Bu Qanun Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə təsbit edilmiş Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi qaydalarını müəyyənləşdirir, habelə, vətəndaşların hüquq və azadlıqlarının məhkəmə təminatı ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.
Dövlət orqanlarının və yerlı özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr də başqa qayda nəzərdə tutulmamışdırsa, bu, Qanunla müəyyənləşdirilmiş qaydada müvafiq məhkəməyə müraciət edə bilərlər.
Vətəndaş onun hüquq və azadlıqlarını pozan qərarlar və hərəkətlər (hərəkətsizlik) barəsində birbaşa məhkəməyə və ya tabelik qaydasında yuxarı dövlət orqanlarına və yerli özünüidarə orqanlarına, müəssisələrə, idarələrə və təşkilatlara, ictimai birliklərə, vəzifəli şəxslərə şikayətlə müraciət edə bilər.
Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) vətəndaşların şikayətlərinə məhkəmə tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq baxılır.
Qanunvericilikdə başqa müddət nəzərdə tutulmayıbsa, Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, tabelik qaydasında yuxarı orqan şikayətə 1 aydan gec olmayan müddətdə baxmalı, şikayətə baxılmasının nəticəsi barədə həmin orqanın rəhbərliyi vətəndaşa yazılı cavab verməlidir.
Məhkəməyə şikayət hüquq və azadlıqları pozulmuş vətəndaş və ya onun qanuni nümayəndəsi tərəfindən, habelə vətəndaşın xahişi ilə ictimai birliyin və ya əmək kollektivinin nümayəndəsi tərəfindən verilə bilər.
Şikayət, vətəndaşın yaşadığı yer üzrə və ya qərarlarından və ya hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən orqanın və ya vəzifəli şəxsin olduğu yerin məhkəməsinə verilir.
Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi-idarəetmə orqanlarının onların hüquq və azadlıqlarını pozan qərar və hərəkətləri (hərəkətsizliyi) barəsində bu maddədə nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edə bilərlər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan, yaxud Azərbaycan Respublikasının qanunvericiliyində qərar və hərəkətlərdən (hərəkətsizlikdən) şikayət verilməsinin digər qaydalarının nəzərdə tutulduğu hallar istisna olmaqla, vətəndaşın hüquq və azadlıqlarının pozulmasına səbəb olan bütün qərar və hərəkətlərlə (hərəkətsizliklə) bağlı şikayətlərə bu Qanunla müəyyən edilmiş qaydada baxılır.
Vətəndaş dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin onun hüquq və azadlıqlarını pozan, hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərindən (hərəkətsizliyindən), habelə, belə qərarların və hərəkətlərin qəbul edilməsi üçün əsas olmuş rəsmi informasiyadan məhkəməyə şikayət etmək hüququna malikdir.
Vətəndaşın hüquq və azadlıqlarına, bilavasitə təsir edən sənəd və materiallarda olan informasiya üçün qanunvericilikdə məhdudiyyətlər nəzərdə tutulmamışdırsa, onun belə sənəd və materiallarla tanış olmaq hüququnu təmin etmək üçün vəzifəli şəxslər həmin sənəd və materialları vətəndaşa təqdim etməyə borcludurlar.
Rəsmi informasiya yazılı və ya şifahi formada olan, vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinə təsir edən və həmin informasiyanın müəyyənləşdirilmiş müəllifi kimi hərəkətlər edən (qərarlar qəbul edən) dövlət orqanlarının, yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin ünvanına təqdim olunan elə məlumatlardır ki, onlar məhkəmə tərəfindən hərəkətlərin edilməsi (qərarların qəbul olunması) üçün əsas sayılır.
Qanunvericilikdə başqa müddət nəzərdə tutulmayıbsa, məhkəməyə şikayətlə müraciət edilməsinin aşağıdakı müddətləri vardır:
hüquq və azadlıqlarının pozulmasının vətəndaşa məlum olduğu gündən bir ay keçənədək;
şikayətin təmin edilməməsi barədə yuxarı orqan və ya vəzifəli şəxs tərəfindən yazılı cavabın verildiyi gündən bir ay keçənədək;
Azərbaycan Respublikasının qanunvericiliyində başqa muddət nəzərdə tutulmamışdırsa, vətəndaş şikayətin verildiyi gündən bir ay müddətində ona cavab almadıqda bu müddətin tamam olduğu gündən bir ay keçənədək:
inzibati tənbehin verilməsi barədə qərardan həmin qərarın surətinin təqdim edildiyi və ya şəxsə elan edildiyi gündən 10 gün keçənədək.
Şikayətin verilməsi müddəti üzrlü səbəbdən ötürülübsə, həmin müddət məhkəmə tərəfindən bərpa oluna bilər.
Bu Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş şikayət edilən qərarlar, hərəkətlər (hərəkətsizlik) və onların nəticələri haqqında məlumatların əldə edilməsinə çətinlik törədən bütün hallar üzrlü səbəb sayılır.
Məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır.
Məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə, şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir.
Əgər məhkəmə şikayət edilən qərarları və hərəkətləri (hərəkətsizliyi) qanuni hesab edərsə, yəni vətəndaşın hüquq və azadlıqlarının pozulması kimi qiymətləndirməzsə, şikayətin təmin edilməməsi barədə qətnamə çıxarır.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məhkəmənin qərarından yuxarı məhkəməyə şikayət verilə bilər.
Dövlət orqanları və yerli özünüidarə orqanları, müəssisələr, idarələr və təşkilatlar, ictimai birliklər, vəzifəli şəxslər üçün qüvvəyə minmiş məhkəmə qərarının icrası məcburidir.
Məhkəmənin qərarı qüvvəyə mindiyi gündən ən geci üç gün keçənədək qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən orqanlara və ya vəzifəli şəxslərə, habelə, vətəndaşlara göndərilir.
Məhkəmə qərarının alındığı gündən ən geci bir ay keçənədək qərarlarından və hərəkətlərindən şikayət edilən orqanlar və ya vəzifəli şəxslər həmin qərarın icrası barədə məhkəməyə və vətəndaşa məlumat verməlidirlər.
Məhkəmənin qərarı icra edilmədiyi halda, məhkəmə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görür.
Şikayətin təmin edilməsindən imtina olunması barədə qərar qəbul edildikdə, şikayətə baxılması ilə əlaqədar məhkəmə xərclərini vətəndaş ödəyir.
Məhkəmə şikayət olunan qərarları və hərəkətləri (hərəkətsizliyi) qanunsuz hesab etdikdə isə, bu xərclər müvafiq olaraq dövlət orqanlarının və ya yerli özünüidarə orqanlarının, müəssisələrin, idarə və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vəsaiti hesabına ödənilir.
Qərarların və hərəkətlərin qanuni olduğuna baxmayaraq, əgər vətəndaşın tabelik qaydasında yuxarı orqana verdiyi şikayətə cavab verilməmişdirsə, yaxud bu Qanunun 5-ci maddəsində nəzərdə tutulan müddət pozulmaqla cavab verilmişdirsə, məhkəmə xərclərinin ödənilməsi məhkəmə tərəfindən dövlət orqanlarının və ya yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin öhdəsinə qoyulur.
Məhkəmə vətəndaşın məhkəmə xərclərinin ödənilməsindən qismən və ya tam azad edilməsi barədə qərar qəbul edə bilər.
Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
"Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli Sərəncamında deyilir:
"Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında" Azərbaycan Respublikası qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının "Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında" Azərbaycan Respublikası qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru