Belə hesab edirik ki, Azərbaycan Respublikasında son dövrlərdə qəbul edilmiş qanunlarda, məhz Avropa məhkəmələrinin təcrübəsindən istifadə olunur. Məsələn, əvvəllər ibtidai istintaqa rəhbərlik edən prokurorun məhkəmədə dövlət ittihamını müdafiə etməsinə yol verildiyi halda, 16 noyabr 1999-cu il tarixdə qəbul edilmiş "Prokurorluq haqqında" Qanunun 19-cu maddəsinin 2-ci hissəsinə əsasən, "ibtidai istintaq aparan və ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokuror dövlət ittihamını müdafiə edə bilməz".
Vəfaddin İbayev göstərir ki, Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, təqsirliliyi qanuna uyğun surətdə sübut edilməmiş hər bir müttəhim cinayəti törətməkdə təqsirsiz hesab olunur.
6-cı maddənin 3-cü bəndi cinayət törətməkdə təqsirli bilinmiş şəxslərin minimum hüquqlarını nəzərdə tutur.
6-cı maddənin 3-cü "a" bəndində müttəhimin ona elan edilmiş ittihamın xarakteri və əsasları haqqında bildiyi dildə dərhal və ətraflı məlumat almaq, 6-cı maddənin 3 "b" bəndində müttəhimin öz müdafiəsinə hazırlaşmaq üçün kifayət qədər vaxta və imkana malik olmaq, 6-cı maddənin 3-cü "ç" bəndində özünü şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə müdafiə etmək, müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, ədalət mühakiməsinin mənafeləri tələb etdikdə, təyin edilmiş ödənişsiz müdafiəçiyə malik olmaq hüquqi nəzərdə tutulub.
"İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsinin 256 və 259-cu maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə uyğunluğuna dair" Konstitusiya Məhkəməsinin 13 iyul 1999-cu il tarixli qərarı müdafiə hüququnun təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, İnzibati Hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsinin 256 və 259-cu maddələrində inzibati hüquqpozma törətmiş şəxsin tutulduğu andan müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququnun nəzərdə tutulmamasını Konstitusiya Məhkəməsi hüquqi yardım almaq hüququnun məhdudlaşdırılması kimi qiymətləndirmiş və inzibati qaydada tutulan hər bir şəxsin tutulduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququnun təmin olunmasını zəruri hesab etmişdir.
6-cı maddənin 3-cü "ç" bəndində müttəhim ona qarşı ifadələr vermiş şahidləri dindirmək və ya həmin şahidlərin dindirilməsi və ona qarşı ifadə verən şahidlərə aid şərtlərlə dindirməyə öz şahidlərinin çağırılması hüququna malik olması, 6-cı maddənin 3-cü "d" bəndində müttəhimin məhkəmədə istifadə edilən dili başa düşmədikdə və ya həmin dildə danışa bilmədikdə tərcüməçinin pulsuz köməyindən istifadə etmək hüququ nəzərdə tutulub.
Konvensiyanın 7-ci maddəsinin birinci bəndinə əsasən, heç kəs hər hansı hərəkət və ya səhv nəticəsində daxili və ya beynəlxalq hüquqla törədildiyi anda cinayət kimi tanınmayan əməli törətməkdə təqsirli hesab edilə bilməz. Eynilə də, cinayətin törədildiyi anda tətbiq edilməli olan cəzadan daha ağır cəza təyin edilə bilməz.
7-ci maddənin 2-ci bəndində göstərilir ki, "bu maddə hər hansı şəxsin, hər hansı hərəkəti və ya səhvi üzündən törətdiyi anda, sivilizasiyalı ölkələrin tanıdığı, ümumi hüquq prinsiplərinə uyğun olaraq, cinayət hesab edilən əməli törətməsinə görə məhkəməyə verilməsinə və cəzalandırılmasına mane olmur.
Konvensiyanın 8-ci maddəsinə əsasən, hər bir insan, onun şəxsi və ailə həyatına hörmət edilməsi, mənzil toxunulmazlığı və yazışma sirri hüququna malikdir. Qanunla nəzərdə tutulan və demokratik cəmiyyətdə dövlətin təhlükəsizliyi ictimai qayda və ya ölkənin iqtisadi rifahı mənafeləri, iğtişaşların və ya cinayətlərin qarşısının alınması, sağlamlığın mühafizəsi, yaxud mənəviyyatın müdafiəsi və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə, qaydanın qorunması və cinayətlərin qarşısının alınmasının zəruriliyi istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət orqanlarının qarışması yolverilməzdir.
Müəllif yazır: "Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsində də oxşar hüquqlar öz əksini tapmışdır. Burada göstərilir ki, hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa şəxsi həyata müdaxilə etmək qadağandır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanmasına, saxlanmasına, istifadəsinə və yayılmasına yol verilmir.
Konstitusiya Məhkəməsinin 29 dekabr 1998-ci il qərarını xatırlamaq da yerinə düşərdi. Qərarda hər hansı bir şəxs özünə, arvadına, (ərinə) övladlarına, qardaşına, bacısına qarşı ifadə verməkdən imtina etdikdə, habelə, onlara qarşı ifadə verməyə məcbur edilərək qəsdən yalan ifadə verdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 70-ci maddəsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179 və 181-ci maddələrinə əsasən, məsuliyyətə cəlb edilə bilməz.
Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndinə əsasən, hər bir insan öz fikrini azad ifadə etmək hüququna malikdir, bu hüquqa öz fikrinə tərəfdar çıxmaq, dövlət orqanları tərəfindən maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumatları almaq və yaymaq azadlığı daxildir. Bu maddə radio, televiziya və ya kinomatoqrafiya idarələrinin lisenziyalaşdırılmasında dövlətlərə mane olmur.
Qəzetin funksiyası, ümumilikdə, informasiya və ideyaların dərc edilməsi olduğuna görə, bu funksiyanın həyata keçirilməsinin məhdudlaşdırılmasına aid hər hansı bir məsələ istisna ilə bağlı olur.
Bir çox hallarda həm mətbuat, həm də dövlət özfəaliyyətinə haqq qazandırmaq üçün cəmiyyətin mənafeyinə istinad edir".
Fikri sərbəst ifadə etmək demokratik cəmiyyətin ayrılmaz hissəsindən, hər bir insanın tərəqqisinin və inkişafının mühüm şərtlərindən biridir. Bu, təkcə zərərsiz hesab edilən və qəbul olunan "informasiya"lara və "ideya"lara münasibətdə yox, həm də dövləti və ya əhalinin müəyyən bir hissəsini təhqir edən, silkələyən və əngəl törədən hallarda işlədilə bilər. Bu, "demokratik cəmiyyət"in onsuz mövcudluğu qeyri-mümkün ola bilən plüralizmin və dözümlülüyün tələbidir.
Avropa Şurasının İnsan Hüquqları Baş Direktorluğunun proqram məsləhətçisi, hüquq elmləri doktoru İneta Ziyemele 13-14 aprel 2000-ci ildə Bakıda "İnsan Hüquqlarının Avropa Konvensiyası: yeni təfəkkürün vasitə və yolları" mövzusunda keçirilən seminardakı çıxışına əsaslanaraq məruzə etmişdir. Seminarı Azərbaycan Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu Avropa Şurasının İnsan Hüquqları Baş Direktorluğu ilə birlikdə təşkil etmişdir.
Məruzə həmin çıxışın bütöv işlənib-hazırlanmış bir mülahizəsidir və o, heç də 10-cu maddənin bütün məzmununun, İnsan Hüquqlarının Avropa Məhkəməsinin hüquqi sənədlərini əhatə etmir.
Məruzədə aşağıdakı məsələlərə toxunulmuşdur. Birincisi, İnsan Hüquqlarının Avropa Konvensiyasının digər maddələrlə müqayisədə bu maddənin quruluşunun xüsusiyyətlərini qeyd edilmiş, bu maddələrin fərqlərinin əsas səbəblərinin Sizin nəzərinizə çatdırılmasına səy göstərilmişdir. İkincisi, öz fikrini sərbəst ifadə etmək hüququnun müdafiəsi ilə insan hüquqları üzrə digər beynəlxalq müqavilələrə uyğun müdafiə arasındakı əlaqə qısaca şərh edilmişdir. Sonra onuncu maddənin əhatə dairəsini və məzmununu bütün təfsilatı ilə şərh etmiş, bu maddənin müdafiə etdiyi fikri sərbəst ifadə etməyi həyata keçirən vasitələrə və formalara xüsusi diqqət yetirilmişdir. Sonda, öz fıkrini sərbəst ifadə etmək hüququnun həyata keçirilməsinin dövlət tərəfindən məhdudlaşdırılmasına dair nümunələr göstərilmişdir.
1) Hər kəs öz fikrini sərbəst ifadə etmək hüququna malikdir. Bu hüquq özlüyündə fikir azadlığını, dövlət orqanları tərəfindən müdaxilə olmadan və dövlət hüdudlarından asılı olmayan informasiyalar və ideyalar almaq və yaymaq azadlığını ehtiva edir. Bu maddə dövlətə radio, televiziya və ya kinematoqrafiya müəssisələrinə lisenziya verilməsinə mane olmur.
2) Vəzifə və məsuliyyət tələb edən bu azadlıqların həyata keçirilməsi qarışıqlığın və cinayətin qarşısının alınması, başqalarının səhhətinin və əxlaqının, hüququnun qorunması, məxfi şəkildə əldə olunmuş informasiyanın yayılmasının və ya ədalət məhkəməsinin nüfuzunun və qərəzsizliyinin təmin olunması məqsədilə dövlətin təhlükəsizliyi, ərazi bütövlüyü və ya ictimai asayişin maraqları baxımından, demokratik cəmiyyət üçün məcburi olan şərtlərlə, məhdudiyyətlərlə və ya cərimə sanksiyaları ilə müşayiət oluna bilər.
Qeyd etmək lazımdır ki, onuncu maddənin quruluşu İHAK-ın 8,9 və 11-ci maddələrinin quruluşu ilə oxşardır. Həmin maddələrin birinci hissəsi ayrılıqda hər hansı azadlıq hüququnu, yəni fikir, din və birləşmək (cəmiyyət) hüququnu ifadə edir.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru