Ədalət məhkəməsi yalnız etibarlı informasiya əsasında tənqidə məruz qala bilər. Eyni zamanda, vətəndaşların məhkəmə haqqında fikir yürütmək hüququ da var. Amma bu, məhkəmənin işinə təzyiq vasitəsi kimi istifadə oluna bilməz. Bu cür hallarda dövlət məhkəmənin qərəzsizliyini qoruyub-saxlamaq üçün müəyyən qiymət hədlərini gözləməlidir. Amma hər iş ayrılıqda şəxsi əsaslarla qiymətləndirilməlidir. Dövlət qurumlarının informasiya almaq hüququ, 10-cu maddəyə uyğun olaraq, ciddi şəkildə öyrənilir. İsveçə qarşı Linder İşində (1987-ci il) 19 məhkəmə 10-cu maddənin pozulmadığını müəyyənləşdirdi. Bu zaman İsveçin hakimiyyət orqanları şikayətçini şəxsi kartotekasındakı qeydlərə görə günəmuzd işə götürmür və üstəlik, həmin kartoteka ona göstərilmir. Birləşmiş Krallığa qarşı Qaskin işində (1989-cu il) 20 məhkəmə şəxsi həyatın toxunulmazlıq hüququna (8-ci maddə) əsasən, öz münasibətini bir qədər dəyişdi. Belə ki, əsl valideynlərini tapmaq üçün vətəndaşın şəxsi kartotekasına baxmasına icazə verildi. Çünki o, oğulluğa götürülmüşdü.
Bu gün informasiya əldə etmək dövlət qurumlarının səmərəli fəaliyyətinin əsasını təşkil edir və siyasi demokratiyanın əsas prinsiplərindən biri hesab olunur. İHAK ictimai xidmətdə işləmək hüququna təminat verir. Odur ki, Linderin Məhkəmə İşində çıxarılan qərar bu təminatla əlaqələndirilir. Demokratik dövlətdə vətəndaşına öz kartotekasına baxmaq imkanı yaradılmalıdır. Ona görə də, İHAK-ın əsas məqsədlərini həyata keçirmək üçün 10-cu maddə informasiya almaq hüququnu təmin etməlidir. Müəyyən işə münasibətdə hakimiyyət orqanları apardıqları qeydiyyatları bəyan etməyə bilər. Bununla yanaşı, belə bir vəziyyəti təsəvvür etmək lazımdır ki, kartotekaya baxmağa imkan verməmək, 10-cu maddəyə uyğun olaraq, hüquqların gerçəkləşdirilməsinə və İHAK-ın 6-cı maddəsinə əsasən, vətəndaş hüquqlarının müdafiəsinə maneçilik törədir.
İnsan Hüquqları Avropa Məhkəməsinin baş vəkili, Sürix Universitetinin professoru Mark Villiçer yazır: "İlk növbədə, icazə verin təfsirin nə olduğunu və Strasburq Məhkəməsində onun hansı rol oynadığı barədə müzakirəyə keçim. Təfsir elə bir prosesdir ki, hər hansı hüquqi qərarın məzmunu və həddi onun vasitəsilə müəyyənləşdirilir. Hər bir hüquqi qərar başlanğıcdan təfsir edilməlidir, çünki heç bir söz və ya qərar qabaqcadan müəyyən edilmiş müstəsna mənaya malik deyil. Sözlər müxtəlif kontekstlərdə ayrı-ayrı mənalar daşıya bilər və hər şeydən əvvəl, cəmiyyət dəyişdikcə, mənalar dəyişə bilər. Milli qanunlarda və ya beynəlxalq konvensiyalarda bu prinsiplər bütün hüquqi qərarlara eyni dərəcədə şamil edilir.
Konvensiyadakı bu açıq müddəalar hər hansı konkret məhkəmə işində hər bir terminin dəqiq mənasını müəyyənləşdirməkdə hakimə sərbəstlik verir. Şübhəsiz ki, bu açıq müddəalarla məşğul olmaq Konvensiya ilə işləməyi maraqlı edir.
Mən, ilk növbədə, Konvensiyanın təfsirinin müxtəlif prinsiplərini təhlil və müzakirə edəcəyəm. Nəzərə almaq lazımdır ki, bu prinsiplər təkcə Strasburq hakimlərinə aid deyil. Onlar Konvensiyanın əsasında hər hansı məhkəmə işinə və ya bu məqsədlə hər hansı digər insan hüquqlarına dair sənədləri araşdırmalı olan yerli (milli) hakimlərə də eyni dərəcədə aiddir.
Bu, bir həqiqətdir ki, bəzi dövlətlərdə Konvensiya yerli (milli) qanunun tərkibinə daxil edilib və həmin hüquqlar milli qanuna əsasən təfsir olunur. Böyük Britaniya və İrlandiya, həmçinin, Skandinaviya dövlətlərində bu sistem mövcuddur.
Lakin buna baxmayaraq, Avropa qitəsinin bir sıra ölkələrində beynəlxalq sazişlər, əslində, milli qanunun tərkib hissəsi olmur. Onlara yerli (milli) qanun ierarxiyasında müəyyən bir mövqe verilir (adətən, Konvensiya səviyyəsində və ya konsititusiya səviyyəsindən bir qədər aşağı səviyyədə), lakin onlar beynəlxalq sazişlər olaraq qalır. Nəticədə, onlar beynəlxalq sazişlərin təfsiri qaydaları vasitəsilə və sözügedən Konvensiyanın timsalında Strasburq presedent hüququnda müəyyənləşdirilmiş prinsiplər vasitəsilə təfsir olunmalıdır. Başqa sözlə desək, Konvensiya müstəqil şəkildə və hər hansı yerli (milli) konsepsiyalardan asılı olmadan təfsir edilməlidir.
Beynəlxalq sazişlərin təfsir qaydaları ilə yaxından tanış olmayan yerli (milli) hakimlər aldana bilər. Bu mənada, Strasburq presedent hüququ məhkəmənin qərar və prinsiplərinə çox böyük köməklik göstərir. Sazişlər hüququnun 1969-cu ildə qəbul olunmuş Vyana Konvensiyası özünün 31-ci və 32-ci maddələrində müxtəlif təfsir hüquqlarını açıqlamışdır. Çox vaxt Strasburq qətnamələrində bu qaydalar açıq-aşkar ifadə edilməsə də, bu qaydaların Konvensiyanın təfsirinə də tətbiq edilməsi Strasburq Məhkəməsinin çoxdan bəri qüvvədə olan presedent hüququdur. Sonradan görəcəyik ki, kontekstdə adi məna və təfsirin səmərəsi mühüm rol oynayır".
Müəllif göstərir ki, təfsirin başlanğıc nöqtəsi həmişə mütləq yazılı mətn və ya daha dəqiq desək, hər hansı sözün adi mənası olmalıdır. Məna nisbi və sözügedən kontekstdə digər bəndləri və müddəaları müəyyənləşdirməlidir. Hər hansı terminin (istilahın) nə dərəcədə açıqlığından asılı olaraq, adi məna ya yeni ideyalar üçün bir laboratoriya, ya da xəyali bir həbsxana ola bilər. Hər hansı yazılı termini təfsir edən hakim həmişə yadda saxlamalıdır ki, hər bir istilahın adi mənasından kənara çıxmağa onun ixtiyarı yoxdur. Məzmunun (mahiyyətin) təfsilatı ilə müəyyənləşdirildiyi qapalı-mənalı Konvensiya müddəalarının nümunələri Konvensiyanın "tutulub saxlanma cəzasının qoyulmasına" münasibətdə 5-ci maddənin şərtlərinə daxildir. Hər hansı bir şəxsin cinayət törətdiyi güman edildiyi təqdirdə, onun qaça biləcəyi və ya yeni bir cinayət törətmək təhlükəsi olduqda, istintaq aparılması üçün tutulub saxlanılması tələb olunur. Burada bu müddəanın əsl mənası manevr etmək üçün çox az şey verir və hakimin Konvensiyanın 5-ci maddəsində sadalanan şərtlərin yerinə yetirilib-yetirilməməsini yoxlamaqdan savayı heç bir imkanı qalmır.
Hər hansı açıq mənalı Konvensiya maddəsinin nümunəsi mənim, əlavə olaraq, üzərinə qayıdacağım qeyri-insani rəftar və işgəncəni qadağan edən 3-cü maddədə açıqlanır.
Kontekst daxilində adi mənanın hər hansı təfsirinə misal olaraq məcburi hərbi xidməti göstərmək olar. Konvensiyanın məcburi əməyin qadağan edilməsi ilə bağlı olan 4-cü maddəsi məcburi hərbi xidməti açıq-aşkar şəkildə siyahıdan çıxarır və buna görə də, o, məcburi əmək hesab olunmur. Bu istista Konvensiyanın 9-cu maddəsində din azadlığı hüququnun təfsirində rol oynayır. Doktor Ziyemele bu haqda ətraflı danışacaq. İndi 9-cu maddəyə görə məcburi hərbi xidmətin hər hansı bir şəxsin dini və fəlsəfi inamlarına zidd ola biləcəyini qanuni şəkildə sübut etmək olar. Lakin buna baxmayaraq, 9-cu maddəni təfsir edərkən, məhkəmə Konvensiyanın, məcburi hərbi xidməti olduğu kimi, qəbul etdiyini qərara almışdır və bu səbəbdən də, məhkəmə hər hansı belə bir öhdəliyin Konvensiyanın 9-cu maddəsindəki din azadlığı hüququ ilə bir araya sığa biləcəyi qənaətinə gəlmişdir.
M.Villiçer yazır: "Hər hansı bir istilahın adi mənasını müəyyənləşdirərkən, sözügedən qaydanın və Konvensiyanın özünün mövzusu və məqsədi mütləq nəzərdən keçirilməlidir. Bu, səmərəli təfsir adlandırılır. Hakim hər hansı yazılı qaydaların icrasına imkan verən və digəri isə, onun mənasız olaraq, qalmasına gətirib çıxaran iki mənadan birini seçmək lazım gəldikdə, hakim sözügedən yazılı qaydanın icrasına imkan vermək məqsədini güdəcək. Təəccüblü deyil ki, səmərəli təfsir Konvensiyasının təfsir edilməsinin ən mühüm və həmçinin, çox tipik vasitələrindən birinə çevrilmişdir. Lakin biz mütləq yadda saxlamalıyıq ki, kontekst daxilində adi məna ilə olduğu kimi, mövzu və məqsədi nəzərdən keçirərkən, hakim sözügedən istilahın yazılı hüquqlarından heç vaxt kənara çıxa bilməz, çünki əks halda, o, sözügedən sazişə lüzumsuz dəyişiklik etmiş olar. Mövzu və məqsəd insan hüquqlarına aid sazişlərin təfsir edilməsinin bir vasitəsidir. Bununla belə, insan hüquqlarının sazişlər kontekstində bizi dövlətlər arasındakı münasibətlər yox, insan hüquq və azadlıqlarına münasibətləri maraqlandırır. Konvensiyanın mövzu və məqsədinə nəzər saldıqda, aydın olur ki, bir çox beynəlxalq sazişlərdə lüzumsuz müddəalar ortaya çıxmamalıdır. Çünki Konvensiya nəzəri və ya xəyali hüquqlara deyil, praktik və səmərəli hüquqlara əsaslanır. Sözügedən hüquqlar səmərəli bir müdafiə (təminat) təklif etməyi nəzərdə tutur ki, o, daha gündəlik həyata uyğun gələ bilsin. Mövzu və məqsədin nəzərdən keçirilməsi, həmçinin, o deməkdir ki, Konvensiya dinamik, canlı bir sənəddir. Bu haqda sonra geniş məlumat verəcəyəm".
Səmərəli təfsirə dair də, əlavə bir nümunə var ki, o da Konvensiyanın 6-cı maddəsinə görə məhkəməyə müraciət etmək imkanına olan hüquqla bağlı "Kolder Birləşmiş Krallığına qarşı" məhkəmə işidir. 6-cı maddə ədalətli mühakimənin bir çox hüquqlarına, o cümlədən, müstəqil və qərəzsiz məhkəməyə aid olan hüquqa zəmanət verir. Lakin buna baxmayaraq, "Kolder" Məhkəmə İşində Strasburq Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin mövzu və məqsədinə istinad etdi. Bu isə, əslində, məhkəmə prosesinə ədalətli qərar çıxarmaq üçün şərait yaratmaqdan ibarətdir. Məhkəmə müəyyənləşdirdi ki, milli məhkəmələrdə "məhkəmələrə müraciət etmək imkanı olmayan şəxs belə qanunun aliliyi çətin də olsa, başa düşə bilər". Məhkəmə belə bir qərar çıxardı ki, hətta açıq-aşkar ifadə olunmasa da, məhkəməyə müraciət etmək hüququ Konvensiyanın 6-cı maddəsinə xasdır.
Müəllif qeyd edir ki, təfsir etmənin bir başqa vasitəsi digər beynəlxalq sazişlərin, xüsusən də, insan hüquqlarının qorunmasına dair müddəların aydınlaşdırılmasına xidmət edə bilər. Məsələn, məhkəmə Uşaqların Hüquqları üzrə BMT Konvensiyasına, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Razılaşmaya və Beynəlxalq Əmək Təşkilatının müxtəlif konvensiyalarını öyrənməlidir. Məhkəmə, həmçinin, müntəzəm olaraq, BMT-nin və Avropa Şurasının qeyri-insani rəftar və işgəncəni qadağan edən Konvensiyasına istinad etməlidir.
d) Təfsirin yardımçı vasitələri
Nəhayət, təfsirin yardımçı vasitələrinə gəlincə, qeyd etmək lazımdır ki, hətta ümumi beynəlxalq hüquqda da hər hansı sazişin niyyətləri məhdud əhəmiyyət kəsb edir və böyük Starsburq Məhkəməsi çox az hallarda 1948-1949-cu illərdən əvvəlki materiallara istinad edir. Səbəb aydındır: Konvensiyanın nəzərdə tutduğu hüquqların gündəlik həyata tətbiqi baxımından, yarım əsr bundan əvvəl, dahilərin verdiyi təklifləri reallaşdırmaq müəyyən çətinliklərlə üzləşir.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru