PDF Oxu

MİA

  • 2 785

Dağlıq Qarabağın digər həlli variantları

Dağlıq Qarabağın digər həlli variantları

Dağlıq Qarabağ ətrafında Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün istər hər iki respublikanın siyasi dairələrində, istərsə də xarici diplomatlar arasında müəyyən təkliflər və tövsiyyələr irəli sürülmüşdür. Vaxtilə düşmən ölkənin - Ermənistan Respublikasınıni eks prezidenti L.Ter-Petrosyan "Respublika Armeniya" qəzetində "Müharibə, yoxsa sülh: düşünmək zamanı" adlı məqalə çap etdirərək orada aşağıdakı tezisləri öz silahdaşlarının və erməni ictimaiyyətinin diqqətinə çatdırdı:

1. Münaqişənin nizama salınmayacağı təqdirdə, Ermənistan Respublikası və Dağlıq Qarabağ bir il ərzində nəzərə çarpacaq dərəcədə zəifləyəcək;

2. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyətlə həmişəlik barışmayacaq, çünki bu vəziyyət təhlükəsizliyə və regional əməkdaşlığa, habelə, Qərbin neft maraqlarına təhlükə törədir;

3. Bizim meydan oxuduğumuz beynəlxalq ictimaiyyət Dağlıqq Qarabağın əleyhdarıdır. Qarabağ müharibəni deyil, döyüşü udmuşdur;

4. Əvvəlcə paket, sonra mərhələli həll təkliflərini rədd etməklə, indi isə yenidən paket həllə qayıtmağı təklif etməklə Dağlıq Qarabağ tərəfi həm özünü, həm də Ermənistanı namünasib vəziyyətdə qoymuşdur;

5. Amerika Konqresindəki lobbiçilik hərəkatının öz sərhədləri var - həmin hərəkat ABŞ-ın milli maraqlarına toxunan yerdə dayandırılır;

6. Bu gün əsas məsələ kəsilmiş danışıqları bərpa etməkdir. Bunun üçün də gələcək danışıqlar üçün əsas olan sənədin layihəsini razılaşdırmaq lazımdır.

Həmin ərəfədə Rusiyanın kütləvi informasiya vasitələrin verdiyi müsahibədə Ermənistan Respublikasının prezidenti özünün iki əsas tezisini irəli sürmüşdü:

1. Əgər Qarabağ böhranı aradan qaldırılmazsa, yalnız Dağlıq Qarabağın deyil, Ermənistan Respublikasının da strateji və iqtisadi vəziyyəti yaxşılaşdırıla bilməz. Ermənistanın xarici aləmlə əlaqələri məsələsi həll edilmədən erməni millətinin və erməni dövlətinin inkişafı mümkün deyil.

2. Azərbaycanın ərazi butövlüyünün de-yure qorunub saxlanması ilə bir sırada Dağlıq Qarabağın faktiki müstəqilliyinin təmin edilməsinin Azərbaycan tərəfindən həyata keçirilməsi başqa oxşar münaqişələrin də həlli üçün yeni məkanlar açandır.

Lakin prezident L.Ter-Petrosyanın danışıqları davam etdirməklə bağlı fikirləri qondarma DQR liderləri tərəfindən kəskin etirazla qarşılandı. Növbəti dəfə ermənilərin nazı ilə oynayan ATƏT-in Minsk Qrupunun həmsədrləri 1997-ci il dekabrın 2-də münaqişənin mərhələli həlli ilə bağlı təklifin yenidən işlənmiş variantını tərəflərə təqdim etdi. Burada artıq Dağlıq Qarabağın da münaqişə tərəfi kimi tanınması barədə təklif irəli süpülürdü. Azərbaycan həmin versiyanı qəbul etmədiyini, yalnız 19 sentyabr tarixili layihə əsasında danışıqlara başlamağın mümkün olduğunu bilirdi.

İngilis siyasətçi alimi C.Qordonun planı xüsusi maraq doğurur. Bu plana əsasən Zəngəzur Azərbaycanla birləşir və əvəzində Dağlıq Qarabağ Ermənistana verilir. Lakin bu erməniləri razı salmadı, çünki onda Azərbaycan bir növ Naxçıvanla birləşib Türkiyəyə birbaşa çıxış əldə edir. Bu isə Türkiyəni birbaşa Orta Asiya Türk Respublikaları ilə birləşməsinə və nəhayət Turan dövlətinin yaranmasına səbəb ola bilər. İkinci bir tərəfdən Ermənistanın xarici aləmə, xüsusən, İrana sərhədləri bağlı olur və bir növ, anklava çevrilmiş olur. Digər tərəfdən, ermənilərin gələcək strateji planlarına Naxçıvanı da ələ keçirmək daxil olduğu üçün onun Azərbaycanla birləşməsini və Azərbaycanla Türkiyə arasında bir körpü rolu olmasına razılıq vermirlər. Bu plan, habelə, İran və Rusiyanın siyasi dairələri tərəfindən qəbul olunmur, çünki onlar da regionda güclü Turan dövləti yarana bilməsindən ehtiyat edirlər.

Bu problem ətrafında Ə.Qəşəmoğlunun təklifləri də maraq doğurmaya bilmir. O, "Dağlıq Qarabağ problemi və onun həlli" məqaləsində yazır: "... Beynəlxalq aləmin Dağlıq Qarabağın bizim dövlətin tərkibində qalmasına kömək etməsi üçün respublikanın imici Dağlıq Qarabağın imicindən yüksək olmalıdır." Müəllif problemin həlli üçün aşağıdakıları təklif edir: 1) problemin həlli üçün həm Azərbaycanda, həm də Ermənistanda rəy formalaşdırmalıdırlar və beynəlxalq təşkilatlar problemin həllinə kömək etməlidirlər; 2) Ermənistan və Azərbaycan əhalisi biri-birinə yaxınlaşmalıdır, çünki belə bir yaxınlaşma olmadan problemin həllindən danışmaq qeyri- mümkündür; 3) Ermənistan əhalisi içərisində təbliğatı gücləndirmək və onu belə bir fakt qarşısında qoymaq lazımdır ki, Dağlıq Qarabağ qədim Azərbaycan torpağıdır və onun əlindən alına bilməz, eyni zamanda, Azərbaycan əhalisini də inandırmaq lazımdır ki, Dağlıq Qarabağa geniş mənada siyasi müstəqillik verilməlidir; 4) Həm Ermənistan, həm də Azərbaycan əhalisinə deyilməlidir, bu münaqişədə 3- cü tərəf də var, amma bu üçüncü tərəfin adını deməmək lazımdır, yoxsa o diqqət mərkəzinə çevrilə bilər; 5) Ermənilərin və azərbaycanlıların ayrı-ayrı sahələrdə çalışan adamlarla görüşməli, onlar arasında müəyyən əlaqələr yaradılmalıdır; 6) Azərbaycan ordusu gücləndirilməlidir və s."

AMEA-nın müxbir üzvü S.Xəlilovun təklif etdiyi variantında diqqətini cəlb edir. Alim yazır ki, hüquqi müstəvidə yanaşdıqda, yenə də ərazi bütövlüyünün toxunulmazlığı prinsipinə görə dünya ictimaiyyəti Ermənistanı təcavüzkar bir ölkə kimi pisləməli, ona qarşı sanksiyalar tətbiq olunmalı idi. Lakin ermənilər burada da manevr edərək millətlərin öz müqəddəratını təyin etmək hüquqi ilə fikirləri çaşdırır, guya vaxtilə Dağlıq Qarabağda ermənilərin hüquqlarının tapdalandığını, onların milli məninin təzyiq altda qaldığını və xilas üçün müstəqilliyin yeganə vasitə olduğunu "isbat" etməklə ərazi toxunulmazlığı ilə milli özünütəsdiq hüquqi arasında paritet yaratmağa çalışırlar.

Digər tərəfdən də, ərazinın əslində guya ermənilərə məxsus olması və qırmızı inqilabın ədalətsiz qərarı ilə Azərbaycana verilməsi və indi tarixi səhvləri düzəltməyin labüdlüyü barəsindəki hədyanlarla avropalıları "çaşdırırlar". Əlbəttə, Avropanı çaşdırmaq o qədər də asan deyil. Onlar həqiqəti bilməmiş olmazlar. Lakin görünür, məhz həqiqəti görməkdə maraqlı olmadıqlarından həqiqətə bənzədilmiş versiyaları həqiqət kimi qəbul etməyə hazırdırlar.

Beləliklə, hüquqi müstəvidə də ermənilər böyük səylərlə tarix və ictimai rəylə manipulyasiya edərək müəyyən paritet yaratmağa nail olublar. Siyasi müstəviyə gəldikdə isə, burada həqiqət daha az rol oynayır.

Siyasəti fəlsəfədən fərqləndirən də budur ki, o, hadisələrin özündən çox, onların dünya birliyinə necə təqdim olunmasına, artıq formalaşmış ictimai rəyə, dövlətlərin daha qlobal mənafelərinə söykənir.

Bəli, bu gün reallıq bundan ibarətdir ki, Azərbaycanın torpaqları işğal olunmuşdur. Bir milyon nəfərədək qaçqın və məcburi köçkün vardır və onlar ən elementar insan hüquqlarından belə məhrum olmuşlar. Nə biz, nə də insan hüquqlarına hörmətlə yanaşan istənilən beynəlxalq təşkilat, tərəqqipərvər qüvvələr yüz minlərlə insanın belə acınacaqlı vəziyyətinin uzun müddət davam etməsinə razı ola bilmərik.

Lakin reallıq həm də bundan ibarətdir ki, Cənubi Qafqazda sabitlik olmadan və qonşu dövlətlərlə iqtisadi əlaqələr qurmadan Ermənistan iqtisadi cəhətdən inkişaf edə bilmir, iqtisadi çətinliklər keçirir. Bu cür yaşamaq onlara da sərf etmir. Avropa və Amerika Ermənistanı bu vəziyyətdən çıxarmaq və Qafqazdakı iqtisadi layihələrdə onlarm iştirakını təmin etmək məqsədi ilə bizə təzyiq göstərirlər. Lakin təəssüf ki, bunun müqabilində onlara BMT-nin qərarlarını yerinə yetirmək istiqamətində heç bir təzyiq göstərilmir. Münaqişənin həlli üçün heç şübhəsiz, ilk növbədə, böyük dövlətlərin mövqeyi daha rasional olmalıdır. Əlbəttə, əgər onlar münaqişənin aradan götürülməsini həqiqətən istəyirlərsə.

Qarşılıqlı inam yaranmadan, sülh naminə hər iki tərəfdən real addımlar atılmadan, mövcud siyasi və psixoloji gərginlik zəiflədilmədən Dağlıq Qarabağın statusu məsələsi həll edilə bilməz. Hətta sənədlərdə həll olunsa da, gerçəklikdə həll edilə bilməz.

Ən optimal yol, kompromis variantı, bu ola bilərdi ki, birinci mərhələdə Dağlıq Qarabağdan kənardakı rayonların əraziləri boşaldılsın, Dağlıq Qarabağın sərhədləri boyunca bufer zonası yaradılsın və əvəzində biz Ermənistanla iqtisadi əlaqələr quraq. Xalqlar arasındakı psixoloji gərginlik heç olmazsa bir qədər yumşalsın və yaranmış qarşılıqlı inam şəraitində Dağlıq Qarabağın statusu məsələsi müzakirə olunsun. Məncə, biz Dağlıq Qarabağın ermənilər yaşayan hissəsinin statusu ilə əlaqədar hər cür kompromisə hazır olmalıyıq. Əsas məsələ heç olmazsa, azərbaycanlılar yaşayan Şuşanın Dağlıq Qarabağdan çıxarılması olmalıdır. Şuşa erməni muxtariyyətinin tərkibində qalmamalıdır. Çünki onların da öz müqəddəratını təyin etmək hüququ vardır və bu hüquq beynəlxalq təşkilatlar tərəfindən qorunmalıdır. Laçın dəhlizinə gəldikdə isə, biz onu ancaq Mehri dəhlizi müqabilində verməyə razı ola bilərik. Keçmiş səhvlərə görə daha böyük məhrumiyyətlərə düçar olmamaq üçün kompromis yolu qaçılmazdır. Unutmaq olmaz ki, bizim ən böyük nailiyyətimiz müstəqilliymizdir və ancaq müstəqilliyə xələl gətirən məsələlərdə kompromis yolverilməzdir.

Fəlsəfə elmləri doktoru, professor Ə.Tağıyev aşağıdakıları təklif edir: Bizə belə gəlir gi, Yuxarı Qarabağda erməni - Azərbaycan münaqişəsini aradan qaldırmaq üçün bu təhlükədə Qafqazda siyasi- hərbi və ideoloji stabilliyə nail olmaq lazımdır. Bunun yolları aşağıdagılardır:

- Qafqaz təhlükəsizlik kompleksi kimi;

- Qafqaz regionunun birliyi və vəhdəti;

- Qafqazın bölünməzliyi: onların dostluğu və həmrəyliyi;

- Xarici hərbi qüvvələrin və bazaların Qafqazdan uzaqlaşdırılması;

- Qafqazdaxili problemlərin qafqazlıların özləri tərəfindən həll edilməsi;

- Qafqaz xüsusi, əlahiddə, özünəməxsus xüsusiyyətləri olan sivil bir regiondur;

- Qafqaz öz problemlərini özü həll edə bilər;

- Xaricilərin Qafqazda xüsusi maraqları olduğu üçün onlar buradakı münaqişəli vəziyyətlərin stabilləşməsi tərəfdarı deyillər və hər an bu münaqişələrdən öz mənafeləri naminə bir kart kimi istifadə etməyə çalışırlar;

- Yığcam "Qafqaz evi"nin yaradılması onun vahid iqtisadi, siyasi və hərbi zonaya çevrilməsi;

- Qüvvələr nisbətinin tarazlaşdırılması, prioritetin əldə olunması, yüksək dərəcədə silahlanmaya yol verilməməsi.

Bunlar Qafqazdakı münaqişəli vəziyyətlərin aradan qaldırılması üçün zəruri olan amillərdir.

Minsk Qrupu və onun üzvləri olan ABŞ, Fransa və Rusiya Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması istiqamətində bir sıra konkret təkliflərlə çıxış etmişlər. Bu təkliflərdən bəziləri Ermənistan, bir qismi isə Azərbaycan tərəfindən onların mənafe və maraqları üçün uyğun gəlmədiyindən qəbul olunmamışdı.

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər