PDF Oxu

MİA

  • 3 871

Avropa İnsan Hüquqları Konvensiyasında hüquq və azadlıqların müdafiəsi demokratiyanın əsas şərtidir

image

Konvensiyanın 12-ci maddəsində göstərilir ki, nikah yaşına çatmış kişilər və qadınlar nikaha daxil olmanın və ailə qurmanın həyata keçirilməsini tənzim edən, daxili qanunvericiliyə uyğun olaraq, nikaha daxil olmaq və ailə qurmaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsində öz ifadəsini tapmışdır. Burada göstərilir ki, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz.

Vəfaddin İbayev yazır: "Konvensiyanın 11-ci maddəsinin 1-ci bəndinə əsasən, hər bir insan dinc yığıncaqlar və həmkarlar ittifaqları yaratmaq və öz mənafelərini müdafiə etmək üçün, onlara üzv olmaq da daxil olmaqla, başqaları ilə assosiasiyalar azadlığı hüququna malikdir.

İsveçrəyə qarşı şikayətə baxarkən komissiya göstərmişdir ki, dinc yığıncaqlar demokratik cəmiyyətdə əsas hüquqlardan biridir... İctimai yerlərdə yığıncaqlar keçirilməsi üçün qabaqcadan razılıq alınması prosedurunun nəzərdə tutulması bu hüququn mövcudluğuna zidd deyildir. Bu prosedur 11-ci maddənin 1-ci bəndinin tələblərinə, o vaxt uyğun gəlir ki, hakimiyyətə yığıncaqların dinc xarakterini təmin etməyə imkan verməsin.

Konvensiyanın 11-ci maddəsinin 2-ci bəndinə əsasən, qanunla nəzərdə tutulanlardan və demokratik cəmiyyətdə dövlətin təhlükəsizliyi və ictimai asayiş mənafeləri, iğtişaşların və cinayətkarlığın qarşısının alınması, sağlamlığın, mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafıəsi məqsədilə zəruri olanlardan başqa, bu hüquqların həyata keçirilməsi məhdudlaşdırıla bilməz. Həmin maddə, silahlı qüvvələrin, polisin və dövlət idarəçiliyinin tərkibinə daxil olan şəxslər tərəfindən bu hüquqların həyata keçirilməsinə qarşı qanuni məhdudiyyətlər qoymasına mane olmur.

Konstitusiyanm 49-cu maddəsinə əsasən, hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır.

Hər kəsin başqaları ilə birlikdə müvafıq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək və piketlər düzəltmək hüququ vardır".

Konstitusiyanın 58-ci maddəsinə əsasən isə, hər kəsin başqaları ilə birləşmək hüququ vardır.

Konvensiyaya 1 N-li əlavə protokolun 1-ci maddəsinə əsasən, hər bir fıziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa. Heç kəs öz əmlakından məhrum edilə bilməz.

Müəllif qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 12 yanvar 1999-cu il tarixli "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında" qərarında, mülkiyyət hüququnu müdafıə edən normaları nəzərə alaraq, əlavə cəza növü kimi nəzərdə tutulan əmlak müsadirəsini yalnız cinayət törədilərkən istifadə edilən alət və vasitələr, habelə, cinayət yolu ilə əldə edilmiş əmlak barəsində tətbiq edilməsi barədə qərar verdi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsində məhkumun xüsusi mülkiyyətində olan əmlakının hamısının məcburi qaydada, əvəzsiz olaraq, müsadirə edilməsini nəzərdə tutan müddəaları qüvvədən düşmüş hesab etdi. Yaxud "Azərbaycan Respublikasında "Banklar və bank fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunu"nun 45-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə, 29-cu maddəsinin II, III hissələrinə, 59-cu maddəsinə və 71-ci maddəsinin II hissəsinə uyğunluğunun yoxlanılmasına dair" 19 noyabr 1999-cu il tarixli qərarında Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikasında "Banklar və bank fəaliyyəti haqqında qanun"un 45-ci maddəsinə əsasən, əmanətlərin üç ayadək dondurulmasını mülkiyyət hüququnun pozulması kimi qiymətləndirmiş və həmin maddəni qüvvədən düşmüş hesab etmişdir.

V.İbayev yazır: "Mülki və siyasi hüquqları tənzimləyən sənədlərdə bərabərlik, şəxsi keyfiyyətlərindən asılı olmayaraq, cəmiyyətin hər bir üzvünə qanunun düzgün və ardıcıl tətbiq olunmasında ədalətliliyi ifadə edir.

14-cü maddəsinə əsasən, Konvensiyada ifadə edilən hüquq və azadlıqlardan istifadə hər hansı bir əlamətə görə ayrı-seçkilik olmadan təmin edilir, yəni kiminsə hüquq və azadlıqları cinsinə, irqinə, dərisinin rənginə, dilinə, dininə, siyasi və sair əqidəsinə, milli və ya sosial mənşəyinə, milli azlığa mənsubiyyətinə, əmlak vəziyyətinə, doğumuna və sair hallara görə ayrı-seçkiliyə məruz qala bilməz.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir neçə qərarında ayrı-seçkiliyin yolverilməzliyi öz əksini tapmışdır. Bu cəhətdən, yuxarıda qeyd etdiyimiz 16 fevral 1999-cu il tarixli qərarda Bakı şəhərində qeydiyyatdan asılı olmayaraq, hər kəsin daşınmaz əmlak əldə etmək hüququ tanınmışdır.

12 mart 1999-cu il tarixli "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında" qərarda, şəxsin azadlıqdan məhrum edilməsindən asılı olmayaraq, yaşayış sahəsinə hüququnun saxlanılması ilə bu sahədə azadlıqdan məhrum olan şəxslərə qoyulan fərq aradan qaldırılmışdır. "Cinayət mühakimə icraatında zərərçəkmiş şəxsin iştirakı haqqında" 4 iyun 1999-cu il tarixli qərarda zərər çəkmiş şəxsin hüquqları mühakimə icraatının digər iştırakçılarının hüquqları ilə bərabərləşdirilmişdir.

"Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası qanununun 109-cu maddəsinin I hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25, 38 və 71-ci maddələrinə uyğunluğunun yoxlanılmasına dair" 29 dekabr 1999-cu il tarixli qərarında Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyası və qanunlarla yanaşı, Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə ünvanladığı "Məhkumların seçki, mülki və sosial hüquqları haqqında" sənədinin "Sosial hüquqlar" D bölməsinin 9-cu bəndinə əsaslanmış və qeyd etmişdir ki, məhkum edilmiş şəxs həbs olunana qədər sosial təminat hüququ qazanıbsa, həbsə alınma onu bu hüquqdan məhrum etməməlidir".

Avropa Məhkəməsi, eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi təcrübəsinə əsaslanaraq, "İnsan hüquq və əsas azadlıqlarının müdafıəsi haqqında" Avropa Konvensiyasının şərhi metodları və bu metodlardan istifadə məsələlərindən" əlbəttə, daha çox danışmaq olar. Təəssüf ki, bizim üçün ayrılmış vaxt buna imkan vermir. Ümid edirik ki, İnsan Hüquqları İnstitutu Avropa Məhkəməsinin qabaqcıl təcrübəsini yaymaq sahəsində işini bu cür seminarlarla yanaşı, müvafiq kitabların, vəsaitlərin nəşri yolu ilə də davam etdirəcəkdir.

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər