliyinə malikdirlər.
Özünəməxsus məsələ olan neftə, general Tompson Qara dənizə gedən neft kəmərlərinin işlək vəziyyətdə saxlanmasının müstəsna əhəmiyyətinə xüsusi diqqət vermişdir: "Boru kəməri əməliyyatları Azərbaycan və Gürcüstan arasında tarif mübahisəsinə görə dayandırılmışdır və boru kəməri zədələnmışdir. Lakin boru kəməri təmir edilmişdir və indi işlək vəziyyətdədir. Ancaq neftə görə pul ödəmədiyindən Gürcüstana görə neftin doldurulması kəsilib. Bunun nəticəsində Bakıda quyularda iş dayanıb və anbarlar doludur".
Müxtəlif vaxtlarda bu saxlanılmış neft Britaniya, Almaniya, Rusiya tərəfindən potensial mükafat kimi görülmüşdür. Lakin bu, başqa bir tarixçədir. 1919-cu ilin avqustunda ingilis qoşunlarının Azərbaycanı tərk etməsindən sonra Azərbaycan-Britaniya münasibətlərinin yeni mərhələsi başlayır. İkitərəfli münasibətlərdə məhz bu məqama - Paris sülh konfransında iştirak üçün ciddi çətinliklərlə qarşılaşan Azərbaycan nümayəndə heyətinə Böyük Britaniyanın verdiyi dəstəyə xüsusi diqqət yetirmək istərdik.
Birinci Dünya müharibəsində qalib gəlmiş dövlətlərin əldə etdikləri qələbələri rəsmiləşdirmək üçün çağırdıqları Paris sülh konfransında "Rusiya məsələsi"nin əsas yer tutacağı aydın idi. Cənubi Qafqazda yeni yaranmış dövlətlər, o cümlədən, Azərbaycan bu konfransdan çox şey gözləyirdi. Lakin ilk vaxtlar iştirakçı dövlətlər arasında özünə möhkəm yer tutan "vahid, bölünməz Rusiya" ideyası yeni müstəqillik qazanmış dövlətlərin konfransda iştirakına maneçilik törədirdi. Bütün bunlara baxmayaraq, Britaniya diplomatları aparılan çoxsaylı danışıqlarda Azərbaycanın müstəqilliyinin tərəfdarı kimi çıxış edirdi. Elə buna görə də Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini müdafiə edən qarant məsələsi meydana çıxanda konfransda söz sahibi olan dövlətlər Böyük Britaniyaya müraciət etdilər.
Antanta xarici işlər nazirlərinin Parisdəki görüşündə İngiltərə xarici işlər naziri Lord Kerzon təsdiq edirdi ki, bolşeviklərin qələbələri Qafqaz respublikaları üçün böyük təhlükə yaradır. Bu respublikaların xilası naminə Britaniya ciddi addımlar atmağa hazırdır. 1920-ci il yanvarın 11-də məhz Böyük Britaniya hökumətinin təqdimatı ilə Antanta Dövlətlərinin Ali Şurası Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini tanımaq haqqında qərar qəbul etdi. Lakin bu qərar Rusiyadan gələn bolşevik təhlükəsini aradan qaldırmadı. Cənubi Qafqaz Respublikalarına münasibətdə Sovet Rusiyasının tutduğu mövqe bu respublikaların müstəqilliyinə son qoydu. 1920-ci il aprelin 28-də Sovet Rusiyasının Azərbaycana hərbi müdaxiləsi Azərbaycan xalqını 70 il ərzində milli dövlətçilikdən və müstəqillikdən məhrum etdi. Yalnız dünyada gedən qlobal ictimai-siyasi roseslər nəticəsində Sovet İttifaqı dağıldıqdan sonra 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası itidiyi dövlət müstəqilliyini yenidən bərpa etmişdir.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru