PDF Oxu

MİA

  • 3 039

Avrasiya mədəni inteqrasiya modeli

Avrasiya mədəni inteqrasiya modeli

Bu gün də dünya, necə adlandırılmasından asılı olmayaraq, inkişafının tamamilə fərqli bir mərhələsinə qədəm qoymuşdur. Bu mərhələdə insanlar, dövlətlər, mədəniyyətlər, dinlər arasında mövcud olan qarşılıqlı münasibətlərin prinsipial olaraq yeni səviyyəsinin təməli qoyulmalıdır. Dünyanın inkişaf parametrləri baxımından müşahidə olunan və "qloballaşma" adlandırılan tamamilə fərqli problemlərin ortaya çıxması da yaşadığımız mərhələni səciyyələndirən və yeni münasibət modelinin yaranmasını zərurətə çevirən amillər sırasındadır.

Sivilizasiyanın gələcəyi probleminin müzakirəsi və həlli perspektivlərinə alimlərin, siyasətçilərin, filosofların, iqtisadçıların, kulturoloqların və s. beynəlxalq konfrans, forum və simpoziumları həsr edilir. Lakin bu gün deyə bilərik ki, bununla problemin mürəkkəbliyi nəinki azalır, əksinə, daha da artır.

R.Aslanova yazır ki, bu gün yeni dinlər, yeni mədəniyyətlər yaratmağa ehtiyac yoxdur. Çünki dünyadakı istənilən xalqın dinində, mədəniyyətində, dünyagörüşü sistemində baş verən tarixi dəyişiklikləri həm təhlil etməyə, həm də onlardan düzgün nəticə çıxarmağa əsas verən böyük potensial vardır.

Əsas məsələ, məhz bu sərvət və dəyərlərin müasir mərhələnin ümumbəşəri prinsiplərini və XXI əsrin mədəni-sosial ahəngini formalaşdırmaq üçün malik olduğu böyük potensialdan çıxış etməkdir. Həyatımızın indiki mərhələsini və gələcəyini məna və ləyaqətlə yaşamaq üçün tələb olunan münasibətlərə dair hər bir mədəniyyətdə təsəvvürlər sistemi mövcuddur. Bunların ən mühümü "dünyanın müxtəlifliyin vəhdəti kimi var olması" prinsipidir.

Dünyadakı bütün ölkələrin, müxtəlif səviyyələrdə qarşılıqlı əlaqə və münasibətlərini daha da sürətləndirən, onu vahid sistemə çevirən qloballaşma prosesi universal və unikallığın bir-birinə nisbəti problemini ön cərgəyə çıxarmışdır. Bu da təbii olaraq planetdəki xalqları narahat edən meyillərə qarşı dura biləcək ideya, qüvvə, amil və formaların səfərbər edilməsinə zərurət yaratmışdır. Bir şey aydındır. Biz dünya inkişafının mövcud modelinin kökündən dəyişilməsi dövründə yaşayırıq, bu dövrün mahiyyətini bir cümlə ilə ifadə etsək, deyərdik: "Bəşəriyyət çoxçalarlı, çoxqütblü, müxtəlifliklərin ahəngdar inkişafını təmin edə biləcək bir dünya düzəninə qədəm qoyur".

Şübhəsiz ki, mövcud reallıq əvvəlki bir, ya ikiqütblü, texnogen sivilizasiyanın inkişafının, sadəcə, davamı ola bilməz. Bu baxımdan, gündəmdə duran əsas məsələ təşəkkül tapmaqda olan, müasir tarixin çoxçalarlılığını, rəngarəngliyini adekvat ifadə edən, qlobal və lokal səviyyələrdə, praktiki ictimai-mədəni birgəyaşayış formalarının müəyyən edilməsidir. Öz növbəsində, bu məsələ də vəhdət və müxtəlifliyin elmi-fəlsəfi prinsiplərin nəzəri konsepsiyasının işlənməsini tələb edir.

Dialoq Avrasiya qurumunun başlıca məramı və qayəsi bu proseslərə bütün sahələrdə şərait və imkan yaradılması, yeni dünya düzənində dialoq məkanının fasiləsiz olaraq genişlənməsinə təşəbbüskar və dəstəkçi olmaqdır.

Avrasiyaçılıq ideya-siyasi, mədəni-tarixi cərəyan kimi yarandığı dövrdən özünəməxsusluğu ilə diqqəti cəlb edən istiqamətlərdəndir. R.Aslanovanın fikrincə, Avrasiya anlayışında da, Avrasiya mövzusuna həsr olunmuş əsərlərdə də, müasir dünya sivilizasiyasının gələcək inkişafını dərk etməyə imkan verən konseptual-analitik potensial olmamış deyil. Bu potensialın yaşadığımız qlobal gerçəklik kontekstində təhlilinə, aydınlaşdırılmağa və konkretləşdirməyə zərurət olduğu mühüm məsələdir.

Biz gözəl başa düşürük ki, Avrasiya sözünü gündəmə, dilimizə gətirərkən onun əhatə etdiyi leksik-semantik müstəvinin ən müxtəlif təsəvvür, baxış və mövqelərlə yüklənməsini nəzərdən kənara qoymaq olmaz. Bu leksik-semantik müstəvi ideoloji-siyasi, millətçi, hətta mifoloji məzmunlarla ya mənfi çalarlar kəsb etmiş, ya təhrif olunmuş, bir sözlə, "tutulmuşdur". Avrasiyanın məkan, zaman və inkişaf yolu kimi aspektlərinin vəhdətdə təhlili üzərində öz fikirlərimizlə bölüşmək istəyirik.

Müasir elmi idrak inkişaf problemlərini araşdırarkən zaman və məkan anlayışlarına bir-biri ilə qarşılıqlı əlaqədə yanaşmağı əsas hesab edir. Bu anlayış və ya amillərin bir-birindən təcrid edilməsi, yaxud onlardan birinin mütləqləşdirilməsi gerçək tarixi proseslərin qeyri-adekvat qiymətləndirilməsinə səbəb olur. Bir halda deyilir: "Avropa və Asiya problemi, hər şeydən əvvəl, coğrafi məkan, landşaft problemidir", digər halda deyilir: "Avrasiya özəl mədəni-sosial birlik kimi min beş yüz illik zaman sınağından çıxmışdır, onun Qərblə inteqrasiyası problematikdir" və ya üçüncü halda "Avrasiyanın özəl, fərqli - ayrıca bir inkişaf yolu vardır" kimi mövqelər üstünlük təşkil edir.

Bakı Slavyan Universitetinin professoru, "Mütərcim" Tərcümə Mərkəzinin direktoru Telman Vəlixanlının "Avrasiyaçılıq ideyaları müasirlik prizmasında" məqaləsində yazır ki, elmi-nəzəri cərəyan kimi avrasiyaçılıq artıq ənənəvi müstəvidən çıxıb, digər elm sahələrinə də sirayət etməkdədir. Əgər yarandığı ilk dövrlərdə, yəni keçən yüzilliyin 20-30-cu illərində bu elmi-nəzəri problem daha çox tarixçilər, coğrafiyaşünaslar, filosoflar, etnoqraflar, musiqiçilər və digərləri tərəfindən qabardılırdısa, son dövrlərdə, xüsusən də, əsrlərin qovuşacağında siyasətçilər və iqtisadçı alimlər fəallıqları ilə seçilirlər. Bunun özü də təbii bir prosesdir, çünki minilliklər və əsrlər boyu oxşar coğrafi və iqlim şəraitində yaşamış, Böyük Çin səddindən Dunayaqədərki ərazilərdə və bəzən də daha geniş arealda müştərək tarixi taleyə, oxşar və ya eyni maddi və mənəvi irsə malik olmuş xalqlar və ölkələrin öz keçmişinə müraciəti və gələcək perspektivlərin müəyyənləşdirilməsi problemi məhz bu müstəvidə görməyi tələb edir.

Heç kəsə sirr deyil ki, müasir dövrdə xalqların və ölkələrin bir-birinə yaxınlığı, rəğbəti və soyuq münasibətləri çox vaxt onların yaxın və uzaq keçmişdəki tarixi münasibətləri, müştərək mədəni abidələri və s. ilə ölçülür. Avrasiyaçılıq ideyasının bəlkə də xalqların böyük köçləri və Böyük Monqol İmperiyası, Teymur İmperiyası dövrlərindən ortaya atıldığı şübhə doğurmamalıdır.

Artıq müəyyənləşmiş sərhədlər, ənənə və vərdişlər, siyasi-diplomatik, iqtisadi münasibətlər zəminində birləşmək, birləşdirmək ideyasının zaman-zaman gündəliyə gətirilməsi heç də təsadüfi deyil. Böyük Hun, Avar, Xəzər-Qıpçaq, Monqol-Tatar İmperiyalarının tarixi ərazilərində Moskva Rusunun, sonradan isə Rusiya imperiyasının və Sovetlər Birliyinin yaradılması da eyni prizmadan qiymətləndirilməlidir. 20-ci əsrin sonlarında sosializm sisteminin dağılması Avrasiya ərazisində pozulmuş olan iqtisadi və insani əlaqələri bərpa etmək məqsədi güdür. Maraqlıdır ki, avrasiyaçılıq ideyası göstərilən tarixi-mədəni və coğrafi arealda mövcud olmuş abidələrdə, o cümlədən, ədəbiyyat nümunələrində də özünə yer tapıb. Bu cəhətdən slavyan və türk xalqları eposu, onların qarşılıqlı təhlili maraqlı müşahidələrə gətirib çıxarır. Qədim rus ədəbiyyatı abidələrinə ("İqor polku hekayəti", "Ötən illərin hekayəti", "Sultan Məhmət haqqında hekayət", "Kazan tarixi" və s.) gəlincə, avrasiyaçılıq nöqteyi-nəzərindən burada "mənimki-özgəninki" anlayışı xüsusi bir çalar daşıyır. "İqor polku hekayəti"ndəki poloves xanları, "Sultan Məhmət haqqında hekayət"də türk sultanı, "Kazan tarixi"də Kazan çariçası və döyüşçüləri heç də qara rənglərlə təqdim olunmurlar. Ümumiyyətlə, onsuz da az mübahisə meydanı olmayan orta əsrlər rus ədəbiyyatı avrasiyaçılıq ideyaları prizmasından yenidən nəzərdən keçirilməlidir.

Avrasiya xalqlarının tarixi, mədəni, etnik, coğrafi, iqtisadi və siyasi cəhətdən yaxınlığını təsdiq edən avrasiyaçılığın elmi-nəzəri cərəyan kimi bir qrup rus emiqrant-alimləri tərəfindən keçən yüzilliyin 20-30-cu illərində irəli sürüldüyü hamıya yaxşı məlumdur. İlk vaxtlar bu məsələ tarixçilər, coğrafiyaşünaslar, filosoflar, etnoqraflar, musiqiçilər və s. tərəfindən qabardılırdısa, son dövrlərdə, xüsusən də, əsrlərin qovuşacağında siyasətçilər və iqtisadçı alimlər öz fəallıqları ilə seçilirlər. Bu çoxsahəli və önəmli problemə sonradan rus tədqiqatçıları ilə yanaşı, Türkiyə, Qazaxıstan, Azərbaycan, Gürcüstan və s. ölkələrin alimlərinin qoşulmasının özü də təbii bir prosesdir.

Asiya və Avropanı, avrasiyaçıların təbirincə desək, Avrasiyanı özündə birləşdirən, dünya tarixində ən möhtəşəm və davamlı olmuş Böyük Monqol İmperiyası, Çingiz xanın Yasası ilə idarə olunan ucsuz-bucaqsız bir dövlət barəsində çox yazılıb, çox fərziyyələr irəli sürülüb. Düzdür, monqol istilasını dadmış Avropa ölkələrinin böyük əksəriyyəti ədalətsiz olaraq hər vəchlə öz tarixi keçmişindən monqol-tatar izlərini silməyə çalışmış, yazdıqları tarix kitablarına istinad etsək, buna nail ola bilmişlər. Mərkəzi Avropadan Şərqə - keçmiş Karakorum və Xan-Balığa (indiki Pekinə) doğru getdikcə, Böyük Monqol İmperiyası ilə bağlı tarixi həqiqətlər, məhz Şərq ölkələri xronika, salnamə, digər tarixi-ədəbi mənbələrində özünə yer ala bilmişdir. Çingiz xanın imperiyası tarixini əks etdirən monqolların "Sirli dastan"ı və "Altun tobçi" salnaməsi, fars və Çin salnamələri və təbii ki, Qədim Rus salnamələri, tarixi və hərbi povestləri neçə-neçə tarixşünaslar və ədəbiyyatşünaslar nəslinin tədqiqat obyekti olmuşdur.

Dörd əsrə qədər ömür sürmüş orta əsrlər dövrünün ən böyük imperiyası tarixi elə bir ictimai-siyasi, hərbi-diplomatik, ticarət-iqtisadi, mədəni-mənəvi münasibətlər mənzərəsi ortaya çıxarır ki, müasir sivilizasiya zirvəsindən tarixi keçmişə boylanmağı, obyektiv nəticə çıxarmağı bacaran hər bir tarixçi, filosof, filoloq və s. bu səpkidə fikirlər irəli sürərkən təəccübünü gizlədə bilmir. Qumilyov, Vernadski, Trubeskoy, Saviski, Bartold və bu sahədə ciddi araşdırmalar müəllifi olan digər alimlərin mülahizələrinin cəlbediciliyi təkcə onların dərin müşahidələri, elmiliyi və vətənpərvərliyi ilə bağlı deyilmiş. Daha bir avrasiyaçı-alim Erencan Xara Davanın tədqiqatları ilə yaxından tanışlıq belə bir fikir söyləməyə imkan verir ki, Çingiz xan irsi, Böyük Monqol İmperiyası və onun varisləri olmuş digər Şərq dövlətlərinin tarixi keçmişini tədqiqat obyekti seçən hər biri alimin müvəffəqiyyəti onun mövzuya qərəzsiz münasibəti, tarixi həqiqətləri dürüst ifadə edən mənbələri düzgün şərh etməsi ilə izah olunur. Bu, həm də tədqiqatçının daha çox hekayət xarakteri daşıyan, bəzən hadisələri təhrif edən, şərqlilərə münasibətdə öz müşahidələri və mülahizələrində diqqətsizlik və hörmətsizlik nümayiş etdirən mənbələrə tənqidi yanaşma bacarığını və təbii ki, ensiklopedik biliyini və erudisiyasını, tarixi faktların bolluğu və şübhə doğurduğu məqamlarda kontekstə müvafiq yüksək intuisiya ifadə etdirmə qabiliyyətini nümayiş etdirir. Burada söhbət, ilk növbədə, slavyan, xüsusən də, rus mənbələrinə istinaddan gedir, çünki orta əsrlər rus ədəbi abidələri və tarixşünaslıq materialları kimi qəbul edilən mənbələr, adətən, redaktor-kompilyatorların əlindən keçərək, əlavə və dəyişikliklərə məruz qalır və ilkin versiyalar təhrifə uğrayırdı. Məsələn, İvan Qroznı zamanında rus tarixi, rus pravoslav kilsəsinin tarixi yenidən yazıldı, Möhtəşəm Çetyi-Mineylər, Stepennıye kniqi, Xronoqraflar kimi tarixi mənbələr ortaya çıxdı və şərq slavyanlarının tarix və mədəniyyətini avropalaşdırdı. Köhnə təriqətçi protopop Avvakumun üsyanı da elə bununla bağlı idi. Bu gün əlimizdə olan 12-ci əsr möhtəşəm rus ədəbi abidəsi - "İqor polku haqqında hekayət" - dövrümüzə məhz 16-cı əsr əlyazmasında gəlib çıxmış və demək olar ki, türk elementlərindən təmizlənilmişdir. Əslində, daha qədim orta əsrlər abidəsi - "Kitabi-Dədə Qorqud"u - ideya-mövzu və tipoloji cəhətdən təkrarlayan "İqor polku haqqında hekayət" Avropa xalqlarına mənsub digər eposlardan köklü şəkildə fərqlənir. Ona görə də rus mədəniyyətinin ekologiyası ilə məşğul olan akad. D.S.Lixaçovun qazax şairi O.Süleymenovu "İqor polku haqqında hekayət"ində türk eposunun izlərini axtarmaqda" qınaması elə o vaxtlar da çox gülünc səslənirdi. Türk eposunun izləri, türk motivləri alman abidəsi "Nibelunqlar haqqında nəğmə"də asanlıqla müşahidə olunursa, bunu "İqor polku haqqında hekayət"ə şamil etməkdə nə qəbahət ola bilər?..

Bir daha xatırladıram ki, sadalanan amillərin sintez də deyil, fraqmentar müstəvidə təhlili məntiqi sonluq kimi, avrasiyaçılıq cərəyanında, dünyaya açıq olmaq, Qərbdən təcrid olunmaq, geosiyasi uyğunlaşma, yaxud Qərb yoluna üz tutmaq, hətta ekspansionist-neoimperiya mövqeləri kimi diametral müxtəlif baxışların formalaşmasına səbəb olmuşdur. Zənnimcə, Avrasiya və dünya, eləcə də Avropa və Asiya mövzusunu sistem və bütövlüyündə nəzərdən keçirmək bu arzuolunmaz təzahürlərin qarşısını almağa imkan verir.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər