Azərbaycan-Latviya münasibətlərində yeni mərhələnin bünövrəsi Latviya Respublikasının prezidenti Vayra Vike-Freyberqanın 2005-ci il oktyabrın 2-4-də Azərbaycana rəsmi səfərilə qoyuldu. Səfərin gedişində iki dövlət arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanmış, Latviyanın Azərbaycanı Avropa strukturlarına inteqrasiyada daim dəstəkləyəcəyi bildirilmişdir. Eyni zamanda, Latviyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğu qeyd edilmişdir.
Latviyanın Prezidenti Vayre Vike-Freyberqan Bakıya edilən səfərdən, Azərbaycan xalqının qonaqpərvərliyindən olduqca məmnun qalmışdır. Səfər zamanı Köhnə Bakının İçərişəhərində olmuş Latviya Prezidenti onu Köhnə Riqa arxitektura abidəsilə müqayisə etmiş və hər iki abidənin YUNESKO-nun Dünya İrsi siyahısında olduğunu bildirmişdir. Prezident İlham Əliyev iki dövlət arasındakı əlaqələrdə ikitərəfli və regional məsələlərin, xüsusilə Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin böyük əhəmiyyət daşıdığını bildirmişdir.
"Beynəlxalq əlaqələr" kitabında göstərilir ki, 2005-ci il oktyabrın 3-də Azərbaycan Latviyanın dövlət başçılarının birgə bəyannaməsi, hər iki ölkənin mədəniyyət nazirlikləri arasında saziş, həmçinin hökumətlər arasında gömrük məsələlərində qarşılıqlı yardım, sərmayələrin qarşılıqlı qorunması və tətbiqi, terrorizmə, mütəşəkkil cinayətkarlığa, narkotik və psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin aparılmasında əməkdaşlıq, ikiqat vergi tutmanın aradan qaldırılması və vergidən yayınma hallarının qarşısının alınması haqqında sazişlər, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq sahəsində saziş imzalanmışdır. Birgə bəyannamədə və digər sənədlərdə dövlətlərarası əlaqələrin daha da genişləndirilməsi nəzərdə tutulmuşdur.
Oktyabrın 4-də hər iki dövlət başçısının iştirakı ilə Azərbaycan-Latviya biznes-forumu keçirilmişdir. Bu forumda Latviyanın işgüzar dairələrinin Azərbaycana investisiya qoyması üçün lazımi biznes mühitinin mövcud olduğu və ölkələr arasında ticarət dövriyyəsini artırmağın vacibliyi bildirilmişdir. Beləliklə, Latviya Prezidentinin Azərbaycana rəsmi səfəri ölkələrarası münasibətlərin hüquqi-normativ bazasının genişləndirməsinə və əməkdaşlıq əlaqələrinə yeni stimul vermişdir.
Bir il sonra Azərbaycan Prezidenti İlham Əliyev Latviyaya rəsmi səfər etmişdir. 2006-cı il oktyabrın 4-də "Riqa" qəsrində rəsmi sənədlərin imzalanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Latviya prezidenti Vayra Vike-Freyberqa birgə mətbuat konfransı keçirmişlər. Mətbuat konfransında Azərbaycan-Latviya iqtisadi əməkdaşlığının perspektivləri bir daha müzakirə edilmişdir. Bu sahədə hökumətlərarası komissiyanın hər iki tərəfin işgüzar dairələrinin bir-birlərini daha yaxşı tanımasına, ümumi təmasların qurulmasına və birgə iqtisadi fəaliyyətin aparılması üçün müxtəlif imkanları araşdırılmışdır.
Həmin səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviya Universitetində olmuş, universitetin rektoru İvars latsis tərəfindən böyük hörmətlə qarşılanmışdır. Görüşdə Azərbaycan-Latviya münasibətlərinin perspektivləri müzakirə edilmişdir.
2006-cı il oktyabrın 5-də Prezidenti İlham Əliyev onun üçün ayrılmış iqamətgahda - Radisson - SOS mehmanxanasında Latviyanın aparıcı KİV-lərinin baş redaktorlarını qəbul etmişdir. Görüş zamanı jurnalistlər bildirmişlər ki, Azərbaycan Latviya ictimaiyyəti üçün Bakı neftinin Baltikyanı ölkələrə çatdırılması məsələsində daha maraqlıdır.
Azərbaycan Latviyada ilk növbədə Avropa İttifaqı üçün enerji daşıyıcılarının alternativ təhcizatçı rolunda dəyərləndirilir. Azərbaycan qazının Avropaya çatdırılması məqsədilə onun Yunanıstan ərazisindən keçməsi Latviya üçün böyük əhəmiyyət kəsb edir. Enerji mənbələrini şaxələndirən Latviya Azərbaycanla bu sahədə, yəni təhcizatçılar və istehsalçılar arasında münasibətlərin bazar iqtisadiyyatı və azad rəqabət əsasında tarazlı şəkildə olmasını vurğulayır.
Son zamanlar enerji inkişafı sahəsində Azərbaycan böyük irəliləyiş əldə etmişdir və bu gün Avropanın enerji təhlükəsizliyi baxımından vacib ölkəyə çevrilib. Uzun illər ərzində Azərbaycan Avropa və beynəlxalq ictimaiyyətin çox etibarlı tərəfdaşı olmuş və hazırda istifadə edilən bütün enerji infrastrukturu nəzərə alaraq, ölkəmiz ikitərəfli münasibətlərdə daha fəal olmağa çalışır. Azərbaycanda bu gün yaxşı sərmayə mühiti olduğu üçün müxtəlif sahələrdə sərmayədar, podratçı və tərəfdaş olmaq arzusunda bir çox Latviya şirkətləri vardır.
Məhz bu səbəblə də 2006-cı il oktyabrın 5-də Riqada Azərbaycan və Latviya Respublikaları Prezidentlərinin iştirakı ilə "Latviya İctimaiyyət Evi"ndə Azərbaycan-Latviya II Biznes Forumu işə başlamışdır. Latviya İnvestisiya və İnkişaf Agentliyinin direktoru Andris Ozols 100-ə qədər iş adamının iştirak etdiyi forumun əsas məqsədini sahibkarlar arasında iqtisadiyyatın müxtəlif sahələrində səmərəli əməkdaşlığın qurulması və mövcud iqtisadi potensialdan yararlanaraq, ticarət dövriyyəsini hər iki ölkəni qane edən səviyyəyə çatdırmaq idi. Digər mühüm nailiyyətlərdən biri Azərbaycan və Latviyanı bir-birlərinə bağlayan bir başa hava uçuşlarının açılmasıdır.
Son illər Azərbaycan nəzərdə tutduğu layihələri genişləndirməklə Baltikyanı ölkələr arasında yerüstü nəqliyyatın və hava nəqliyyatı vasitəsilə əlaqələrin artırılmasına istiqamətləndirilmişdir. Qeyd edək ki, Bakı və Riqa paytaxt şəhərləri olaraq logistika, maliyyə və nəqliyyat mərkəzləri kimi öz regionlarında eyni rol oynayırlar. Azərbaycan və Latviya inofrmasiya texnologiyaları sahəsində tədqiqat işlərinə başlamışdır. Təhsil sahəsində hər iki ölkənin əlaqələrinin internet vasitəsilə təmin olunması sahəsində işlər aparılmaqdadır.
"Beynəlxalq mədəni əlaqələr" kitabında qeyd olunur ki, 2006-cı il oktyabr ayında ölkə Prezidentimizin Latviyaya səfəri çərçivəsində Riqa şəhər Meriyasında görüş keçirildi. İki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın rəmzi kimi Prezident İlham Əliyevə Riqa şəhərində salınacaq Azərbaycan-Latviya dostluq parkının layihəsinin təqdim edilməsi əlamətdar hadisə kimi qiymətləndirilə bilər. Azərbaycan-Latviya dostluq parkının müəllifləri azərbaycanlılardır.
2006-cı il oktyabrın 5-də Prezident İlham Əliyev Riqada ayrılmış iqamətgahda Baltikyanı ölkələrdəki Azərbaycan icmasının nümayəndələri ilə görüşmüşdür. Prezidenti bildirmişdir ki, Latviya ilə çox sıx siyasi dialoq, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi, bağlanacaq layihələr Latviyada yaşayan azərbaycanlılar üçün də yeni imkanlar açacaqdır. Görüş zamanı Latviyada azərbaycanlı diaspor təşkilatlarının rəhbərləri və nümayəndələri Azərbaycanla, Ümummilli Liderimiz Heydər Əliyevlə bağlı nəşr olunmuş kitabları təqdim etmişlər.
Statistik məlumatlara görə, bu gün Latviyada 1700-dən bir qədər çox azərbaycanlı yaşayır. Xalqımızın Latviya torpağındakı nümayəndələri öz milli mədəniyyətlərini, ana dilinə və ənənələrə sadiqliyini ləyaqətlə qoruyub saxlaya bilməsi böyük olmayan diasporanın son dərəcə mütəşəkkil olmasını təsdiqləyir. Azərbaycanlılar Latviya cəmiyyətinə yaxşı inteqrasiya etmişlər və Latviya dövlətinə qarşı loyal mövqe tuturlar.
Bu gün Latviya Cəmiyyətin İnteqrasiyası Məsələlərində Xüsusi Tapşırıqlar Nazirliyinin katibliyi ilə "Azəri vəhdət" Azərbaycan cəmiyyəti fəal əməkdaşlıq edir. Ətrafında Azərbaycan ailələrini birləşdirən cəmiyyət, hətta mühüm bayramlarda, misal üçün Qurban bayramında, azərbaycanlılar bir çox milli mədəniyyətin nümayəndələrini qonaqpərvərliklə qəbul edirlər. Əlirza Hüseynovun sədrlik etdiyi "Azəri vəhdət" cəmiyyətinin səyləri nəticəsində Riqanın özünüidarə orqanı olan paytaxtda Azərbaycan-Latviya dostluq parkının salınması üçün 3 hektar ərazi ayrılmışdır. Parkın salınması dövlətlərarası münasibətlərin inkişafına, mədəni mübadiləyə xidmət edir. "Azəri vəhdət" cəmiyyətinin həyata keçirdiyi xalq diplomatiya missiyası Latviyada Azərbaycan diasporunun tərəqqisinə və onun Latviya cəmiyyətinə inteqşrasiyasına kömək edəcəkdir.
Beləliklə, 2005-2006-cı illər Azərbaycan-Latviya mədəni əlaqələrinin təşkili sahəsində yeni mərhələ kimi səciyyələnir. Belə ki, bu illərdə Lataviynın məşhur estrada müğənnisi Layma Vaykule Azərbaycanda qastrol səfərində olmuşdur. Azərbaycan tərəfindən isə Latviyanın Yurmala şəhərində gənc skripka ifaçısı Ceyhun İsmayılov Latviyanın Milli Orkestri ilə birgə konsert proqramı ilə çıxış etmişdir.
2007-ci il aprelin 16-da Bakıya Latviyanın xarici işlər naziri Artis Pabriks səfər etmişdir. Ölkə Prezidentimiz İlham Əliyevlə görüş zamanı və xarici işlər nazirlərinin brifinqində Artis Pabriks bildirmişdir ki, Latviya Azərbaycanı Avropa Şurasına və NATO-ya inteqrasiya prosesində dəstəkləyəcəkdir. Danışıqlar zamanı iki dövlət arasında enerji sahəsində və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulmuşdur. Artis Pabriksin Azərbaycana səfəri günlərində Bakıda Latviyanın səfirliyi açılmışdır. Latviya və Azərbaycan arasında beynəlxalq mədəni mübadilə, informasiya texnologiyaları sahəsində əməkdaşlıq, turizmin inkişafı kimi bir çox məsələlərdə razılıqlar əldə olunmuşdur. Bundan başqa, beynəlxalq mədəni əlaqələrin təşkilinin genişləndirilməsi məqsədilə Latviya və Azərbaycanın Mədəniyyət Günlərinin keçirilməsi qərara alınmışdır.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru