PDF Oxu

MİA

  • 9 770

Azərbaycan-İraq mədəni inteqrasiyası (XX əsrin II yarısından müasir dövrədək)

Azərbaycan-İraq mədəni inteqrasiyası (XX əsrin II yarısından müasir dövrədək)

SSRİ-nin İraqa texniki yardımını nəzərdə tutan iqtisadi və texniki əməkdaşlıq haqqında 1959-cu ilin martında iki ölkə arasında bağlanmış müqavilə Azərbaycan-İraq elmi-texniki əməkdaşlığı üçün hüquqi baza rolunu oynadı. Bu əməkdaşlıq sayəsində respublikanın müxtəlif maşın, cihaz, neft avadanlığı, boru-prokat və s. istehsal edən iri sənaye müəssisələrinin məhsullarına İraqdakı Sovet-İraq əməkdaşlığı ilə tikilən obyektlərdə tətbiqi olunmağa başladı. Azərbaycan mütəxəssisləri öz zəngin təcrübələrini iraqlı həmkarları ılə bölüşür, yerli kadrların hazırlanmasında fəal iştirak edirdilər. Bu sahədəki əməkdaşlığın başlanğıcında azərbaycanlı mütəxəssislərdən F.Qasımov və H.Rəhimovum adlarını çəkmək lazımdır. Onların başçılığı altında İraqın İsgəndəriyyə və Samara şəhərlrində obyektlər tikilib istifadəyə verilmişdir."Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, İraq hökumətinin 1972-1975-ci illərdə neft sənayesinin milliləşdirilməsi sahəsində gördüyü tədbirlərin həyata keçirilməsində dünyada "Neft akademiyası" kimi şöhrət qazanmış Bakının təcrübəli neftçilərinin çox böyük rolu olmuşdur. Bəsrə yaxınlığındakı Şimali Rumeyla rayonunda neft mədənlərinin tikilməsində azərbaycanlı mühəndislər N.Nağıyev, V.Behbudov, L.Həsənov, qaynaqçı A.Əliyev, krançı N.Ələkbərov və d. adlarını çəkmək olar. Azərbaycanlı mütəxəssis O.Qasımov Şimali Rumeyla neft mədənlərinin tikilib istifadəyə verilməsindəki xidmətlərinə görə SSRİ-nin ən yüksək mükafatı - "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunmuşdu.Haqqında söhbət gedən elmi-təhsil əməkdaşlığı istiqamətində əsas vəzifələrdən birini İraq Respublikası üçün Azərbaycanda kadrların hazırlanması təşkil edirdi. Bu sahədə əməkdaşlığın başlıca vəzifəsi təcrübə mübadiləsi idi. Bağdaddakı neft sənayesi tədris mərkəzinin yaradılıb fəaliyyət göstərməsində azərbaycanlı mütəxəssislər iraqlı həmkarlarına öz təcrübələrini öyrətmişlər. Artıq 60-cı illərdə Azərbaycan-İraq mədəni əməkdaşlığı müvafiq rəsmi qaydada, planlı şəkildə həyata keçirilirdi. Ərəb ölkələri ilə Sovet Dostluq və Mədəni Əlaqə Cəmiyyəti bu şöbə ilə birgə İraqdakı mədəniyyət mərkəzinə Azərbaycan yazıçılarının əsərlərini və mədəniyyət nümunələrini - kitabçalar, foto-albomlar, xalq musiqisi və müasir Azərbaycan musiqisi yazılmış vallar, ərəb dilində "Sovet Azərbaycanı bu gün" bülleteni və digər ədəbi-publisistik materiallar göndərirdi. Mədəni mübadilənin başqa bir növü təcrübə mübadiləsi, həmçinin, incəsənətin digər sahələrində də müvəffəqiyyətlə həyata keçirdi. 1969-cu ildə İraq hökumətinin dəvəti ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövbt Konservatoriyasının müəllimləri Tofiq və Gövhər Quliyevlər Bağdada getmiş və orada ilk musiqi məktəbini yaratmışlar. Əslində, bu, Azərbaycan-İraq mədəni əməkdaşlığı tarixində kökü qədimlərdən gələn ənənənin müasir əlamətdar hadisələrindən biridir.Musiqi sahəsində də təcrübə mübadiləsindən danışarkən Bağdadda milli Rəqs və Balet məktəblərinin yaradılmasında SSRİ xalq artisti Qəmər Almaszadənin xidmətini qeyd etmək vacibdir. Bağdadda nəşr olunan "Əs-Səqafə əl-Cədid" ("Yeni mədəniyyət") jurnalı bu mədəni hadisəni belə qiymətləndirmişdi: "Azərbaycanın istedadlı mütəxəssisi İraq rəqs folklorunu öyrənərək, öz sənətkarlıq məharətini parlaq şəkildə nümayiş etdirmişdir. Gənc rəqqaslar Qəmər xanımia birlikdə İraq milli rəqsinin nüfuzunu dirçəltmişlər. İraq milli rəqsi yenidən həyata qayıtmışdır".Haqqında söhbət gedən bu illərdə Azərbaycan-İraq mədəni əlaqələrində musiqi sahəsində əməkdaşlığın digər mühüm nümunəsi kimi bəstəkar Fikrət Əmirovun İraq Məlumat Nazirliyi Musiqi Departamentinin baş müdiri, məşhur udçalan Munir Bəşirlə birgə İraq üçün "Təmmuzun qayıtması" adlı balet üzərində çalışmaları aiddir.Tarixi ənənələri olan Azərbaycan-İraq mədəni əməkdaşlığının yeni - müasir dövrün ictimai-sosial, ideoloji-siyasi tələblərinə uyğun təmini və bu sahədə istiqamətlərin dəqiqləşdirilməsində 1970-ci il dekabrın 27-də İraq Respublikasının maarif naziri, İraq-Sovet Dostluğu Cəmiyyətinin prezidenti, doktor Səud Əbdül Bakı başda olmaqla, İraq-Sovet Dostluğu Cəmiyyətinin nümayəndə heyəti Bakıya rəsmi dostluq görüşünə gəlmişdir. Nümayəndə heyətinin tərkibinə görkəmli ictimai-siyasi xadimlərlə yanaşı, "Əs-Səkəfə əl-Cədaif" ("Yeni mədəniyyət") jurnalının baş redaktoru Ükərrəm Tələbani də daxil idi. Nümayəndə heyəti Sovet-İraq Dostluğu Cəmiyyətinin Ümumittifaq konfransında iştirak etmək və 1971-ci ildə iki ölkənin ictimai təşkilatları arasında mədəni əməkdaşlıq planını imzalamaq üçün Xarici Ölkələrlə Sovet Dostluq və Mədəni Əlaqə Cəmiyyətləri İttifaqının və Sovet-İraq Dostluğu Cəmiyyətinin dəvəti ilə gəlmişlər. Dekabrın 28-də Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətində Azərbaycanın elm və mədəniyyət xadimləri ilə səmimi görüş keçirilmiş və bir-birinin işləri, fəaliyyətləri ilə yaxından tanış olduqdan sonra mədəni əlaqələrin bütün mədəni istiqamətlər üzrə inkişafı, möhkəmləndirilməsinin vacibliyi vurğulamışdı.Dövlət və rəsmi ictimai təşkilatların rəsmi əməkdaşlıq protokol razılaşmaları əsasında Azərbaycan-İraq mədəni əlaqələri prosesində keyfiyyətcə yeni bir inkişaf mərhələsi başladı. 1971-ci il mayın 28-dən başlayaraq, Azərbaycanda Sovet-İraq dostluğu günlərinə start verildi. Azərbaycanda keçirilən sovet-İraq dostluğu günlərində İraq bir çox dövlət və hökumət rəsmiləri - İraq Məlumat nazirinin müavini Zəki əl-Cabirin başçılığı ilə ölkənin mədəniyyət məsələləri ilə məşğul olan rəhbərləri iştirak etmişdi. Mədəniyyət günləri çərçivəsində Bakının bir çox mədəniyyət və incəsənət müəssisələrində rəngarəng, yadda qalan tədbirlər keçirilmişdi."Beynəlxalq mədəni əlaqələr" kitabında qeyd olunur ki, İraq-Azərbaycan mədəni əməkdaşlığının inkişafı prosesində 1971-ci ili uğurlu il kimi qiymətləndirmək olar. Çünki həmin ilin sonunda - dekabrın 19-dan başlayaraq, sovet-İraq dostluğu dekadasını Azərbaycan mədəniyyəti təmsil etdi. 1971-ci ilin dekabrında Azərbaycan SSR mədəniyyət naziri Z.Bağırovun başçılıq etdiyi nümayəndə heyəti İraqda keçirilən dostluq ongünlüyündə iştirak etmək üçün Bağdada yola düşdü. Azərbaycan nümayəndə heyətinin tərkibində respublikanın akademiki H.Araslı, professor F.Bağırzadə, şair C.Novruz, rəssam K.Kazımzadə, bəstəkar P.Bülbüloğlu, müğənnilərdən N.Məmmədova və İ.Rzayev kimi görkəmli elm, ədəbiyyat və incəsənət xadimləri də var idi. Dostluq dekadası günləri ərzində Bağdad, Bəsrə və Mosulda keçirilmiş görüş, konsert, sərgi və mühazirələrdə iraqlılar Azərbaycanın mədəniyyət ilə yaxından tanış oldular. İraq Respublikasının radio, televiziya və mətbuat orqanları, həmin günlərdə Azərbaycanın mədəni həyatının müxtəlif sahələrindəki nailiyyətlərinə həsr olunmuş verilişləri yayımlamışdı. Bəsrədə təşkil olunmuş sərgilərdə Azərbaycan sənətkarlarının dulusçuluq, keramika, toxuculuq, rəngkarlıq sənəti üzrə əsərlərindən ibarət ekspozisiyaya iraqlılar böyük maraqla tamaşa etmişlər.Həmin sərgidən başqa "Sovet Azərbaycanı 50 ildə", "Azərbaycan baleti", "Azərbaycan-İraq dostluğu" foto-sərgiləri də İraqın müxtəlif regionlarında təmsil olunmuşdu. Rəssam Ş.Şərifzadənin hazırladığı "Məhəmməd Füzuli" portreti dahi şairin Kərbəladakı məqbərəsinə təqdim olunmuşdu. Kinofilmlərdən "Uzaq sahillərdə" bədii filmi, "Bu, Səttar Bəhlulzadədir!" sənədli filmı iraqlılarda Azərbaycan kinosu haqqında təsəvvür formalaşdırmışdi.Bu mədəniyyət ongünlüyünün ən həyəcanlı və təsiredici anlarından başlıcası Azərbaycan nümayəndə heyətinin Kərbəla şəhərindəki dahi Azərbaycan şairi M.Füzulinin məqbərəsini ziyarət etməsi oldu. Fuzulişünas Həmid Araslının dahi şairə olan ehtiramı şair Əbdüllətif Bəndəroğlu "Yurd" qəzetində belə ifadə etmişdi: "...Qəbrin ətrafında dairə vurub hörmətlə durduq... Araslı Füzulinin şeirlərini həyəcan ilə oxuyurdu. Şeiri oxuduqca da gözlərindən damla-damla yaş Füzulinin qəbri üzərinə düşürdü. Mən Araslının bu vəziyyətini bir oğlanın öz babasının qəbri üzərinə gəldiyini sandım".Sovet-İraq dostluğu, mədəni əlaqələri çərçivəsində keçirilən hər iki mədəniyyət günləri Azərbaycanın bu ərəb ölkəsi ilə mədəni əlaqələrinin, əməkdaşlığının dinamikasına əhəmiyyətli dərəcədə təsir göstərdi. Hər iki ölkənin mədəniyyətinə qarşılıqlı maraq əməkdaşlıq üçün əsaslı amilə çevrildi. İraqda türkman dilində nəşr olunan "Yurd" qəzeti Azərbaycan-İraq mədəni, ədəbi əlaqələrini işıqlandıran aparıcı mətbuat vasitəsinə çevrildi. Həmin qəzet, bu madəni əlaqələrin nəinki müasir səviyyəsini, eləcə də, onun tarixi kökləri ilə tamaşaçıları tanış edirdi."Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, 1974-cü ilin avqustunda Bakıda İraq Respublikasının baş konsulluğunun açılması sovet-İraq əməkdaşlığında Azərbaycan SSRİ-nin oynadığı rolun əhəmiyyətinə bir daha sübut olmaqla yanaşı, həmçinin, mədəni əlaqələrin gücləndirilməsi işinə də təkan oldu.İncəsənətin müxtəlif sahələri ilə yanaşı, elm və təhsil sahəsində əməkdaşlığın yeni mərhələsi başlandı. Xüsusilə, gənclər arasında əməkdaşlığa təkan vermək baxımından 1974-cü ilin yanvarında İraq-Azərbaycan ali məktəbləri arasında elmi və mədəni əməkdaşlıq haqqında saziş imzalanmışdı. ADU, Azarbaycan Neft və Kimya İnstitutu ilə İraqın Irac ikinci böyük iqtisadi və mədəniyyət mərkəzi olan Bəsrə şəhəri universiteti arasında yaradıcılıq əməkdaşlığı haqqında saziş (1973-cü il dekabr) imzalanmışdı. 1979-cu ildə Bəsrə ilə Bakının qardaşlaşmış şəhərlər elan edilməsi də elmi əməkdaşlığa əhəmiyyətli şəkildə təsir göstərdi. Beş il üçün imzalanmış həmin sazişin müddəalarından çıxış edərək, elm və texnikanın aktual problemlərinə dair mühazirə oxumaq üçün müntəzəm surətdə müəllim, aspirant, gənc elmi işçilərlə qarşılıqlı mübadilələr həyata keçirildi. Beş il müddətində hər iki ölkə ali məktəbləri informasiya, elmi nəşrlər, dərslik, tədris-metodik materiallar, proqram, biblioqrafik nəşr, elmi işlərə annotasiyalar mübadiləsi aparılmışdı.1975-ci ilin iyununda (25 - 30) Bakıda keçirilmiş sovet və İraq gənclərinin IV dostluq həftəsi də Azərbaycanla bu ölkə arasında mədəni əməkdaşlığın bir nailiyyəti oldu. Artıq ötən əsrin 70 - 80-ci illərində Azərbaycan-İraq mədəni əlaqələrinin inkişafı elə geniş vüsət almağa başlayır ki, hətta bu sahədə elmi tədqiqata böyük ehtiyac duyulur. Tarixi ənənələri olan bu əlaqələrin müasir dövrdə vəziyyətinin öyrənilməsində akademik H.Araslı, görkəmli şərqşünas A.İmanquliyevanın xüsusi xidmətləri vardır. "Azərbaycan sovet ədəbiyyatı ərəb dilində" adlı məqaləsində görkəmli şərqşünaslar A.İmanquliyeva, M.Qəmbərov Azərbaycan-İraq ədəbi əlaqələrinin təhlilinə xüsusi diqqət yetirərək, mədəni əlaqəbrə zənginlik gətirən bu sahədə faktların üzə çıxarılaraq sistemləşdirilməsində əvəzsiz rol oynamışdır.Haqqında söhbət gedən tarixi dövrdə mədəni əməkdaşlığın mühüm istiqamətlərindən birini də ziyalılar və ədiblərlə qarşılıqlı mübadilələrin təşkili idi. Həmin illərdə tanınmış ziyalılar, yazıçılar - Ə.Cəfərzadə, Q.Paşayev və digərlərinin yaradıcılıq mübadiləsi məqsədilə bu ölkəyə ezam olunması mədəni əməkdaşlıq prosesində mühüm hadisələrdən idi. Bu hadisələrin mahiyyəti onunla bağlı idi ki, həmin ədiblər İraq mədəniyyəti, məişəti, cəmiyyəti haqqında azərbaycanlıları məlumatlandırmaq üçün bədii-publisistik əsərlər də yazmışlar. Q.Paşayevin məşhur "Altı il Dəclə və Fərat sahillərində" adlı kitabı dediklərimizə sübutdur. Kitabın "müəllifi müxtəlif illərdə tərcüməçilik fəaliyyəti ilə əlaqədar İraqda olarkən xidməti işindən əlavə dincəlib istirahət etməli olduğu vaxtı dost ölkənin xalqlarının ictimai həyatını, ədəbiyyatını, mədəniyyətini, İraqda yaşayan azərbaycanlıların maddi-mənəvi varidatını böyük həvəslə öyrənməyə sərf etmişdir."Bu kitabdan əlavə Q.Paşayevin bu dost ölkənin mədəniyyəti həyatına aid "İraq-Kərkük mahnıları", "Kərkük bayatıları", "Arzu-Qənbər dastanı", "Kərkük mahnıları", "Kərkük tapmacaları", "Kərkük atalar sözləri" adlı kitabların ərsəyə gəlməsinə nail olmuşdur. Beləliklə, keçən əsrin 70 - 80-ci illərində İraq-Azərbaycan mədəni əlaqələrinin inkişaf dinamikasındakı bu nailiyyətlərin əsas mahiyyətini onunla izah etmək olar ki, sovet-İraq mədəni əməkdaşlıq məsələsində bu ölkə ilə həm məsafə, həm də ruhən yaxın olması amilində sovet dövləti məqsədəuyğun istifadəyə üstünlük vermişdi. Lakin bu, heç də demək deyildir ki, sovet dövləti bu əməkdaşlıqda müstəqil fəaliyyətə önəm verirdi. Əksinə, bütün əlaqələr ciddi senzura rejiminə tabe idi. Lakin İraq-Azərbaycan mədəni əməkdaşlığında başlanan hazırkı, yəni milli dövlət müstəqilliyinin əlavə olunmasından sonra bu sahədə demokratik prinsiplərə üstünlük verildi. 1992-ci il yanvarın 2-də Azərbaycanın müstəqilliyini tanıyan İraq elə həmin ilin martında ölkəmizlə diplomatik münasibətlərin qurulmasına başladı. Hələ sovet hakimiyyəti dövrünün Azərbaycanda Baş Konsulluq səviyyəsində uzun illər fəaliyyət göstrmiş bu qurum 1992-ci ildən səfirlik statusunda fəaliyyətini davam etdirdi.Hazırda İraqla Azərbaycan arasında mədəni əməkdaşlıq ikitərəfli münasibətlərlə yanaşı, İslam Konfransı Təşkilatı və BMT çərçivəsində də davam etdirilir. 1999-cu il oktyabrın 21-də Bağdadda Azərbaycan və İraq Respublikasının Mədəniyyət və İnformasiya nazirlikləri arasında Əməkdaşlıq Sazişi imzalanmışdı. Həmin sazişin müddəalarına əsasən hər iki ölkə arasında əvvəllər mövcud olmuş mədəni ənənələrin yeni tarixi şəraitin tələblərinə uyğun davam etdirilməsi ideyası üstünlük təşkil edir. Təcrübə mübadiləsi, qastrol səfərləri, mədəniyyət günləri, tələbə, ixtisaslı kadrlar mübadiləsi bu əməkdaşlığın prioritetləri kimi qəbul edildi.İctimai əsaslar xəttilə təşkil olunan digər qurumlardan biri də 2008-ci ilin oktyabrında Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyinin başlıca perspektivlərinə iki xalq, ölkə mədəniyyətlərinin bir-birilə tanışlığının davam etdirilməsi və bu məqsədlə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi təşkil edir. Beləliklə, Azərbaycan-İraq mədəni əlaqələrini əks etdirən bu məqalədən iki xalq arasında bu sahədə olan inkişaf dinamikası haqqında tam təsəvvür əldə etmək mümkündür.

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər