Dövlətin xarici işlər idarəsi ilə, həmçinin, digər dövlətlərin bu dövlətdə akkreditə edilmiş xaric nümayəndəlikləri ilə gündəlik əlaqə və danışıqlar da bu dövlətdəki diplomatik nümayəndəlik vasitəsilə həyata keçirilir. Səfirlik yerləşdiyi ölkənin xarici işlər nazirliyi ilə, diplomatik korpusla, yəni bu ölkədə akkreditə edilmiş digər ölkə nümayəndəlikləri ilə gündəlik əlaqə saxlayır.
Yerləşdiyi ölkənin iqtisadi və siyasi vəziyyəti haqqında öz hökümətinə məlumat vermək, öz dövlətinin xarici siyasəti xeyrinə yerləşdiyi ölkə ilə münasibətlərin yaxşılaşdırılması naminə fəaliyyət göstərmək nümayəndəliyin mühüm vəzifəsidir. Hər bir səfirlik yerləşdiyi ölkədə baş verən hadisələri müşahidə edir. Eyni zamanda da, hər bir səfirlik öz dövlətinin müsbət siyasi imici üçün, onun siyasətinin vəzifələrini həyata keçirmək üçün düşünülmüş addımlar atmalıdır. Bu, xüsusilə, dövlətlər arasında iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafına, genişləndirilməsinə və möhkəmləndirilməsinə xidmət edir.
"Beynəlxalq mədəni əlaqələr" kitabında yazılır: "Diplomatik nümayəndəliyin, o cümlədən də, səfirliklərin xarici ölkədə normal fəaliyyəti məqsədilə Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasının 22-ci və 29-cu maddələrilə nümayəndəliyin şəxsi diplomatik heyətinin immunitetinin, ərazi və binasının toxunulmazlığı təmin edilir. Diplomatik nümayəndəliyin bu hüququ beynəlxalq hüquqda hamı tərəfindən qəbul edilmişdir. Belə ki, nümayəndəliyin toxunulmazlığının və diplomat immunitetinin pozulması beynəlxalq hüququn və dövlətin suveren hüquqlarının çox ciddi pozulması deməkdir.
Səfirin və səfirliyin diplomatik heyətinin rəsmi və ictimai dairələrlə əlaqəsi, ümumiyyətlə, səfirliyin işi səfir dövlət başçısına etimadnamə təqdim etdikdən sonra başlanır. Bundan sonra bu ölkədəki protokol qaydalarına müvafiq olaraq rəsmi şəxslərin-xarici işlər nazirinin, nazir müavinlərinin, şöbə müdirləri ilə görüşlər keçirilir. Səfirlik yerləşdiyi ölkənin müxtəlif dairələrlə daha geniş əlaqələr yaratmaq məqsədilə digər nazirliklərlə, ölkənin nüfuzlu şəxsləri - parlament sədri, parlament fraksiyalarının rəhbərlərilə tanış olur və əlaqələr yaradır. Həmin münasibətlər səmərəli istifadəsi ilə səfirliyin diplomatik fəaliyyətində böyük əhəmiyyətə malikdir. Belə ki, bu zaman səfirliklər yerləşdiyi ölkənin daxili vəziyyəti və xarici siyasəti haqqında zəngin informasiya əldə edir, səfirliyin məşğul olacağı fəaliyyət sahələrinin perspektivləri müəyyən olunur. Bu vizitlərin əsas məqsədi ölkənin siyasəti haqqında informasiya mübadiləsidir. Səfirin göstərilən görüş və tanışlıqlarından sonra, səfirliyin digər işçiləri başqa səfirliklərin müvafiq işçilərilə tanış olurlar. Səfirliyin müvafiq işçilərinin vizitindən sonra digər səfirliyin işçiləri cavab viziti edirlər.
Səfirliklərin müvafiq hüquq və vəzifələri müəyyən edilmişdir. Belə ki, hər hansı bir ölkədə dövləti təmsil edən ali şəxs diplomatik nümayəndəliyin başçısı səfirdir. Ümumi qaydaya görə, ölkəyə gələn bütün nümayəndə heyətləri və ayrı-ayrı şəxslər öz fəaliyyətlərini səfirlə razılaşdırmalıdırlar, çünki bu dövlətin ərazisində onların bütün fəaliyyətləri üçün öz dövlətinin başçısı, höküməti qarşısında səfir tam məsuliyyət daşıyır. Səfir xaricdə dövləti təmsil etdiyi üçün geniş hüquqlara malikdir.
Səfirliyin müşavirləri idarələrində olan iş sahələrinə, xüsusilə siyasi, iqtisadi, mədəni münasibətlərə və sairə səfirin nəzarəti ilə müstəqil şəkildə rəhbərlik edirlər. Səfirliyin digər diplomatik işçiləri olan katiblər, attaşelər səfirliyin işinin müəyyən sahəsi üçün məsuliyyətli olurlar.
Səfirliklərin əsas funksiyalarından biri yerləşdiyi dövlətin xarici işlər idarəsi, hökuməti, parlamenti və ictimai dairələri ilə, həmçinin, bu ölkədəki xarici nümayəndəliklərlə gündəlik əlaqə saxlamaqdır. Bu, yerləşdiyi ölkənin siyasi, iqtisadi və mədəni vəziyyətini öyrənməkdən, əldə olunan informasiyanı öz ölkəsinə ötürməkdən, həmçinin, öz dövlətinin vətəndaş və hüquqi şəxslərinin hüquq və mənafelərini müdafiə etməkdən ibarətdir. Diplomatik nümayəndəliklər diplomatik və texniki heyətdən ibarət olur. Səfirliyin diplomatik heyətinə - səfir, müşavirlər (birinci müşavir və ayrı-ayrı məsələlər üzrə müşavirlər), katiblər (birinci, ikinci və üçüncü katib), attaşelər (mətbuat, ticarət, mədəniyyət, elm və texnika, dini, kənd təsərrüfatı, iqtisadiyyat, sənayə, maliyyə, əmək, hərbi (hərbi-dəniz, hərbi-hava attaşesi) və sair attaşe).
"Beynəlxalq mədəni əlaqələr" kitabında qeyd edilir ki, mətbuat attaşeləri diplomaiik nümayəndəliklərin işçisi olub, bu nümayəndəliyin mətbuat-informasiya işlərinə rəhbərlik edir. Diplomatik attaşe - diplomatik nümayəndəliyin və xarici işlər nazirliyi aparatının kiçik diplomatik işçisidir. Bu vəzifəyə diplomatik xidmətə yeni başlayan gənclər təyin edilir. Fəxri attaşelər - diplomat sənətini seçən, lakin daimi xidmətdə olmayıb, əmək haqqı almayan şəxslərdir. Fəxri attaşelər hər hansı diplomatik nümayəndəlikdə təcrübə keçmək hüququ alırlar. Təcrübə bitəndən sonra onlar ştatlı diplomatik xidmətə qəbul edilirlər. Xüsusi attaşelər öz sahələri üzrə yüksək ixtisaslı mütəxəssislədir. Onlara yerləşdikləri ölkədə öz ixtisaslarına aid məsələləri öyrənmək, həmçinin, öz idarəsi ilə safirliyin yerləşdiyi ölkənin müvafiq idarəsi arasında əlaqələrin saxlanılması və genişləndirilməsi ilə əlaqədar operativ iş aparmaq tapşırılır. Bəzən xüsusi attaşelərə müşavir diplomatik rütbəsi verilir.
Səfirliyin mədəniyyət məsələlərilə bağlı qərarlarının mədəniyyət üzrə attaşe reallaşdırır. Mədəniyyət üzrə attaşenin funksiyaları aşağıdakılardan ibarətdir:
- təmsil olunduğu ölkədə mədəniyyət idarə və müəssisələri ilə
daimi əlaqələrin saxlanılması;
- ikitərəfli mədəni proqramların hazırlanması və həyata keçirilməsi;
- birgə layihələrin maliyyələşmə mənbələrinin axtarışında iştirak;
- qastrol və sərgi fəaliyyətinin təşkili;
- diaspora və dostluq cəmiyyətləri ilə partnyor əlaqələrin qurulması.
Səfirliklərin mədəniyyət məsələləri üzrə attaşeləri təmsil olunan ölkədə mədəni ictimaiyyətlə sıx əlaqələr saxlayır, müxtəlif mədəni layihələrin həyata keçirilməsində diplomatik müşayiəti təmin edirlər. Onların iştirakı ilə mədəni mübadilə proqramları hazırlanır. Ümumiyyətlə, mədəniyyət məsələlərii üzrə attaşelərin effektiv fəaliyyətinin başlıca şərti - təmsil olunduğu ölkənin profil üzrə təşkilatları ilə ilk növbədə mədəniyyət nazirlikləri ilə sıx əməkdaşlığın qurulmasıdır.
Mədəniyyət məsələləri üzrə attaşelər əsas etibarilə geniş dunyagörüşə malik, təmsil olduqları ölkənin mədəniyyətinə bələd olan və eyni zamanda, öz vətənlərində müasir mədəniyyət sahəsində baş verən hadisələrdən məlumatlı olan yüksək erudisiyalı diplomatlardır. Beləliklə, səfirliklərdə vəzifə bölgüsü də vardır. Qeyd edək ki, hər bir ölkənin səfirliyinin strukturu və ştat cədvəli həmin ölkənin səfirlik haqqında əsasnaməsinə görə təyin edilir. Belə ki, bütün səfirliklər iki şöbəyə ayrılır: konsul və mətbuat şöbəsi. Konsul şöbəsi səfirlik adından hərəkət edərək, səfirliyin fəaliyyət dairəsində bu və ya digər konsul funksiyalarını yerinə yetirir. Səfirliyn mətbuat şöbəsi yerləşdiyi ölkənin gündəlik mətbuatını izləyir, KİV nümayəndələrilə əlaqələr saxlayır, onlardan zəruri informasiya əldə edir, eyni zamanda da, öz ölkəsi haqqında informasiya ilə və onun siyasəti ilə yerli mətbuatı tanış edir.
Həmin dövlətin daxili və xarici siyasətini öyrənmək, gündəlik daxili siyasəti izləmək üçün səfirlikdə səfirlik müşavirinin rəhbərliyi ilə xarici və daxili siyasət məsələləri üzrə diplomatik işçilər qrupu yaradılır. Səfirliyin katibliyi protokol tədbirləri (görüşlər, qəbullar, protokol işləri üzrə xarici işlər nazirliyi ilə əlaqə) idarə edir. Səfirliyin katibliyində təmsil olunduğu ölkənin protokol qaydalarını bilən əməkdaşlar çalışır ki, onlar tədbirlərin protokol qaydalarına uyğun keçirilməsinə nəzarət edir, tədbirin hazırlanmasında təşkilati işləri həyata keçirir. Səfirliyin inzibati - təsərrüfat şöbəsi mühafizə, nəqliyyat, təmizlik və sair məsələləri idarə edir. Yerləşdiyi ölkəni öyrənmək, siyasi, iqtisadi və mədəni vəziyyətini, ölkədəki aktual hadisələr haqqında zəruri informasiyanı əldə etmək və onları düzgün qiymətləndirmək hər bir səfirliyin birinci dərəcəli vəzifəsidir. Vaxtında əldə olunmuş və təhlil edilmiş informasiya səfirliyin səmərəli işinin təminatçısıdır.
Səfirliyin daxili işinin bir hissəsini yerləşdiyi ölkə xarici işlər nazirliyi ilə, xarici səfirliklərlə, həmçinin, digər ölkələrlə və ayrı-ayrı şəxslərlə yazışmasının təşkilidir. Yerləşdiyi ölkə xarici işlər nazirliyi ilə yazışmaya səfir rəhbərlik edir. Məktubların çoxunu universitetlər, kitabxanalar, müxtəlif mədəniyyət idarələri, parlamentin ayrı-ayrı deputatları, müxtəlif təşkilat və müəssisələr göndərir. Məktublar dəftərxanaya daxil olur və dəftərxana müdiri məktubları təyinatı üzrə bölür.
Mədəni əlaqələrin inkişafı səfirliklərin qarşısında yerləşdikləri ölkənin mədəni inkişaf proseslərini öyrənmək vəzifəsini qoyur. Mədəni dəyərlərin mübadiləsi, mədəniyyət və incəsənət nailiyyətləri ilə qarşılıqlı tanışlıq, xalqlar arasında qarşılıqlı anlayışı genişləndirməyin mühüm vasitələrindən biridir. Buna görə də səfirliklər mədəni mübadilə formaları olan kinofilmlərin nümayişi, tanınmış musiqiçilərin, artistlərin konsertlərinin təşkili, qastrol səfərləri, kitab mübadiləsi, elmi simpoziumlar, seminarlar, mətbuat konfranslarından geniş istifadə edirlər. Səfirliklərdə bülleten, jurnal və kitabların nəşri mədəni əlaqələrin genişləndirilməsinə xidmət edir.
Müasir dövrdə xarici mədəniyyət mərkəzlərin mədəni diplomatiyanın inkişaf etdirilməsində böyük rolu vardır. Belə ki, xarici mədəniyyət mərkəzləri çoxşaxəli şəbəkə formasında elm və mədəniyyət mərkəzlərindən ibarətdirlər. Mərkəzlərin xətti ilə musiqi festivalları, kino təqdimatları, sərgilər keçirilir, yaradıcı kollektivlərin və görkəmli incəsənət xadimlərinin çıxışları təşkil olunur, məktəblər, kitabxanalar, maraqlar üzrə klublar, studiyalar fəaliyyət göstər. Müəyyən ölkəni təbliğ edən mədəniyyət mərkəzlərində dünya və ölkə tarixinin müxtəlif əlamətdar hadisələrinə həsr olunmuş tədbirlər keçirilir. "Ailə ili" elan olunan 2008-ci ildə dünyanın müxtəlif xarici elm və mədəniyyət mərkəzlərində ailə mövzusuna həsr olunan tədbirlərin keçirilməsi geniş vüsət almışdır.
"BMƏ" kitabında göstərilir ki, 2001-ci il iyunın 8-də Azərbaycan Respublikasının "Diplormatik xidmət haqqında" qəbul olunmuş qanunda dövlət qulluğunun bir növü olan diplomatik xidmətin təşkilinin hüquqi əsasları, diplomatik xidmətdə olan dövlət qulluqçularının hüquqi vəziyyəti müəyyən edilmişdir. Qanunun birinci fəslinin 1.1 maddəsinə görə, diplomatik xidmət - Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirən müvafiq dövlət orqanlarında vətəndaşların peşəkar fəaliyyətidir. Buradan konsulluq xidməti Azərbaycan Respublikasının Konsul Nizamnaməsi əsasında həyata keçirilən diplomatik xidmətin bir növü kimi təyin edilmişdir.
Diplomatik xidmət orqanlarının vahid sistemini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri va konsulluqları, müvafiq icra hakimiyyəti orqanının fəaliyyətini təmin etmək üçün yaradılan yardımçı təşkilatlar, müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələri təşkil edir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqan diplomatik xidmət orqanları vahid sisteminə rəhbərlik edir.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru