PDF Oxu

MİA

  • 3 407

Hüquqi dövlət, azad mətbuat və jurnalist peşəkarlığı

Hüquqi dövlət, azad mətbuat və jurnalist peşəkarlığı

Hüquqi dövlət quruculuğunda jurnalistlərin peşəkarlığı "Qərb standartları" səviyyəsi ilə səciyyələnir. Professor Cahangir Məmmədli yazır: "Bu gün Azərbaycan dövlətinin formalaşdırdığı demokratik KİV qanunları şəraitində fəaliyyət göstərən və sonsuz mətbuat azadlığını təmin edən həmin qanunlardan bəzən narazı qalan cavan jurnalist nəsli, yaxşı ki, o illərin dəmir sovet senzurasını görməyib. O çətin, o ağır senzura şəraitində, xəbərin tərəfsizlik, qərəzsizlik, dəqiqlik prinsiplərini reallaşdırmaq böyük cəsarət, peşəyə sədaqət nümunəsi kimi gələcək nəzəri fikri formalaşdırmağa xidmət edəcək bir məktəbin bünövrəsindən xəbər verirdi. Görkəmli jurnalist Bəxtiyar Sadıqov qeyd edir ki, peşəkarlıq öz peşəsinin kamil bilicisi olmaq, hamının xoşuna gələn və zövqünü oxşayan, başqa sözlə desək, mövcud standartlara cavab verən keyfiyyətli məhsul hazırlamaq qabiliyyətidir. Jurnalistikada peşəkarlıq daha böyük rol oynayır. Çünki ictimai əhəmiyyət daşıyan sözün məsuliyyət yükü və əhatə dairəsi xeyli genişdir! Üstəlik, qəzetlərin səviyyəsi və deməli, bazarda tutduğu yer redaksiyada çalışan peşəkar əməkdaşların sayından da asılıdır. Azərbaycan iqtidarı jurnalistlərin peşəkarlığının yüksəldilməsinə xüsusi diqqət yetirir. Dövlət başçısı Cənab İlham Əliyevin mətbuatla bağlı 10 iyun 2010-cu ildə imzaladığı sonuncu Sərəncamda - "Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında" sənəddə jurnalistikada peşəkarlıq ilk yerdə göstərilmişdir: "Azərbaycan jurnalistikası peşəkarlıq, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır". Diqqətlə nəzər saldıqda görərik ki, peşəkarlıq hətta obyektivlik və qərəzsizlik prinsipindən də önə keçirilib. Məlumdur ki, peşəkar jurnalist heç zaman qeyri-obyektiv və qərəzli olmur, çünki peşəyə sədaqəti buna yol vermir! Jurnalist peşəkarlığı daha geniş anlayışdır və özündə bir sıra məqamları əhatə edir. Adətən hamı hər şey haqqında bir qədər, bir şey haqqında (söhbət onun ixtisasından və çalışdığı sahədən gedir) hər şeyi bilməlidir. Məsələn, teatr aktyoru öz sənətini dərindən bilsə (bu sənətin də müxtəlif komponentləri vardır) kifayətdir. Jurnalist isə həm teatrdan və kinodan, həm siyasətdən və iqtisadiyyatdan, həm də tikintidən, səhiyyədən, İKT-dən belə yazmalıdır. Üstəlik, unutmamalıdır ki, onun yazdıqlarını hər sahənin biliciləri də oxuyaraq qiymətləndirir".

Bəxtiyar Sadıqov haqlı olaraq yazır: "Jurnalistin əsas materialı sözdür. Söz fikrin gerçəkliyidir. İnsanlar bildiklərini bir-birlərinə söz vasitəsilə çatdırırlar. Jurnalist peşəkarlığının (gəlin bu yerdə ona məharət deyək) əsas elementlərindən biri dildən istifadə ilə bağlıdır. Fikrin aydın və lakonik şəkildə çatdırılması, yeri gələndə yazıda hiss-həyəcan və emosiyanın duyulması, bəzən kəskinliyin, sərtliyin görünməsi - bütün bunlar jurnalistin dilimizin incəliklərinə hansı səviyyədə yiyələnməsindən asılıdır. Azərbaycan dilində ən dərin mənaları, ən səmimi duyğuları, habelə mürəkkəb fəlsəfi, elmi fikirləri ifadə etmək mümkündür. Lakin bunu öyrənmək, qrammatik qaydaları mənimsəmək, daim fərdi söz lüğətini zənginləşdirmək vacibdir".

Azərbaycan dilində "təmiz danışmaq" hələ onu mükəmməl bilmək sayılmır! Fikrini səlis və aydın, həm də mümkün qədər sadə cümlələrlə ifadə etməyi öyrənmək bambaşqadır. Bir sıra müstəqil qəzetlərdə bəzən nə yazıldığını anlamaq üçün hətta cümləni bir neçə dəfə oxumalı olursan. Yenə də müəllifin nə demək istədiyini tam aydınlığı ilə başa düşmürsən. Uzun və dolaşıq cümlələrdəki fikir çaşqınlığı, cümlə üzvlərinin yerli-yerində işlədilməməsi adi hala çevrilib. Bəzən yazının girişi bir mövzudan, özü isə başqa məsələdən bəhs edir. Sərlövhənin mətnlə uyuşmaması isə az qala adi hala çevrilib. Oxucunu cəlb etmək üçün yazısına "dəxli olmayan", "sensasiyalı" sərlövhə qoyanlar bunun jurnalistika baxımından "naşılıq" sayıldığından, yəqin ki, xəbərsizdilər. Belə yazılara bir neçə dəfə aldanmaq mümkündür. Sonradan oxucular bu halın bəsit üsul olduğunu anlayaraq həmin müəlliflərdən də, qəzetlərdən də imtina edirlər. Oxucunun etibarını itirən qəzet isə bazarda duruş gətirə bilməz!

Müəllif daha sonra göstərir ki, əslində, jurnalistin püxtələşməsi mövzuya daha dərindən və genişliyi ilə müdaxiləsi, fikrini daha dolğun və mənalı ifadə etməsidir. Bunu öyrənməyin isə bircə yolu var: daim yazmaq, yorulmadan çalışmaq, dayanmadan öyrənmək! Məsələləri və hadisələri öyrənmək, daha təcrübəli jurnalist həmkarlarından öyrənmək, üstəlik öz səhvlərindən də öyrənmək!

Jurnalistin püxtələşməsi və peşəkarlıq səviyyəsinə yüksəlməsi qəzetə necə adamın rəhbərlik etməsindən də çox asılıdır. Əgər redaktor özü lazımi biliyə və qələm təcrübəsinə malik deyilsə, yaradıcılıqdan uzaqdırsa, o, müxbirinə nə öyrədəcək, müxbir ondan nə öyrənəcək?! "Reket" redaktor ancaq "reket" müxbir yetişdirər! "Reket" müxbirlərin püxtələşməsi isə təhqir və şantaj elementlərinə yiyələnməsi, ağlına və ağzına gələni yazmasıdır. Bundan ötrü nə əziyyətə qatlaşmaq, nə də oxumaq vacibdir! Bir qədər diribaş olmaq və utanmamaq kifayətdir!

Əslində, bu gün qəzet redaksiyaları "məktəb" funksiyasını itiriblər. Jurnalistika elm deyil, peşədir! Peşəni isə kitab oxumaqla öyrənmək mümkün deyil! Universitetlərin jurnalistika fakültə və şöbələrində (hələ onlarda kimlərin dərs dediyini bir kənara qoyaq), yığcam desək, jurnalistikanın tarixi, təcrübə və nəzəriyyəsi tədris edilir. Təhsil müddətində qəzet redaksiyalarına göndərilən tələbələr ya öyrənmək istəmir, ya da öyrənə bilmirlər.

Bakı Dövlət Universitetinin professoru Yalçın Əlizadə "Biz ancaq jurnalist olmaq istəyənlərdən jurnalist hazırlaya bilərik. Hüquqşünas istəyi ilə imtahan verərək balı çatmadığına görə bizim fakültəyə düşənlərlə, qurtardıqdan sonra başqa sahədə çalışmağı planlaşdıranlarla nə edək?!" Mübahisəsiz məsələdir və inanırıq ki, dövlət başçısının müdaxiləsindən sonra jurnalistika ixtisasında da qabiliyyət imtahanı tezliklə yerini tutacaq. B.Sadıxovun fikrincə, dünyanın hər yerində müxtəlif formalarda da olsa, jurnalist təhsili verilir. Jurnalistikaya gələn qeyri-ixtisas sahibləri təhsilə əhəmiyyət verməyərək "əsas istedaddır" söyləməklə özlərini aldadırlar. Əgər bu peşəni ömürlük "çörək ağacı" seçiblərsə, ixtisasla bağlı müəyyən bilgilərə hökmən yiyələnməlidirlər.

Qəzet və reklam bazarının indiki durumunda jurnalistlər artıq heç də yaxşı yaşayan peşə sahibləri hesab olunmurlar (bəlkə də yumşaq dedik). Bazar iqtisadiyyatı şəraitində isə təkcə "ideya adamı" olmaq kifayət deyil. İnsanlar özlərini və ailələrini daha yaxşı yaşatmaq istəyirlər. Bu gün isə jurnalistikada orta səviyyəli yaşayış belə hamı üçün əlçatan sayılmır. Odur ki, istedad və qabiliyyəti olanlar başqa sahələrə, daha təminatlı yerlərə üz tuturlar. Yaxşı jurnalist ovuna çıxıb özləri üçün işləməyə cəlb edən biznesmen və məmurlar da az deyil. Həm də onların təklifləri daha cəlbedicidir. Son illərdə jurnalist qələmini məmur imtiyazlarına dəyişənlərin sayının artması deyilənlərə sübutdur.

Peşəkarlıq baxımından aşağı səviyyədə olan xeyli qəzetin sıradan çıxacağı gözlənilir və bu, təbiidir. İctimai fikrə təsir edən, aparıcı qəzetlərin maliyyə durumu isə tezliklə yaxşılaşdırılmalıdır. Jurnalistikamızı tənqid əvəzinə təhqir edənlərin, hər informasiyadan sensasiya yaratmağa çalışanların, düzgün cümlə qura bilməyənlərin, ən nəhayət, "reket müxbir"lərin öhdəsinə qoya bilmərik! Qələm vicdanlı, vətənpərvər, savadlı və istedadlı, dövlətini və xalqını sevən, aydın təfəkkürlü və saf əqidəli insanların əlində olmalıdır!

Jurnalistin öz üzərində daim işləməsi də son dərəcə vacibdir. Daim özü öyrənməyən başqasını necə öyrədər? Bu gün informasiya bolluğu və onun əldə olunması yolları və imkanları o qədər çox və rəngarəngdir ki, artıq oxucu gecikən və bəsit yazılan yazıları qəbul etmir. İnternetin üstünlükləri ilə yanaşı, ondan istifadənin müəyyən qüsurları da görünməkdədir. Klaviaturanın dillərini basıb Google axtarış proqramına girməklə hər hansı mövzu ilə bağlı istənilən qədər fakt, material əldə etmək mümkündür. İndi çoxları belə edir və abzasları ard-arda düzməklə "məqalə" yazır. Bu, yaradıcılıq yox, əslində, plagiatlığın yeni növüdür! Faktları saf-çürük etmək, mütəxəssislərlə görüşmək, öz qənaət və fikirlərini oxucu ilə bölüşmək - yaradıcılıq budur. Oxucu çox ayıqdır. O, orijinal yazı ilə ordan-burdan toplanan materialı dərhal fərqləndirə bilir. Kompyuter jurnalisti tənbəlləşdirməli deyil, onun fikrinin kəsərini artıran faktlarla zənginləşdirməyə xidmət etməlidir!

B.Sadıxov sonda yazır: "Azərbaycan mətbuatının Həsən bəy Zərdabidən, "Əkinçi"dən qalan zəngin ənənələri vardır. Bu ənənələr "Əkinçi" ətrafına toplaşanlar, habelə sonrakı nəsil qələm sahibləri tərəfindən daha da zənginləşdirilmişdir. Yetmiş illik sovet dövründə mətbuatımız kommunist ideologiyasına xidmət göstərsə də, yenə inkişafdan qalmamış, əksinə, böyük peşəkar jurnalistlər dəstəsi yetişmişdir. Müstəqillik dövründə, mətbuat və söz azadlığının tam bərqərar olduğu bir zamanda peşəkarlığın itməsinə, qəzetlərimizin səviyyəsinin aşağı düşməsinə yol vermək olmaz! Bunun qarşısını almaqdan ötrü görüləsi işlər çoxdur! Amma jurnalistikanın xatirinə əziyyət çəkməyə, islahatlar aparmağa dəyər. Üstəlik, dövlət tərəfindən müəyyən zəruri addımlar da atılıb. Daha qətiyyətli olmaq, sürəti artırmaq vacibdir! Mövcud ənənəni qoruyub saxlamaq qırılan ənənəni sonradan bərpa etməkdən (hələ o da müyəssər olsa) daha asandır! Sonra gec ola bilər! Ənənəni qorumaq və yeni dövrün reallıqlarına uyğun şəkildə daha da zənginləşdirmək, qəzetlərin səviyyəsini, yüksəltmək həm mənəvi, həm də vətəndaşlıq borcumuzdur".

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər