PDF Oxu

MİA

  • 1 822

Misir: Nildə sular durulacaqmı?

Misir: Nildə sular durulacaqmı?

Misirdə "Ərəb baharı''nın 3-cü ildönümü qanlı şəkildə qeyd olundu. Çünki "Ərəb baharı'' adlanan siyasi təlatümlərlə hakimiyyətə gələn Məhəmməd Mursi ordu tərəfindən hazırda həbs edilib və məhkəməsi gedir. Məhz üç il ərzində Misirdə baş verən hadisələr qlobal güc mərkəzlərinin siyasi-strateji niyyətlərini təhlil etmək baxımından əhəmiyyət kəsb edir.

Məlum olduğu kimi, Misirdə 3 iyulda baş verən hərbi çevrilişdən sonra 2012-ci ildə xalqın seçimi ilə qəbul edilən konstitusiya yerinə yeni konstitusiya layihələri müzakirə edilməyə başladı. Bu məqsədlə də Misir Mərkəzi Seçki Komissiyası tərəfindən 14-15 yanvar 2014-cü il tarixlərində referendum keçirildi. Referendumda səslərin 98,1%-i müsbət olsa da, səsvermədə seçicilərin cəmi 38,6%-nin iştirak etməsi Misir xalqının bütün təbəqələrinin hərbi çevriliş konstitusiyasını qəbul etməyəcəyindən də xəbər verir. Təbii olaraq "Müsəlman qardaşları'' partiyasının üzvləri və tərəfdarları əksəriyyət təşkil edir. Yeni konstitusiyada əsas məqamlardan biri etnik və dini əsaslı partiyaların qurulmasının qadağan edilməsidir. Bu konstitusiyada İslamın dövlət dini olduğu da bildirilir. Beləliklə, "Müsəlman qardaşları"nın yenidən bir partiya olaraq fəaliyyətdə olması artıq mümkün olmayacaqdır.

Referendum ərəfəsində Misir mediası çevrilişçiləri dəstəklədi. Məhz etirazçıların hüquqi çərçivədə hərəkət etmələrinə də imkan verilmədi. Etiraz nümayişində münaqişələr baş verdi və səkkiz şəxs hərbçilər tərəfindən öldürüldü.

Misirdə prezident seçkilərindən sonra parlament seçkiləri olacaq. Bu, Misirdə liberal demokratiyanın yenidən bərqərar olması üçün çətinliklərin yenidən baş verəcəyini göstərir. Çünki dini tendensiyalı seçicilər Misirdə güclü nüfuza malikdirlər. Məhz demokratik seçkilərdə onların yenidən səs toplaması labüddür. Misir demokratik və bərabər hüquqlu qanunlar sayəsində bu çətin mərhələni aşa bilər. Əks təqdirdə, Misirdə hər zaman daxili münaqişələr mövcud olacaqdır.

Yenidən "dizayn''

Məhəmməd Mursinin hərbi çevriliş nəticəsində hakimiyyətdən getməsində bir sıra faktorlar rol oynadı. Bunlardan birincisi, Mursinin dini dünya görüşünü daha çox qabardaraq ölkə daxilində müxtəlif təbəqələr arasında inteqrativ münasibətləri həyata keçirməməsi oldu. İkincisi isə, xarici və daxili qüvvələrin bundan istifadə edərək regionda güclü ərəb dövləti olaraq Misirin iqtisadi və siyasi cəhətdən inkişaf etməsinin qarşısını almaq idi. Məhz qlobal güc mərkəzlərinin ssenariləri nəticəsində Misirdə hərbi çevrilişin edilməsi İslam ölkələrinə dair müstəmləkəçilik siyasətinin bariz bir nümunəsini təşkil edir.

Məhz bu zehniyyət nəticəsində müsəlman ölkələrin inkişafına müxtəlif vasitələrlə maneələr yaradılır. Xaos coğrafiyası olaraq bu region hər zaman diqqət mərkəzində olaraq idarə edilməyə çalışılır. İraq, Suriya və Misirdə hələ də demokratiya adına oyunlar oynanılır. Məhz Misirdə azadlıq istəyən insanlar azadlıq və demokratiyadan bəhs edənlərin tələsinə düşdü. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin çevrilişdən sonra 8 milyard dollar Misirə hədiyyə etmələri də bu demokratiyasevərlik kontekstində anlaşılmalıdır.

Əslində, bu ölkələr siyasi İslamdan çəkinmirlər. Bu regionu dizayn etmək istəyən qlobal güc mərkəzləri illərdir burada qurmuş olduqları sistemin dəyişəcəyindən qorxaraq bütün azadlıq və demokratiya tələblərinə qarşı çıxırlar. Məhz Misirdəki "Ərəb baharı'' ilə başlayan bu demokratik ideallar uğrunda mübarizə aparan səslərin susdurulması, bu tələblərin digər regionlara yayılmasının qarşısını almaq üçün edildi.

Digər tərəfdən, referendumun nəticələrindən sonra Misir müdafiə naziri general Əbdülfəttah Sisinin mart ayında prezident seçkilərində namizəd olaraq iştirak etməsi gözlənilir. Bu kontekstdə qeyd etməliyəm ki, çevrilişdən sonra müvəqqəti prezident seçilən Adil Mənsur general Sisiyə marşal rütbəsi verdi. Məhz Misirin modern tarixinə baxdığımızda ordu generalları bu ölkənin siyasi tarixini hər zaman "dizayn'' etmişdir. Məhz Camal Əbdül Nasir, Ənvər Sədat, Hüsnü Mübarək və nəhayət, marşal Əbdülfəttah Sisi də bu hadisələrdə yer alan güclü ordu mənsublarıdır. Bu baxımdan tarix yenidən təkrar olunur...

Yeri gəlmişkən qeyd etməliyəm ki, Afrika Birliyi Misirin 22-ci liderlər zirvəsində iştirak etmə istəyini rədd etdi. Səbəb isə Misirdə baş verən hərbi çevriliş göstərildi.

Misirdə baş verən bütün bu hadisələr bir daha göstərir ki, xaricdən idarə olunan sözdə demokratiya oyunları həm Misir xalqını, həm də digər region ölkələri üçün xilaskarlıq missiyası daşımır. Məhz Misirdə baş verən hadisələr İslam ölkələrini müstəmləkə zehniyyəti ilə idarə etmək istəyən güclü dövlətlərin planlarını bir daha açıq şəkildə göstərir. Misir kimi zəngin tarixi və intellektual keçmişi olan bir ölkədə hərbi rejimli hakimiyyətin yenidən bərqərar olması "parçala və hökm et'' prinsipinə müvafiqlik təşkil edir.

sia.az

Digər xəbərlər