Azərbaycan Qafqazın, Xəzər-Qara dəniz hövzəsinin, Avrasiyanın və bütövlükdə qlobal dünyanın mühüm geosiyasi, geoiqtisadi və geostrateji əhəmiyyət kəsb edən bir bölgəsində yerləşir. Odur ki, bir dövlət olaraq onun milli maraqları, milli təhükəsizliyi region və qlobal dünya maraqlarından ayrıca, təcrid olunmuş şəkildə təmin oluna bilməz. Azərbaycanın, Qafqazın. Xəzər-Qara dəniz hövzəsinin və bütövlükdə, Avrasiyanın təhlükəsizlik məsələlərinə müxtəlif yanaşmalar, qlobal, regional və milli maraqlar, onlar arasındakı üst-üstə düşən və kəsişən məqamlar hazırda geniş müzakirə olunan mövzulardandır. Azərbaycanın təhlükəsizlik problemi, onun təmin olunması yolları və vasitələri, qlobal və yerli təhlükəsizlik maraqlarının uzlaşdırılması və region dövlətlərinin təhlükəsizlik siyasəti ölkənin ictimai fikrini də ciddi düşündürməkdədir.
Ə.Həsənov yazır ki, Azərbaycanın xarici siyasətinin və milli təhlükəsizliyinin ən əsas problemi - Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinin həlli, ölkənin ərazi bütövlüyünün və suveren dövlət hüquqlarının bərpası məsələsidir. Ölkənin xarici aləmlə bütün təmaslarında, ikitərəfli və çoxtərəfli münasibətlərində bu problemin müzakirəsi, beynəlxalq hüquq norması çərçivəsində həlli məsələsi daim diqqət mərkəzində saxlanılır. Bu problem nəinki təkcə Azərbaycana, onun müstəqil dövlət quruculuğu prosesinə, vətəndaşlarının sabit həyat şəraitinə ciddi zərbə vurmuş, həm də keçən 15 ildən artıq bir dövrdə regionda (Qafqaz, Xəzər-Qara dəniz hövzəsində) dövlətlərarası iqtisadi, siyasi və mədəni əlaqələri pozmuş, ölkələri və xalqları qarşıdurmalara sürükləmiş, onların bir-biri və beynəlxalq aləmlə münasibətlərinə, regional və beynəlxalq inteqrasiya proseslərinə çox ciddi mənfi təsir göstərmişdir. Hazırda Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ problemi həm Qafqazda, həm də Avrasiya və Avropada, həm də bütövlükdə, qlobal dünyada həllini gözləyən ən çətin və mürəkkəb problemlərdən biri hesab olunur.
Azərbaycanın xarici siyasətinin və milli təhlükəsizliyinin həyati əhəmiyyət kəsb edən məsələlərindən biri də malik olduğu təbii sərvətlərini, karbohidrogen ehtiyatlarını xarici müdaxilə olmadan, özünün müəyyən etdiyi daxili və xarici tərəfdaşlarla işləmək, təhlükəsiz və əlverişli yollarla dünya bazarlarına çıxarmaq və əldə olunan gəliri ölkənin inkişafına yönəltməkdən ibarətdir.
Azərbaycan Şərqlə Qərbin, Avropa ilə Asiyanın kəsişdiyi, mühüm nəqliyyat-kommunikasiya dəhlizlərinin keçdiyi əhəmiyyətli bir geosiyasi, geoiqtisadi və geostrateji məkanda yerləşir. Bu faktor regionda mövcud olan milli dövlətlər, regionun və dünyanın aparıcı dövlətləri arasında balanslaşdırılmış siyasət yürütməyi, kəsişən və üst-üstə düşən maraqları nəzərə almağı tələb edir. Əhəmiyyətli ərazi (məkan), geostrateji (təhlükəsizlik) və geoiqtisadi (karbohidrogen ehtiyatları və s.) üstülüklərdən ölkənin milli maraqların çərçivəsində bəhrələnmək xarici siyasət və milli təhlükəsizliyin əsas vəzifələrindəndir.
Hər bir dövlət xarici müdaxilə olmadan öz daxili həyatını qurmaq və idarə etmək, daxili sabitliyi qorumaq, ölkənin strateji inkişafının, konstitusiya quruluşunu təmin etmək vəzifəsini həyata keçirir. Bu mənada mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycan özünün müəyyən etdiyi demokratik cəmiyyət, hüquqi və dünyəvi dövlət, dünyanın qabaqcıl siyasi, iqtisadi və təhlükəsizlik sistemlərinə inteqrasiya xəttini reallaşdırmaq üçün regionun və dünyanın güc mərkəzləri ilə münasibətlərə dair xüsusi düşünülmüş, ardıcıl həyata keçirilən milli təhlükəsizlik konsepsiyasına malik olmalıdır. Bu konsepsiya dövlətin həm daxili, həm də xarici vəziyyətini və vəzifələrini, onu reallaşdırmanın əsaslı yollarını və vasitələrini dəqiq müəyyən edən milli proqrama söykənməlidir.
Avrasiya məkanında təhlükəsizliklə bağlı istənilən məsələ ABŞ və onun NATO üzrə müttəfıqi olan Avropa dövlətləri ilə yanaşı, regionun Rusiya, İran, Türkiyə, Çin kimi böyük dövlətlərinin, Ukrayna, Azərbaycan, Gürcüstan və digər kiçik, lakin çox mühüm əhəmiyyət kəsb edən ölkələrinin ciddi reaksiyasını doğurur.
Azərbaycanın regional təhlükəsizlik məsələsinə yanaşması birmənalıdır: Qafqaz regionunun müxtəlif güc blokları arasında bölünməsinin qarşısını almaq. Azərbaycan bu mövqeyini 1993-cü ildən başlayaraq ardıcıl şəkildə həyata keçirmiş, bölgə ölkələrinin ərazisində xarici qoşunların və hərbi bazaların yerləşdirilməsinin, Qafqazın militaristləşdirilməsinin əleyhinə çıxış etmiş və öz mövqeyini 1999-cu ildə ATƏT-in İstanbul sammitinin yüksək tribunasından bəyan etmişdir. Tədbirdə iştirak edən Prezident Heydər Əliyev regionda Təhlükəsizlik və Əməkdaşlıq Paktının yaradılması təşəbbüsü ilə də çıxış etmişdi. Bu təşəbbüsə görə, Təhlükəsizlik Paktını Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, Türkiyə və ABŞ imzalamalı idi. Təbii ki, Azərbaycanın bu təklifi Rusiya, Ermənistan və İranda müəyyən qədər narazılıqla qarşılandı. Regiondan kənar dövlət olan ABŞ-ın bölgədəki proseslərə müdaxiləsini yolverilməz hesab edən Rusiya və regional təhlükəsizlik sisteminin formalaşdınlmasından kənarda qalan İran bu təşəbbüsü birmənalı şəkildə qəbul etmədi.
Azərbaycanın regional təhlükəsizliyə dair daha bir təşəbbüsü isə 4 il sonra - 2002-ci ildə diqqət mərkəzinə gəldi. Həmin ilin aprelində Türkiyənin Trabzon şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan arasında "Trabzon razılaşması" imzaladı. Regionun enerji təhlükəsizliyi və müstəqilliyini təmin etmək üçün 3 ölkənin daxili işlər nazirlərinin imzaladığı bu sənəd terrorizm və aqressiv separatizmə qarşı mübarizədən tutmuş, çirkli pulların yuyulması və nefl-qaz borularının birgə mühafizəsinədək kifayət qədər geniş sahəni əhatə edirdi. Bu saziş, həm də regionun üç dövlətinin strateji tərəfdaşlığını rəsmiləşdirən sənəd hesab olunur. Qeyd edək ki, bundan əvvəl 1996-cı ildə Azərbaycan və Gürcüstan arasında "Trabzon razılaşması"na oxşar "Tbilisi bəyyannaməsi" adlanan sənəd imzalanmış və bu sənəd bütün region ölkələrinin daxil olması üçün açıq elan edilmişdir. Lakin regionun heç də bütün dövlətləri Azərbaycanın təklif etdiyi bu cür təhlükəsizlik mexanizmini qəbul etmir. Burada söhbət ilk növbədə Rusiya və İrandan gedir.
Rusiyanın regional təhlükəsizlik siyasətinin kökündə Qərbin bölgədə mövqelərinin möhkəmlənməsinə yol verməmək üçün region ölkələrinin beynəlxalq təhlükəsizlik sisteminə çıxışın, Qərblə hərbi inteqrasiyasının, bu sahədə sərbəst siyasət yeritməsini əngəlləmək cəhdi dayanır. Lakin Rusiyanın bu planları regionda təmsil olunan yalnız 2 dövlət - İran və Ermənistan tərəfindən razılıqla qarşılanır. Bu isə Moskvanın bölgədəki siyasətinin effektli olması üçün kifayət etmir. Rusiyanın ənənəvi olaraq regionda təsir imkanlarını qoruyub saxlamaq üçün daxili münaqişələrə üstünlük verməsi, ərazi bütövlüyü və separatizmi dəstəkləməsi Azərbaycanla Gürcüstanın regiona yeni geosiyasi oyunçular və güc mərkəzlərini cəlb etməyə sövq edir və bu gün Qərbin regiondakı mövqelərinin möhkəmlənməsinin əsas səbəblərindən biri və birincisi məhz budur.
Rusiya isə bölgəyə yeni güc mərkəzlərinin gəlişinin qarşısını almaq üçün Kollektiv Təhlükəsizlik Müqaviləsini (KTM) genişləndirmək kursunu tutub. 1992-ci ilin mayında Daşkənddə MDB-yə üzv olan 6 ölkə - Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın yaratdığı bu quruma sonradan Azərbaycan (24 sentyabr 1993-cü il), Gürcüstan (9 dekabr 1993-cü il) və Belarus (31 dekabr 1993-cü il) müşahidəçi qismində qoşuldular. Lakin KTM-in prinsipləri, məramı və şərtləri Bakı və Tbilisini qane etmədiyindən, ilk iki ölkə təşkilata üzvlükdən imtina etdi və 1999-cu ildə müşahidəçi qismində iştirakı da dayandırdı. Eyni addımı Özbəkistan da atdı. Qeyd edək ki, əvvəllər daha çox deklorativ xarakter daşıyan Kollektiv Təhlükəsizlik Müqaviləsi 2003-cü ilin oktyabrından konkret hərbi-siyasi bloka çevrilib. Oktyabrın 7-də MDB-nin Kişineu sammitində Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan prezidentləri Kollektiv Təhlükəsizlik Təşkilatının (KTT) yaradılması haqda müqavilə imzalayıblar. Rusiyalı politoloqlar fəaliyyət göstərdiyi 11 il ərzində effektiv struktura çevrilə bilməmiş KTM-in KTT ilə əvəz olunmasını "Avrasiya hərbi-siyasi blokunun yaradılması" kimi təqdim edir. Amma təbii ki, Cənubi Qafqaz ölkələrindən yalnız Ermənistanın bu blokda təmsil olunması Rusiyanın regional təhlükəsizlik siyasətini qeyri-effektli edir. Buna görə də, rəsmi Moskva Azərbaycanla Gürcüstanın da bu blokda təmsil olunmasına çalışır. Azərbaycanın bu təşkilata qoşulması üçün sonuncu cəhd 2004-cü ilin payızında MDB dövlət başçılarının Astanada keçirilən sammitinə təsadüf edir. Lakin rəsmi Bakı Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsi həll olunmayana qədər özünün regional təhlükəsizlik məsələləri ilə bağlı mövqeyində dəyişiklik etməyə əsas olmadığını bildirərək, KTT-yə qoşulmaqdan imtina etmişdir.
Ə.Həsənovun qeyd etdiyi kimi, Gürcüstan da bu hərbi-siyasi bloka üzv olmaq niyyətində olmadığını bildirərək, əksinə, öz ərazisindəki Rusiya hərbi bazalarının ölkədən çıxarılması tələbi ilə çıxış etmişdir. Bütün bunların müqabilində Kreml hər iki respublikaya qarşı açıq və dolayı təzyiqləri artırır. Əgər Gürcüstana yanaşmada bu təzyiqlər Abxaziya və Cənubi Osetiya separatçılarının demarşları, hərbi paradları, Rusiya ilə faktiki olaraq ikitərəfli əlaqələr qurması şəklində öz əksini tapırsa, Azərbaycana qarşı təzyiqlər daha çox iqtisadi xarakterlidir. Təsadüfi deyil ki, sözügedən Astana sammitindən sonra Rusiya tərəfi Azərbaycanla sərhəddə nəzarət-keçid rejimini sərtləşdirdi, Azərbaycandan bu ölkəyə aparılan kənd təsərrüfati mallarının sərhəddən buraxılmasının süni şəkildə əngəlləməyə başladı və s. Yalnız rəsmi Bakının diplomatik səyləri nəticəsində bu məhdudiyyətlər götürüldü.
Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmaması ölkənin geosiyasi maraqları ilə yanaşı, həm də işğalçı Ermənistanın bu qurumda təmsil olunması ilə bağlıdır. Üstəlik, sözügedən təşkilat Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün effektli mexanizmə malik deyil. Çünki KTT yarandığı gündən üzv ölkələr bəyan edir ki, bu təşkilat daxili münaqişələrin həllinə yox, xaricdən yarana biləcək təhlükələrə qarşı tədbir görəcək. Belə olan halda, Azərbaycanın bu quruma üzvlüyü ölkəmizə heç bir siyasi və ya hərbi dividend vəd etmir. Əksinə, Qafqazda xarici ölkələrin hərbi bazalarının yerləşdirilməsinə qarşı çıxan və tam neytral mövqe nümayiş etdirən Azərbaycanın Qərblə bərabərhüquqlu tərəfdaşlıq münasibətlərinə mənfi təsir göstərə bilər.
Hadisələrin inkişafı da göstərir ki, regional təhlükəsizlik məsələsində Azərbaycan ən optimal variantı seçib. Belə ki, artıq Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Kəmərinin inşası, Qərb kapitalının regiona axını və s. Rusiyanın özünün Qafqaz siyasətində ABŞ və Qərb faktoru ilə hesablaşmağa məcbur edir. Amma bununla belə, Rusiya regionda təhlükəsizlik problemlərinin həllində əsas və həlledici rol oynayır və bu rolu heç kimə güzəştə getmək fıkrində deyil. Bölgədə Rusiyanın birbaşa iştirakı ilə yaradılmış münaqişə ocaqlarının hələ də mövcud olması, Cənubi Qafqaz və Orta Asiya ölkələrindən Rusiyaya kütləvi miqrasiyanın mövcudluğu, region ölkələri ilə vahid iqtisadi sistemin qorunub saxlanması və s. Moskvanın regiona təsir göstərmək imkanlarını xeyli artırır.
Lakin bu gün Rusiyanın regional siyasətində müəyyən dəyişikliklər hiss olunmaqdadır. Qeyd edək ki, Rusiyada indiyədək dəfələrlə sınaqdan keçirilmiş "etnik münaqişələr" taktikasına yanaşmada dəyişikliklər hələ 1994-cü ildə - Çeçenistan münaqişəsi alovlanan zaman hiss olunmağa başlayıb. Həmin il Rusiya Prezidenti Boris Yeltsin Federasiya Şurasındakı çıxışında verdiyi "Rusiya sərhədləri yaxınlığındakı münaqişə ocaqları, MDB ölkələrindəki iqtisadi və dövlətçilik böhranları Rusiya üçün real təhlükədir" bəyanatı da bundan xəbər verir.
Ə.Həsənov yazır: "Bu gün Rusiyanın mövqeyindəki nisbi dəyişikliklər daha çox hiss edilir. Amma istənilən halda, Rusiyanın regional proseslərə və Qafqazın təhlükəsizlik probleminə yanaşması əsrlər boyu Kremldə formalaşmış strategiyadan kənara çıxmır. Rəsmi Moskva Cənubi Qafqazdakı prosesləri tarixi rəqibləri olan İran və Türkiyə, həmçinin, yeni rəqibləri olan ABŞ və Avropa İttifaqının iştirakı olmadan təkbaşına həll etmək iddiasındadır. Təsadüfı deyil ki, Rusiya regional problemlərin "3+1" formulu - 3 Cənubi Qafqaz ölkəsi + Rusiya formulu əsasında həll etməyə çalışır. "Qafqaz dördlüyü" adlandırılan bu format daxilində indiyədək həm prezidentlər, həm təhlükəsizlik şurası sədrləri, həm dini liderlər səviyyəsində müxtəlif görüşlər və məsləhətləşmələr aparılmışdır. Amma birlik hələ ki, yalnız məsləhətləşmələr formasında davam edir."
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru