PDF Oxu

MİA

  • 2 025

Azərbaycan- Böyük Britaniya siyasi münasibətlərində ikinci mərhələ (1994-1995-ci illər)

Azərbaycan- Böyük Britaniya siyasi münasibətlərində ikinci mərhələ (1994-1995-ci illər)

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuş Mahmud Məmməd-Quliyev 1994-cü il martın 30-da öz etimadnaməsini Böyük Britaniya kraliçası əlahəzrət II Yelizavetaya təqdim etmişdir. Rəsmi mərasimdə çıxış edən səfir Mahmud Məmməd-Quliyev Böyük Britaniya ilə Azərbaycan arasında genişlənməkdə olan dostluq əlaqələrinin yenicə müstəqillik qazanmış respublikamız üçün əhəmiyyətindən danışmışdır. Səfir, eyni zamanda, Ermənistan-Azərbaycan münaqişəsində Böyük Britaniya hökumətinin tutduğu mövqeyə görə, kraliça əlahəzrətlərinə minnətdarlığını bildirmişdir.

Əlahəzrət kraliça II Yelizaveta Karib dənizi ölkələrində səfərdə olduğuna görə, Azərbaycan Prezidenti Heydər Əliyev ilə Londonda görüşə bilmədiyi üçün təəssüfləndiyini bildirmişdir. Əlahəzrət kraliça heç vaxt Zaqafqaziya bölgəsində olmadığını qeyd etmiş, orada gedən prosesləri daha yaxından izləmək arzusunu bildirmişdir, Səfir Mahmud Məmməd-Quliyev kraliça həzrətlərini onun üçün əlverişli vaxtda Azərbaycana gəlməyə dəvət etmişdir.

Azərbaycanın Böyük Britaniyadakı səfirinin öz etimadnaməsini təqdim etməsi münasibəti ilə Londonun "İnterkontinntal" mehmanxanasında rəsmi ziyafət verilmişdir. Ziyafətdə Böyük Britaniyanın siyasət adamları, işgüzar dairələrin nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri, habelə, İngiltərədə yaşayan soydaşlarımız iştirak etmişlər.

1994-cü il mayın 23-də Azərbaycan Prezidenti Heydər Əliyev Xəzər dənizində neft-qaz hasilatı haqqında mayın 24-də açılacaq sərgi ilə əlaqədar Bakıya gəlmiş Böyük Britaniyanın energetika naziri Tim Eqqari və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Nümayəndə heyətinin tərkibinə Böyük Britaniyanın ticarət və sənaye naziri Ken Forrest, "Ramko" şirkətinin prezidenti Stiv Remp, "Britiş Petroleum" şirkətinin nümayəndələri Krist Royt, Eddi Baythed və digər özəl strukturları təmsil edən Deyvid Vaytmon, Con-Dan Kauna, Riçard Pollok daxil idilər.

Görüşdə Azərbaycan Prezidenti Böyük Britaniyaya səfəri zamanı iki ölkə arasında əməkdaşlıq, o cümlədən, energetika sahəsində əməkdaşlıq haqqında əldə edilmiş sazişlərdən məmnun qaldığını söyləmişdir. Prezident Heydər Əliyev Dövlət Neft Şirkətinin informasiyasına əsaslanaraq, Tim Eqqara bildirmişdir ki, "Azəri" və "Çıraq" yataqlarının xarici neft şirkətləri ilə birlikdə işlənməsinə dair danışıqların növbəti mərhələsi mayın 20-də İstanbulda müvəffəqiyyətlə başa çatmış və bu sazişlərin bağlanması imkanını yaxınlaşdırmışdır. Prezident qeyd etmişdir ki, Britaniya firmalarının və Azərbaycan Ticarət Sənaye Palatasının Bakıda təşkil etdikləri beynəlxalq sərgi də buna kömək edəcəkdir.

Böyük Britaniyanın energetika naziri Tim Eqqar Bakıda açılacaq sərgini çox mühüm hadisə adlandırmış və vurğulamışdır ki, bir çox ölkələrdə, o cümlədən, Böyük Britaniyada da bu fikirdədirlər. Tim Eqqar demişdır ki, onun ölkəsi Londonda Azərbaycanla imzalanmış müqavilələrə böyük əhəmiyyət verir, Nazir, eyni zamanda, qeyd etmişdir ki, Londonda başa düşürlər ki, Azərbaycanla təkcə neft-qaz hasilatı sahəsində deyil, həm də, başqa sahələrdə, məsələn, telekommunikasiya, metallurgiya sahələrində də əməkdaşlıq üçün böyük imkanlar var.

Görüşdə Böyük Britaniyanın energetika naziri Tim Eqqar Baş nazir Con Meycorun məktubunu Azərbaycan Prezidenti Heydər Əliyevə təqdim etmişdir.

Mayın 24-də Bakıda Britaniyanın "Spirhed Eksibişnz" şirkəti və Azərbaycan Ticarət-Sənaye Palatasının təşkil etdiyi Xəzər dənizində neft-qaz hasilatına dair I beynəlxalq sərginin açılış mərasimində Azərbaycan Prezidenti Heydər Əliyev və Böyük Britaniyanın energetika naziri Tim Eqqar iştirak etmişdir. Açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev Azərbaycanın Qərb neft şirkətləri ilə əməkdaşlığına toxunaraq demişdir: "...Biz ölkəmiz üçün çox mühüm və məsuliyyətli olan bu addımı atarkən başlıca prinsipi - Azərbaycan Respublikasının milli mənafelərini, həm bizim dövlətimiz üçün, həm də iqtisadiyyatımıza investisiya qoymağı qərara almış neft şirkətləri üçün qarşılıqlı faydalı edən prinsipi əsas götürürük. Məmnuniyyətlə qeyd edirəm ki, bu prosesdə Qərbin təkcə neft şirkətləri deyil, həm də bu ölkələrin rəhbərləri, məsələn, Böyük Britaniyanın başnaziri, danışıqlara maraq göstərən cənab Con Meycor iştirak edir. Cənab Con Meycor mənə göndərdiyi məktubda həmin məsələ barədə öz fikrini ifadə etmişdir və bu ölkələrimiz arasında energetika sahəsində əməkdaşlıq haqqında müvafiq sazişdə əksini tapmışdır. Bugünkü mərasimdə iştirak etmək üçün xüsusi olaraq, Bakıya gələn Birləşmiş Krallığın energetika naziri cənab Tim Eqqarın sərginin açılışında olmasını böyük məmnuniyyətlə qeyd edirəm".

Sərgidə çıxış edən Böyük Britaniyanın energetika naziri Tim Eqqar qeyd etmişdir: "...biz birlikdə işləməliyik. Müasir texnologiyaların bizə verdiyi imkanlardan istifadə edərək əməkdaşlığın müxtəlif variantlarını tapmalıyıq. Bugünkü hadisə mövcud əlaqələr üzərində yeni münasibətlər yaratmaq üçün gözəl imkan verir".

1994-cü il iyunun 7-də Azərbaycan Prezidenti Heydər Əliyev Böyük Britaniyanın respublikamızdakı səfiri Tomas Yanqı onun xahişi ilə qəbul etmiş və iki ölkə arasında münasibətlərə aid qiymətli fikir mübadiləsi aparmışdır. Azərbaycan Prezidenti Xəzər dənizinin statusu barədə Rusiya Xarici işlər Nazirliyinin heç kim tərəfindən imzalanmamış "notası"nın Moskvada Böyük Britaniya səfirliyinə verilməsi ilə əlaqədar Qərb neft şirkətlərində yaranmış narahatlığı "əsassız narahatlıq" adlandırmışdır. Prezident Heydər Əliyev qeyd etmişdir ki, mayın 31-də Rusiyanın baş naziri Viktor Çernomirdin ilə söhbətindən aydın olduğu kimi, Rusiya hökumətinin başçısı belə bir "nota"nın peyda olmasından təəccübləndiyini bildirmişlər. O demişdir ki, Rusiya Xəzər dənizi statusu haqqında məsələ qaldırmır, bu məsələni nəzərdən keçirmək niyyətində deyildi və Azərbaycan bu bəyanatı onun adından rəsmi yaya bilər. Azərbaycan Prezidenti qeyd etmişdir ki, o, Azərbaycanın "Azəri" və "Çıraq" yataqlarının birgə işlənməsi barədə Qərbin neft şirkətləri ilə İstanbulda yenidən başlanmış danışıqların iştirakçılarına Rusiya hökuməti başçısının bu bəyanatı haqqında məlumat versin. Prezident əmin olduğunu bildirmişdir ki, danışıqların bu mərhələsi də müsbət nəticələr verəcək və sazişlərin imzalanmasını sürətləndirəcəkdir.

Azərbaycan Prezidenti Heydər Əliyev 1994-cü il iyulun 27-də Britaniya parlamenti Lordlar Palatasının üzvü, "Secvik Marin" şirkətinin direktoru lord Nikolas Con Albert Feyrfaksı qəbul etmişdir. Görüşdə Azərbaycan Prezidenti demişdir; "Bizneslə siyasət qarşılıqlı surətdə bağlı olan sahələrdir. Buna görə də mən belə düşünürəm ki, Birləşmiş Krallığın işgüzar adamlarının respublikamız barəsində fəallıq göstərməsi mənim Böyük Britaniyaya səfərimin gedişində ölkənin baş naziri Con Meycorla, parlamentin məşhur üzvləri, müxtəlif şirkətlərin nümayəndələri ilə görüşlərimin nəticəsidir".

Britaniya Parlamenti Lordlar Palatasının üzvü Lord Feyrfaks başçılıq etdiyi şirkətin dünyada ən iri broker sığorta holdinq qruplarından biri olan təşkilatının vəziyyətindən respublika Prezidentinə ətraflı məlumat vermişdir. Lord Feyrfaks bildirmişdir ki, keçmiş ittifaq respublikaları ilə iş sahəsində on ildən çox təcrübəsi olan "Secvik Marin"in başçısı Azərbaycana ilk dəfədir gəlir. Bir milyard funt sterlinq sərmayəsi olan və 15 min adamın çalışdığı şirkətin Moskvada və Qazaxıstanda öz nümayəndəlikləri vardır.

Nikolas Feyrfaks sözünə davam edərək demişdir: "Mən Bakıda çox səmimi qarşılandım, burada sığorta xidmətləri bazarı yaratmaq istəyən çox adamla söhbət etdim. Ümidvaram ki, biznesimiz Azərbaycanda müvəffəqiyyətlə baş tutacaq və biz burada şirkətimizin nümayəndəliyini açacağıq".

Görüşün sonunda Azərbaycan Prezıdenti ümidvar olduğunu bildirmişdir ki, lord Feyrfaks öz mövqeyindən və nüfuzundan istifadə edərək, Azərbaycana başqa məsələlərdə də kömək göstərə biləcəkdir.

1994-cü il sentyabrın 13-də Böyük Britaniya parlamentinin üzvü Harold Eletson Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən qəbul edilmişdır. Görüşdə Britaniya parlamentinin üzvü demişdir: "Azərbaycana dördüncü səfərimdir ki, gəlirəm. İndi bir daha gördüm ki, respublikanızın həyatında çox ciddi dərin iqtisadi dəyişikliklər baş verir. Adamlarla görüşərkən dərhal hiss edirsən ki, müstəqil Azərbaycan Respublikasının həyatında xeyli müsbət yeniliklər vardır. Mən yaxşı bilirəm ki, bunlar hamısı Prezident Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər nəticəsində mümkün olmuşdur".

Harold Eletson öz həmkarları ilə birlikdə əvvəlki səfərləri zamanı respublikamızın siyasi, iqtisadi həyatı, Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar topladığı məlumatları Böyük Britaniya ictimaiyyətinə və yüksək vəzifəli şəxslərinə çatdırmasından söhbət açmış, Britaniya parlamentindəki İngiltərə-Azərbaycan dostluq qrupunun fəaliyyəti və perspektivləri barədə də Azərbaycan Prezidentinə məlumat vermiş və əmin olduğunu bildirmişdir ki, iki ölkə arasındakı əlaqələr bundan sonra daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Harold Eletson, həmçinin, Azərbaycanın Böyük Britaniyadakı səfirliyi ilə sıx əlaqələrindən bəhs etmişdir. Görüşdə Azərbaycan-Böyük Britaniya əlaqələrinə toxunan Azərbaycan Prezidenti Heydər Əliyev demişdir: "Hesab edirəm ki, Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələr sürətlə inkişaf etməlidir. Mən bu ilin fevral ayında Londona rəsmi səfərim zamanı İngiltərənin baş naziri Con Meycorla görüşərkən bu barədə həmfikir olmuşuq. Ona görə də sizin ölkədən gələn hər bir nümayəndə heyətini məmnuniyyətlə qəbul edirəm. Bilirəm ki, bütün bunlar həm ölkələrimiz arasında əlaqələrin inkişaf etməsinə, həm də müstəqil Azərbaycan Respublikası haqqında doğru-düzgün məlumatların dünyanın hər yerinə, o cümlədən, Böyük Britaniyaya çatdırılmasına kömək edir".

Heydər Əliyev daha sonra demişdir: "Mənə məlumdur ki, Böyük Britaniya parlamentində Azərbaycanla dostluq qrupu fəaliyyət göstərir. Həmin qrupun işini bəyənirəm və orada fəaliyyətinizə görə sizə minnətdarlıq edirəm".

1995-ci ildə Azərbaycan-Böyük Britaniya ikitərəfli əlaqələrinin intensivləşməsi və inkişafı sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. Həmin ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Böyük Britaniyaya iki səfəri, həmçinin, Britaniyanın Energetika naziri Tim Eqqarın Azərbaycana II "Xəzərneftqaz" sərgisində iştirak etmək məqsədi ilə səfəri mühüm əhəmiyyətə malik olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İkinci Dünya müharibəsinin başa çatmasının 50 illiyi münasibətilə Böyük Britaniya, Fransa və Rusiya Federasiyasının paytaxtlarında keçirilən bayram şənliklərində iştirak etmişdir. Xarici ölkələrə hər bir səfərində olduğu kimi, Londonda da dövlət başçımız istirahətə vaxt ayırmadan əməli görüşlərə başlamışdı. O, İngiltərə paytaxtına gələndən təxminən bir saat sonra Böyük Britaniyanın xarici işlər və millətlər birliyi işləri üzrə dövlət katibi Duqlas Hördün görüşünə getmişdir.

Görüşdə qeyd olunmuşdur ki, dost ölkələrimizin qədim tarixi ənənələri olan ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi barədə 1994-ci il fevral ayında Londonda bağlanan sazişin böyük əhəmiyyətini qeyd etmişdir. Böyük Britaniya Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev mayın 7-də Londonda Böyük Britaniyanın sənaye və energetika naziri Tim Eqqar ilə görüşmüşdür. Azərbaycan lideri Heydər Əliyevi ən yaxın dostu kimi hərarətlə qarşılayan cənab Eqqar onu Londonda görməyindən məmnun olduğunu bildirmişdir. Dövlətimizin başçısı ilə əvvəlki görüşlərini xoş xatirə kimi yada salan nazir Prezident Heydər Əliyevi özünə yaxın dost hesab etdiyini söyləmişdir.

1995-ci il oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Nyu-Yorkda Böyük Britaniyanın baş naziri Con Meycor ilə görüşmüşdür. Görüşdə Heydər Əliyev Böyük Britaniyaya səfərini xatırladaraq demişdir ki, o vaxtdan bəri Böyük Britaniya-Azərbaycan əməkdaşlığının inkişaf etdirilməsi sahəsində xeyli iş görülmüşdür. Azərbaycan Prezidentı xatırlatmışdır ki, o vaxt imzaladığımız sənədlərdən biri də Xəzər dənizinin Azərbaycan sektorunda neft yataqlarının birgə işlənməsı haqqında idi. Heydər Əliyev demişdi ki, 1994-cü ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici ölkələrin nüfuzlu şirkətləri arasında bağlanmış müqavilədə İngiltərənin "Britiş Petroleum" şirkəti fəal iştirak edir. Bu il oktyabrın 9-da beynəlxalq konsorsiumun rəhbər komitəsinin Bakıda keçirilən iclasında ilkin neftin ixrac marşrutları barədə qəbul olunmuş qərarlardan söhbət açan Prezident bildirmişdır ki, indi bizim əlaqələrimiz daha da genişlənəcəkdir.

Görüşdə Böyük Britaniyanın baş naziri Con Meycor da Azərbaycan Prezidentinin Britaniyaya səfərindən məmnunluqla söhbət açaraq demişdir ki, biz elə o zaman Azərbaycana geniş investisiya yönəltmək imkanlarını aydınlaşdırdıq və "Britiş Petroleum" ölkənizə sərmayə qoydu. Həmin sərmayənin özünü doğrultduğunu və şirkətin işçilərinin bundan çox razı qaldıqlarını vurğulayan baş nazir ilkin neftin nəqli barədə Heydər Əliyevin köməyi ilə qəbul edilmiş qərardan da çox məmnun olduğunu bildirmişdir. Onun fikrincə, bir çox digər sahələrdə də əməkdaşlığımız genişlənməlidir.

Azərbaycan Prezidentinin 1995-ci ildə Böyük Britaniyaya növbəti səfəri noyabr ayının 28-dən dekabrın 3-dək davam etmişdir. Bu səfərin başlıca məqsədi Azərbaycanı Böyük Britanıyanın işgüzar dairələrinə tanıtmaq, onların maliyyə və investisiya imkanlarını Azərbaycan iqtisadiyyatının yenidən qurulmasına yönəltmək idi. Eyni zamanda, iki ölkə arasında mövcud olan iqtisadi əlaqələrin daha da gücləndirilməsi, Böyük Britaniya hökumətinin Azərbaycana investisiya qoyan biznesmenlərinə maliyyə təminatı verməsi ilə bağlı danışıqların aparılması və s. tədbirlər də bu səfərin iş planında xüsusi yer tutmuşdu.

Dövlət başçısı Böyük Britaniyaya yola düşməzdən öncə Binə hava limanında jurnalistlərə verdiyi müsahibədə səfərin məqsədlərindən bəhs edərək demişdir:

- Bilirsiniz ki, mən Azərbaycanın dövlət başçısı olduğum gündən bəri xarici ölkələrə çox səfərlər etmişəm. Bu səfərlərin böyük əksəriyyəti getdiyim ölkələrin dövlət başçılarının dəvəti ilə həyata keçirilib və rəsmi xarakter daşıyıbdır. Eyni zamanda, beynəlxalq təşkilatların yüksək səviyyəli toplantılarında Azərbaycanın nümayəndə heyətinə başçılıq edərək, ölkəmizi təmsil etmişəm. İndiki səfər isə başqa xarakter daşıyır. Bu, Azərbaycanın iqtisadiyyatı ilə bağlı olan bir səfərdir. Çox yaxşı və təqdirəlayiq haldır ki, qarşıdakı beynəlxalq konfrans dünyanın böyük iqtisadi təsisatlarının və maliyyə mərkəzlərinin Azərbaycana göstərdikləri maraqdan irəli gələn tədbirdir.

Məlum olduğu kimi, dünyada çox məşhur və çox böyük tarixi olan Adam Smit adına İqtisadiyyat İnstıtutu var, onun qərargahı Londonda yerləşir. Bu institutun əməkdaşları ən əvvəl məşhur iqtisadçı alim Adam Smitin ideyalarını həyata keçirərək, dünyada iqtisadiyyatın, xususən, bazar iqtisadiyyatının inkişafı məsələləri ilə məşğul olurlar. Bilirsiniz ki. onlar Azərbaycana çoxdan maraq göstərirlər. Ötən il Adam Smit İnstitutunun təşəbbüsü ilə Azərbaycanda da tədbir keçirilmişdi. Lakin bu dəfə onlar çox genişmiqyaslı tədbir hazırlayıblar. Bu tədbir Azərbaycanın dünya itisadiyyatı ilə inteqrasiyası üçün və dünya investorlarının ölkəmizə marağını araşdırmaq, onları bu işə cəlb etmək üçün keçirilir. Güman edirəm ki, bu, bizim üçün böyük hadisədir.

Bilirsiniz ki, biz bir çox tədbirlər görmüşük, iqtisadi islahatlar sahəsində addımlar atmışıq, qanunlar, o cümlədən, özəlləşdirmə haqqında qanun, proqramlar qəbul etmişik, aqrar sektorda islahatlar həyata keçirmişik, maliyyə sistemimizi dünya maliyyə sisteminə, bank sisteminə uyğunlaşdırmaq üçün işlər görmüşük. Bunlar da artıq nəticələrini vemişdir. İndi beynəlxalq maliyyə mərkəzləri bizə maraq göstərir, kreditlər bizə maraq göstərir, kreditlər ayırır. Ancaq bu məsələni daha yüksək pilləyə qaldırmaq üçün London konfransını yaxşı bir fürsət hesab edirəm. Ümidvaram ki, orada keçirəcəyimiz görüşlər bizim üçün bu baxımdan əhəmiyyətli olacaq və yaxşı nəticə verəcəkdir.

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər