Danılmaz mədəni-sivilizasion kəskin böhrana və artıq Qərb dünyasına ayaq basmış mənəvi-demoqrafik tənəzzül və fəlakətə gətirən başlıca səbəbi, bütün Qərb mütəxəssisləri açıqlamaqdan çəkinirlər. Bəlkə də, başlıca səbəb onun heç ağlına gəlmir, bunu birmənalı söyləmək çətindir. O, əsas səbəblər sırasında dinə, dini etiqaddan qaynaqlanan etikaya və ictimai-tarixi ənənələrə son dörlərdə göstərilən biganəlikdən, hətta açıq-aşkar edilən təcavüz və zorakılıqdan gileylənir, ara-sıra da demokratiyanın düşüncə və fəaliyyət müstəvilərində təhrifindən, yararsızlığından, onun ortaya çıxartdığı və yaxud bilavasitə, bağlı olduğu fenomenlərdən (insan hüquqları, tolerantlıq, konsensus və s.) məqsədli sui-istifadələrdən danışır. Qəribədir, belə bir nəzəri hazırlığa və praktiki təcrübəyə malik şəxs, nədənsə, məğzi görə bilmir, əsl kökü tapmır. Məgər bu hazırlıqlı müəllif anlamır ki, onun işarələdiyi "səbəb"lərin hamısı başlıca (ilkin və təkanverici) səbəbin törəməsi və yaxud nəticəsidir?!
Fəlsəfə elmləri doktoru Ə.Abbasov yazır: "Deyim ki, bu "anlamazlıq" başqa rnüəiliflərin də xəstəliyidir, o cümlədən də, N.Homski, N.Hagger, Z.Sardar, M.Devis, C.Stiqlits kimi ən radikal-tənqidi mövqedə olanların. Bu şəxsiyyətlərin hər birinə, onların yaradıcılığına böyük hörmət və ehtiramım var, çünki mövcud naqisliklərin, qəsd və cinayətlərin, dünya xalqlarını ciddi düşündürən və narahat edən problemlərin məharətlə işıqlandırılmasında, həmçinin, bəşəriyyəti fəlakətə sürükləyən axından çıxmaq naminə xeyli zəhmət çəkmiş və fədakarlıq göstərmişlər. Lakin mənim üçün ağır da olsa, öz iradımı bildirməliydim. Demək olar ki, onlar da əsas səbəbi görməkdə, yaxud da etiraf etməkdə çətinlik çəkirlər, törəmə proses və hadisələri qılınclayırlar, saysız-hesabsız qəbahətləri gündəmə gətirir və tənqid atəşinə tuturlar, qlobal mahiyyət isə toxunulmaz qalır". Bəziləri, Nikolas Hagger kimi, törədici səbəb-mahiyyəti "axtararkən", hətta hansısa ümumdünya hakimiyyətindən, onun məkrli iradəsindən, beynəlxalq siyasətə və iqtisadiyyata ciddi müdaxiləsindən yazırlar. Ümumiyyətlə, son illərdə bu şərh-ehtimal geniş yayılmaqdadır, üstəlik də, "Komitet 300", "mason təşkilatları", "Sion müdriklərinin protokolları" haqqında söz-söhbətlər gündəmdən düşmür.
Əlbəttə, bu fikirləri, bütövlükdə rədd etmək düzgün olmazdı, çünki burada həqiqətə oxşar cəhətlər, necə deyərlər, yarımhəqiqətlər də vardır. Ancaq vurğulamaq istərdim: bu versiyaların heç biri həqiqətin özü deyil. Vaxtilə böyük filosof Hegel "Məntiq elmi" əsərində yazırdı: "Gündəlik həyatda çox vaxt həqiqətlə həqiqətə oxşar olan eyniləşdirilir, və buna müvafiq olaraq, tez-tez o yerdə hansısa mahiyyətin həqiqiliyindən danışırlar ki, orada söhbət yalnız həqiqətə oxşarlıqdan gedir". İ.Kantın da bir epistemoloji fikrini xatırlatmaq istərdim: "Səhvlər yalnız ona görə yaranmır ki, bu və ya digər şeyləri bilmirlər, həmçinin, ona görə ki, tez-tələsik mülahizə yürütməyə başlayırlar, hərçənd, bunun (mülahizə) üçün bütün tələb olunanları bilmirlər. Səhvlərin böyük əksəriyyəti, hətta təqribən hamısı, öz yaranmasında göstərilən çatışmazlığa borcludur".
Bir vaxtlar, 1989-cu ildə, Frensis Fukuyamanın "Tarixin sonu" başlıqlı məqaləsi tez bir zamanda bütün dünyada yayıldı və müəllifin özünü də xeyli məşhurlaşdırdı. Bu məqalə və onun ideya inkişafı olaraq, Fukuyama tərəfindən yazılmış böyük həcmli "Tarixin sonu və axırıncı adam" kitabı haqqında mən öz fikirlərimi əvvəlki yazılarımda bildirməyə çalışmışdım. Burada, onların üzərində dayanmadan, mövzuya dair bəzi qeydlərimi etmək istərdim.
F.Fukuyama həmin kitabda, birmənalı surətdə, liberal demokratiyanın artıq öz tarixi missiyasını başa çatdırdığını və bugünkü fəaliyyətində (mövcudluğunda) nöqsan və ziddiyyətlərdən azad olmadığını söyləyir. Özünün etirafına görə, hətta stabil demokratiya məkanı olan ABŞ, Fransa və yaxud İsveçrə ədalətsizliklərdən və ciddi sosial-problemlərdən azad deyillər. "Lakin bu problemlər, onun fikrincə, əkiz prinsiplər olan azadlıq və bərabərliyin öz defektləri ilə deyil, onların natamam reallaşması ilə bağlıdır". Bir neçə cümlə sonra o, yazır ki, bütün hallarda "liberal-demokratiya idealını yaxşılaşdırmaq olmaz".
Görürsünüzmü, Fukuyama da, eynilə, Hegel və Kant tərəfindən qeyd olunmuş epistemoloji səhvə yol verir (yaxud da bu səhvə gedir!). Özü də bilməyərəkdən və ya məqsədli şəkildə - demək çətindir, ancaq düşünürəm ki, ikinci hal, yəni şüurlu sürətdə əsas hədəfdən yayındırmaq məqsədi daha realdır. Kitabın və ondan qabaq da məqalənin dünya miqyasında sürətlə yayılması və təbliği, müasir qlobal kapitalizmin "əlindən tutması" və işinə yarıması da bu ehtimalı gücləndirir.
İlk baxışdan Fukuyamanı suçlamaq və təkzib etmək asan deyil. Üzdə olan mənzərə, həqiqətən də, belədir: liberal-demokratiya, bir ideal kimi, tarixi-ictimai praktikada mümkün olan pozitiv məhsulu ortaya qoyub, bununla belə, problemlər və kəskin ziddiyyətlər danılmazdır, onlar isə, idealın özü ilə yox, bu idealın necə və nə cür reallaşması ilə bağlıdır. Bu reallaşma məsələsində, Fukuyamaya görə, bir çox şeylər insanın təbiəti ilə, anadangəlmə və ya sonra yaranmış xüsusiyyətlərlə bağlıdır (məsələn, göyçəklik və yaxud çirkinlik, fiziki və ya psixi şikəstlik, irsi-genetik yaddaşın təsiri və s). Bu mülahizə ilə də mübahisə etməyə dəyməz, çünki danılmazdır.
Lakin məsələnin məğzinə varmaqda, zəruri olan aktual və ciddi məsələlər, dünyada və ayrı-ayrı ölkələrdə tüğyan edən ədalətsizliklər, qeyri-bərəbərlik, ifrat xarakter almış maddi-sosial təbəqələşmə, xalqların və cəmiyyətlərin yaşayışında günbəgün artan disproporsiya, demokratiya əvəzinə, onun imitasiyasının təşkili, azad və obyektiv seçim adı altında dünya gücləri tərəfindən sanksiyalanmış saxtakarlıq, yalan, şantaj və təqiblər, qlobal (maliyyə-sələmçi) kapitalizmin, onun giperimtiyazlı təmsilçilərinin supermaterialist maraqlarının milli mənafe üzərində hökmranlığı, beynəlxalq davranış kodeksinin və dünyanın geopolitik mənzərəsinin xalqların iradəsinə əsasən deyil, bu istismarçı qüvvələrin, bilavasitə təsiri və rəhbərliyi ilə formalaşdırılması, bu məqsədlə ayrı-ayrı ölkə və regionlarda "idarəolunan xaos"un işə salınması, sosial-siyasi qarışıqlığın yaradılması və cürbəcür adlar altında inqilabların alovlandırılması, demokratiyaya keçid və ya kütləvi qırğın silahının qarşısını almaq bəhanəsilə xalqların vətəndaş qarşıdurmasına, savaşına sürüklənməsi, mənfur məqsədlər naminə etnik, dini, mədəni fərq və amillərdən sui-istifadə, tarixən sınaqlardan çıxmış və cəmiyyətlərin, xalqların sağlamlığına, mütərəqqi inkişafına yardımçı olmuş adət-ənənələrin, ictimai davranış məntiqinin, norma və prinsiplərinin məqsədyönlü şəkildə deformasiyaya uğradılması, mənfəət və gəlir naminə insanların mənəvi-psixoloji aləminin işğalı, onların dünyagörüşünün, düşüncə və zövqlərinin bəsitləşdirilməsi, qızıl nüvə yə daxil olmayan "yad" ölkələrdə elmin, mədəniyyətin, ictimai rəyin bayağılaşdırılması, iqtisadiyyatın tam asılı vəziyyətə salınması və sair - bütün bu ağrılı, bəşəriyyət üçün taleyüklü problemlər, zəmanəmizin bir çox məşhur tədqiqatçılarına xas olduğu kimi, Fukuyamanın diqqətindən kənarda qalır. Kantın dediyi kimi, əsas-yekun mühakimə yeritmək üçün mülahizə prosesinin bütün tələbləri ödənilmir. Baxmayaraq ki, elə bu prosesə aidiyyatı olan, həqiqətin aşkarlanmasına kömək edə bilən xeyli sayda olduqca maraqlı mövzulara onun tərəfindən yaxından nəzər salınır (bəşəri liberal inqilab, universal tarix üçün ideya, sonsuz gəlir-yığım istəyi, etiraf uğrunda mübarizə, ağa-qul problemi, milli maraqlar, liberal demokratiyanın Hobbs-Lokk xətti, Hegel liberalizmi və s).
Cefferson və ya Franklin kimi Lokk yönümlü liberallar, yaxud Avraam Linkoln kimi azadlığa və bərəbərliyə böyük ehtirasla etiqad edənlər tərəddüd göstərmədən deyirdilər ki, azadlıq - Allaha inamı tələb edir".
Əsərin müəyyən yerlərində, o, kifayət qədər bəyan ediləsi başlıca həqiqətə yaxınlaşır, lakin son fikri-qərarı vermir, sanki hasil nəticənin - həqiqətin bir addımlığında dayanır. Məsələn, diqqət yetirin, Fukuyama yazır: "Düşünmək olar ki, liberalizmin əsl əhəmiyyətini açmaq üçün daha da əvvəlki vaxtlara qayıtmaq lazımdır, o filosofların fikirlərinə ki, liberalizmin ilkin mənbəyində dayanıblar, - Hobbsa və Lokka, bir halda ki, anqlosakson ənənəli İngiltərə, Birləşmiş Ştatlar və ya Kanada kimi ən yaşlı və dayanıqlı cəmiyyətlər, adətən, özlərini Lokkun terminlərində dərk edirlər. Biz, həqiqətən, Hobbsa və Lokka qayıdacağıq, lakin Hegel iki səbəbdən, bizim üçün xüsusi maraq doğurur". Ardınca o, Hobbs və Lokkla müqayisədə Hegel tərəfində verilən liberalizm anlamının daha alicənab, əsilzadə olduğunu, həm də bu anlamın yalnız maddi-iqtisadi amilə söykənmədiyini - insana təbiətən xas olan ruhu-psixoloji tutumu, ideal mahiyyəti də nəzərə aldığını vurğulayır.
Başlıca həqiqətə kifayət qədər yaxınlaşmış Fukuyamanın kitabın son fəslində söylədiyi fikirlər də onun etirafı baxımından çox maraqlıdır. Məsələn, "Liberal iqtisadiyyatın prinsipləri ənənəvi ictimai birliklərə heç bir dəstək təmin etmirlər; əksinə, onlar insanları bir-birindən ayırmağa və atomlaşdırmağa çalışırlar". Beləliklə, onun haqlı olaraq, qeyd etdiyi kimi, din vasitəsilə tarixən formalaşmış insanlararası bağlılıq da zəifləyir və heçə enir. Birlik duyumu, icma ovqatı isə yox olduqca "Amerikada ictimai həyatın gücü aşağı düşür". Burada Fukuyama vacib bir məqamı da xatırladır: "Amerika inqilabını həyata keçirmiş Cefferson və ya Franklin kimi Lokk yönümlü liberallar, yaxud da Avraam Linkon kimi azadlığa və bərabərliyə böyük ehtirasla etiqad edənlər tərəddüd göstərmədən deyirdilər ki, azadlıq - Allaha inamı tələb edir".
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru