1966-cı ildə YUNESKO-nun Ali Konfransı mədəni dəyərlərin qorunması sahəsində son dərəcə əhəmiyyətli dəyərə malik obyektlərin vahid hüquqi rejimini nəzərdə tutan tövsiyələrin işlənilməsinin vacib olduğunu diqqətə çatdırdı. Sonrakı illərdə ekspert iclaslarında YUNESKO-nun tövsiyələri və beynəlxalq konvensiyanın hazırlanması qərara alındı. Bunların nəticəsində Ali Konfransın XVII sessiyasında (Paris 1972-ci il 16 noyabr) mədəni və təbii irsin milli planda qorunması haqqında tövsiyələr qəbul olundu.
Tövsiyələr YUNESKO-ya üzv olan dövlətlərin mədəni dəyərlərini daha yaxşı qorumağı nəzərdə tuturdu. Tövsiyələr sənədində olduğu kimi, 1972-ci ildə qəbul edilmiş konvensiyada nadir mədəniyyət obyektlərinin təkcə regional deyil, eyni zamanda, beynəlxalq səviyyədə "Ümumbəşəri dəyər" adı altında qorunmasına zəruri ehtiyac olduğu ön plana çəkildi. Xüsusilə, ümumdünya dəyərlər siyahısına daxil olan obyektlərin qorunmasının hüquqi məzmununa aşağıdakılar daxil edilmişdir:
- birincisi, bu obyektlərin yerləşdiyi ərazinin malik olduğu dövlətin suverenliyi tam şəkildə tanınır və hörmət olunur, milli qanunvericiliyin suveren hüquq və qaydaları bunlara şamil edilir.
- ikincisi, bəşəri irsin üzə çıxarılması, qorunması, populyarlaşdırılması, ilk növbədə, obyektin yerləşdiyi ərazinin malik olduğu dövlətin üzərinə düşür;
- üçüncüsü, mədəni obyektin qorunması məqsədilə kömək üçün müraciət edən ölkə ilə beynəlxalq ictimaiyyət vasitəsilə əməkdaşlıq edilir;
- dördüncüsü, mədəni və təbii irsə birbaşa və ya dolayısı yolla xələl, ziyan gətirə bilərək fəaliyyətə yol verməmək.
"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, YUNESKO-nun hüquqi tənzimləyici mahiyyət kəsb edən sənədlərindən biri də Ali Konfransın 1968-ci il noyabrın 19-da keçirdiyi XIII sessiyasında qəbul edilmiş tövsiyələrdir. Bu tövsiyələr aparılan işlər zamanı mədəni dəyərlərin qorunmasının hüquqi aspektlərini də özündə ehtiva etdirmişdi. Bunlara aşağıdakıları aid etmək olar:
- hüquq norması əsasında arxeoloji, yaxud mədəni dəyəri olan rayonlarda...yeni işlər məcburi ilkin arxeoloji tədqiqatların aparılması ilə başlamalıdır (maddə 23);
- üzv-dövlətlər ictimai, yaxııd fərdi işlərin aparılması nəticəsində təhlükəyə məruz qalmış mühüm mədəni dəyərlərin milli və yerli idarətemə və digər uyğun orqanların tərəfindən əldə etməsi, almasını təmin edən qanunverici qaydalara malik olmalıdır (maddə 26).
Hüquqi tədbirlərin həyata keçirilməsi bununla kifayətlənmir. Tövsiyə sənədinin 27-ci maddəsində maddi dəyərlərin qorunmasında qəsdən və səhlənkar pozuntulara yol veriləcəyi halda cəza tədbirlərinin tətbiqi haqqında mühüm qaydalar təsbit olunmuşdur. Sənəddə pozuntuların təyinatı konkretləşdirilməmiş və məsələnin üzv dövlətlərin özləri tərəfindən müəyyənləşdirilməsi qərara alınmışdı. Məsuliyyət məsələsinə gəldikdə isə, bunun cinayət xarakteri daşıdığı göstərilir. Cinayət cəzası kimi cərimə və yaxud həbsxanaya salınma nəzərdə tutulmuşdu. Bununla yanaşı, ziyanın törədilməsində məsuliyyət daşıyanların yer, yaxud tikilinin bərpası: gözlənilməz arxeoloji tapıntı zamanı daşınmaz mədəni dəyərlərin xarab olması, məhv edilməsi, pis hala salınması zamanı dövlətə dəymiş ziyanın kompensasiyası; gizli qalmış daşınan əşyanın kompensasiya ödənilmədən konfiskasiyası kimi tədbirlər tövsiyədə öz əksini tapmışdı.
Beynəlxalq sənədlərdə cinayət cəzası üzrə dəqiq göstəricilərə nadir hallarda rast gəlinir, bu cür tədbirlər, adətən dövlətlərin öhdəsinə buraxılır. Hazırkı tövsiyədə cəza tədbirlərinin dəqiqləşdirilməsi, ilk növbədə, aparılan işlərin mədəni dəyərlərə verə biləcəyi ziyanın ölçüsü ilə izah olunur.
Həmin sənəddə cəza təbirləri ilə yanaşı nadir hallarda olsa da həvəsləndirmə tədbirləri haqqında da fikir irəli sürülür. Həvəsləndirmə tədbirləri kimi, məsələn, arxeoloji tapıntılar haqqında məlumat verən, yaxud onları təhvil verənlərə pul mükafatını, ictimai, yaxud fərdi işlərin aparılması nəticəsində mədəni dəyərlərin saxlanılması, yaxud müdafiəsi üçün edilən səmərəli işlər üçün ictimai orqan, cəmiyyət, və ya bələdiyyələrə, ayrı-ayrı insanlara sertifikat, medal və ya digər təkliflərin təqdimi aid edilir.
"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, mədəni dəyərlərin qorunması, mühafizəsi zəruriyəti hələ ötən əsrlərdən dövlətlər tərəfindən tanınmışdı. Bu məsələ üzrə ilk hüquqi göstərişlər 1824-cü ildə Belçika qanunvericiliyində öz əksini tapmışdı. Lakin mədəni dəyərlərin kompleks surətdə qorunması problemi XX əsrin əvvəllərindən təzahür etdi. Müasir dövrdə dünyanın bütün dövlətləri mədəniyyət obyektləri və dəyərlərinin qorunması üzrə qanunlara, hətta qanunlar sisteminə malikdir. Bu qanunların əsas təyinatını mədəniyyət mülkiyyətinin daha səmərəli qorunması, istifadəsi, bərpasının və s. işlərin aparılmasına kömək göstərən, onu nizamlayan hüquqi rejim təşkil edir.
Milli qanunlarda mədəni mülkiyyətə daha geniş tərif verilir. Tərifin müəyyənləşməsində tarixi, elmi, yaxud bədii dəyər anlayışından, onun zəruri maraq meyarlarından daha tez-tez istifadə olunur. Milli qanunvericilikdə müraciət olunan digər meyar obyektlərin tarixi, yəni yaşı təşkil edir.
Mədəni dəyər və abidələrin qorunması, mühafizəsində, bu mühafizə vasitələrinin müəyyənləşməsində mülkiyyət hüququ son dərəcə vacib rol oynayır. Çünki obyektin hüquqi rejimi onun dövlət, yaxud şəxsi mülkiyyətdə olub-olmamasından mütləq asılıdr. Mülkiyyət formasının dəqiqliyi mülkiyyətçinin hüquqlarını əks etdirə bilən hüquq rejiminin yaradılmasını təmin edir.
Qorunma, mühafizə sisteminin hüquqi məzmununa, həmçinin, aşağıdakılar da aiddir: əvvəla, bır qayda olaraq, mədəni mülkiyyət obyektləri məcburi qeydiyyata düşür. Bu tədbir səmərəli mühafizə üçün zəruridir. Məcburi qeydiyyatın vacibliyi, həm də mədəni dəyərlərin yazılı təsvirini həyata keçirir. Qeyd etmək lazımdır ki, bu tədbir YUNESKO-nun mədəni dəyərlərin ölkədən qeyri-qanuni ixracı və idxalı, mülkiyyət hüququnun ötürülməsinin qadağan edilməsi haqqında 1970-ci il konvensiyasında da təzahürünü tapmışdır.
Dövlət, ictimai təşkilatlar nəzdindəki mədəni dəyərlərin qeydiyyatına olan tələblərin yerinə yetirilməsi fərdi, ayrı-ayrı şəxslərin mülkiyyətində olan mədəniyyət obyektlərinin qeydiyyat tələblərinin yerinə yetirilməsindən çox asandır. Bu məsələ ilə bağlı dünyada bir-birindən fərqli təcrübələr mövcuddur. Bir çox dövlətlərin qanunlarına görə yalnız qeydə götürülmüş dəyərlər mühafizə olunur, bəzən isə, qeydiyyat tələblərinin yerinə yetirilməsi ağır cəza tədbirlərilə müşayiət olunur. Məsələn, Küveytdə 1960-cı ildə çıxmış dekretin üç ili ərzində qeydə düşməyən qədimdən qalma şeylərin, abidələrin dövlət tərəfindən müsadirə olunması haqqında qanun mövcuddur. İkincisi, mühafizədə olan obyektlərlə xüsusi davranış tələb olunur: onların görkəminin dəyişdirilməsi, dağıdılması, bölünməsi və s. qadağandır. Bu cür qadağalar mülkiyyət formalarının hamısı üçün zəruri və qanunidir.
Üçüncüsü, mədəni dəyərlərin vəziyyətinə nəzarət və müşahidəçiliyi dövlət öz əlində saxlayır. Bu nəzarətin yerinə yetirilməsi üçün hökümət mühafizə olunan obyektləri yoxlamaq, təftiş etmək hüququna malikdir. Bu hüquq daha çox tikililərə, daşınmaz abidələrə aid olmaqla yanaşı, daşınar obyektlərə də şamil edilir.
Dördüncüsü, mülkiyyətçinin mədəni dəyərlə kobud davranması dəyərin onun əlindən alınaraq müsadirə edilməsi ilə nəticələnə bilər.
Beşincisi, müxtəlif vasitələrlə dövlətlər mədəni dəyərlərin dövlət mülkiyyətinə düşməsinə cəhd göstərirlər. Bu obyektlərin tarixi əhəmiyyəti, onların qorunma və mühafizəsinin çətinlikləri, onun kütləvi baxışının təmini xüsusiyyətləri ilə bağlıdır.
Altıncısı, bədii dəyərlərin daxili ticarətinin xüsusi qaydaları müəyyən olunur. İlk növbədə, bu ticarət dövlətin nəzarəti altında həyata keçirilir və burada əsas qayda onunla bağlıdır ki, bu cür əşyalarla alver edənlər səlahiyyətli dövlət orqanlarından razılıq əldə etməlidirlər. Bədii dəyərlərlə alver edən tacirin üzərinə düşən vəzifələrdən biri mağazadakı malın xüsusi reyestrə salınması, alınan və satılan malların qeydiyyatının aparılması təşkil edir. Bir çox dövlətlərdə alınan, satılan mallar haqqında səlahiyyətli hakimiyyət orqanlarına xəbər edilməsi, bu haqda xəbər verdikdən sonra alqı- satqı işini başlamağın mümkünlüyü haqqında qaydalar mövcuddur.
Yeddincisi, bütün dövlətlərdə mədəni mülkiyyət obyektlərinə aidiyatı olan eksport qaydaları mövcuddur. Bu qaydalar müvafiq reqlament və dəqiqliyi ilə fərqlənir. Burada başlıca məqsəd qiymətli mədəniyyət əşyalarının ölkədən çıxarılmasına imkan yaratmamaqdır.
Bütün dövlətlərin qanunvericiliklərinin ümumi qaydasına ölkə ərazisindən mədəni mülkiyyətin qeyri-nəzarətsiz çıxarılmasının qadağan olunması aiddir. Bu qadağa, hec də mütləq deyildi. Çünki dövlətlər xüsusi razılıq (lisenziya) əsasında dəyərlərin cıxarılması imkanları haqqında sövdələşirlər. Lisenziyanın alınması şərtləri bütün ölkələrdə fərqlidir. Bəzi dövlətlərdə bu şərtlər yüngül, bəzilərində isə, sərt xarakter kəsb edir. Mədəni dəyərlərin ölkədən çıxarılması elmi-tədqiqat, mübadilə, sərgilərdə nümayiş məqsədilə həyata keçirilir.
Nəhayət, idxal qaydalarına da diqqət yetirək, qanunvericiliklərlə demək olar ki, mədəni dəyərlərin idxalı ilə bağlı məhdudiyyətlər qoyulmur. Yalnız bəzi ölkələr başqa ölkədən qeyri- qanuni gətirilən mədəni dəyərlərin hüquqi cəhətdən mülkiyyətçisini müəyyən etdirilməsi üçün məhdudiyyətlər müəyyənləşdirir. Bir çox müəlliflər təkidlə bildirirlər ki, mədəni dəyərlərin qorunması sahəsində milli qanunlarda ixracın hüquqi nizamlanması əsasdır. Fikrin bu cür qabarıqlığı milli qanunların əsas məqsədinin mədəni dəyərlərin ölkədən çıxarılması, mühafizəsi, təsdiqlənməsi kimi elan olunduğu zaman özünü doğrulda bilər. Lakin bu haqda qanunların hamısının məqsədi daha geniş əhatəli olduğundan mədəni dəyərlərin qorunması müxtəlif planlıdır.
Hər bir dövlət qarşısına qoyduğu məqsəddən irəli gələrək müxtəlif idxal qaydaları müəyyənləşdirir. Məlumdur ki, xarici ticarətdə bu qaydalar böyük əhəmiyyət kəsb edir. Qadağalar sərt olduqca, ölkədə mədəni dəyərlərin cəmləşməsinə dövlət xüsusi diqqət yetirir. Beləliklə, mədəni dəyərlərin qorunmasında səmərəliliyin əldə olunması qanunvericilik vəziyyətlərinin bütün sistemlərinə kompleks yanaşma ilə mümkündür.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru