PDF Oxu

MİA

  • 4 337

İnsan hüquqları Avropa dəyəri kimi: yeni demokratik təfəkkürün reallaşması yolları

image

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan fəal surətdə Ümumavropa inteqrasiya proseslərinə daxil olmuşdur. Bu gün respublika ardıcıl şəkildə hüquqi islahatların aparılması yollarını həyata keçirir. Onun da əsas məqsədi qəbul edilmiş hüquqi dövlət normalarının, yeni demokratik təsisatların yaradılmasını, insan hüquqlarının qorunmasını reallaşdırmaqdır.

"İnsan Hüquqları və Avropa Konvensiyası" kitabında göstərir ki, bu, uzun bir prosesdir. Digər tərəfdən, o, keçmiş SSRİ-dən miras qalan totalitar rejimin təzyiqi ilə ölkədə keçid dövrünün çətinlikləri ilə üzləşir. Amma Azərbaycan xalqının cəmiyyətin demokratikləşdirilməsinə, dünya birliyinə inteqrasiya etməsinə göstərdiyi səyləri nəzərə alaraq, inamla Azərbaycanda demokratik proseslərin dinamik inkişafını proqnozlaşdırmaq mümkündür. Çünki respublikanın xarici siyasətinin üstünlükləri dəyişməz olaraq qalır. Onlar təbii şəkildə insan hüquqlarının müdafəsi sahəsində sanballı təcrübəyə malik beynəlxalq, dövlət və qeyri-hökumət təşkilatları ilə daha sıx əməkdaşlıq etməyi nəzərdə tutur.

Yadda saxlamaq lazımdır ki, dövlət insanları və qrupları hüquqlarına və azadlıqlarına görə bir-birindən fərqləndirmir. Bu hüquq və azadlıqlar ona görə mövcuddur ki, onların bir çoxu təbiətən insana məxsusdur (fikri sərbəst ifadə etmək və s.). Eyni zamanda, onların bəziləri sivil cəmiyyətin fəaliyyət göstərməsinin əsasını təşkil edir. Demokratiya yolunda həlledici rol oynayır və qanunların nizamnaməsi ilə idarə edilir (işgəncənin qadağan olunması, ədalətli məhkəmə və s.). Dövlət vətəndaşların bu hüquqlara malik olmasını təmin etməyə borcludur. Başqa sözlə desək, dövlət insan hüquqlarının təmin olunması üçün bir mexanizmdir. Əgər dövlət bir-birilə eyniyyət təşkil edən fikri sərbəst ifadə etmək və şəxsi həyatın toxunulmazlıq hüququ kimi hüquq və azadlıqları tarazlaşdırmaq vəziyyəti ilə qarşılaşırsa, onda həmin hüquq və azadlıqlar öz fəaliyyətində tam azad deyildir. Dövlətin azad fəaliyyəti 8-ci və 10-cu maddələrin ikinci hissəsinin tələblərini şərtləndirən hüquqlarla tarazlıq təşkil etməlidir. Amma İHAK və insan hüquqları üzrə digər beynəlxalq müqavilələrdə göstərilir ki, dövlət eyniyyət təşkil edən iki fərdi hüquqları və ya bütöv cəmiyyətin fərdi hüquq və maraqlarını tarazlaşdırarkən, həmin cəmiyyətin özünəməxsus mədəni xüsusiyyətlərini, onun adət-ənənələrini nəzərə almalıdır.

Mülki və Siyasi Hüquqların Beynəlxalq Müqaviləsinin (gələcəkdə MSHBM) 19-cu maddəsi İHAK-ın 10-cu maddəsinin müzakirəsində xüsusi əhəmiyyət kəsb edir və aşağıdakıları nəzərdə tutur:

1) hər bir şəxs müdaxilə olmadan fikrini söyləmək hüququna malikdir;

2) hər bir şəxs fikrini sərbəst ifadə etmək hüququna malikdir; bu hüquq özündə maneələrə baxmayaraq şifahi, yazılı və ya çap olunmuş şəkildə, habelə, incəsənət əsəri kimi və ya mətbuat vasitəsilə informasiyanın və istənilən ideyanın toplanmasını və yayılmasını ehtiva edir;

3) bu maddənin 2-ci paraqrafında nəzərdə tutulan hüquqların həyata keçirilməsi xüsusi məsuliyyət tələb edir. Bu səbəbdən, o, müəyyən məhdudiyyətlərlə müşayiət oluna bilər. Məhdudiyyətlərə yalnız qanunda nəzərdə tutulan məcburi hallarda yol verilir:

a) başqa şəxslərin hüquqlarına hörmətlə yanaşmaq;

b) dövlət təhlükəsizliyini və ictimai asayişi qorumaq.

Fikri sərbəst ifadə etmək hüququ dedikdə, informasiya və ideyaların alınması hüququ, habelə, onların yayılması hüququ nəzərdə tutulur. 19-cu maddə fikri sərbəst ifadə etməyi gerçəkləşdirməyin forma və üsullarını müəyyənləşdirir. Bu, şifahi, yazılı, nəşr olunmuş və ya incəsənət əsəri kimi digər formalardan ibarətdir. Bu üsul və formaların siyahısı tükənməzdir. Əlaqə vasitələrinin texnologiyasının inkişafına uyğun olaraq, fikri sərbəst ifadə etməyi gerçəkləşdirməyin yeni forma və üsulları meydana çıxır. Fikri sərbəst ifadə etməyi həyata keçirməyi məhdudlaşdıran səbəblərin siyahısı İHAK-ın 10-cu maddəsinin müvafiq siyahısındakından xeyli azdır.

Yadda saxlamaq lazımdır ki, sivil dövlətlər insan haqlarının bir çox beynəlxalq müqavilələrini imzalayıblar. Dövlət təsisatları və məhkəmələr həmin müqavilələrə uyğun fəaliyyət göstərməlidir. Milli qanunvericilik aktları dövlətin qəbul etdiyi bütün beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Çünki İnsan Hüquqlarının Avropa Məhkəməsi İHAK üzvü olan dövlətlərin həmin standartlara əməl etməsinə ciddi şəkildə nəzarət edir. Eyni zamanda, yaddan çıxarmaq lazım deyil ki, Millətlər Birliyinin İnsan Hüquqları Komitəsi də dövlətlərin MSHBM standartlarına riayət etməsinə nəzarət edir. Fikri sərbəst ifadə etməyin bir sıra əsaslarına münasibətdə bu standartlar olduqca ciddi ola bilər və fikri sərbəst ifadə etməyə təminat verən dövlətlər tərəfindən qanun pozuntusuna yol verilməz.

MSHBM ictimai təsisatlardan informasiya almaq hüququna münasibətdə İHAK-dan özünəməxsus şəkildə fərqlənir. Demokratik dövlətlərdə məhkəmələr insan hüquqlarının qorunması ilə bağlı problemlərin həllinə, konstitusiya və digər beynəlxalq müqavilələr daxil olmaqla, hüquqi sistem çərçivəsində baxmağa cəhd etməlidir. Buna insan hüquqlarının qorunmasına dair qərarların qəbul olunmasını tələb edən demokratiya prinsipi əsas verir.

Adıçəkilən kitabda göstərilir ki, demokratik dövlətdə insan hüquqları və azadlıqları, habelə, onların qorunması dövlətin başlıca vəzifəsidir. Dövlət insan hüquqlarına təminat verən başlıca mexanizmdir. İctimai rəhbərliyin şəxsi hüquqları məhdudlaşdıran qərarları hökmən mövcud olan beynəlxalq müqavilələrə uyğunlaşdırılmalı və qanunun əsas prinsiplərini nəzərə almalıdır.

Bu məruzə Birləşmiş Krallığa qarşı Hendisayd işi üzrə məhkəmənin qərarından misal çəkməklə başlanır. O zaman Avropa Məhkəməsi İHAK-a uyğun olaraq, fikri sərbəst ifadə etmək hüququnu və onun demokratik cəmiyyətdə oynadığı rolu müəyyənləşdirmişdir. Həmin məhkəmə işi uşaqlar üçün Kiçik Qırmızı Dərsliyin nəşrində seksual məsələlərə şərh verməkdən gedirdi.

Anlamaq lazımdır ki, fikri sərbəst ifadə etmək hüququ cəmiyyətin müəyyən bir hissəsini sarsıda da bilər. Ona görə də, bu fikri sərbəst ifadə etmək hüququnun dövlət tərəfindən məhdudlaşdırılmasına əsas verir. Amma indiki halda, Məhkəmə Birləşmiş Krallığın hakimiyyət orqanlarının həmin kitabın cəmiyyətin əxlaqi dəyərlərinə ziyan vurduğunu əsas gətirərək, onun nəşrinə qoyduğu məhdudiyyətə bəraət qazandırdı. Bu iş üzrə məhdudiyyətlərin şərhinə 5-ci hissədə geniş yer veriləcək.

İndiki mərhələdə başa düşmək lazımdır ki, demokratik cəmiyyətdə fikri sərbəst ifadə etməyin müxtəlif növləri var. 10-cu maddədəki "hər bir şəxs fikri sərbəst ifadə etmək hüququna malikdir" cümləsi, məhz bu mənanı kəsb edir.

Sonrakı məsələ fikir, ideya və informasiyaların 10-cu maddəyə uyğunlaşdırılmasından ibarətdir. Məsələn, adamlar küçədə söhbət edir və fikir mübadiləsi aparırlar. Bu vəziyyət 10-cu maddəyə uyğun olaraq təsbit olunurmu? Həmin maddədə deyilir ki, hər bir şəxs fikrini ifadə etmək, informasiya və ideya toplayıb yaymaq hüququna malikdir. Məsələn, dostu ilə fikir mübadiləsi apardığı zaman həmin şəxsin xəbəri olmadan, onun telefon söhbəti hökumət orqanları tərəfindən dinlənilirsə, bu, şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması hesab edilə bilər. Nəzərə almaq lazımdır ki, cinayət hadisəsinin qarşısını almaq üçün məcburi ölçü kimi telefon danışığının dinlənilməsinə müstəqil və qərəzsiz hakim tərəfindən sanksiya verilməlidir. Məhkəmə hüquqi sənədlərdə, 8-ci maddənin ikinci paraqrafında deyildiyi kimi, telefon danışıqlarının dinlənilməsi və ya şəxsi həyatın toxunulmazlıq hüququna digər qanun müdaxiləsini nəzərdə tutan tələblərin siyahısını işləyib-hazırlamışdır. Bir fakt göz qabağındadır ki, hər bir şəxs sərbəst fikir yürüdə bilər, onu başqa şəxslərlə bölüşə bilər. Üstəlik, əgər həmin şəxs öz fikrini qəzetdə çap etdirib və ya onu elektron-kütləvi informasiya vasitəsilə bəyan edirsə, bu, 10-cu maddədən istifadə etmək üçün əsas verir. Məhkəmə öz fəaliyyətində sərbəst fikir yürütmək haqqında 10-cu maddəyə əməl olunmasını müəyyənləşdirmək üçün iki meyar işləyib-hazırlamışdır. Onlardan birincisi, "istisna vasitə" prinsipi adlanır. Bu prinsipə görə, bir suala cavab vermək lazımdır. Şəxsin verdiyi informasiya fikri ifadə etməyin yeganə üsuludurmu? İkincisi, "ictimai maraq" prinsipi adlanır. Bu, prinsipə görə fikri sərbəst ifadə etməyin nə dərəcədə ictimai həyata gərəkli olduğunu müəyyənləşdirməkdən ibarətdir.

"İnsan Hüquqları və Avropa Konvensiyası" kitabında deyilir: "Başqa sözlə desək, informasiya və ideya vasitəsilə fikri sərbəst ifadə etməyi gerçəkləşdirməyin 10-cu maddəyə aid olduğunu müəyyənləşdirmək üçün aydınlaşdırmaq lazımdır ki, qəzet, elektron kütləvi informasiya vasitələri kimi müstəsna vasitələrdən istifadə etmədən fikri sərbəst ifadə etməyi gerçəkləşdirməyin başqa üsulları mövcud olubmu? Müəyyənləşdirmək lazımdır ki, öz fikrini ifadə etmək azadlığı ictimai marağı əks etdirirmi? Hər iki suala müsbət cavab verildikdə, 10-cu maddə tətbiq olunur. İsveçrəyə qarşı Müllerin və başqalarının işində (1988-ci il) məhkəmə elan etmişdir ki, 10-cu maddə "istənilən növdə mədəni, siyasi, sosial informasiyaların və ideyaların ictimai fikir mübadiləsi"ni müdafiə edir. Bu meyarlara baxmayaraq, cəmiyyətdə demokratik proseslərə yardımçı olan fikir azadlığının həyata keçirilməsinin başqa nümunələrinin mövcudluğunu da sübut etmək çətindir. İHAK-ın əsas məqsəd və vəzifələrinə (səmərəli siyasi demokratiya, qanun nizamnaməsi və insan haqlarının qorunması) uyğun olaraq, demokratiyanın səmərəliliyinə yardımçı olan fikir azadlığının həyata keçirilməsi 10-cu maddə ilə qorunur. Başqa sözlə desək, hər bir vəziyyət, İHAK-ın əsas vəzifələrinə çatmaq məqsədilə, özünəməxsus kontekstdə nəzərdən keçirilməlidir. Məsələn, məhkəmə öz fikrini müəyyən bir dildə ifadə etmək tələbi ilə çıxış etmək səlahiyyətinə malik deyildir.

Bir çox Avropa ölkələrində adamlar rəsmi dövlət dilində danışmırlar. Odur ki, onların öz fikirlərini sərbəst ifadə etmək imkanı məhduddur. Çünki onlar fikirlərini rəsmi dövlət dili ilə tam ifadə edə bilmirlər. Bu cür hallarda məhkəmə İHAK-ın 10-cu maddəsinin pozulmasını qeydə ala bilər. Fikri sərbəst ifadə etmək azadlığı həm rəsmi dövlət dilində, həm də başqa dillərdə danışan şəxslərə təminat verir. Aydındır ki, fikir azadlığı demokratik proseslərin ayrılmaz ünsürü və bu proseslərdə ayrı-ayrı şəxslərin və qrupların (yəni milli azlıqların) iştirakına təminat verən üsuldur.

Bu yanaşma üsulu Avropa Şurasının Nazirlər Komitəsinin Kütləvi İnformasiya Vasitələri ilə Plüralizmə Yardım Haqqında Tövsiyələrinə (N R 99) uyğundur. Bu Tövsiyələrdə qeyd olunur ki, kütləvi informasiya vasitələri, o cümlədən, ictimai radio şəbəkəsi linqvistik, sosial, iqtisadi, mədəni və ya digər siyasi azlıqlar daxil olmaqla, müxtəlif qruplara özünü ifadə etmək imkanı yaratmalıdır".

10-cu maddəyə uyğun olmasını müəyyənləşdirmək istəyirsə, burada əsas amil sübuta ehtiyacı olan informasiya təminatı ilə etibarlı mənbə arasında fərqi müəyyənləşdirməkdir. Avstriyaya qarşı Oberşlik işində (1991-ci il) məhkəmə bəyan etmişdir ki, əgər fikri sərbəst ifadə etmək etibarlı mənbəyə əsaslanırsa, onu sübut etmək çətindir. Dövlət hakimiyyət orqanları tərəfindən etibarlı mənbəni sübuta yetirmək tələbi, ümumiyyətlə, fikir azadlığının həyata keçirilməsinə müdaxilə hesab olunur. Bu halda, Avstriya qadınlarına və mühacirətdə olan qadınlara ödənilən pul yardımı haqqında siyasətçinin bəyanatı qəzetdə yenidən çap olunmuş və eyni zamanda, bu bəyanat haqqında məqalə müəllifinin fikrini əks etdirmişdir. Məqalə müəllifi öz fikirlərini sübuta yetirə bilmədiyi üçün məhkum olunmuşdur. Məhkəmə qeyd etmişdir ki, siyasətçinin bəyanatı yenidən çap olunub və müəllifin fikri etibarlı mənbəyə əsaslandığından, sübuta ehtiyac olmayıbdır. Bu mənada, irəli sürülən istənilən tələb 10-cu maddənin pozulması deməkdir.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər