PDF Oxu

MİA

  • 57 475

Vətəndaş cəmiyyəti haqqında

Vətəndaş cəmiyyəti haqqında

Vətəndaş cəmiyyəti "dövlətsizləşmiş" təsisat olsa da, hüquqi dövlətlə sıx qarşılıqlı əlaqədə və qarşılıqlı təsirdə olan fenomendir. Hüquqi dövlət və vətəndaş cəmiyyətinin qərarlaşması zamanı dövlət-cəmiyyət, dövlətdə sosial qrupların münasibətləri və dövlət-şəxsiyyət münasibətləri tənzimlənir. Cəmiyyətin təsisatları və hüquqi dövlətin siyasi təsisatları qarşılıqlı əlaqə şəraitində formalaşır və inkişaf edir.

Vətəndaş cəmiyyəti və hüquqi dövlətin qarşılıqlı münasibətlərində dialektik ziddiyyətli cəhətlər də mövcud olur. Akademik R.Mehdiyev özünün "Azərbaycan: qloballaşma dövrünün tələbləri" əsərində bu ziddiyyətləri aşağıdakı kimi qruplaşdırır:

1. Vətəndaş cəmiyyətinə dövlət tərəfindən təzyiq olur, nəticədə totalitar rejim yaranır.

2. Dövlət vətəndaş cəmiyyətinin iradəsini yerinə yetirir, hüquq çərçivəsində hüquqi dövlət kimi fəaliyyət göstərir və bu zaman demokratik rejim əmələ gəlir.

3. Vətəndaş cəmiyyəti dövlətin dəyişən tarazlığı arasında müxtəlif dərəcəli qəddarlığa malik avtoritar rejimlər əmələ gəlir.

Vətəndaş cəmiyyətinin inkişafında üçüncü mərhələ müasir dövrü - XX əsri və XXI əsrin əvvəllərini əhatə edir. Bu dövrdə vətəndaş cəmiyyəti və hüquqi dövlət bazar iqtisadiyyatı, demokratiya, millət ideyası, milli dövlət ümumbəşəri sərvətə çevrildi. Siyasi plüralizm, söz, fikir, mətbuat azadlığı, çoxpartiyalı sistem həyata keçirildi.

Vətəndaş cəmiyyətini qeyri-siyasi, iqtisadi, demokratik, hətta mədəni cəmiyyət kimi səciyyələndirirlər. Bu cəmiyyətin siyasi cəmiyyətin alternativi və əksi kimi yarandığını iddia edənlər də var. Vətəndaş cəmiyyəti dar mənada "mülki cəmiyyət" kimi də qeyd olunur. Mülki cəmiyyət dedikdə, qeyri-dövlət quruluşu, dövlətin müdaxiləsinə məruz qalmayan, azad və bərabərhüquqlu adamların cəmiyyəti başa düşülür. Burada azad, sahibkarlıq, təşəbbüskarlıq mühiti hakimdir.

XX əsrin sonlarında Şərqi Avropa və postsovet məkanında baş verən köklü dəyişikliklər, totalitarizmdən demokratiyaya, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna yol açdı. Sosial əsasını vətəndaş cəmiyyətinin təşkil etdiyi hüquqi dövlət quruculuğu gedişində qanunun aliliyi, hamının qanun qarşısında bərabərliyi, hüquqi mədəniyyət və və hüquqi savadlılıq dərəcəsinin yüksək olması gerçəkləşir. Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun özünəməxsusluğu ondadır ki, onlar vahid orqanizm kimi qlobal cəmiyyətin daxili qarşılıqlı tərəfləri kimi özünü göstərir. Vətəndaş cəmiyyəti üzvləri üçün birgə yaşayış qaydalarını özündə əks etdirən vətəndaş cəmiyyəti etikası formalaşır.

Vətəndaş cəmiyyətində dövlətdən fərqli olaraq tabeçilik əlaqələr deyil, üfüqi əlaqələr, yəni hüquqca azad və bərabərhüquqlu insanların əməkdaşlıq və sağlam rəqabət münasibətləri üstünlük təşkil edir, ictimai həyatda, kompromis və konsensus, dövlət üzərində ictimai nəzarət hökm sürür.

Vətəndaş cəmiyyətinin struktur elementləri sahələrə görə aşağıdakı kimi təsnif edilir:

İqtisadi sahədə qeyri-dövlət müəssisələri, birliklər, aksioner təşkilatları, korporasiyalar, sahibkarlıq, təşəbbüskarlıq və digər könüllü birliklər və qeyri-dövlət sosial-iqtisadi əlaqələr və s.

Vətəndaş cəmiyyətinin sosial-siyasi sahəsində struktur elementlərini aşağıdakı şəkildə təsnif etmək olar: ailə, şəxsiyyət, ictimai-siyasi təşkilatlar və hərəkatlar, siyasi partiyalar, məktəblər, məscidlər (kilsə, sinaqoq və s.), sosial qruplar, siniflər, müstəqil məhkəmələr, təhlil sistemi, müstəqil kütləvi informasiya vasitələri, ictimai özünüidarə orqanları və s. Bu sahədə sosial konfliktlərin həlli, vətəndaşların maraqları konstitusiya və qanunlar vasitəsilə qeyri-zorakı və sivil formada tənzimlənir, konsensus mühiti yaranır.

Vətəndaş cəmiyyətinin mənəvi sahəsinə aşağıdakı elementləri aid etmək olar: söz, fikir azadlığı, vicdan azadlığı, sərbəst toplaşmaq azadlığı, məlumat azadlığı, yaradıcılıq azadlığı, öz mövqeyini açıq ifadə etmək azadlığı, yaradıcı, elmi birliklərin müstəqilliyi və dövlətdən asılı olmaması.

Vətəndaş cəmiyyətinin aşağıdakı prinsiplərini göstərmək olar: 1. İqtisadi azadlıq, müxtəlif mülkiyyət formaları, bazar münasibətləri. 2. İnsan və vətəndaşların təbii hüquqlarının qeyd-şərtsiz tanınması və qorunması. 3. Qanun qarşısında hamının bərabərliyi. 4. Demokratik və legitim hakimiyyətin mövcudluğu. 5. Hüquqi, demokratik, sosial, sivil dövlətin formalaşması. 6. Siyasi, ideoloji plüralizm, leqal müxalifətin mövcudluğu. 7. Müstəqil kütləvi informasiya vasitələri, azad mətbuat, söz, fikir azadlığı. 8. Dövlətin şəxsi və ictimai həyata müdaxilə etməməsi, vətəndaş və dövlətin qarşılıqlı vəzifələri, məsuliyyət və öhdəlikləri. 9. Milli barışıq, sinfi konsensus, kompromis, qarşılıqlı əməkdaşlıq. 10. Şəxsiyyətin ləyaqətli həyatını təmin edən səmərəli sosial siyasət.

Vətəndaş cəmiyyətinin əsas subyekti insan və dəyərlər sistemidir. Bu cəmiyyətin əsas məqsədi şəxsiyyətin tələbatlarını ödəmək, mənafeyini və hüquqlarını qorumaqdır.

Vətəndaş cəmiyyəti və hüquqi dövlətin arasındakı qarşılıqlı münasibətlərdən danışarkən, onu qeyd etmək olar ki, burada şaquli əlaqələrin üfüqi əlaqələrə və əksinə, çevrilməsi prosesi baş verir. Dövlət strukturlarının bəzi elementləri vətəndaş cəmiyyətinin qurumlarına, əksinə, bəzi vətəndaş cəmiyyəti strukturları - parlament və siyasi partiyalar dövlət strukturlarına çevrilir.

Demokratik cəmiyyətlərdə vətəndaş cəmiyyəti və hüquqi dövlət arasında sıx qarşılıqlı əlaqə yaranır, totalitar rejimlərdə isə dövlət cəmiyyəti özünə tabe edir, ictimai və şəxsi həyata müdaxilə edir. Vətəndaş cəmiyyətində insanlar azadlıq əldə edir, mülkiyyətə sahib olur, kamil şəxsiyyət kimi yetişir. Vətəndaş cəmiyyəti yalnız yetkin hüquqi dövlət şəraitində geniş fəaliyyət göstərir. Bu cəmiyyətin formalaşması zamanı bütün sahələrdə sivilizasiyalaşma baş verir. Vətəndaş cəmiyyətinin hüdudlarına gəldikdə, o, bir tərəfdən mülkiyyət, plüralizm, sabitliklə, digər tərəfdən hüquqi dövlət, demokratiya və vətəndaşların ictimai fəallığı ilə sıx bağlıdır.

Vətəndaş cəmiyyəti sosial, sosiomədəni və mənəvi sahələrin fəaliyyətini onların təkrar fəaliyyətini onların təkrar istehsalını, nəsillərdən-nəsillərə ötürülməsini təmin edir. Burada dövlətdən ayrı və müstəqil ictimai təsisatlar və münasibətlər mövcuddur ki, xüsusi maraqların reallaşması və müdafiəsi üçün şərait yaradır. Vətəndaş cəmiyyəti bəşəriyyətin ideal cəmiyyət arzusu olsa da, burada ayrı-ayrı sosial və siyasi qüvvələr, dövlət və xüsusi maraqlar arasında ziddiyyətlər və münaqişələr də baş verir. Bu münaqişələr aradan qaldırılır, həll edilir və konsensus, kompromis yaranır.

Beləliklə, vətəndaş cəmiyyəti vətəndaşın suverenliyinə, hüquqi, demokratik dövlət quruluşuna, azad sahibkarlığa yerli özünüidarəçiliyə, parlamentarizmə, insanların könüllü birləşməsi birliklərinə, qeyri-dövlət, qeyri-siyasi münasibətlərə, azad rəqabətə, əməkdaşlığa, müxtəlif mülkiyyət formalarına, konsensus və kompromisə, özünütəşkilə və sinergetik başlanğıclara, tolerantlığa, humanizmə, fərdlərin uyğunlaşdırılmış fəaliyyətinə, qarşılıqlı yardıma, azadlığa, demokratiyaya əsaslanan, yüksək inkişaf etmiş, xüsusi tipli açıq cəmiyyətdir. Qərb dünyasında təşəkkül tapan və indi dünyanın bütün demokratik ölkələrində formalaşmaqda olan vətəndaş cəmiyyəti bəşəriyyətin uzun əsrlər boyu arzuladığı ideal cəmiyyət "cənnət" axtarışının gerçəkləşdiyi, həyata keçdiyi ümumbəşəri sərvət, ümumdünya fenomeni olub insanlığın ədalətli, azad, demokratik, ləyaqətli ictimai həyatda yaşamaq haqqını təsdiq edir. Bu cəmiyyəti qurmaq bütün bəşəriyyətin əzəli, əbədi, müqəddəs məqsədidir.

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər