Avropa Şurasına daxil olan və daxil olmağa hazırlaşan hər bir dövlət Avropa Şurasının Nizamnaməsinin 3-cü maddəsinə uyğun olaraq, "qanunun aliliyi prinsipi və əsasında onun yurisdiksiyası altında olan istənilən şəxsin insan hüquqları və azadlıqlarından istifadə etdiyi prinsipi tanımalı və ona əməl etməyə borcludur". Hər bir demokratik dövlət, məhz bu prinsiplər əsasında qurulmalı və inkişaf etməlidir. Belə ki, qanunun aliliyinə, əsas insan hüquqları və azadlıqlarına riayət edilməsi - demokratiyanın məğzini təşkil edir.
Bakının Səbail rayon Məhkəməsinin hakimi Ələddin Cəfərov yazır: "Avropa Şurası öz inkişafında heç də asan yol keçməyib, müəyyən dövrlərdə bir sıra çətinliklərlə üzləşib. Bunu Avropa dövlətlərinin əsas sənədi olan insan hüquqları haqqında Konvensiyanın, yarıməsrlik bir dövrü əhatə edən tarixçəsi əsasında da, izləmək mümkündür. Bu Konvensiya Avropa Şurası tərəfindən 4 noyabr 1950-ci ildə qəbul olunmuş və 3 sentyabr 1953-cü ildə cəmi 10 dövlət tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minmişdir. Yalnız 25 ildən (!) sonra, yəni 1975-ci ildə Avropa Şurasının bütün üzvləri Konvensiyanın iştirakçıları olmuşlar. Tərəddüdlər, müzakirə və mübahisələrlə müşayiət edilən prosesin bu qədər uzun çəkməsi, onunla izah edilir ki, ilk dövrlərdə bir çox Avropa dövlətləri fərdi insan hüquqları sahəsində Avropa Məhkəməsinə şikayətlə müraciət etmək hüququnun verilməsinə və insan hüquqlarına dair Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyinə etiraz edirdilər.
Konvensiyanın preambulasında deyildiyi kimi, onun iştirakçıları öz qarşılarına BMT İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilmiş "bəzi hüquqların" həyata keçirilməsi üçün "ilk addımları" atmaq məqsədi qoymuşlar. Həqiqətən də, sənəddə Ümumi Bəyannamədə və sonralar insan hüquqları haqqında beynəlxalq sazişlərdə ifadə edilmiş hüquq və azadlığın yalnız bir hissəsi əks olunmuşdur. Lakin bu Konvensiyanın əsasında yaradılmış sistemin üstün cəhəti bundadır ki, o, daimi inkişafdadır və yeni-yeni sənədlərlə zənginləşir, müasir gerçəkliklə ayaqlaşmaq iqtidarındadır. Bu mənada, sözügedən Konvensiya insan hüquqları və azadlıqları ilə əlaqədar beynəlxalq sənədlərin böyük əksəriyyətindən daha mütəhərrikdir. Belə ki, Konvensiyaya dair əlavə protokollara mülki və siyasi hüquqların tam siyahısı, habelə, bəzi sosial-iqtisadi hüquqlar daxil edilmişdir. Kovensiyada təsbit edilmiş hüquq və azadlıqlar Konvensiyaya yeni protokollar vasitəsilə, eləcə də, insan hüquqları üzrə Avropa Məhkəməsinin presedent qüvvəsinə malik olan qərarlar nəticəsində, yeni məzmunla zənginləşir, dəqiqləşdirilib konkretləşdirilir".
İnsan Hüquqlarının Avropa Konvensiyasını və onun təsis etdiyi nəzarət mexanizmlərini təhlil edən bir sıra beynəlxalq hüquq mütəxəssisləri və dövlət xadimləri, belə bir nəticəyə gəlmişlər ki, bu saziş "dünyada insan hüquqları sahəsində ən mükəmməl və səmərəli müqavilə olmuşdur". Amerika professorları Mark Canis və Riçard Key ingilis hüquqşünasının verdiyi bu qiymətə tam tərəfdar çıxaraq, belə bir faktı möcüzə hesab edirlər ki, Konvensiyanı ratifikasiya etmiş ölkələr Avropa Məhkəməsinin, hətta mübahisəli qərarlarına belə sözsüz tabe olurlar.
Xüsusi qeyd olunmalıdır ki, Kovensiyada öz əksini tapmış və ona əlavə protokollarda inkişaf etdirilmiş norma və prinsiplər bu Konvensiyaya qoşulmuş dövlətin hüquqi səlahiyyət sahəsini xeyli dərəcədə məhdudlaşdırır, mülki cəmiyyətin demokratik strukturlarının formalaşması üçün əsas rolunu oynayır. Konvensiya öz yaratdığı nəzarət mexanizmləri sayəsində insan hüquqları və əsas azadlıqlarının təsirli və kəsərli təminatçısı kimi çıxış edir.
Müəllif yazır: "Mən bütün bunları göstərməklə Avropa Şurası üzvlüyünə qəbul edilmənin və deməli, beynəlxalq meydanda Avropa Konvensiyasının bərabərhüquqlu iştirakçısı kimi fəaliyyət göstərməyin nə qədər çətin, məsuliyyətli və eyni zamanda, şərəfli iş olduğunu nəzərə çarpdırmaq cəsarətini öz üzərimə götürürəm.
Ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özü üçün inkişaf yolu seçən Azərbaycan Respublikası beynəlxalq meydanda yürüdülən ardıcıl və məqsədyönlü siyasət nəticəsində 150-dən çox beynəlxalq-hüquqi sənədi təsdiq etmiş, o cümlədən, insan hüquqları sahəsində 20-dək beynəlxalq Konvensiya və müqaviləyə qoşulmuşdur. Bu sırada: Mülki və Siyasi Hüquqlar haqqında 1966-cı il Beynəlxalq Saziş (21 iyul 1992-ci il, 277 saylı qətnamə), qadınlar barəsində ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında 1979-cu il BMT Konvensiyası (30 iyun 1995-ci il, 1074 saylı qətnamə), soyqırımı cinayətlərinin qarşısının alınması və buna görə cəza haqqında 1948-ci il BMT Konvensiyası (31 may 1966-cı il, 97 saylı qətnamə əsasında), Uşaq Hüquqlarına dair 1959-cu il BMT Konvensiyası (20 noyabr 1959 və sair beynəlxalq hüquqi sənədlər göstərilə bilər).
Nəhayət, 22 yanvar 1998-ci ildə ölkə Prezidenti Cənab Heydər Əliyev "Azərbaycan Respublikasında ölüm cəzasının ləğv edilməsi haqqında" tarixi bəyanatı ilə ölkə cinayət-hüquq siyasətinin humanistləşdirilməsi, hüquq sisteminin, bütövlükdə beynəlxalq hüququn standartlarına, norma və prinsiplərinə uyğunlaşdırılması, Avropa Şurasına üzvlük üçün tələb olunan ən mühüm şərtlərindən birinə əməl edilməsi sahəsində qətiyyətli addım atmışdır. Ölüm cəzasının ləğvi prosesi ölkəmizin liderinə xas olan ardıcıllıq, qətiyyət və məntiqlə həyata keçirilmişdir".
3 fevral 1998-ci ildə Azərbaycan Respublikasında ölüm cəzasının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Milli Məclisə müraciəti dərc edilmiş və düz bir həftədən sonra respublika Prezidentinin Fərmanı və Azərbaycan Respublikasının MM-nin qərarı əsasında ölkədə ölüm cəzasının ləğv olunması ilə əlaqədar AR Cinayət və İslah-Əmək Məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu təsdiq edilmiş və nəhayət, Azərbaycan Respublikasının 11.12.98-ci il tarixli 582-10 saylı Qanunu əsasında Azərbaycan ölüm cəzasının ləğvinə yönəldilmiş mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Sazişə dair İkinci Fakultativ Protokolu imzalamışdır.
Bəşər tarixinin axıracan həll edilməyən, daim lehinə və əleyhinə qızğın mübahisə və müzakirələrə səbəb olan həyati mühüm bir problemin Azərbaycanda şübhə və tərəddüdlərə yer qoymayan bu cür qətiyyətlə həll edilməsi dünya ictimaiyyəti və müvafiq sahə mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilmişdir. Bu da təəccüblü deyil, belə ki, dünyanın bir çox mütərəqqi dövlətləri üçün bu, uzun sürən bir prosesə çevrilmişdir. Deyək ki, İngiltərədə 30 il əvvəl ölüm cəzasının tətbiqinə qoyulmuş moratorium indiyə qədər davam edir və vaxtaşırı parlamentin müzakirəsinə verilən bu məsələ ölüm cəzası əleyhdarlarının yalnız cüzi üstünlüyü ilə başa çatır, yəni bu problem hələ də öz qəti həllini tapmayıbdır.
Respublikamızın Prezidentinin Milli Məclisə müraciətində qeyd etdiyi kimi, Şərq aləmində ilk dəfə olaraq, Azərbaycanda ölüm cəzasının ləğvi ölkəmizin dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu yolu ilə inamla irəlilədiyini bir daha sübuta yetirmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci bəndinə əsasən, "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir".
Həmin maddənin 2-ci bəndinə əsasən, "Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir".
Konstitusiyanın 151-ci maddəsinə əsasən, "Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və Referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir".
Ə.Cəfərovun fikrincə, insan hüquqları ilə bağlı beynəlxalq sənədlərin, o cümlədən, İnsan Hüquqlarının Avropa Konvensiyasının Azərbaycan məhkəmələrində, bilavasitə tətbiqinin konstitusiya imkanlarından danışarkən, sözügedən sənədin 4 (dörd) müddəası üzərində xüsusi dayanmaq istəyirəm. Belə ki, hüquqi dövlətin formalaşmasında və hər kəsin hüquqlarının təmin edilməsində məhkəmə hakimiyyətinin müstəqilliyi prinsipi müstəsna əhəmiyyətə malikdir. Avropa Konvensiyasında məhkəmə hakimiyyətinin müstəqilliyi və qərəzsizliyi haqqında mühüm müddəalar bunlardır:
1) Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, məhkəmə qanun əsasında yaradılmalı, müstəqil və qərəzsiz olmalı, onun qərarları isə açıq elan edilməlidir.
Avropa Konvensiyasının bu çox mühüm müddəası Azərbaycan Konstitusiyasının 127-ci maddəsinin 1 və 2-ci bəndləri ilə tam və dolğun şəkildə əhatə edilmişdir. Bununla əlaqədar, həmin maddədə ifadə edilmiş fikri bir daha xatırlatmaq yerinə düşərdi:
1. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedir və səlahiyyətli müddətlərində dəyişilməzdirlər.
2. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.
Lakin bu məsələ ilə bağlı mən bir incəliyi qeyd etmək istəyirəm. Azərbaycan Respublikasının Avropa Şurasına qəbul edilməsi və sözügedən Konvensiyaya qoşulması ilə daha bir mürəkkəb mexanizm işə düşür ki, bu da yerli hakimlərin öz fəaliyyətlərində əsas beynəlxalq hüququn, o cümlədən, Avropa Konvensiyasının norma və prinsiplərinə istinad etmələri məsələsidir.
Bu, artıq başqa söhbətin mövzusu olsa da, indidən bu istiqamətdə müəyyən qayda və normaların, yaxud tövsiyələrin işlənib-hazırlanması yerli məhkəmələrin işində irəli çıxacaq çətinliklərin aradan qaldırılmasına xeyli kömək etmiş olardı.
2) Konvensiyanın 5, 6 və 7-ci maddələrinin məğzi, ümumi halda bu cür ifadə edilə bilər: "Məhkəmə orqanları mühakimə araşdırmasının ədalətlə aparılmasını, tutulan, həbsə alınan və ittiham edilən, habelə, cinayət və ya mülki proseslərdə iştirak edən bütün şəxslərin hüquqlarına riayət edilməsini təmin etməyə borcludurlar".
Azərbaycan Respublikası Konstitusiyasının 60, 63, 65, 67-ci maddələrində bu müddəalar tam və geniş əhatə edilmişdir. Məsələn, "hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı və cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçi köməyindən istifadə etmək hüququ vardır. Hər bir bu cür şəxsə dərhal onun hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir və s."
3) 3-cü maddədə hər bir insanın azadlıqlarını və şəxsi toxunulmazlığını təmin etmək məqsədilə, Avropa Konvensiyası azadlıqdan məhrumedilmə hallarında hüquqi təminatlar sistemini nəzərdə tutur.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru