PDF Oxu

MİA

  • 1 452

Dağlıq Qarabağ: müharibə və sülh arasında

Dağlıq Qarabağ: müharibə və sülh arasında

Ulu Öndər Heydər Əliyev Dağlıq Qarabağ problemi ilə bağlı çıxışlarının birində iki məqama diqqət verirdi: Birincisi, Dahi Öndər Heydər Əliyev problemin ədalətli həllinin Avropada və Amerikada dəstəklənmədiyini, əksinə, təcavüzkar ermənilərin haqsız tələblərinin əslində müdafiə olunduğunu böyük təəssüflə qeyd etdi ki, bəziləri bunu ümidsizlik notları kimi qiymətləndirdi. İkincisi, ATƏT-in Minsk Qrupunun verdiyi təkliflərin müsbət istiqamətdə yox, mənfi istiqamətdə "təkamülü"nü Azərbaycanın xarici siyasətinin uğursuzluğu kimi qiymətləndirmək təşəbbüsü göstərildi.

ATƏT-i sənədlərində sülhün müdafiəsi məsələsi aşağıdakı kimi səciyyələndirilir: IV. ATƏT-in 1994-cü il Budapeşt sammitinin qərarına uyğun olaraq, tərəflər ATƏT-in çoxmilli Sülhü Müdafiə Əməliyyatını (SMƏ) dəvət edir və onun yerləşdirilməsinə kömək göstərirlər. O, Daimi Qarışıq Komissiya (DQK) və Ermənistan-Azərbaycan Hökumətlərarası Komissiyası (EAHK) ilə əməkdaşlıqda fəaliyyət göstərəcəkdir. SMƏ qüvvələrin və ağır silahların çıxarılmasına, hərbi uçuşlara yol verilməməsinə, silahsızlaşdırma rejiminin qorunub saxlanmasına və II əlavədə şərh edildiyi kimi, Ermənistan-Azərbaycan sərhədində vəziyyətə nəzarət edir.

Sülhü müdafiə əməliyyatı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinə əsasən ilkin mərhələdə bir ildən çox olmayan müddətə təsis edilir və zərurət olduqda ATƏT-in fəaliyyətdə olan sədrinin tövsiyəsi ilə uzadılır. Tərəflər bununla razıdırlar ki, çoxmilli Sülhü Müdafiə Əməliyyatının ümumi müddəti regiondakı vəziyyətdən və münaqişənin hərtərəfli nizama salınmasının həyata keçirilməsi sürətindən asılı olaraq, minimum zərurət həddində olacaqdır. Tərəflər bu sazişin həyata keçirilməsini təmin etmək və Sülhü Müdafiə Əməliyyatının hər hansı şəkildə pozulmasının, yaxud dayandırılmasının qarşısını almaq üçün SMƏ ilə tam əməkdaşlıq edirlər.

* Tərəflər II əlavədə göstərildiyi kimi qaçqınların və köçkünlərin təhlükəsiz və könüllü surətdə ayırıcı zonadakı daimi yaşayış yerlərinə qayıtmasına kömək edirlər. Bu zonada silahsızlaşdırma rejiminə əməl olunacağına bütün tərəflərdə inam yaratmağa kömək etmək məqsədi ilə SMƏ qayıdan əhalinin təhlükəsizliyinə Daimi Qarışıq Komissiya ilə əməkdaşlıqda nəzarət edir. Tərəflər bu sazişlə əhatə olunanlardan savayı Ermənistanla Azərbaycan arasında 1987-ci ildən sonra baş vermiş münaqişə və gərginlik nəticəsində qaçqın, yaxud köçkün düşmüş bütün digər şəxslərin təhlükəsiz şəraitdə və könüllü surətdə qayıtmasının həyata keçirilməsi haqqında danışıqlar aparırlar.

* Qüvvələrin çıxarılması ilə eyni vaxtda tərəflər avtomobil və dəmir yollarının, elektrik və rabitə xətlərinin açılması, ticarətin və digər münasibətlərin bərpası məqsədi ilə bütün tədbirləri buna mümkün qədər qısa müddətdə nail olmaq üçün bütün lazımi işləri III əlavədə şərh olunmuş cədvələ və konkret müddəalara müvafiq olaraq dərhal həyata keçirirlər. Tərəflər etnik azlıqlar da daxil olmaqla, bu əlaqələrdən hamının istifadə etməsinə təminat yaradacaq, onların regionun başqa yerlərindəki öz etnik icmaları ilə maneəsiz ünsiyyətini təmin edəcəklər. Tərəflərdən hər biri bütün blokadaları aradan götürməyi və yüklərin, insanların bütün digər tərəflərə maneəsiz olaraq çatdırılmasını təmin etməyi öhdəsinə götürür. Tərəflər öz aralarında sərbəst və təhlükəsiz dəmir yol əlaqəsini təmin edəcəklər.

* Tərəflər münaqişə ilə bağlı tutulub saxlanılan bütün şəxslərin tezliklə və təhlükəsiz qayıtmasını təmin etmək, itkin düşənlərin taleyini araşdırmaq, bütün cənazələrin qaytarılmasını və humanitar yardımın, bərpa məqsədli yardımın münaqişənin gedişində zərər çəkmiş rayonlara özlərinin nəzarət etdikləri ərazi vasitəsilə ayrı-seçkilik qoyulmadan daşınmasını təmin etmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsi, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığı və digər beynəlxalq təşkilatlarla tam əməkdaşlıq edirlər. Tərəflər etimadı möhkəmlətmək təbdirlərinin həyata keçirilməsində Daimi Qarışıq Komissiya vasitəsilə ATƏT-in Sülhü Müdafiə Əməliyyatı ilə əməkdaşlıq edirlər.

* Tərəflər bu sazişin Azərbaycana və Dağlıq Qarabağa aid problemlərə dair müddəalarının həyata keçirilməsinə nəzarət etmək üçün dərhal Daimi Qarışıq Komissiya (DQK) yaradırlar. DQK-nın sədri ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsidir, sədrin bir müavini Azərbaycandan, digər müavini isə Dağlıq Qarabağdandır. DQK-nın əsas vəzifəsi sazişin həyata keçirilməsinə nəzarət etməkdən ibarətdir. ATƏT-dən olan sədrin vəzifələrinə fikir ayrılıqları zamanı vasitəçilik etmək və təbii fəlakətlər kimi fövqəladə hallarda tədbirlər görülməsinə sanksiyalar vermək də daxildir. DQK-nın hərbi, iqtisadi, humanitar, mədəni yardımçı komissiyaları və rabitə üzrə yardımçı komissiyaları var. DQK-nın strukturu, funksiyaları və ona aid digər təfərrüatlar IV əlavədə şərh olunmuşdur.

* Tərəflər Ermənistanla Azərbaycan arasında sərhəd toqquşmalarının qarşısının alınmasına, hər iki ölkənin sərhəd qoşunları və digər müvafiq təhlükəsizlik qüvvələri arasında əlaqələrin həyata keçirilməsinə yardım göstərmək və yolların, dəmir yollarının, rabitənin, boru kəmərlərinin açılmasına, ticarətin və digər münasibətlərin bərpasına dair tədbirlərə nəzarət və yardım etmək üçün dərhal Ermənistan-Azərbaycan hökumətlərarası Komissiyası (EAHK) yaradırlar. EAHK-nın iki həmsədri var: biri Ermənistandan, digəri isə Azərbaycandan. Komissiya ATƏT-in fəaliyyətdə olan sədrinin təyin etdiyi nümayəndə daxildir. EAHK-nın strukturu, funksiyaları və ona aid digər təfərrüatlar 5-ci əlavədə şərh olunmuşdur.

* Azərbaycan Respublikası və Ermənistan Respublikası hərbi tarazlıq və Avropada adi silahlar haqqında müqaviləyə tam əməl edilməsi də daxil olmaqla regionda təhlükəsizliyin artmasını təyin etmək məqsədi ilə müvafiq beynəlxalq və regional forumlarda ikitərəfli və çoxtərəfli danışıqlar aparırlar.

* Tərətlərdən hər biri digər tərəflərin və onların əhalisinin təhlükəsizliyinə hörmət edir. Tərəflər ticarətə və normal qarşılıqlı fəaliyyətə kömək etməklə öz xalqları arasında mehriban qonşuluq münasibətlərini inkişaf etdirməyi öhdələrinə götürür və bu sazişi, yaxud mehriban münasibətləri poza biləcək bəyənatlardan və ya hərəkətlərdən çəkinirlər.

* Sülhün qorunmasına və qoşunların çıxarılmasına nəzarət barədə yuxarıda şərh edilmiş konkret müddəalara əlavə olaraq və ATƏT-in müvafiq prinsiplərini və öhdəliklərini, o cümlədən, 1992-ci ilin Helsinki sənədində və 1994-cü ilin Budapeşt sənədində əksini tapmış prinsipləri və öhdəlikləri xatırlayaraq, ATƏT bu sazişin bütün cəhətlərinin tam həyata keçirilməsinə müvafiq mexanizmlər vasitəsilə nəzarət edir və sazişin şərtlərinin pozulmasının qarşısını almaq və belə hallara mane olmaq üçün həmin prinsiplərə və qərarlara uyğun olaraq müvafiq tədbirlər görür.

* Silahlı münaqişənin dayandırılması haqqında sazişi üç tərəf imzalayacaq. Bu sazişlər Minsk konfransı tərəfindən bəyənildikdən və üç tərəfin parlamentlərində ratifikasiya olunduqdan sonra qüvvəyə minəcəkdir.

* Sazişlər imzalandıqdan, Minsk konfransı tərəfindən bəyənildikdən və üç tərəfin parlamentlərində ratifikasiya olunduqdan sonra qüvvəyə minəcəkdir.

* Sazişlər imzalandıqdan və onlar Minsk konfransı tərəfindən bəyənildikdən sonra Azərbaycan Respublikası və Ermənistan Respublikası səfirlər səviyyəsində daimi diplomatik missiyalarla tam diplomatik münasibətlər yaradırlar.

AMEA-nın müxbir üzvü S.Xəlilov yazır: "Əslində isə bu, zahiri bir təəssüratdır. Məsələyə səthi yanaşdıqda belə təsəvvür yarana bilər ki, siyasət müstəvisində neçə illik gərgin mübarizədən sonra ortada heç bir real nəticə yoxdur. Lakin böyük siyasətdən başı çıxanlar bilirlər ki, son nəticəyə gedən yolda neçə-neçə görünməyən vəsilələr vardır. Hadisə müstəvisində məqsədə nail olmaq üçün əvvəlcə ideya müstəvisində ona ardıcıl surətdə yaxmlaşmaq, beynəlxalq ictimai rəyi, geosiyasi iqlimi, sosial-psixoloji infrastrukturu əlverişli vəziyyətə gətirmək tələb olunur.

Siyasət hadisələrin görünən tərəfi ilə yanaşı, böyük zaman və məkan kəsiklərindəki proyeksiyalarını, aysberqin alt qatını da nəzərə almağı tələb edir. Nə qədər paradoksal görünsə də, kiçik ölkələrin siyasət müstəvisindəki problemləri böyük ölkələrinkindən böyük olur. Güc çox olan yerdə siyasət bıçağı korşlaşmış halda da kəsir. Güc az olanda, ölkə kiçik olanda və öz istəyindən asılı olmadan böyük geosiyasi oyunların mərkəzinə cəlb olunanda ağırlıq siyasətə, siyasi liderin üzərinə düşür. Məhz bu zaman siyasətdə yeganə düzgün olan gedişləri tapmaq, böyük dövlətlərin bizim üçün hazırladığı qıl körpüsündən keçmək, hələ üstəlik koru da körpüdən keçirmək lazım gəlir. Real həyatda, praktik fəaliyyətdə qəti addım atmaq, bir dəfə düzgün biçmək üçün fikir dünyasında bütün mümkün variantları yüz dəfə ölçmək lazım gəlir.

Taleyin qismətindən biz yeni, hələ tarixin sınaqlarından çıxmamış yollarla gedirik. Bir tərəfdən, imperiyanın rəsmi buxovlarından azad olsaq da, hələ onun iqtisadi və siyasi təzyiq dairəsindən tamamilə çıxmamış müstəqil dövlət qurmaq sınağından keçirik. Digər tərəfdən, içərisində yetişdiyimiz sosializm cəmiyyətindən azad iqtisadi münasibətlərə, vətəndaş cəmiyyətinə doğru yol tutmuşuq. Bunların hər ikisi çətin sınaqdır. Lakin vəziyyət onunla mürəkkəbləşir ki, biz bu ağır yolu çiynimizdə Dağlıq Qarabağ problemi deyilən bir yüklə keçməliyik".

S.Xəlilovun fikrincə, Dağlıq Qarabağ problemi xüsusi, spesifik, dünyada analoqu olmayan mürəkkəb problemlərdən biridir. Ona görə yox ki, burada ədalətli həll yolu tapmaq çətindir. Xeyr, əksinə, ədalət mövqeyindən yanaşıldıqda, burada, əslində, heç problem də yoxdur. Çətinlik də elə problem olmayan yerdə problem yaradılmasındadır. Və haqsız bir iddianın beynəlxalq problem səviyyəsinə qaldırılmasında maraqlı olan tərəflərin mövqelərini tarixi və hüquqi ədalət mövqeyi ilə bir araya sığışdırmaqdadır.

Dağlıq Qarabağ probleminə və onunla bağlı beynəlxalq miqyasda qəbul olunan sənədlərə üç müstəvidə yanaşmaq olar:

1) Əxlaqi müstəvidə və ya "adi şüur" səviyyəsində;

2) Hüquqi müstəvidə; formal məntiq səviyyəsində;

3) Siyasi müstəvidə; praqmatik təfəkkür səviyyəsində.

Birinci mövqedən yanaşdıqda, Ermənistan silahlı qüvvələrinin törətdiyi cinayətlərə görə gərək bütün dünya birliyi təcavüzkar bir dövlət olan Ermənistana qarşı ən ciddi sanksiyalar tətbiq edəydi, onu faşizmdə, genosiddə günahlandıraydı, lənətlə damğalayaydı. Əsasən, ancaq bizə məlum olan faktlar mövqeyindən, haqq-ədalət mövqeyindən yanaşdıqda, Ermənistana nə cəza verilərsə verilsin, yenə də azdır, onun günahına adekvat ola bilməz.

Müxalifət məsələyə birinci mövqedən yanaşdığına görə dünya birliyinin Dağlıq Qarabağ probleminə münasibətindəki təkamülü görə bilmir və ya görmək istəmir. Ancaq siyasətdən xəbərsiz adamlar, sadəlövhlər, diletantlar siyasi mübarizə meydanına əxlaqi kateqoriyalarla, yalnız özlərinə məlum faktlara söykənən haqq-ədalət ideyaları ilə çıxırlar.

Lakin hətta "adi şüur" səviyyəsində, ictimai rəyin haqq-ədalət tərəzisində də hadisələri beynəlxalq aləmə olduğu kimi deyil, ermənilərin xeyrinə təhrif olunmuş şəkildə çatdırıldığı faktı ilə hesablaşmalı və nə qədər gec də olsa, informasiya mübarizəsindəki boşluqları doldurmağa çalışmalıyıq. Sumqayıt hadisəsinin iç üzü dünyaya açılmadan, Xocalı faciəsi dünyaya çatdırılmadan biz əxlaq müstəvisində də "günahkar" obrazında qalacağıq.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktor

Digər xəbərlər