PDF Oxu

MİA

  • 4 235

İnsan hüquqlarının həyata keçirilməsinin bəzi məhdudiyyətləri

image

2000-ci ildə Norveçə qarşı Bergens Tidendin və başqalarının işində Məhkəmə qərar çıxardı ki, üzərində doktor R.-in plastik cərrahiyyə əməliyyatı apardığı qadının dedikləri haqqında qəzet məqaləsi ictimaiyyət üçün maraqlıdır. Avropa Şurasının İnsan Hüquqları baş Direktorluğunun proqram məsləhətçisi, hüquq elmləri doktoru İneta Ziyemele yazır: "Məhkəmə jurnalistin və qəzetin şahidlərdən aldığı informasiyanın nə dərəcədə inandırıcı olduğunu nəzərdən keçirmişdir. Məhkəmə bu məqalədən hansı nəticə çıxarıldığını, habelə, doktor R.-in bu işə qatıldığını müəyyənləşdirməliydi. Məsələn, milli məhkəmələr qərar çıxarır ki, məqalə doktor R.-i açıq-aşkar səriştəsizlikdə günahlandırır. Ancaq Avropa Məhkəməsi müsahibənin xəstələr ilə aparıldığını nəzərə alaraq, məqalənin həkimə qarşı qərəzsiz olduğunu aşkara çıxardı. Nəticədə, məhkəmə milli hökumət orqanlarının qəzet vasitəsilə yayımlanan fikir azadlığına müdaxilə etdiyini müəyyənləşdirdi. Bu iş etibarlı mənbə ilə informasiya təminatı arasında fərqi müəyyənləşdirməyin nə dərəcədə çətin olduğunu göstərir. Aydındır ki, doktor R.-in xəstələrindən müsahibə götürərkən, onun nə dərəcədə səriştəli olması barədə jurnalistdə fikir formalaşmışdır. Eyni zamanda, jurnalistin həkimin peşəkar səlahiyyətlərə malik olması barədə və ya başqa sözlə desək, onun günahkar olmasını bəyan etməyə haqqı yoxdur. Bu haqda yalnız xüsusi səlahiyyətləri olan peşəkar təsisatlar və ya məhkəmələr qərar verə bilər. Əks-halda jurnalist İHAK-ın 6-cı maddəsini pozmuş olur. Jurnalist, əslində, topladığı informasiyanı oxucuya çatdırmalı, söhbətlərin nəticələri barədə xəbər verməli və eyni zamanda, bu haqda sərbəst fikir yürüdə bilməlidir. Buna hakimiyyət orqanlarının müdaxilə etməyə haqları yoxdur. Bu işdə, qeyd olunduğu kimi, məhkəmə fikri sərbəst ifadə etməyi gerçəkləşdirərkən, jurnalistin həddini aşmadığını qeyd etdi.

Başqa bir işdə İHAK-ın 10-cu maddəsinin pozulduğu aşkara çıxdı. Bu zaman jurnalist siyasi mübahisələrə yardımçı olan məxfi sənədi çap etmişdir. 10-cu maddədə nəzərdə tutulan məxfi sənədin nəşrinə qoyulan qadağa məhkəmənin qərar çıxarmasına əsas verdi. Eyni zamanda, məhkəmə belə bir sual da verə bilər: həmin sənədlər nə dərəcədə məxfidır? İHAK-ın 10-cu maddəsinə uyğun olaraq dövlət qurumlarından informasiya almaq hüququ barədə məsələyə aşağıda toxunacağam. Qeyd etmək lazımdır ki, informasiyanın məxfi olduğunu nəzərə alaraq, onun şəxslərdən və cəmiyyətdən gizlədilməsi siyasi demokratiyanın səmərəli fəaliyyət göstərməsinə mane olur. Bu isə, fikir azadlığının pozulması deməkdir".

Müəllif yazır: "Etiraf etmək lazımdır ki, milli məhkəmələr və ya İHAK tez-tez belə bir vəziyyətlə qarşılaşır: adamlar, qeyri-qanuni olaraq, onların fikir azadlıqlarının gerçəkləşdirilməsinin məhdudlaşdırılmasından şikayətlənirlər. Bəzən milli təsisatlar elə bir vəziyyətlə üzləşirlər ki, fikri sərbəst ifadə etmək cəmiyyətin maraqları ilə qarışdırılır. Bu zaman onun 10-cu maddə ilə nə dərəcədə uzlaşdığını müəyyənləşdirmək, dövlət hakimiyyət orqanlarının və ya məhkəmələrin qoyduğu məhdudiyyətləri araşdırmaq lazımdır".

Rumıniyaya qarşı Konstantinesku işində (2000-ci il) məhkəmə 10-cu maddənin pozulmasını qeydə almadı. Şikayətçi sabiq həmkarlar təşkilatlarının rəhbərlərinin pul oğurlaması barədə mətbuata böhtançı bəyanat verməkdə ittiham olunurdu. O, İHAK-ın 10-cu maddəsinə uyğun olan sərbəst fikir azadlığının, qeyri-qanuni olaraq, məhdudlaşdırılmasından şikayətlənirdi. Məhkəmə qeyd etdi ki, şikayətçi sabiq həmkarlar təşkilatlarının rəhbərlərini oğurluqda günahlandırarkən, ittihamçı həmin adamların üzərindən bu ittihamı götürmüşdü. Bu haqda geniş məlumat verilmişdi. Ona görə də, şikayətçi əsassız olaraq, yalan informasiya yaymışdı. Fikir azadlığına məhdudiyyət qoymazdan əvvəl, bəzi məsələləri tarazlaşdırmaq vacibdir:

a) şəxslərin hüquqlarını;

b) qanunun və asayişin möhkəmləndirilməsi də daxil olmaqla, şəxslərin hüquqlarının və bütövlükdə, cəmiyyətin maraqlarının yerinə yetirilməsi;

c) ədalət məhkəməsinin nüfuzunun və qərəzsizliyinin təmin olunması.

Məsələn, yuxarıda göstərilən Hendisayd işində məhkəmə nəzərə almışdır ki, fikir azadlığını məhdudiyyətləşdirməyə Birləşmiş Krallığın əsası olmuşdur. Kitabın nəşrinə, ona görə icazə verilməmişdir ki, cəmiyyətin müəyyən hissəsində uşaqlar üçün bu tipli yazıların çap olunması yolverilməzdir. Amma həmin kitab nəşr olunmuş və Danimarkada satılmışdır.

Eyni zamanda, İHAK dövlətin verdiyi qiymətin sədlərini tarazlaşdırıb və onun yerinə yetirilməsi məhkəmənin nəzarəti altında olmuşdur. İHAK tələb edir ki, fikri sərbəst ifadə etmək hüququnun məhdudlaşdırılması aşağıdakı hallarda mümkün olsun:

1) qanunda nəzərdə tutulsun;

2) dövlətin fəaliyyəti qanuni məqsəd daşısın;

3) o, demokratik cəmiyyətdə hökmən vacib sayılsın.

Fikri sərbəst ifadə etmək hüququnu məhdudlaşdırmaq o deməkdir ki, dövlət təsisatları yalnız qanun əsasında fəaliyyət göstərməlidir. Dövlətin bu əsas ünsürü qanunla nizamlanır. 10-cu maddənin ikinci paraqrafında qanunauyğun şəkildə dövlət təsisatlarının məhdudiyyət qoymasının siyahısı verilmişdir. Demokratik cəmiyyətdə bu tələb iki prinsipə əsaslanır: mütənasiblik prinsipi və təxirəsalınmaz sosial ehtiyaclar prinsipi. Hər iki prinsipə əməl olunduqda tələbin yerinə yetirilməsi qənaətbəxş hesab edilir. Fikri sərbəst ifadə etməyi məhdudlaşdırarkən, mütənasiblik prinsipinə əməl olunmalıdır.

Bu mənada, İHAK-ın müxtəlif maddələri əsasında əlaqəni yaxından nəzərdən keçirmək faydalıdır. Məsələn, 8-ci maddədə (şəxsi həyata toxunulmazlıq hüququ) fikri sərbəst ifadə etməyi məhdudlaşdırmaq nəzərdə tutulur, amma bu məhdudiyyət yuxarıda göstərilən üç meyarla tənzimlənməlidir. Çünki şəxsi həyata toxunulmazlıq hüququ 8-ci maddənin ikinci paraqrafında göstərilən səbəblərə uyğun olaraq, məhdudlaşdırıla bilər.

Müəllif qeyd edir ki, məhkəmənin hüquqi sənədlərində fikri sərbəst ifadə etməyi gerçəkləşdirməyin özünəməxsus əhatə dairəsinin və dövlətin qiymət hədlərinin əlavə prinsipləri işlənib hazırlanmışdır. İndi mən onlardan ikisi haqqında ətraflı danışacağam:

a) siyasətçilərin tənqidi;

b) məhkəmə işinin tənqidi.

Avstriyaya qarşı Lingens işində (1986-cı il) 17 siyasi mübahisələri və siyasətçilərin tənqidini məhdudlaşdırmaqda müəyyən məqamlar nəzərə alınmalıdır. Bu işdə jurnal redaktoru Avstriya Kanslerini və onun vəzifə səlahiyyətlərini yerinə yetirə bilməməsini tənqid edən iki məqalə çap etdirmişdir. Kansler milli məhkəmədə redaktoru udmuşdur. Avropa Məhkəməsi müəyyənləşdirdi ki, Avstriya Məhkəməsi 10-cu maddəni pozub. Məhkəmə qeyd etdi ki, 10-cu maddənin ikinci paraqrafı, siyasətçilər də daxil olmaqla, digər şəxslərin hüququnun qorunmasını nəzərdə tutur. Amma bu halda, siyasi məsələlərin açıq müzakirəsi götür-qoy edilməlidir.

Siyasi mübahisələr demokratik dövlətin ayrılmaz hissəsidir. Müstəqil qəzetlərin və digər kütləvi informasiya vasitələrinin müdafiəsi siyasi və ictimai mübahisələrdə ictimai rəyin mühakiməsini təmin edir və 10-cu maddənin əsas ünsürlərindən hesab olunur. Lingens işində məhkəmə qeyd etdi ki, mətbuat azadlığı... siyasi liderlərə münasibətdə ictimai rəyin formalaşmasında ən yaxşı üsullardan biridir. Üstəlik, belə bir nəticə çıxarılmışdır ki, siyasi debatların müstəqilliyi demokratik cəmiyyətin əsas mahiyyətlərindəndir. 10-cu maddəyə görə, kütləvi informasiya vasitələri təkcə siyasi mübahisələrə münasibətdə yox, həm də şəxsin fikir azadlığının həyata keçirilməsində xüsusi rol oynayır. Məsələn, əgər qəzetlərin və ya digər kütləvi informasiya vasitələrinin qeydiyyat məsələləri bürokratik yolla mürəkkəbləşdirilirsə, bu, fikri sərbəst ifadə etməyə müdaxilə hesab olunur. Bu kontekstdə dövlət qurumları qanunun tələb etdiyi prosedurları yerinə yetirməlidir.

Hələ ki, qanunvericilik dövlətin və məhkəmənin hüquqi sənədlərinin müdafiəsinə bəraət qazandırır. Danimarkaya qarşı Barfod işində (1989-cu il) 18 şikayətçi milli məhkəmə tərəfindən iki hakimin peşəkarlığını şübhə altına aldığı üçün məhkum olunmuşdur. Məhkəmə qərar çıxardı ki, fikri sərbəst ifadə etmək hüququnun məhdudlaşdırılması demokratik cəmiyyətdə qanuni və məcburidir. Məhkəmə işinin hakimiyyət orqanları tərəfindən müdafiə olunması məhdudiyyəti həyata keçirmək üçün qanuni məqsəd kimi qiymətləndirilir.

İ.Ziyemele göstərir ki, Konvensiyanın insan hüquqları kimi bütün klassik zəmanətləri (təminatları) əsas etibarilə neqativ xarakterli hesab olunur, çünki onlar dövlət orqanlarının hər hansı şəxsin azadlığına müdaxiləsinin qarşısını alır. Misal üçün, özünü ifadə azadlığı sözə müdaxiləni qadağan edir; din azadlığı şəxsin inamlarını qoruyur, işgəncənin qadağan edilməsi şəxsin cismani və fiziki toxunulmazlığını təmin edir və s. Bu hallar dövlət orqanlarını hər hansı neqativ addım atmaqdan çəkindirir. Bu neqativ hüquqlar pozitiv, sosial hüquqlardan fərqləndirilməlidir. Çünki sosial hüquqlar dövləti müəyyən addım atmağa, məsələn, uşaqlar üçün məktəblər tikməyə və ya ahıllar üçün təqaüd proqramları hazırlamağa məcbur edir.

Konvensiyanın 3-cü maddəsində qeyri-insani rəftarın qadağan edilməsi adekvat (müvafiq) həbsxana şəraitlərinin yaradılmasını nəzərdə tuta bilər. Konvensiyanın 6-cı maddəsində məhkəmə tərəfindən vəkilin rəsmən təyin olunması nəzərdə tutula bilər.

Konvensiyanın 3-cü bir xüsusiyyəti onun köməkçi xarakter daşımasıdır. Konvensiyanın zəmanətlərinin əksəriyyəti milli konstitusiyalarda öz ifadəsini tapır. Lakin Konvensiya insan hüquqlarının milli səviyyədə (yerli səviyyədə) müdafiəsi ilə rəqabətə girmək məqsədi daşıya bilməz. Daha doğrusu, ilk növbədə, milli orqanlar insan hüquqlarını müdafiə etməlidir. Həqiqətən də, Konvensiya nəzərdə tutur ki, milli konstitusiyalarda əks olunan hüquqlar Konvensiyadakı hüquqları aşmasın. Çünki sonuncular minimum standart hesab olunur. Yalnız milli müdafiənin çatışmadığı həddə və hallarda Konvensiyada əks olunmuş hüquqlara müraciət oluna bilər. Bu yardımçı prinsipə əsasən, Konvensiya çərçivəsində müəyyən edilmiş prosedurlar şamil edilir. Strasburq 1-ci məhkəmə instansiyası deyil, sonuncu məhkəmə instansiyasıdır. Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinə görə, vətəndaş Strasburqa müraciət etməzdən öncə, rayon məhkəməsinə, Ali Məhkəməyə, hətta Konstitusiya Məhkəməsinə müraciət etməlidir. Yalnız yerli məhkəmələrdə onun şikayətinə baxılmadığı təqdirdə, o, Strasburq Məhkəməsinə müraciət edə bilər. Şikayətçinin birbaşa Strasburqa müraciət edə biləcəyi vəziyyəti təsəvvürünüzə gətirin. Belə olan halda, müdafiə mexanizmi dağılardı. Bu baxımdan, üzv dövlətlərdən 2-si Strasburq işəbaxılma qaydalarına münasibətdə çətinliklərlə qarşılaşır. İtaliyada çoxsaylı şəxslər Konvensiyanın 6-cı maddəsi çərçivəsində işəbaxılmaların həddən artıq uzun vaxt aparmalarından şikayətlənir. İtaliya məhkəmələri belə bir şikayəti araşdırmaqda səriştəli deyil. Nəticədə, işəbaxılma proseslərinin uzadılması barədə minlərlə ərizələr, birbaşa Strasburq Məhkəməsinə təqdim olunur. Halbuki əslində, onlara, ilk növbədə, yerli məhkəmələrdə baxılmalıdır. Yadıma sala bildiyim bir başqa misal Türkiyədir ki, orada həbsxanalarda pis rəftar və işgəncə barədə 3-cü maddə üzrə alınmış şikayətləri araşdırmaq üçün çox vaxt müstəqil orqanlar tapılmır. Buna görə də, şikayətçilər birbaşa Strasburqdakı Məhkəməyə müraciət edirlər. Bir növ paradoks vəziyyəti yaranmışdır. Strasburqdan Türkiyəyə nümayəndə heyətləri göndərilir ki, pis rəftar və ya işgəncənin olub-olmamasını müəyyənləşdirmək üçün təhqiqat aparsınlar və şahidləri dindirsinlər.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər