PDF Oxu

MİA

  • 2 279

Azərbaycan öz ərazi bütövlüyünü mütləq bərpa edəcək

image
Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin bir nömrəli problemidir. Məhz bu səbəbdən rəsmi Bakı bütün səylərini bu problemin danışıqlar yolu ilə həllinə yönəldib. Bununla yanaşı, Azərbaycan gələcəkdə qarşısına çıxa biləcək bütün ehtimalları nəzərə alaraq, digər sahələrin də inkişafı, o cümlədən, ölkənin hərbi qüdrətinin artırılması istiqamətində ciddi işlər görür. Son 10 ildə Azərbaycanın hərbi büdcəsinin tgxminən 15 dəfədən çox artırılması bunu sübuta yetirir. Hazırda orduya ayrılan vəsait büdcə xərcləri içərisində birinci yerdədir və 2015-ci ilin dövlət büdcəsi xərclər strukturunda hərbi xərclərə 1 778,5 milyon manat (artım 8,6 faiz) yönəldilməsi nəzərdə tutulur. Əlbəttə ki, görülən işlər öz məntiqi nəticəsini verir və bu gün Azərbaycan Ordusu regionun ən güclü və ən yaxşı təchiz olunmuş ordusudur. Azərbaycan Ordusu qarşıya qoyulan istənilən vəzifəni icra etmək qüdrət və imkanına sahibdir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 6 avqust 2014-cü ildə Ağdamdakı "N" saylı hərbi hissədə olarkən şəxsi heyət ilə görüşdə də vurğulayıb ki, bizim mövqelərimiz möhkəmdir, güclüdür və təmas xəttində Azərbaycan Ordusu tam üstünlüyü əldə edib: "Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir. Biz bundan sonra da öz döyüş potensialımızı artıracağıq. Hazırda Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Son vaxtlar əldə etdiyimiz silah, texnika deməyə əsas verir ki, biz istənilən vəzifəni icra edə bilərik".

Biz hər iki varianta hazırıq

Belə bir aksioma var ki, qələbələr yalnız ordular hesabına qazanılmır. Müharibənin taleyini həm də güclü iqtisadiyyat və ölkənin diplomatik gedişləri həll edir. Məhz bu səbəbdən rəsmi Bakı bütün diplomatik imkanlarını da bu münaqişənin həllinə səfərbər edib. Azərbaycan Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasətin təməl prinsiplərinə uyğun olaraq istənilən ölkə ilə, təbii ki, təcavüzkar Ermənistan istisna olmaqla, yaxın münasibətlər qurur. Bu xarici siyasət kursunun prioritetlərindən biri də Ermənistanı bu və ya digər formada müdafiə edən ölkələri neytral vəziyyətə gətirməkdir. Dağlıq Qarabağ məsələsində neytral mövqedə duran ölkələri Azərbaycanın müttəfiqinə çevirmək başlıca məqsədlərdəndir. Atılan addımlar isə bu məqsədlərə çatmaq baxımından hər gün yeni bir mərhələni ortaya çıxarır.

Etiraf olunmalıdır ki, rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyünün bütün beynəlxalq aləm tərəfindən dəstəklənməsi, ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, xarici müttəfiqlərimizin sıralarının genişləndirilməsi üçün genişmiqyaslı tədbirlər həyata keçirir və biz artıq bunun nəticələrini görürük. Beynəlxalq aləm Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı olduğunu qəbul edir və bu, bir sıra beynəlxalq sənədlərdə öz hüquqi əksini tapıb. BMT Təhlükəsizlik Şurasının müvafiq 4 qətnaməsi, qurumun Baş Assambleyasının qətnaməsi, Avropa İttifaqı, Avropa Şurası, NATO, İslam Əməkdaşlığı Təşkilatı, GUAM tərəfindən qəbul olunmuş sənədlər, eyni zamanda, bu təşkilatlarda təmsil olunan bütün dövlətlərin Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı qəbul etdiyi qərar və verilən bəyanatları dediklərimizi bir daha sübut edir.

Azərbaycanın xarici siyasətinin ana xətti ondan ibarətdir ki, ölkəmizin üzləşdiyi çətinliklər hərbi siyasətin intensivliyi və hücumçu diplomatiya vasitəsilə aradan qaldırılsın. Bu vəzifəni icra etmək isə Bakı hökumətini müxtəlif istiqamətlərdə təmsil edən hər kəsin üzərinə qoyulub. İstər hökumət yetkililəri, istər xaricdə ölkəmizin maraqlarının müdafiəsinə hökmlü olan səfirlərimiz, istərsə də müxtəlif ölkələrdə yaşayan diaspor nümayəndələri ilk olaraq bu məsələni daim diqqətdə saxlamalı, erməni yalanlarının ifşası üçün səylərini birləşdirməlidir. Bu yöndə ardıcıllıqla həyata keçirilən tədbirlər isə effektiv nəticəyə gedən yolda mühüm əhəmiyyətə malikdir. Prezident, Ali Baş Komanda İlham Əliyev də qeyd olunan görüşdə bu məqama diqqət çəkərək vurğulayıb ki, münaqişənin həlli yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkündür: "Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Tarixi, əzəli Azərbaycan torpağıdır. Beynəlxalq hüquq normaları bizim mövqeyimizi dəstəkləyir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Biz heç vaxt Azərbaycan torpağında ikinci qondarma "erməni dövləti"nin yaradılmasına imkan verməyəcəyik, öz ərazi bütövlüyümüzü bərpa edəcəyik: ya sülh yolu ilə, ya hərbi yolla. Biz hər iki varianta hazırıq".

Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək

Təbii ki, bütün sahələrdə əldə olunan dividendlər dövlət başçısının da bəyan etdiyi kimi Dağlıq Qarabağ münaqişəsinin həllində də yardımçı olur və olacaq. Diqqətlə araşdırsaq görəri ki, bir neçə il əvvəl erməni yalanlarına qulaq asan, bəzən də bu yalanların təsiri altına düşən beynəlxalq ictimaiyyətin mövqeyi artıq dəyişməkdədir. Bu da təbii ki, ilk əvvəl Ali Baş Komandanın fəaliyyətinin tərkib hissəsi kimi xarakterizə oluna bilər.

Doğrudur, bu sadaladıqlarımız hələ ki, yekun məqsədə çatılması baxımından kifayət etmir. Bunda da Ermənistandakı kriminal rejiminin qeyri-konstruktiv mövqeyi ilə yanaşı beynəlxalq ictimaiyyətin hüquqi normaların tətbiqinə göstərdiyi loyallıq, ya da daha dəqiq desək, göstərmədiyi qətiyyət münaqişənin uzanmasına səbəb olur. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi beynəlxalq hüquq bəzi hallarda işləmir. Beynəlxalq hüquq normaları pozulur və dünya ictimaiyyəti buna biganə qalır.

Amma bununla yanaşı, münaqişənin uzun müddətdir həllinə nail olunmamasının başlıca səbəbi Ermənistanın nümayiş etdirdiyi qeyri - konstruktiv mövqe ilə izah olunmalıdır. Ermənistan özünü qeyri-səmimi aparır, danışıqlar prosesini uzadır, həlledici mərhələlərdə müxtəlif bəhanələrlə danışıqlardan geri çəkilib. Yerevandakı kriminal rejim beynəlxalq hüquq normalarını tanımır, işğalçılıq siyasətini bu gün də davam etdirir. Onlar danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən təklif edilmiş varianta guya öz razılığını verirlər, amma eyni zamanda, Laçında qanunsuz məskunlaşdırma siyasəti aparırlar. Bu, onu göstərir ki, ermənilərin siyasəti qeyri-səmimidir və onlar beynəlxalq ictimaiyyəti aldatmaqda davam edirlər.

Lakin bu da sona qədər davam edə bilməz. Çünki Azərbaycan tərəfinin danışıqlarda ortaya qoyacağı dəlillər kifayət qədərdir. Azərbaycan bu gün çoxpilləli müdafiə sisteminə və çoxgedişli hücum taktikasına sahibdir. Ermənistanın isə beynəlxalq hüquqi normalar çərçivəsində ortaya qoya biləcəyi hansısa bir dəlili yoxdur. Ermənistan diplomatiyası dalana dirənib. Bütün hallarda Azərbaycan cəmiyyətinə, beynəlxalq ictimaiyyətə, o cümlədən, Ermənistana və ermənilərin özlərinə bəllidir ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin ərazi bütövlüyünə xələl gətirəcək hansısa sənədin qəbuluna imkan verməyəcək. Rəsmi Bakının əlində əsas tutduğu yeganə prinsip var - Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır və Dağlıq Qarabağ üzərində suverenliyi təmin edilməlidir. Ali Baş Komandanın da bütün dünya ictimaiyyətinin diqqətinə çatdırdığı mövqeyi belədir ki, bu məsələ ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, bunun əsasında həll olunmalıdır: "Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil".

Çıxış yolu birdir

Təbii ki, Yerevan iqtidarı bu gerçəkliyi dərk etməli və buna müvafiq addımlar atmalıdır. Çünki bu addımlar atılmasa, münaqişə heç vaxt öz həllini tapa bilməz. Azərbaycandan güzəşt tələb etmək əsassızdır. Ən azı ona görə ki, Bakı hökuməti mümkün bütün güzəştləri edib. Danışıqların bu qədər uzanması Ermənistana edilə biləcək ən böyük güzəştdir. Digər tərəfdən münaqişənin həllinə nail olmaq üçün Azərbaycan Dağlıq Qarabağa gələcəkdə ən yüksək muxtariyyət statusunu verməyə hazır olduğunu bəyan edib. Bundan böyük güzəşt isə ola bilməz. Çünki buna bənzər başqa münaqişələrdə bu barədə söhbət getmir. Hamıya elə ermənilərin özlərinə də bəllidir ki, erməni əhalisinin tam əksəriyyəti Dağlıq Qarabağa digər bölgələrdən köçürülüb və qonaq kimi gəliblər. Amma sonradan, daha dəqiq desək, Ermənistanın Azərbaycan torpaqlarını işğalından sonra orada məskunlaşıblar. Buna baxmayaraq, Azərbaycan yenə də onlara muxtariyyət verə biləcəyini açıqlayır. Halbuki Ermənistanda bir nəfər də azərbaycanlı qalmayıb. Hamısı etnik təmizləmə siyasətinə məruz qalıblar. Bu faktlar bütün dünya ictimaiyyətinə bəllidir. Beynəlxalq aləm ondan da xəbərdardır ki, Azərbaycan torpaqlarının uzun müddət işğal altında qalması faktı ilə barışmayacaq. Ermənistan işğalçılıq siyasətinə, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə son qoyub, beynəlxalq hüquq normalarına riayət edərək, torpaqlarımızdan öz xoşu ilə çıxmasa Azərbaycan istənilən vasitəyə əl ata bilər. Buna Azərbaycanın tam haqqı var, bütün hüquqi əsaslar var və qarşı tərəf də bunu bilir və bilməlidir. Bu gün bölgədə Azərbaycanla rəqabət aparmaq iqtidarında olan ikinci dövlət yoxdur. Bizim həm iqtisadi potensialımız, həm də hərbi gücümüz Ermənistandan qat-qat üstündür. Digər tərəfdən Ermənistan işğalçılıq siyasətinin ağır fəsadlarını yaşayır. Ölkə bütün iqtisadi layihələrdən kənarda qalıb, ölkədə böhran baş alıb gedir. Çıxış yolu isə birdir - Azərbaycan torpaqlarını öz xoşluğu ilə boşaltmaq. Əks-təqdirdə Azərbaycan özü bunu etməyə məcbur olacaq.

RƏFİQƏ KAMALQIZI

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün