PDF Oxu

MİA

  • 5 625

XIX əsrdə Azərbaycan-Rusiya mədəni inteqrasiyası

XIX əsrdə Azərbaycan-Rusiya mədəni inteqrasiyası

\r\n

\r\n

\r\n 1820-ci ildən etibarən A.Bakıxanov Qafqazda ordu komandanı dəftərxanasında mütərcim kimi çalışmaqla, dövrünün görkəmli şəxsiyyətləri ilə ünsiyyətdə olmuşdu ki, bu da onun dünyəvi mədəniyyəti mənimsəməsinə əhəmiyyətli dərəcədə təsir göstərmişdi. Onun 1833-cü ildə Peterburqa, 9 aya yaxın isə Varşavaya uzunmüddətli səfərləri, özünün qeyd etdiyi kimi, \"Avropa mədəniyyəti ilə yaxından tanış olmaq\" xarakteri daşıyırdı. Dünya mədəniyyəti ilə tanışlığı onun \"mən ürək və ağıl üçün maraqlı olan çox şey gördüm və onlardan faydalanmağa çalışdım\" kimi etirafına səbəb oldu. Bakıxanovun A.S.Qriboyedov, A.A.Bestujev-Marlinski, A.S.Puşkin, sürgündə olan polyak şairi Faddey (Tadueş - Lada) Zablotski, xarici səyyahlar olan qraf Suzanne, K.Kox, F.Bodenşted, gürcü şairləri A.Çavçavadze, Q.Orbeliani və erməni şairi X.Abovyanla münasibətləri Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiya aspektindən maraqlı və əhəmiyyətli hadisələrdəndir. Beynəlxalq mədəni əlaqələrin öyrənilməsi məsələsində isə A.Bakıxanov proseslərin tarixiliyinin dəqiqləşdirilməsinə üstünlük verərək yazırdı: \"Tarix onu doğma torpağın keyfiyyətləri ilə, onu üzərində məskunlaşmış tayfaların xarakteri ilə tanış edir və xalqların bütün qarşılıqlı əlaqələrindən nəticə çıxararaq, onun zərərini və faydasını göstərir\".

\r\n

\r\n XIX əsrdə Azərbaycanda elmi beynəlxalq əlaqələrin həyata keçirilməsində Kazım bəy Məhəmməd Əli Hacı Qasım oğlunun müstəsna rolu vardır. Yaradıcılıq fəaliyyətini Kazan (1826-1849) və Peterburq (1849-1870) universitetlərində həyata keçirən bu görkəmli alimi Rusiyadan kənarlarda da yaxşı tanıyırdılar. Geniş bilik dairəsilə filologiya, tarix, din, mədəniyyət, qanunşünaslıq elmlərinə və müsəlman Şərqinin coğrafiyasına dərindən bələd olan Mirzə Kazımbəy bir çox dillərdə mükəmməl yazır, bir çox dünyəvi şəxsiyyətlərlə ünsiyyət saxlayırdı. Onun N.İ.Lobaçevski, L.N.Tolstoy, N.Q.Çernışevski ilə yaradıcılıq əlaqələrindən Azərbaycan mədəniyyəti çox faydalanırdı. Onun A.S.Puşkinin \"Bağçasaray fontanı\" poemasının Azərbaycan dilinə edilmiş tərcümə əsəri belə faktlardandır. Görkəmli alimin kiçik qardaşı Əbdül Səttar Kazımbəy də Kazan Universitetində mühazirəçi kimi çalışırdı. Beynəlxalq mədəni əlaqələrin aparılmasında digər görkəmli şərqşünas Mirzə Cəfər Topçubaşovun da rolu vardır. O, Rusiyada çalışaraq, Azərbaycanla mədəni əlaqələrin qurulmasına faydalı şəkildə xidmət edirdi.

\r\n

\r\n XIX əsrin II yarısında elmi sahədə beynəlxalq əlaqələrin qurulmasında ikitərəfli münasibətlər mühüm yer tutmağa başlayır. Rus alimlərinin Abşeronun - bütövlükdə, Azərbaycanın elmi cəhətdən öyrənilməsində, müstəmləkəçilik siyasəti yürütməsinə baxmayaraq, münasibətlər, eyni zamanda, Azərbaycan elminin inkişafına əhəmiyyətli təsirini göstərirdi. Abşeron yarımadasında vulkanik hadisələrin öyrənilməsi üçün Qafqaz geologiyasının atası sayılan Y.V.Abix və onun ardınca digər rus və Avropa geoloqları K.İ.Lısenko, V.İ.Arxipov və Q.B.Xalatovun Azərbaycandakı fəaliyyəti bu sahədə milli mütəxəssislərin və ümumilikdə, elmi sahənin formalaşmasına təkan verdi. Artıq 1879-cu ildə Rus Texniki Cəmiyyətinin Bakı şöbəsi açıldı və M.Hacınski, İ.Rzayev, F.Rüstəmbəyov və A.Mirzəyev kimi alimlər buraya cəlb olundu.

\r\n

\r\n Bu sahədə Avropa ölkələrilə əməkdaşlığa da üstünlük verildi. Strasburq Universitetində ali təhsil almış, üzvi kimya sahəsində ilk azərbaycanlı kimyaçı alim olan Mövsüm bəy Xanlarov Almaniyada Rudolf Fittiqin laboratoriyasında çalışmış, kimya doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdi.

\r\n

\r\n Azərbaycan elmində əldə olunan nailiyyətlər, ilk növbədə, bu sahədə beynəlxalq mədəni əməkdaşlığın bəhrəsi kimi qiymətləndirilməlidir. Beynəlxalq elmi əməkdaşlıq sayəsində azərbaycanlı ziyalılar xaricin ən mötəbər ali və elm ocaqlarında təhsil alır, elmi dərəcələrə yiyələnirdilər. Azərbaycana gələn müxtəlif elm sahələrinin nümayəndələri tədqiqat işləri aparmaqla yanaşı, Azərbaycan elmi ilə də yaxından tanış olurdular.

\r\n

\r\n Elmi əməkdaşlıq sahəsində ən maraqlı tarixi fakt H.Zərdabinin dünya alimləri və ziyalıları ilə əlaqələri idi. Ali təhsilini Moskvada almış milli mədəniyyətin bu görkəmli şəxsiyyəti hələ gənc ikən N.A.Dobrolyubov, D.İ.Pisarevin mütərəqqi dünyagörüşlərini mənimsəməklə yanaşı, Avropa elminə yaxından bələd olmuş, bir çox xarici alimlərlə mədəni ünsiyyət saxlamış, yaradıcılıq əlaqələri yaratmışdı.

\r\n

\r\n Tarixi faktlardan göründüyü kimi, XIX əsrin ilk illərindən başlayaraq, Azərbaycanda beynəlxalq mədəni əlaqələrin əvvəlki tarixi çağlardan fərqlənməsi - yəni şərqyönümlü deyil, daha çox Avropa, rus yönümlü səciyyə kəsb etməsi müşahidə olunur. Bu dövrdə Avropa və rus mədəniyyəti nümayəndələri tərəfindən Azərbaycan mədəniyyətindən iqtibas etmək, ondan bəhrələnmək halları müşahidə olunurdu. Bunu görən mütərəqqi düşüncəli ziyalılarımız mədəni əlaqələrin qurulmasına, ünsiyyətin yaradılmasına hər vəchlə cəhd göstərirdilər. Bu, xüsusilə, ədəbiyyatda özünü daha qabarıq şəkildə əks etdirirdi. Azərbaycanlı şair və yazıçıların, dramaturqların dünya ədəbiyyatının görkəmli simaları ilə yaradıcılıq əlaqələri, xarici və rus müəlliflərinin əsərlərinin Azərbaycan dilinə edilmiş tərcümələri, qabaqcıl mədəni təcrübənin iqtibası və s. hallar XIX əsrdə ədəbiyyat sahəsində beynəlxalq mədəni əlaqələrin əsas aspektlərini təşkil edirdi. Azərbaycan ədəbiyyatında beynəlxalq əlaqələrin ən parlaq nümunəsi kimi Mirzə Şəfi Vazehin Tiflisdə təşkil etdiyi \"Divani- Hikmət\" adlı ədəbi məclisə alman şairi və tərcüməçisi Fridrix Bodenştedtin dəvət edilməsi və maraqlı münasibətlərin yaranması faktını göstərmək olar. Alman müəllifi ilə Vazehin mədəni əməkdaşlığı XIX əsrin 40-cı illərinin sonunda Bodenştedtin Tiflisə gəlişi ilə başlayır. Şərq poeziyasının M.Ş.Vazehin timsalında öyrənərək, sevən alman şairi ünsiyyətdə olduğu şairin şeirlərinə ürəkdən vurulur və Almaniyada onları öz ana dilinə tərcümə edir. O, şeirlərin müəyyən hissəsini 1850-ci ildə Ştutqartda \"Şərqdə min bir gün\" kitabında dərc edir. Tam külliyyat halında isə şeirlər 1861-ci ildə Berlində \"Mirzə Şəfinin şərqiləri\" adı altında kitab şəklində nəşr etdirilir. Almaniyada böyük maraqla qarşılanan həmin kitab tez bir zamanda digər xarici dillərə - ingilis, fransız, italyan, Norveç, holland, çex, Danimarka, qədim yəhudi dillərinə tərcümə olunaraq bütün Avropada tanınır.

\r\n

\r\n M.Ş.Vazehi Rusiya oxucularına M.L.Mixaylov, Y.Markov, M.Ramişev, sonradan İ.S.Prodon \"təqdim etmişlər\". Bu şeirlərin külliyat halında çıxması isə N.Eyfertin tərcüməsi nəticəsində baş vermişdir və kitab 1880-ci ildə Moskvada çapdan çıxmışdı. M.Ş.Vazehlə bağlı digər maraqlı fakt görkəmli rus bəstəkarı və pianoçusu A.Q.Rubinşteynin şairin şeirlərinə musiqi bəstələməsi faktıdır ki, bu da Azərbaycanla mədəni əlaqələrin yeni məzmunda təşəkkül tapması kontekstində maraqlı faktlardan hesab edilir.

\r\n

\r\n XIX əsrin I yarısında Qasım bəy Zakir, İsmayıl bəy Qutqaşınlının rus, Qərbi Avropa ədəbiyyatı, mədəniyyəti ilə yaxınlığı və bu sahədə mədəni əlaqələrin vüsəti maraqlı amillərdən idi. 1835-ci ildə Qutqaşınlının hələ Varşavada hərbi xidmətdə olarkən, fransız dilində nəşr etdirdiyi \"Rəşid bəy və Səadət xanım\" adlı hekayəsi nəşriyyat sahəsində beynəlxalq əlaqələrin tarixi baxımından da inkişafından xəbər verirdi.

\r\n

\r\n XIX əsrin II yarısı artıq Azərbaycan Qərbi Avropa və rus ədəbi əlaqələrinin qüvvətlənməsi baxımından yeni bir səhifənin açılması dövrü idi. Beynəlxalq ədəbi əlaqələrin bu inkişaf dövrü \"bədii ədəbiyyatın qarşısına yeni tələblər, vəzifələr qoymuş, onun real gerçəkliklə əlaqəsini olduqca qüvvətləndirmiş, onda yeni ədəbi- estetik prinsiplərin, növ və janrların inkişaf tapmasına səbəb olmuşdur. Bu dövr Azərbaycan ədəbiyyatının mühüm nailiyyətləri, yeni yaradıcılıq metodunun - realizmin bir ədəbi metod kimi formalaşması və ədəbi prosesdə hakim mövqe tutması ilə bağlı olmuşdur\"! Rus və Qərbi Avropa ədəbiyyatından iqtibas edilən maarifçiliyin görkəmli nümaynədələri M.F.Axundov, N.Vəzirov, C. Məmmədquluzadə, S.Ə.Şirvani, Z.Marağayi və başqaları beynəlxalq əlaqələrin təzahür aspekti kimi ədəbiyyata bir çox müasir ünsürlər gətirməklə Azərbaycan ədəbiyyatını daha demokratik və müasir etmişlər. Bu sahədə M.F.Axundovun müstəsna xidmətləri vardır. Axundov mədəni əlaqələrin qurulması məsələsində xarici dillərin, xüsusilə rus dilinin öyrənilməsinə üstünlük verir, rus dilini yaxşı bildiyindən qabaqcıl rus mədəniyyəti ilə də yaxından tanış olmağa cəhd edir və müsbət nəticələr əldə edirdi. Bu haqda onun dostlarından birinə ünvanladığı məktubda qeyd edilir ki, \"mən rus dilini yaxşı bilirəm. İndiki əsrdə rus dili elmi sahəsində və başqa sahələrdə inkişaf edir və incə fikirləri ifadə etmək üçün, bu dil misilsiz bir dildir.\" Onun Puşkinin ölümünə həsr etdiyi \"Şərq poeması\" isə rus-Azərbaycan ədəbi əlaqələrinin möhkəmlənməsində mühüm əhəmiyyət daşıyırdı.

\r\n

\r\n XIX əsrin II yarısında Azərbaycanda ədəbi prosesin təkmilləşməsində mühüm cəhət kimi qiymətləndirilən milli komediya janrının yaranması faktının kökündə Axundovun Qərb və rus ədəbiyyatından dram janrlarına üstünlük verərək milli ədəbiyyatda onun iqtibasına çalışması beynəlxalq ədəbi əlaqələrin təzahürü kimi dəyərləndirilə bilər. Komediyaların əksəriyyətində müasir və mütərəqqi fıkirlərin məhz müsyö Jordan, xaricdə oxumaq həvəsinə düşən Şahbaz bəy surətlərində çatdırılması, əslində, qabaqcıl dünya mədəniyyətlərini əxz etmək ideyasından irəli gəlirdi.

\r\n

\r\n Eyni xüsusiyyətlər N.Vəzirov, C.Məmmədquluzadə, N.Nərimanov, o cümlədən, Cənubi Azərbaycan ədiblərinin yaradıcılığında da müşahidə olunurdu. Dünya mədəniyyətinə inteqrasiyanın təzahüri kimi onlar Rusiya və Qərbi Avropanın qabaqcıl ədəbi ənənələrini Azərbaycan ədəbiyyatında təzahür etdirərək, onun daha demokratik və müasir olmasını təmin edirdilər. Bu aspektdə fəaliyyətin təbliğatçılıq əsasında aparılmasına şərait yaradan məqamlardan biri də XIX əsrin II yarısında Azərbaycanın müxtəlif şəhərlərində təşkil olunmuş \"Məclisi-Üns\" (Şuşa), \"Məclisi-Fəramüşan\" (Qarabağ), \"Beytüs-Səfa\" (Şamaxı), \"Məclisi-Şüəra\" (Bakı), \"Əncüməni- Şüəra\" (Ordubad), \"Fövcil-Füsəha\" (Lənkəran) kimi ədəbi məclislərdə rus və Qərbi Avropa mədəniyyətlərinin nailiyyətlərinə, maarifçilik ideyalarına yiyələnən şairlərdən bəhrələnmək \"kampaniyası\"na üstünlük verilməsi idi. \"Beytüs-Səfa\" məclisinin təşkilatçısı, görkəmli şair S.Ə.Şirvani mədəni inteqrasiyanın qızğın tərəfdarı olmaqla, mütərəqqi düşüncə və ideyalarının, prinsiplərinin əməllərilə üst-üstə düşdüyünü sübut etdi.

\r\n

\r\n Görkəmli şair dini təhsil almış olsa da, yeni üsullu məktəblərin açılmasına üsttünlük verir və burada fəaliyyət göstərirdi. Onun görkəmli rus pedaqoqu A.O.Çernyayevski ilə yaxından dostluq əlaqəsi pedaqoji fəaliyyətinə əhəmiyyətli təsir göstərirdi.

\r\n

\r\n XIX əsrdə Azərbaycanda beynəlxalq mədəni əlaqələrin inkişaf dinamikasına güclü təsir göstərən əsas amillərdən biri də ölkədə yaranmış mətbuat oldu. 1875-ci ildə H.Zərdabi tərəfindən işıq üzü görən \"Əkinçi\" qəzeti Şərq dünyasında Avropa üsulunda nəşr olunan mətbu orqanı olduğu üçün beynəlxalq əks-səda doğurdu. Qəzetin Cənubi Qafqaz, Dağıstan və İranda müxbirlərə malik olması ilə yanaşı, Peterburq, Moskva ilə əlaqələri də mövcud idi. Qəzet səhifələrində Avropa və Asiya xalqlarının mədəniyyətinin təbliğ edilməsinə, tərcümələrə başlıca yer verilirdi.

\r\n

\r\n XIX əsrin axırlarında - yəni 1879-1890-cı illərdə Tiflisdə Azərbaycan dilində nəşr olunan \"Ziya\", \"Ziyayi-Qafqaziyyə\", \"Kəşkül\" qəzetlərində rus ədiblərindən Lermontov, Krılov və Şedrinin bəzi əsərlərinin Azərbaycan dilinə edilmiş tərcümsi dərc edildi. Eyni vaxtda \"Kəşkül\" qəzetində görkəmli klassikimiz Füzulinin \"Lelyi və Məcnun\" əsərinin çox hissəsi rus dilinə tərcümə olunaraq çap edilmişdi.

\r\n

\r\n

\r\n

\r\n VAHİD ÖMƏROV,

\r\n

\r\n fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər