PDF Oxu

MİA

  • 2 836

ATƏT-in Lissabon Zirvə görüşündə Ulu Öndər Heydər Əliyevin nitqi

ATƏT-in Lissabon Zirvə görüşündə Ulu Öndər Heydər Əliyevin nitqi

2 dekabr 1996-cı il

Hörmətli cənab sədr!

Xanımlar və cənablar! Dövlət və hökumət başçılarını, Zirvə görüşümüzün bütün iştirakçılarını səmimi salamlayıram. Ümidvaram ki, bu görüş Avropada təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi işində mühüm mərhələ olacaqdır.

Keçid dövrünün obyenktiv çətinliklərində, zorla cəlb edildiyimiz müharibənin nəticələrinə baxmayaraq, biz dövlət müstəqilliyimizi möhkəmləndiririk, əsaslı siyasi və iqtisadi islahatlar həyata keçiririk.

Azərbaycanda siyasi plüralizm, çoxpartiyalı sistem, söz, dini etiqad azadlığı kimi demokratik prinsiplər bərqərar olmuşdur. Ümumxalq referendumu yolu ilə müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyası qəbul edilmiş, çoxpartiyalı zəmində respublikanın yeni parlamenti seçilmişdir.

İqtisadiyyatın sərbəstləşdirilməsi, dövlət mülkiyyətinin geniş miqyasda özəlləşdirilməsi, aqrar sektorun islahatı, o cümlədən heç bir məhdudiyyət qoyulmadan alıb-satmaq hüququ ilə torpağın özəl mülkiyyətə verilməsi müvəfəqiyyətlə həyata keçirilir.

Azərbaycan iqtisadiyatına xarici investisiyalar qoyulması üçün geniş imkanlar açılmışdır. Xəzər dənizinin Azərbaycan sektorunda energetika resurslarının birgə hasilatı barədə dünyanın ən böyük neft şirkətləri ilə çoxmilyardlıq müqavilələr bağlanmışdır.

Biz əminik ki, müstəqil demokratik dövlətlərin Dünya Birliyinə Azərbaycanın siyasi və iqtisadi cəhətdən qovuşması yolu Azərbaycan xalqının həyati mənafeyinə uyğundur və bizim bu strateji xəttimizə ATƏT-in başqa beynəlxalq təşkilatların və demokratik təşkilatların bundan sonra da dəstək verəcəklərinə ümid edirik.

Xanımlar və cənablar!

Regional münaqişələr, davakar millətçiliyin və separatçılığın artması, beynəlxalq terrorizm bizim regionumuzda sülh, tərəqqi və inkişaf üçün real təhlükə olaraq qalır. Bir çox xalqlar, o cümlədən, keçmiş sovet məkanında, Qafqazda yaşayan xalqlar qanlı müharibələrə cəlb olunmuşlar. Bu müharibələr insanların kütləvi surətdə qırılması, etnik təmizləmələr, milyonlarla adamın qaçqına çevrilməsi, müstəqil dövlətlərin ərazilərinin işğal edilməsi ilə nəticələnir. Ona görə də ATƏT Avropa qitəsində ümumən təhlükəsizliyin təmin edilməsi üçün hələ olduqca çox iş görməlidir.

Bildiyiniz kimi, Ermənistan Respublikası əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağı öz əlinə keçirmək məqsədi ilə respublikamıza qarşı təcavüz etmişdir.

Bu təcavüz nəticəsində Azərbaycan ərazisinin iyirmi faizi Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Bizim vətəndaşlarımızın iyirmi min nəfərdən çoxu öldürülmüş, yüz min nəfərdən çoxu yaralanmış və ya əlil olmuş, altı min nəfəri əsir düşmüşdür. Bir milyondan çox azərbaycanlı, yəni ölkəmizin əhalisinin təqribən on beş faizi qaçqına çevrilmişdir. Dörd ildir ki, onlar qışı çadır şəhərciklərində dözülməz şəraitdə keçirməli olurlar. İşğal olunmuş ərazilərdə 700-ə qədər şəhər və kənd, habelə minlərlə xəstəxana, məktəb, yaşayış evi, Azərbaycan xalqının tarix və mədəniyyət abidələri dağıdılmış, yandırılmış, talan edilmişdir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə və onun sədrinin altı bəyanatında Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistanın silahlı qüvvələrinin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması, qaçqınların və köçkünlərin daimi yaşayış yerlərinə qaytarılması tələb olunur. Həmin sənədlərdə respublikamızın suverenliyi və ərazi bütövlüyü, Dağlıq Qarabağın Azərbaycan Respubilkasına mənsub olduğu təsdiq edilir. Lakin Ermənistan Respublikası bütün bu qərarlara etinasızlıq göstərir.

ATƏT-in 1992-ci ildə yaradılmış Minsk Qrupu Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün az səy göstərməmişdir, onun fəaliyyəti və Rusiya Federasiyasının yaxından iştirakı sayəsində 1994-cü ilin may ayında atəşkəs əldə edilmişdir.

Atəşkəs rejiminə uzun müddət əməl olunması bizim sülh istəyimizi nümayiş etdirən mühüm nailiyyətdir. Atəşkəs sabit davam edən danışıqlar prosesini sahmana salmağa imkan vermiş, münaqişənin aradan qaldırılması üçün göstərilən səylərin etibarlı təməlinə çevrilmişdir və Azərbaycan tərəfi sülh müqaviləsi imzalananadək bu rejimə əməl etmək niyyətindədir.

Ermənistan-Azərbaycan münaqişəsini tez bir zamanda aradan qaldırmaq ATƏT-in sülhü qoruyan çoxmillətli qüvvələrini yaratmaq məqsədi ilə 1994-cü ildə ATƏT-in Budapeşt Zirvə görüşündə qəbul edilmiş qərarlara biz tamamilə tərəfdar çıxmışıq.

Budapeşt Zirvə görüşündən sonra Minsk Qrupu çərçivəsində danışıqlar prosesi intensivləşdirilmişdir. Biz həmçinin prezidentlərin nümayəndələri səviyyəsində Ermənistan ilə birbaşa ikitərəfli danışıqlar kanalı yaratmış, hərbi əsirlər və girovları qarşılıqlı surətdə azad etmişik.

Bu ilin aprel ayında Lüksemburqda Ermənistan Respublikası və Azərbaycan Respublikası prezidentlərinin verdikləri birgə bəyanat münaqişənin aradan qaldırılması istiqamətində mühüm addım olmuşdur. Həmin bəyanat əslində tərəflərin silahlı münaqişəyə beynəlxalq prinsiplər və normalar əsasında son qoymaq əzmini nümayiş etdirən ilk birgə Ermənistan-Azərbaycan sənədidir.

ATƏT-in dövlət başçıları ilə bütün başqa səviyyələrdə mənim şəxsi görüşlərim zamanı biz geniş məsləhətləşmələr aparmış, Ermənistan-Azərbaycan münaqişəsini aradan qaldırmağın optimal, qarşılıqlı surətdə məqbul üsullarını axtarmışıq.

Hörmətli dövlət və hökumət başçıları, Lissabon Zirvə görüşü ərəfəsində mən sizə məktub göndərmiş, orada ATƏT-in prinsiplərinə BMT nizamnaməsinə və hamı tərəfindən qəbul olunmuş beynəlxalq hüquq normalarına ciddi əməl etmək əsasında münaqişənin aradan qaldırılması üsulunu təklif etmişəm. Bu təklifdə bütün tərəflərin mənafeyi nəzərə alınır. Nizamasalmanın bu kompromisli üulu aşağıdakı tərkib hissələrindən ibarətdir: Azərbaycan Respublikasının ərazi bütövlüyü, Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağın yüksək muxtariyyət statusu, Dağlıq Qarabağın bütün əhalisi üçün təhlükəsizlik təminatı. Bu üsul beynəlxalq vasitəçilər tərəfindən dəstəklənir, ATƏT-in indiki sədrinin 1996-cı ilin fevral ayında münaqişə regionunda olarkən təklif etdiyi prinsiplərə bir çox cəhətdən uyğun gəlir.

Lakin çox təəssüf ki, Ermənistan Respublikası BMT nizamnaməsinə ATƏT-in prensiplərinə, beynəlxalq hüquqa əsaslanan hər hansı bir qərarın qəbul edilməsindən boyun qaçarmaqda davam edir.

O, Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanımaqdan imtina edir, təcavüzün nəticələrini qanuniləşdirməyə, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu üçün müstəqillik statusu əldə etməyə və həmin regionu Ermənistana birlədirməyə cəhd göstərir.

Dağlıq Qarabağ ilə əlaqədar Ermənistan-Azərbaycan münaqişəsinin başlandığı vaxtdan bəri dünyada çox böyük hadisələr baş vermişdir. Keçmiş sovet məkanında yeni müstəqil dövlətlər yaranmışdır, onların arasında Azərbaycan Respublikası və Ermənistan Respublikası da vardır. Dövlətlərimizin suverenliyi sərhədlərinin, toxunulmazlığı və ərazi bütövlüyünü bütün Dünya Birliyi təsdiq etmişdir. Bu prinsiplərin hər hansı şəkildə pozulması sülh və sabitlik yaradılmasına əngəl törədir, qarşıdurmanı gücləndirir, xalqların dinc və firəvan gələcəyə bəslədikləri ümidləri puça çıxarır.

Dağlıq Dağlıq müstəqilliyi barədə qanunsuz iddialar beynəlxalq hüququn hamı tərəfindən bəyənilmiş normaları ilə bir araya sığmır. Biz həmin iddialarla heç vaxt razılaşmayacaq, biz erməni dövlətinin yaranmasına yol verə bilmərik.

Erməni təfəri, nəhayət, başa düşməlidir ki, onun başladığı və səkkiz ildir davam edən münaqişə Azərbaycan xalqını çox böyük fəlakətlərə və iztirablara məruz qoyduğu kimi, erməni xalqını da ağır vəziyyətə salmışdır.

Əminəm ki, münaqişənin BMT nizamnaməsi, ATƏT-in prinsipləri və beynəlxalq hüquq əsasında aradan qaldırılması az bir vaxt ərzində Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli möhkəm sülh yaranmasına imkan verəcək, erməni və Azərbaycan xalqları arasında xoş münasibətləri bərpa edəcək, Dağlıq Qarabağın bütün əhalisi üçün ən əlverişli şərait yaradacaqdır. Münaqişənin aradan qaldırılması Zaqafqaziyada uğurlu iqtisadi əməkdaşlığı təmin edəcək, respublikalarımızda sosial-iqtisadi vəzifələri müvəffəqiyyətlə yerinə yetirmək, demokratiyanın və azadlığın bəhrələrindən tamamilə faydalanmağa imkan açacaqdır.

Biz müharibə istəmirik, biz sülh istəyirik. Mən Ermənistanın prezidenti Levon Ter-Petrosyan cənablarına, bütün erməni xalqına müraciət edib onları sülhə və əməkdaşlığa çağırıram.

Mən ATƏT-in Lissabon Zirvə görüşünün iştirakçısı olan dövlət və hökumət başçılarına üz tutub onlardan xahiş edirəm ki, Avropada sürəkli və viranedici regional münaqişələrdən biri olan Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə aradan qaldırılması üçün səylərinin əsirgəməsinlər.

Qitəmizdə sülh, sabitltk və xalqların firəvanlığı naminə bütün tədbirləri görmək bizim müqəddəs borcumuzdur.

Diqqətinizə görə təşəkkür edirəm.

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər