Mədəniyyət siyasəti bütün sivil dünyanın aktual problemidir. Belə ki, reallıqda tətbiq olunan mədəniyyət siyasəti bəzi dövlətlərdə dərin böhran yaşamaqdadır. Elmi dövriyyəyə "mədəniyyət siyasəti" anlayışı yaxın zamanlarda daxil olsa da, bu terminlə ifadə olunan fəaliyyət bəşər cəmiyyətinin, dövlətin yarandığı ilk gündən həyata keçirilir. Bəşəriyyət tarix boyu, belə desək, "mədəni sahə"də yaşamış və ya onu formalaşdırmışdır. Lakin mədəniyyət siyasətinin böyük miqyasda tətbiqi XX əsrin əvvəllərinə təsadüf edir. Məlumdur ki, ilkin mərhələdə mədəniyyət siyasətini totalitar dövlətlər fəal istifadə etmişlər, çünki burada o, hakimiyyətin qulluqçusu, ideoloji rupor rolunu oynayırdı. Yalnız sonralar, mədəniyyət siyasəti demokratik ölkələrdə effektiv şəkildə, ideoloji buxovlardan azad surətdə müxtəlif formalarda həyata keçirilmişdir. Parodoksal faktdır ki, bu yaxınlaradək "mədəniyyət siyasəti" adlandırılan tədqiqat obyektinə elmi dairələr biganə münasibət bəsləmişlər.
"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, XX əsrin 60-ci illərində Qərbi Avropada "mədəniyyət siyasati"nə xüsusi maraq oyandı. 1968-ci ildə gənclər hərəkatının geniş vüsət alması, "yeni solçular"ın və xippinin təşəkkülü, narkotiklərdən kütləvi istifadə halları Avropa dünyasını sarsıtdı. Eyni zamanda, böyüyən nəslin sosiomədəni problemləri ciddi həyacana səbəb oldu.
Həmin dövrdə UNESKO mütəmadi olaraq mədəniyyət siyasəti sahəsində aparılan elmi-tədqiqat işlərinin maliyyələşdiriiməsinə başlamışdır. Bununla yanaşı, UNESKO müvafiq təlimatlar nəşr etdirmiş, göstərilən mövzu üzrə beynəlxalq konfranslar təşkil etmiş, bu sahədə təcrübə mübadiləsi aparmışdır.
Lakin mədəniyyət siyasətinə dair aparılan tədqiqatlara marağın yüksək zirvəsi XX əsrin 80-90-ci illərinə təsadüf edir. Həmin illərdə Avropa Şurasının təşəbbüsü ilə üzv ölkələr apardıqları mədəniyyət siyasətlərinə dair məruzələr hazırlamağa başladılar. Həmin məruzələr üzv ölkələrin məmurları və mütəxəssisləri tərəfindən hazırlanarkən bu işə nəzarət Avropa Şurasının ekspertləri tərəfindən həyata keçirilirdi. 1886-ci ildə Avropa Şurası Avropa ölkələrində geniş yayılmış "Mədəniyyət siyasətinin qısa proqramı"nın reallaşdırılmasına başladı. 1985-1995-ci illər ərzində Fransanın (1987), İsveçin (1989), Avstriyanın (1993), Niderland və Finlandiyanın (1994), həmçinin, İtaliyanın (1995) mədəniyyət siyasətlərinə dair məruzə hazırlandı. 1994-cü ildə həmin proqram çərçivəsində Şərqi Avropa ölkələrinin mədəniyyət siyasətinə həsr olunmuş xüsusi bölmə nəzərdə tutuldu. Göründüyü kimi, göstərilən proqram mədəniyyət nazirliklərinin milli hesabatlarının hazırlanmasını nəzərdə tuturdu ki, onların əsasında Avropa Şurasının ekspertləri tərəfindən təhlil edilərək tövsiyyələr hazırlanırdı.
1997-ci ildə Avropa Şurasının mədəniyyət siyasəti şöbəsinin fəaliyyətini təkmilləşdirən və əlaqələndirən "Mədəniyyət siyasətlərinin tədqiqi və inkişafı ittifaqı" yaradıldı. Qurumun əsas məqsədi mədəniyyət siyasəti üzrə materialların yığılması, sistemləşdirilməsi, istehsal çoxaldılaraq müxtəlif ölkələrin dövlət və qeyri-hökümət strukturları arasında yayılmasından ibarətdir. İttifaq mədəniyyət siyasəti üzrə çalışan mütəxəssislər üçün təmas şəbəkəsi rolunda çıxış edirdi.
1998-ci ildə Avropada mədəniyyətin inkişafı və mədəniyyət siyasətinin reallaşdırılmasını, bu sahədə fikir və təcrübə mübadiləsini tənzimləyən, 40-dan çox mədəniyyət şəbəkəsi və təşkilatını birləşdirən formu fəaliyyətə başladı. Forum ölkələrarası qarşılıqlı anlaşmanın, mədəni mübadilənin, dostluq və sülhün qurulmasının, dünya ölkələrində demokratik mədəniyyətin inkişaf etdirilməsində mühüm bir vasitə idi. Qloballaşan dünyada inoformasiya texnologiyalarının rolunu yüksək dəyərləndirən Avropa Şurası 1997-ci ildə Strastburq Sammitində müzakirə obyektinə çevirmişdir. Tarixi şəraitin zəruriliyini nəzərə alaraq, Avropa Komitəsi "Yeni informasiya texnologiyarı üzrə Avropanın siyasəti" bəyannaməsini qəbul etmişdir. Layihənin məqsədi Avropa Şurası və digər ölkələri informasiya cəmiyyətində səmərəli mədəniyyət siyasətinin işlənməsi üçün zəruri məlumatla təmin etmək idi.
"Beynəlxalq mədəni əlaqələr" kitabında qeyd edilir ki, 1998-ci ildə Stokholmda mədəniyyət siyasəti üzrə silsilə hökümətlərarası seminarlar keçirilmişdir. Seminarlarda ayrıca hər bir ölkənin inkişaf xüsusiyyətləri nəzərə alınaraq mədəniyyət və mədəniyyət siyasətinin vətəndaş cəmiyyətinə uyğun təkamül prinsipləri, reallıqlar müzakirə edilmiş və perspektivlər müəyyən edilmişdir.
Yuxarıda göstərilən faktları ümumiləşdirsək, qeyd edə bilərik ki, 90-ci illərin əvvəllərindən başlayaraq "mədəniyyət siyasəti" termini Avropa ölkələrində ənənəvi hal aldı. Baxmayaraq ki, bu ölkələrin hər birində özünəməxsus mədəniyyət siyasəti həyata keçirilirdi. Fransız dilində - "politiques culturelles", isveç dilində -"a kulturpolitik", İngilis dilində - "a cultural policu" kimi səslənməsi bu terminin çoxvariantlılığına səbəb olmuşdur. Təsadüfi deyildir ki, müxtəlif ölkələrdə mədəniyyət siyasətinin obyekti müxtəlif cür təsəvvür edilir. Lakin "mədəniyyət" termininin izahını təşkil edən vahid "consensus omnium"unu "mədəniyyət" özü təşkil edir. Təəssüflər olsun ki, həmin söz özü-özlüyündə vahid məna kəsb etmir, çünki məlum olduğu kimi, "mədəniyyət" anlayışının tərifi problemi müasir elmdə hələ də həll edilməmiş sahələrdən biridir. Belə ki, 1991-1992-ci illərdə Avropa mətbuatında mədəniyyət siyasətinə dair qızğın mübahisələr baş verirdi. Məhz həmin dövrdə də, mədəniyyət siyasəti haqqında elm müayyən dərəcədə rəsmi status əldə etdikcə, nəhayət, Avropa ciddi sürətdə həmin fenomenlə maraqlanmağa başladı.
Ümumiyyətlə, "mədəniyyət siyasəti" termini cəmiyyətdə mədəniyyət məsələlərində rəhbər tutulan dəyər və prinsiplərin məcmusunu bildirir. Mədəniyyət siyasəti, bir qayda olaraq, dövlət - qanunverici və icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Bundan başqa, özəl sektorun müxtəlif institutları (korporasiyalar, ictimai təşkilatlar) tərəfindən də həyata keçirilə bilər.
Fransanın Mədəniyyət Nazirliyinin əməkdaşı Oqüsten Jirar "Mədəni inkişaf: təcrübə və siyasət" ("Cultural development: expeneuces and policies") adlı kitabında mədəniyyət siyasətinin aşağıdakı tərifini təklif edir: "Mədəniyyət siyasəti - hakimiyyət tərəfindən istifadə olunan, sosial qrupların maraqlarını ifadə edən maksimal və praktiki məqsədlər sistemidir".
"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, mədəni həyat və mədəniyyət dedikdə ictimai təcrübənin daha çox özəl seqmeti nəzərdə tutulur. Misal üçün, mədəniyyət siyasəti funksiyalarında insan həyatlarının sosiomədəni tənzimlənməsi məqsədi, onların adət və ənənələri məsələləri, şəxsiyyətin kulturoloji təhsil və mədəni kompetentliliyi, din sahəsində iş, kitab nəşri, KİV və sair nəzərdə tutulmur.
Mədəniyyət siyasəti dövlət idarəetmə fəaliyyət dairəsi olaraq aşağıdakı sahələri əhatə edir:
- Tarixi və bədii əhəmiyyət daşıyan (yazılı, memarlıq, tətbiqi-sənət nümunələrinin, tarixi sənədli və maddi paritetlərin, arxeoloji abidələrin, mədəni-tarixi əhəmiyyət daşıyan qoruqların) dünya və milli-mədəni irs nümunələrinin axtarış sistemi, qorunması, bərpası, yığılması və saxlanılması, ölkədən qanunsuz çıxarılması, həmçinin, mütəxəssislərə tədqiq edilmək üçün kütlələrin isə maarifləndirilməsi məqsədilə ixtiyarlarına verilməsi;
- Ölkədə bədii yaradıcılıq fəaliyyətinin inkişafına dövlət və ictimai dəstək sistemi (bədii əsərlərin yaradılmasına, nümayişinə və həyata keçirilməsinə şəraitin yaradılması, onların dövlət və şəxsi kolleksiyalı muzeylər tərəfindən alınması, müsabiqə, festival və ixtisaslaşdırılmış sərgilərin keçirilməsi, professional bədii təhsilin təşkili, uşaqların estetik tərbiyə proqramlarında iştirak, incəsənət haqqında elmi biliklərin, professional bədii tənqid və publisistikanın inkişafına dəstək, ixtisaslaşdırılmış, fundamental və bədii profilli dövrü ədəbiyyatın nəşri, bədii- kollektiv və birliklərə maddi yardımın göstərilməsi, incəsənət xadimlərinin sosial təminatı, bədii fəaliyyət fondlarının və maddi-texniki bazasının modernləşdirilməsi və s.);
- Təşkilatlanmış asudə vaxtın müxtəlif forma sistemi (klub, dərnək və mədəni-maarif işi, kütləvi-idman və bayram tədbirlərinin, tarixi obyekt və rayonlar üzrə turizm, bədii və sənət yaradıcılığı sahəsində "xalq özfəaliyyəti", şəxsiyyətin intellektual və mədəni özünüinkişafının stimullaşdırılması). Göstərilən funksional altsistemin aktiv inkişaf edən istiqaməti şəxsiyyətin sosiallaşması institusializasiyası kimi çıxış edən sosial pedaqogikadır;
- Kütləvi informasiya vasitələrilə mədəniyyətin klassik və etnoqrafik nümunələrinin (mədəni dəyərlərinin) kütləvilişdirilməsi;
- Beynəlxalq və millətlərarası mədəni əməkdaşlıq, həmçinin, fəaliyyətin digər istiqamətləri.
Avropa Şurasının "Çərçivədən kənar" məruzəsinə görə, "mədəniyyət siyasəti - mədəniyyət sahəsində dövlət tədbirləri üçün ümumi çərçivələr kimi müəyyən olunur. Həmin tədbirlər "milli hökümətlər və yerli hakimiyyət orqanları və yaxud onların agentlikləri tərəfindən qəbul edilə bilər. Mədəniyyət siyasəti dəqiq müəyyən olunmuş məqsədlər tələb edir. Bu məqsədlərin gerçəkləşməsi üçün planlaşdırmanı həyata keçirməyi mümkün edən mexanizmlər mövcud olmalıdır". Göstərilən mədəniyyət siyasətinin əsas prinsipləri fəlsəfə, dünyagörüşü və mədəniyyətin ümumi inkişafının göstəricisi kimi yenidən nəzərdən keçirilməsini tələb edən bir sıra orta və qısamüddətli vəzifələrin reallaşdırılmasını müəyyən edir.
Ümumiyyətlə, mədəniyyət siyasətinin mədəniyyətin inkişafında mühüm rolu vardır. Mədəniyyət siyasi amillərdən, dövlətin mədəni inkişafını tənzimləyən siyasi sistemindən asılıdır. Sivil dövlətin mədəniyyət siyasəti cəmiyyətin elmi sürətdə təşkil və idarə edilməsi əsasında ölkənin harmonik inkişafına yönəldilən, əlaqələndirmə və tənzimlənmə yolu ilə insan və cəmiyyətin qeyri-bərabər mədəni inkişafının aradan qaldırılmasına, mədəniyyəti kütlələrin qəbul etməzliyinin və mədəni diletantlıq səviyyəsinin aşağı salınmasına kömək göstərməlidir. Mədəniyyət siyasəti şəxsin və ümumiyyətlə, xalqın marağını əks etdirməli, insanın azad inkişaf hüququnu, cəmiyyətin müxtəlif sosial qruplarının maraqlarının düzgün balansını təmin etməlidir.
"Beynəlxalq mədəni əlaqələr" kitabında qeyd edilir ki, mədəniyyət siyasətinə dair tədqiqatların xarakterik cəhəti "mədəniyyət", "mədəniyyət siyasəti", "mədəniyyət siyasətinin subyekti" anlayışlarına müəyyən mənada dəqiq təriflərin işlənilməsidir. Tədqiqatçıların əksəriyyətinin fikrincə mədəniyyət siyasəti mədəni həyatı tənzimləyən, şəxsiyyətə təsiretmə qabiliyyəti olan spesifik fəaliyyət növüdür. Mədəniyyət siyasətinin əsas subyekti mədəni həyatın müxtəlif seqmentlərinə təsir etmək sahəsində böyük həcmdə resurslara, müxtəlif təşkilat strukturlarına malik olan dövlətdir.
Hər hansı bir cəmiyyətin mədəni dəyərləri əsasən üç sferada formalaşır - dində, elmdə və incəsənətdə. Məhz onlar yayılma kanalları - təhsil və kütləvi informasiya vasitələrilə birgə dünya mənzərəsini insan şüurunda formalaşdıran qüvvətli kompleks yaradır. Buna görə də, həmin kompleks mədəniyyət siyasətinin həm təsir obyekti, həm də onun həyata keçirilməsi vasitəsidir.
Dünyanın milli mənzərəsini ehtiva edən mədəniyyət siyasətinin iki aspekti mövcuddur: daxili və xarici. Xarici mədəniyyət siyasəti milli mədəniyyətin özünəməxsusluğunu digər daha "qüvvətli" mədəniyyətlərdən qorunmasını və milli-mədəni dəyərləri digər xalqlara tanıtmaq məqsədilə xaricdə təbliğini ehtiva edir. Bu mənada xarici mədəniyyət siyasəti xalqlararası qarşılıqlı anlaşılmasının qarantıdır.
Bu gün mədəniyyət siyasətinə dair tədqiqatlar tarix, sənətşünaslıq, sosiologiya, kulturologiya elmlərin çərçivəsində müxtəlif istiqamətlərdə aparılır. Yaradılan nəzəriyyə mədəniyyət siyasəti haqqında elmin müəyyən bir mərhələsini təşkil edərək bədii mədəniyyətin əsas qanunauyğunluqlarını müəyyən edir. Bu gün konkret cəmiyyətin konkret tarixi mərhələdə sosiomədəni inkişafını təmin edən mədəniyyət siyasətinin fundamental əsaslarının işlənilməsinə ehtiyac duyulur.
Mədəniyyət siyasəti elminin dünya və ölkə miqyasında formalaşma tarixinə qısa ekskursunun nəticəsində qeyd edə bilərik ki, o, cavan elmdir. Gördüyümüz kimi, mədəniyyət siyasəti haqqında nəzəri biliklər və əməli təcrübə sürətlə inkişaf edir, getdikcə daha çox dövlətləri öz aktiv fəaliyyət dairəsinə cəlb edir. Bu da öz növbəsində, dövlətlərarası informasiya və intellektual mübadiləni stimullaşdırır. Bütün bunlar müxtəlif ölkələrin mövqelərinin yaxınlaşmasını şərtləndirir va onların qabaqcıl təcrübələrinin dünya miqyasında yayılmasına imkan açır. Bu prosesin aktivləşməsində UNESKO, son illər isə Avropa Şurası kimi beynəlxalq təşkilatlar əhəmiyyətli rol oynayır.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru