Azərbaycanın xarici siyasətinin mühüm bir istiqamətini Avrasiya subregion dövlətləri (bölgə ölkələri) ilə münasibətlər təşkil edir. XX əsrin sonu - XXI əsrin başlanğıcında planetin geosiyasi münasibətlər sistemində mühüm yerlərdən birini tutan Avrasiya bölgəsi, Cənubi Qafqaz da daxil olmaqla, dünya siyasətinin mərkəzinə çıxmışdır. Bir tərəfdən böyük dövlətlərin maraq dairəsinin kəsişdiyi, dinlərin və sivilizasiyaların təmas nöqtəsi olan, digər tərəfdən, Rusiya, İran, Çin, Yaponiya, Türkiyə kimi böyük, Orta (Mərkəzi) Asiya, Cənubi Qafqaz və digər kiçik postsovət respublikalarının yerləşdiyi Avrasiya bölgəsi sözün həqiqi mənasında, dünyanın gələcək taleyinin və beynəlxalq münasibətlərin müəyyənləşdiyi bir məkan rolunu oynayır. XXI əsrin əsas enerji, nəqliyyat-kommunikasiya və digər transmilli layihələrinin həyata keçirildiyi region da məhz Avrasiya hesab olunur.
Üçüncü minilliyin əvvəlindən qloballaşmaya sürətlə cəlb olunan və regional inteqrasiya proseslərində müxtəlif meyillərin müşahidə olunduğu əsas bölgələr sırasında Avrasiya-Mərkəzi (Orta) Asiya, Cənubi Qafqaz, Xəzər-Qara dəniz hövzəsi və Fars körfəzi xüsusi seçilir.
Avrasiya tərkibindəki ölkələrin maraq və mənafe dairəsi, xarici siyasət orientasiyası, dövlət idarəçilik sistemi və sairə baxımından da çox mürəkkəb bir regiondur. Geosiyasi, geoiqtisadi baxımdan çox ehəmiyyətli və əlvərişli yer hesab olunan bu bölgədə Avropa İttifaqı, ABŞ, Cənub-Şərqi Asiya ölkələri, islam dövlətləri, Rusiya kimi ölkələrin maraqları toqquşur. Odur ki, regionun qloballaşması və liberallaşması, demokratik transformasiya, bölgədaxili inteqrasiyada müxtəlif mərkəzləri təmsil edən onlarla dövlət, hökumətlərarası birlik və qeyri-hökumət teşkilatı iştirak edir.
Avrasiya inteqrasiyasının mərkəzində dayanan hökumətlərarası qurumlardan biri 1991-93-cü illərdə yaranmış Müstəqil Dövlətlər Birliyidir. Bu təşkilat SSRİ dağılandan sonra onun yerində yaranmış, Avropa inteqrasiyasına cəlb olunmuş üç Baltikyanı respublika - Estoniya, Litva və Latviya istisna olmaqla, qalan 12 respublikanı öz tərkibində birləşdirmişdir.
MDB Sovet İttifaqının süqutunun qaçılmaz olduğu bəlli olandan sonra keçmiş respublikalar arasında mövcud olan siyasi, iqtisadi, sosial və mədəni inteqrasiya proseslərini hansısa formada qoruyub saxlamaq məqsədilə 1991-ci ilin dekabr ayının 8-də Rusiya Federasiyası, Ukrayna və Belorus arasında bağlanan müqavilə ilə (dekabrın 21-də isə üç Baltikyanı respublika və Gürcüstan istisna olmaqla, digər respublikalar ona qoşulmuşdur) yaradılmışdır. Təsis Müqaviləsində bəyan edilirdi ki, bundan sonra SSRİ - beynəlxalq münasibətlərin və hüququn subyekti kimi öz fəaliyyətini dayandırır və onun yerində Müstəqil Dövlətlər Birliyi fəaliyyətə başlayır. Əlbəttə, hadisələrin sonrakı gedişi göstərdi ki, MDB - artıq nə SSRİ kimi dünyada beynəlxalq hüquq subyektinə, nə də ki daxildə birləşdirici, idarəedici dövlətüstü quruma çevrilə bilməyəcək. Çünki onun tərkibinə daxil olan keçmiş ittifaq respublikaları artıq öz müstəqilliklərini bəyan etmiş və müstəqil dövlət quruculuğu prosesinə başlamışdı. Onlar bütövlükdə regional inteqrasiyanı, keçmiş iqtisadi, siyasi, sosial və mədəni əlaqələri yeni formada davam etdirməyin əleyhinə olmadıqlarını qəbul etsələr də, hansısa formada yenidən öz üzərlərində dövlətüstü hakimiyyəti, kənardan idarəetməni qəbul etmək istəmədiklərini açıq şəkildə bəyan edirdilər. Odur ki, üzv ölkələr daha çox MDB-nin deyil, məhz özlərinin beynəlxalq münasibətlərin və beynəlxalq hüququn subyektləri kimi tanınmasına cəhd edirdilər.
Yarandığı gündən MDB tərkibində iki tendensiya, müvafiq olaraq iki cərəyan özünü büruzə vərirdi. Cərəyanlardan birinə Rusiyanın başçılığı ilə keçmiş ittifaqı hansısa formada, yeniləşmiş şəkildə, konfederativ əsasla "mövcud olan vahid bir dövlət kimi" xilas etməyə çalışan Belorus, Ermənistan, Orta Asiya dövlətləri daxil idi. Bu qrupa daxil olan ölkələrin rəhbərləri (Azərbaycan da 1992-ci ilin mayına qədər - A.Mütəllibov başda olmaqla bu qrupa aid idi) öz dövlətlərinin müstəqilliyinə müəyyən mənada formal yanaşır, bu müstəqilliyi daxili idarəçilik suvərenliyi kimi təsəvvür edir və beynəlxalq aləmlə müstəqil xarici siyasətə çox az meyil göstərirdilər. Elə bu ölkələrin rəhbərləri də MDB-nin Nizamnaməsinə "MDB dövlətdir və bütün üzv ölkələrin ərazisində müəyyən hakimiyyət səlahiyyətlərini həyata keçirir" müddəasını - hüquqi statusunu salmağa cəhd edirdilər.
MDB-nin daxili cərəyanlarından digərinə Ukrayna rəhbərlik edirdi. Onu Moldova və Gürcüstan dəstəkləyirdi. Bu ölkələr MDB-yə müstəqil dövlətlərin könüllü və bərabərhüquqlu əsasda yaratdığı hökumətlərarası qurum kimi yanaşır, ona dövlətlərin daxili və xarici siyasətinə müdaxilə hüququnun verilməsini qeyri-mümkün sayır, qurumun yalnız müstəqil ölkələr arasında iqtisadi, siyasi, sosial-mədəni əməkdaşlığa şərait yaradan bir subyekt rolunu icra etməsini təkid edirdilər. Bir sözlə, bir qrup müstəqil dövlətlərin daxili problemlərindən, çətinliklərindən istifadə edərək, onları yeni bir konfederativ dövlətin (MDB-nin statusunu belə təsəvvür edirdilər) tərkibində birləşdirməyə çalışır. Digər qrup isə, bütün gücü ilə öz müstəqil dövlətlərini qurmağa, bu yolda mövcud olan problem və çətinliklərin həllində MDB-nin gücündən və imkanlarından yararlanmağa, başqa üzv ölkələrlə birlikdə müstəqilliyə doğru irəliləməyə çalışırdı.
Ə.Həsənov yazır ki, Azərbaycan 1992-ci ildə ölkədə baş verən hakimiyyət dəyişlkliyindən sonra MDB-yə öz münasibətini tam dəyişdi. Əgər 1991-92-ci illərdə A.Mütəllibov dövründə bu ölkə Rusiya ilə bərabər MDB-nin "SSRİ tipli yeniləşmiş bir dövlət" statusu uğrunda fəal çalışmaları ilə yadda qalmışdırsa, 1992-1993-cü illərdə -Ə.Elçibəy hakimiyyəti dövründə, əksinə, MDB-yə və onun üzvlərinə qarşı çox kəskin münasibətilə fərqlənmişdir. Bu da həmin dövrdə Azərbaycanın həm regionda gedən proseslərdən əsassız təcrid olunmasına, onun dövlət müstəqilliyi yolunda yeni-yeni problemlərin yaranmasına, həm də bu məkanda Ermənistanın mövqelərinin möhkəmlənməsinə xidmət etmişdir. Azərbaycanın özünütəcrid siyasətinə, keçmişdə vahid bir məkanda yaşadığı qonşu dövlətlərlə münasibətləri əsassız gərginləşdirməsinə, onların ünvanına rəsmi və qeyri-rəsmi ittihamlar səsləndirməsinə (o dövrdə hakimiyyətin rəhbərləri Rusiya ilə haqq-hesab çəkəcəklərini, Orta Asiya dövlətlərinin antixalq hökumətləri ilə əlaqələrin qeyri-mümkünlüyünü bəyan edirdi) 1993-cü ildə baş vərən hakimiyyət dəyişikliyi nəticəsində son qoyuldu.
1992-ci ilin iyun ayından MDB-dən çıxan Azərbaycan və Gürcüstan yenidən birlik sırasına 1993-cü ilin sentyabr-dekabr aylarında qayıtdılar. Beləliklə, MDB tərkibində müstəqillik siyasəti yürüdən və bu qurumun dövlətüstü təşkilata çevrilməsinə maneçilik törədən dövlətlərin sayı bir qədər də artır. Bu missiyanı əvvəl yalnız Ukrayna və Moldova həyata keçirirdisə, 1993-cü ildən Azərbaycan, Gürcüstan və Özbəkistan da bu sıraya qoşulurlar. Məhz bu dövlətlərin birgə səyi ilə MDB Nizamnaməsinə belə bir müddəa salınır ki, MDB hökumətlərarası təşkilatdır, üzv ölkələrin daxili və xarici siyasətinə müdaxilə etmək səlahiyyətinə malik deyil, beynəlxalq münasibətlərin subyekti kimi çıxış etmir, dövlət, yaxud dövlətüstü qurum mahiyyəti daşımır.
MDB-nin yaradılması SSRİ dağılandan sonra postsovet məkanında yaranmış obyektiv reallığın tələbi kimi meydana çıxmışdı. Əlbəttə, ilk vaxtlarda Rusiya bu qurumdan istifadə edərək digər ölkələr üzərində əvvəlki hökmran mövqelərini, onların daxili və xarici siyasətinə müdaxilə imkanlarını qorumağa çalışırdı. Lakin istənilən halda, on illərlə vahid hüquqi, siyasi, iqtisadi, sosial və mənəvi məkanda yaşamış xalqların və respublikaların illərlə formalaşmış keçmiş əlaqələrdən tam imtina etməsi, inteqrasiya proseslərini birdən-birə dayandırması ölkələr üçün yaxşı heç nə vəd etmirdi. Bu ölkələrin əmək və istehsal resursları, maliyyə-bazar münasibətləri, makro və mikroiqtisadi mexanizmləri vahid bir sistem tərkibində elə çulğalaşmışdı ki, bunu birdən-birə dağıtmaq hamı üçün faciəvi nəticə ilə yekunlaşa bilərdi. Məsələn, Azərbaycanda istehsal olunan kondisionerlərin komplektləşdirici hissələri bir neçə respublikanın fabrik və zavodlarında hazırlanır və hazır məhsul bütün postsovet məkanında yayılırdı. Yaxud on, yüz minlərlə azərbaycanlı Rusiya, Ukrayna, Qazaxıstanda və başqa ölkələrdə yaşayır və işləyirdi. Təxminən eyni vəziyyət başqa dövlətlərə də aid idi. Bu insanların vətəndaşlıq, sosial təminat, mənəvi və digər məsələlərini necə həll etmək və tənzimləmək olardı? Odur ki, MDB-nin yaradılması və postsovet respublikalarının bu qurum vasitəsilə, lakin yeni statusla öz aralarında mövcud olan inteqrasiya proseslərini davam etdirməsi 1990-cı illərin obyektiv zərurətindən doğmuşdu.
Ə.Həsənovun fikrincə, MDB müstəqil dövlətə çevrilə bilmədi və əslində, buna heç bir zərurət də yox idi. Lakin böyük bir Avrasiya məkanında iqtisadi, siyasi, sosial, mənəvi və hərbi inteqrasiya missiyasını öz üzərinə götürən iddialı bir beynəlxalq regional təşkilata çevrildi.
MDB-nin Nizamnaməsində bu təşkılatın tünksiyaları sırasına: siyasi, iqtisadi, mədəni, hərbi, ekoloji və humanitar sahələrdə üzv ölkələrin əməkdaşlığını təmin etmək; ümumi iqtisadi məkan yaratmaq; insan hüquq və azadlıqlarının birgə qorunması; beynəlxalq sülhün və təhlükəsizliyin, birlik ölkələrinin vətəndaşlarının maneəsiz hərəkətinin, azad ticarət əlaqələrinin təmin edilməsi, üzv ölkələr arasında mövcud olan münaqişələrin həlli və s. mühüm məsələlər daxildir.
Bu vəzifələrin icrası üçün MDB çərçivəsində geniş təşkilati strukturlar - Dövlət başçıları Şurası, Hökumət başçıları Şurası, xarici işlər, müdafiə nazirlərinin (işçi və yardımçı qruplara malik) Şuraları, Koordinasiya-Məşvərət Komitəsi, İqtisad Məhkəməsi, sahə nazirliklərinin müxtəlif əlaqələndirmə təşkilatları və s. yaradılmışdır. Lakin yaradılmasından keçən 12 il müddətində hələ də bu qurumların bir çoxu real fəaliyyətə başlaya bilməmiş və öz funksiyalarını icra etmirlər. Bundan başqa, MDB qurumlarının iclasları bəzən birinci şəxslərin əvəzinə göndərilən digər məsul işçilərin iştirakı ilə formal keçirilir, qəbul olunan qərarlar icra olunmur. Hər bir üzv dövlət bu birliyin əhəmiyyətindən danışsa da, onun qəbul etdiyi qərarları icra etməyə səy göstərmir.
MDB çərçivəsində dövlətlər öz maraqlarına uyğun olaraq fərqli yanaşma nümayiş etdirirlər. Məsələn, MDB-nin kollektiv tehlükəsizlik sahəsində inteqrasiya prosesində (Kollektiv Təhlükəsizlik Müqaviləsi) Azərbaycan, Gürcüstan və Türkmənistan, ümumiyyətlə, iştirak etmir. Ukrayna isə bu əməkdaşlıqda tamhüquqlu üzv kimi deyil, müşahidəçi statusunda iştirak edir.
Azərbaycan və Gürcüstan iki səbəbə görə Kollektiv Təhlükəsizlik Müqaviləsinə təkrar qoşulmaqdan imtina edir. Birinci səbəb bu sistemin başında dayanan Rusiyanın hər iki ölkə ərazisində separatizmə verdiyi dəstək və etnik münaqişələrin həllində qeyri-obyektiv mövqe nümayiş etdirməsi hesab olunursa, ikinci səbəb bu dövlətlərin Qərbə və Qərb təhlükəsizlik sisteminə inteqrasiya olmaq arzusu ilə şərtlənir. O ki qaldı Türkmənistana, bu ölkə başlanğıcdan heç bir təhlükəsizlik sisteminə qatılmamaq (bitərəf dövlət mövqeyi) siyasəti yürüdür. 1999-cu-ildə Özbəkistan da Kollektiv Təhlükəsizlik Müqaviləsindən çıxdığını bəyan etdi. Beləliklə, MDB-nin hərbi-təhlükəsizlik inteqrasiyasında, göründüyü kimi, üzv dövlətlərin yalnız yarısı iştirak edir.
MDB tərkibində ayrı-ayrı sahələr - xüsusən, hərbi və təhlükəsizlik üzrə dərinləşdirilmiş inteqrasiya proseslərinə ehtiyatlı yanaşma siyasəti bir çox dövlətlərin yürütdüyü müstəqil xarici siyasət kursunun tələblərindən irəli gəlir.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru