İnsan hüquqlarının müdafiəsi zamanı şahidin dindirilməsilə əlaqədar biz bir sıra məsələləri müzakirə etməliyik. Birincisi dəlillərdən istifadə olunmasına aiddir. Şəxsin təqsirli olub-olmadığı və mübahisənin hansı yolla həll ediləcəyi əvvəlcə birinci instansiya hakimi tərəfindən həll olunmalıdır. Strasburq Məhkəməsi, sadəcə olaraq, bütövlükdə məhkəmə prosesinin ədalətliliyini nəzərə alaraq, daxili məhkəmənin qərarının əsaslı olub-olmamasını dəqiqləşdirir. Nə qədər ki, daxili məhkəmə dəlillərin nəzərdən keçirilməsi üçün sübutlar təqdim edir və nə qədər ki, iddiaçı dəlili şərh etmək imkanına malikdir, Konvensiyanın 6-cı Maddəsinə müvafiq heç bir sual yaranmır.
M.Villicer yazır: "Şahidlərin dindirilməsi ilə bağlı məsələ daha çətindir. Əvvəlcə dəlillərə əsasən, tətbiq olunan prinsipdən istifadə edilir. Lakin müttəhim onu ittiham edən şahidə sual vermək imkanına malik olmalıdır. Bunun məhkəmədə baş verməsi faktı, onu sübut edir ki, əksər kriminal prosedurlarda (Kontinental-Avropa) istintaqın mühüm hissəsi məhkəməyəqədərki mərhələdən keçir. Strasburqun presedent hüququ, belə bir faktı kafi hesab edir ki, hətta məhkəməyəqədərki mərhələdə olsa da, müttəhim ən azı bir dəfə istənilən müstəntiqə suallar vermək imkanına malikdir. O, öz xeyrinə, yəni yüngülləşdirici ifadə kimi, şahidlərə suallar vermək üçün kifayət qədər imkana malik olmalıdır. Əlbəttə, əgər müttəhin həmin hüquqdan istifadə etmək istəmirsə, yaxud bundan imtina edirsə, bu, başqa məsələdir.
Strasburqda hələ də həllini gözləyən daha bir məsələ - uşaqlara xələlgətirmə zamanı uşaqla xələl gətirən arasında üzləşməyə icazə verilməsidir. Aydındır ki, bu təcrübə, artıq onsuz da xeyli zərər çəkmiş uşağı müdafiə etmək məqsədi daşıyır və bu halda, müttəhimi Konvensiyanın 6-cı Maddəsinə müvafiq mühüm hüquqlardan birindən məhrum edir.
Bu incə məsələ müttəhimin adının gizli qalmasını arzulayan şahidlərlə üzləşmək hüququna aiddir. Belə hal o zaman mümkündür ki, şahidlər müttəhimin onlardan qisas alacağından qorxurlar. Belə bir vəziyyət polisin qanunsuz sövdələşmə arzusunda olan şəxslər kimi fəaliyyət göstərən məxfi agent, yəni polis zabitlərini muzdla ələ keçirərək, bu minvalla başqa adamları işə cəlb etdikdə, sonradan həmin şəxslərin cinayət başında yaxalandıqları təqdirdə də yaranır. Təbiidir ki, məhkəmədə istənilən üzləşmə polis üçün hər hansı gələcək çirkin sövdələşmə məqsədilə müəyyən məxfi agentlərdən istifadəni davam etdirməsi imkanını dərhal istisna edir.
Strasburq Məhkəməsi müvafiq vəziyyətlərdə təhlükə altına qoyulmuş müxtəlif maraqları nizama salıb. Bütünlüklə nəzərdən keçirilməyən bu presedent hüquqa aşağıdakı şəkildə yekun vurula bilər: müttəhimə (əgər arzu edərsə) şahidlə üzləşmək imkanı verilməlidir. Bu sərt prinsipdir. Lakin əgər şahid naməlum qalmaq üçün tutarlı səbəblər, xüsusən də, qisas qorxusunu səbəb göstərərsə, məhkəmə müstəsna hal kimi şahidlə müttəhimin özünün deyil, müttəhimin hüquqi nümayəndəsinin üzləşdirilməsinə icazə verə bilər".
Şahidlərin dindirilməsi və dəlillərdən istifadə məsələləri Konvensiyanın 6-cı maddəsinə uyğun olaraq, işin şifahi və kütləvi dinlənilməsi tələbi ilə sıx əlaqədardır (hərçənd, artıq bizim eşitdiyimiz kimi, 6-cı maddə xahiş edən şəxsin məhkəməyəqədərki mərhələdə şahidlərlə üzləşdiyi təqdirdə yerinə yetirilir) və bütün dəlillər mübahisə məqsədilə açıq məhkəmədə dinlənilməlidir. Həqiqətən də, şifahi dinləmə ədalət məhkəməsi anlayışının əsasında durur. Şifahi dinləmə iddiaçının, - cinayət işlərinə baxılarkən isə, bir qayda olaraq, həm də onun vəkilinin və ictimaiyyətin iştirakını nəzərdə tutur.
Şifahi və kütləvi dinləmə hüququ mütləq deyil. Xüsusilə, mülki işlərdə xahiş edən şəxs bu hüquqdan imtina edə bilər. Lakin əgər şəxs öz hərəkətləri ilə bu hüquqdan imtina etdiyini göstəribsə, imtina edən şəxs məsələyə aydınlıq gətirməlidir, yəni xahiş edən şəxsin dinləməni istəyib-istəməməsi aydın olmalıdır. Konvensiyanın 6-cı Maddəsinə uyğun olaraq, hüququn bu cür izahı, daha dəqiq deyilərsə, imtina edən şəxsin imkanı, bir daha təsdiq edir ki, şifahi və kütləvi dinləmə tələbi, sadəcə, gərəksiz rəsmi iş deyil. Digər məhkəmə bu işin həm hüquqi, həm də rəsmi cəhətlərini tətbiq etmək yurisdiksiyasına malikdirsə, apellyasiya məhkəmələrində həm cinayət, həm də mülki işlərdə dinləmələr zərurətə çevriləcək.
Müəllifin fikrincə, 6-cı maddənin 1-ci paraqrafında qeyd olunduğu kimi, ictimaiyyət, müstəsna hal kimi dinləmələrə dəvət edilməyə bilər. 6-cı maddədə göstərilir ki, ictimaiyyətin nümayəndələri məhkəmə salonundan çıxarıla bilər, buna baxmayaraq, jurnalistlər dinləmələrdə iştirak edirlər. Beləliklə, ictimaiyyət və mətbuat müstəsna hal kimi, milli təhlükəsizliyin, yaxud yeniyetmələrin maraqları tələb edərsə, salondan çıxarıla bilərlər. Tərəflərin şəxsi həyatının müdafiəsi də bunun üçün səbəb ola bilər. Məsələn, belə bir nümunəyə diqqət yetirək: tibbi ekspert xəstənin vəziyyətinin zəifliyini xatırlatmalıdır, yaxud şəxsin psixi vəziyyəti müzakirə olunmalıdır. Boşanmaya dair işlərdə ailə həyatının incəliklərinin müzakirəsi də ictimaiyyətin nümayəndələrinin salondan çıxarılmasına səbəb göstərilə bilər. Digər tərəfdən Strasburq Məhkəməsi təşkilati səbəblərə görə, məsələ ictimaiyyətə aid olduqda çox ciddi münasibət göstərir. Aydındır ki, müstəsna hallar mövcuddur. Məsələn, böyük miqdarda adam üçün nəzərdə tutulmayan salonda çoxlu müttəhim və onların nümayəndələri iştirak etmək istəyirlər, amma həmin salon bu sayda adam üçün nəzərdə tutulmayıb.
Hər halda, məhkəmənin aşkarlığı da məhkəmə qərarının kütləvi elan olunmasını tələb edir. Yenə də bu məhkəmə prosesinə demokratik nəzarətə kömək edir, çünki müttəhimin təqsirli olmasına, yaxud fərdi məsələnin həllinə dair qərarda göstərilən səbəblər məhkəmə prosesinin bütövlükdə, ədalətli olub-olmamasının müəyyənləşdirilməsinə xidmət edir. Strasburq presedent hüququ bu baxımdan bir mühüm istisnanı nəzərdən keçirir. Ali məhkəmələrin, xüsusən, konstitusiya, yaxud kassasiya məhkəmələrinin qərarlarının açıqlanmaya ehtiyacı yoxdur. Məhkəmə qərarının sonradan mətbuata və ictimaiyyətə çatdırılması üçün, sadəcə olaraq, məhkəmənin qeydiyyat şöbəsinə verilməsi tamamilə kifayətdir.
İndi isə hüquqi təmsilçilik hüququ haqqında Konvensiyanın 6-cı Maddəsinin 3-cü (c) paraqrafına müvafiq təminat barədə söhbət açmaq olar. Mülki məhkəmə proseslərində bununla bağlı heç bir problem yaranmır. Kriminal məhkəmə proseslərində isə məsələ bir qədər qəlizdir və hüquqlar aşağıdakı qaydada izah edilə bilər:
1) müttəhim vəkilin hüquqi yardımından tamamilə imtina edə bilər; 2) müttəhim öz vəkilini özü seçə bilər; 3) müttəhim müəyyən şəraitdə məhkəmənin rəsmən təyin etdiyi vəkilin xidmətindən istifadə edə bilər; 4) hüquqi müdafiə peşəkarlıqla həyata keçirilməlidir. İcazə verin, bu hüquqları ardıcıllıqla izah edim.
Əvvəla, müttəhim vəkilin köməyindən imtina edərək, özünü şəxsən müdafiə etmək hüququna malikdir. Bu, özünəşahidliyə bənzəyir, hərçənd müttəhimin işin hüquqi cəhətdən bütün qəlizliyini tuta bilməməsi nəzərə alınır.
İkincisi, müttəhim özünün seçdiyi şəxs tərəfindən hüquqi baxımdan təmsil oluna bilər. Həmin şəxslər prinsipcə daxili qaydalara uyğun şəkildə ixtisaslı vəkillər olmalıdır. Burada məhkəmə özü vəkilin müttəhimi lazımi səviyyədə təmsil etməsinə təminat yaratmalıdır; əgər zərurət yaranarsa, məhkəmə müttəhimdən yeni vəkil tapmasını xahiş etməlidir. Digər tərəfdən, müttəhim özünün hüquqi təmsilçisini daim dəyişmək üçün məhdud hüquqlara malikdir. Hər bir yeni vəkil işlə tanış olmalıdır. Buna görə də vəkillərin dəyişdirilməsi xeyli vaxt apara bilər.
Strasburq presedent məhkəməsi müəyyən edib ki, ədalət məhkəməsi naminə daxili məhkəmələr, hətta vəkillərin dəyişdirilməsini qadağan edə bilərlər.
Üçüncüsü, müttəhim rəsmi təyin edilmiş vəkil almaq hüququna malikdir və əgər onun maddi imkanı məhduddursa, vəkilin əməkhaqqını məhkəmə ödəməlidir. Bu hüququ təsdiq edən prinsip - qüvvələrin bərabərliyinə əsaslanır, müttəhim özünü lazımi səviyyədə müdafiə etmək vəziyyətində olmalıdır və əgər o öz müdafiəsini təşkil etmək iqtidarında deyildirsə, bu işi məhkəmə yerinə yetirməlidir. Belə bir vəziyyətdə müdafiəni müşahidə etmək və lazım gələrsə, müttəhim üçün yeni vəkil tapmaq məhkəmənin vəzifəsidir.
M.Villicer yazır: "Çox vaxt belə hallar da müşahidə olunur ki, Konvensiya fərdə - müttəhimə öz şikayətlərini digər fərdə - rəsmən təmsil olunan vəkilə göndərməyə icazə verir. Konvensiyanın hüquqları heç vaxt fərdlərə qarşı yönəlmir, yalnız dövlət hakimiyyət orqanlarına istiqamətlənir. Bu vəziyyətdə şikayət rəsmi təmsil olunan vəkilə qarşı yox, məhkəməyə qarşı, deməli, dövlətə qarşı yönəldilir, belə ki, dövlət müttəhimin səmərəli təmsilçiliyini təmin etmək cəhətdən lazımi qədər məsuliyyət daşımayıb.
Dördüncüsü, 6-cı maddənin 3-cü (c) paraqrafı peşəkar müdafiə hüququnu təmin edir. Bu, bir tərəfdən o, deməkdir ki, müttəhim özü artıq ədalətli məhkəmə hüquqlarına daha çağıra bilməz. Belə ki, hər halda məhz onun təmsilçisi müdafiəni üzərinə götürür və həmin hüquqlardan istifadə edir. Digər tərəfdən bu, dövlət hakimiyyət orqanlarının müdaxiləsi olmadan müttəhimlə onun vəkili arasında maneəsiz əlaqə deməkdir. Bu hüquq, müttəhimlə onun vəkili arasında imtiyazlı münasibətlərin mövcud olduğu həbsxanalarda mühüm rol oynayır. Yeri gəlmişkən, müttəhimlə Strasburq Məhkəməsi arasında da müvafiq imtiyazlı münasibətlər var.
Strasburq presedent hüququnda səmərəli şərh hüququna misalla rastlaşmaq olar. Bir dəfə həbsxanaya salınan müttəhim öz vəkili ilə görüşür. Onlar söhbət edərkən, nəzarətçi polis danışığı lentə yazıb. Müəyyən məqamda söhbət kriminal işə dəxli olmadığına görə, polis hətta vəkillə müttəhim arasındakı söhbəti kəsməli olub. Strasburq Məhkəməsi bu halda çətinlik çəkmədən Konvensiyanın 6-cı maddəsinin pozulduğunu bildirib.
Beləliklə, söhbət üçün təqsirsizlik prezumpsiyası mövzusu qalır. Konvensiyanın 6-cı Maddəsinin 2-ci paraqrafı bunu aşağıdakı kimi izah edir: "Cinayətdə ittiham olunan hər bir kəs, təqsiri nə qədər ki, sübut olunmayıb, təqsirsiz sayılır". Bu barədə gec söhbət açması heç də təqsirsizlik prezumpsiyasının az əhəmiyyət daşıdığını göstərmir. Bu anlayış bütün cinayət məhkəmələrində mövcuddur və bütün hakimiyyət orqanlarına aiddir".
Prinsipcə, təqsirsizlik ehtimalı hakimiyyət orqanlarına - hüquqi, inzibati, yaxud hər hansı orqana qadağan edir ki, əgər hər hansı bir şəxs məhkəmə tərəfindən təqsirli bilinməyibsə, onun cinayət törətdiyini rəsmən və ya qeyri-rəsmi şəkildə iddia etsin. Təcrübədə müvafiq bəyanatlar məhkəmə prosesinin əvvəlində, şübhəli şəxs yaxalandığı məqamda prokuror mətbuat nümayəndələrinə "biz canini tapmışıq" deyərkən yaranır. Bu cür bəyanat, əlbəttə ki, Konvensiyanın 6-cı Maddəsinin 2-ci paraqrafına ziddir. Hər halda, Strasburq presedent hüququ müvafiq bəyanatın mətninə baxır. Əgər şəxs açıq və danışıqsız cani kimi göstərilibsə, aydındır ki, o, daha təqsirsiz hesab olunmayacaq. Strasburqa təqdim olunan İsveç məsələsi daha qəliz idi. İsveçin ədliyyə naziri bildirirdi: "Nəhayət ki, biz bombardmanda təqsirli olan şəxsi tapmışıq, indi o, məhkəmə qarşısında dayanmalı, biz isə qərarı gözləməliyik". Konvensiyanın 6-cı Maddəsinin 2-ci paraqrafına görə, burada heç bir problem yoxdur, mətndə aydın deyilir ki, cinayət məhkəməsi gözlənilir və hələlik, qərar çıxarmayıb, başqa sözlərlə, şəxs hələ bəraət ala bilər.
Ölkə mətbuatı da təqsirsizlik prezumpsiyasını nəzərə almalıdır. Tamamilə mümkündür ki, cinayət mühakiməsi zamanı mətbuatın güclü təzyiqi işi həll etməli olan hakimlərə mənfi təsir göstərsin. Daha dəqiq desək, Konvensiyanın bütün digər təminatları kimi, 6-cı Maddənin 2-ci paraqrafı da ictimai orqanlara qarşı yönəlib, bilavasitə mətbuat, yaxud mətbuat nümayəndələrinə qarşı yönəlməyib.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru