Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində deyilir: "Hər kəs azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir. Qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa, heç kəs azadlıqdan məhrum edilə bilməz".
Vəfaddin İbayev yazır: "Azərbaycan Respublikası Konstitusiyasının "Təqsirsizlik preziumpsiyası haqqında" 63-cü maddəsi Konvensiyanın bu müddəasını tam əhatə edir.
Daha sonra, Avropa Konvensiyasının 5-ci maddəsinin 4-cü bəndində göstərilir ki, "tutulma və ya həbsəalma nəticəsində azadlıqdan məhrum olunan hər bir kəs araşdırma hüququna malikdir və bu zaman məhkəmə, təxirə salınmadan onun tutulmasının qanuniliyi məsələsini həll edir və əgər o, qeyri-qanuni tutulubsa, azad olunması haqqında qərar çıxarır".
Bu norma həbsdə saxlanılmanın qanuniliyinə nəzarəti təmin edir. Bu prosedura bir çox ölkələrdə latın termini - "habeas korpus" adı ilə tanınır.
AR Konstitusiyasında Avropa Konvensiyasının bu mühüm normasına tam uyğun gələn müddəa olmasa da, Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual, Mülki və s. məcəllələrində bu norma ilə səsləşən, bu və ya digər dərəcədə onu əhatə edən müvafiq maddələr mövcuddur.
Nəhayət, Avropa Konvensiyasının məhkəmə işi ilə bağlı daha bir müddəası onun 5-ci maddəsinin 5-ci bəndində və ona əlavə olan 7 №-li protokolun 3-cü maddəsində ifadə edilmişdir".
"Bu maddənin göstərişlərinə zidd olaraq və ya məhkəmə səhvi nəticəsində həbs olunan və ya tutulan hər bir kəs iddia ilə təmin olunan kompensasiya hüququna malikdir".
Bu norma ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiyasının 78-ci maddəsinə oxşar müddəa öz əksini tapmışdır: "...Zərərçəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır". Daha sonra ikinci bənddə göstərilir: "Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır".
Müəllifin fikrincə, hazırda cinayət-prosessual qanunvericiliyində əhəmiyyətli dəyişikliklər gözlənilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi yaxın vaxtda qəbul olunacaqdır. Ümid edirik ki, yeni qanunvericilik Konvensiyanın tələblərinə tam cavab verəcəkdir.
5-ci maddənin 4-cü bəndinə əsasən, azadlıqdan məhrum edilmiş hər bir kəsə həbsdə və ya həbs altında saxlama nəticəsində araşdırma hüququ verilir. Araşdırma gedişində məhkəmə onun tutulub saxlanmasının qanuniliyi haqqında məsələni təxirə salmadan həll edir və ya tutulub saxlama qanunsuz olduqda, onun azad edilməsi barədə qərar çıxarır.
Konvensiyanın həmin maddəsi ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Təhqiqat aparan şəxs, müstəntiq və ya prokuror tərəfindən tətbiq edilmiş həbsəalma qətimkan tədbirindən verilmiş şikayətlərə baxılma qaydasının müəyyən edilməsi məsələsinə dair" 12 may 1999-cu il tarixli qərarı mühüm əhəmiyyət kəsb edir. Cinayət-prosessual qanunvericiliyə əsasən, təhqiqat aparan şəxsin, müstəntiqin və prokurorun hərəkətlərindən və qərarlarından, o cümlədən, həbsəalmanın tətbiq edilməsindən həbsə alınmış şəxsin şikayət etməsi nəzərdə tutulmayıbdır. Konstitusiya Məhkəməsi göstərilən qərarında Azərbaycan Respublikası Milli Məclisinə təhqiqat aparan şəxs, müstəntiq və ya prokuror tərəfindən tətbiq edilmiş qəti imkan tədbirindən məhkəməyə şikayətvermə və onun tərəfindən həmin şikayətlərə baxılma qaydalarının müəyyən edilməsini tövsiyə etmişdir.
5-ci maddənin 5-ci bəndinə əsasən, həmin maddənin müddəalarının pozulması ilə aparılan həbsin və ya tutub saxlamanın qurbanı olan hər bir şəxs iddia qüvvəsinə malik kompensasiya hüququ əldə edir. Bu bəndə müvafiq olaraq kompensasiya rüsumu həm maddi, həm də mənəvi ziyanı əhatə edir. 5-ci maddənin 5-ci bəndinin tətbiq olunması üçün, ilk növbədə, fərd bu cür kompensasiyanı arzu etməli və milli məhkəmə səviyyəsində iddia verməlidir. Konvensiya üzrə yaradılmış orqanlar həmin maddədə nəzərdə tutulmuş müddəaların pozuntusunu aşkar etməsələr, kompensasiya haqqında tələbə baxılmayacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsində zərərin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilir ki, "cinayət, habelə, hakimiyyətdən sui-istifadə nəticəsində, zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərərçəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində, vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır". 29 dekabr 1998-ci ildə qəbul edilmiş "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" Azərbaycan Respublikası Qanununda Konvensiyanın təminat verdiyi hüquq daha ətraflı təsbitini tapmışdır.
V.İbayev yazır: "Konvensiyanın 6-cı maddəsi və 7 №-li protokolun 2, 3, 4-cü maddələrində işin ədalətli araşdırılması hüququ nəzərdə tutulmuşdur. 6-cı maddənin 1-ci bəndi həm mülki, həm də cinayət işlərinə aid olduğu halda, 2-ci və 3-cü bəndləri ancaq cinayət işlərinə aiddir.
6-cı maddənin 1-ci bəndi ədalət mühakiməsinin həyata keçirilməsinin ədalətliliyinə aid bir neçə müddəanı nəzərdə tutur. Ədalət mühakiməsinin həyata keçirilməsi üçün fərdin, ilk növbədə, məhkəməyə müraciət etmək imkanı olmalıdır. Konvensiyaya əsasən, hüquqlarının pozulmasının güman edildiyi işlər üzrə məhkəməyə müraciət etmək prinsipi dövlət tərəfindən məhkəmə nəzarətinin müəyyən sahələrdə və ya müəyyən kateqoriya şəxslərə münasibətdə məhdudlaşdırılmasının yolverilməzliyini müəyyən edir.
Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə müvafiq olaraq, vətəndaşların dövlət orqanlarına şəxsən müraciət etmək, habelə, fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin insan hüquq və azadlıqlarının təmini sahəsində fəaliyyətinin bir qolunu da fiziki şəxslərin təşəbbüsü ilə daxil olan sorğulara baxılması təşkil edir. "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 4-cü maddəsinə əsasən, "şəxsin hüquqları və azadlıqları qüvvədə olan normativ aktlarla pozulduqda, o, müvafiq məhkəmələrin vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət edərək, məsələnin Konstitusiya Məhkəməsinə sorğu vermək yolu ilə göndərilməsini xahiş edə bilər".
Bu normada biz iki cəhətə diqqətin cəlb edilməsini zəruri hesab edirik.
Əvvəla, "müvafiq məhkəmələr vasitəsilə Ali Məhkəməyə müraciət edilməsi" ifadəsi heç də şəxsi birbaşa Ali Məhkəməyə müraciət etmək imkanlarından məhrum etmir. Çünki bu cür müraciətin hüquqi əsası Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsində və digər qanunlarda öz ifadəsini tapmışdır. Yəni şəxs hər hansı dövlət orqanına, o cümlədən, Konstitusiya Məhkəməsinə də müraciət edə bilər. Burada, əlbəttə ki, Konstitusiya Məhkəməsinə müraciət hüququ ilə sorğu vermək hüququ fərqləndirilməlidir. 4-cü maddədə nəzərdə tutulmuş "müvafiq məhkəmələr vasitəsilə Ali Məhkəməyə müraciət edilməsi" ifadəsi şəxsi birbaşa Ali Məhkəməyə müraciət etmək imkanından məhrum etmir. Diqqət yetirilməsini zəruri hesab etdiyimiz ikinci məsələ 4-cü maddədə ifadəsini tapmış "şəxsin hüquqları və azadlıqları qüvvədə olan normativ aktlarla pozulduqda" ifadəsinə aiddir. Fərdi şikayətlə əlaqədar həyata keçirilən konstitusiya mühakiməsinin iki forması fərqləndirilir: konkret fərdi şikayət və mücərrəd fərdi şikayət. Konkret fərdi şikayəti fiziki şəxs ancaq məhkəmədə onun işinə baxıldığı vaxt və onun barəsində tətbiq olunan qanun və ya normativ aktla əlaqədar verə bilər. Mücərrəd fərdi şikayət isə verilərkən şəxs konkret işlə əlaqədar tətbiq olunan normativ aktla bağlı olmur.
Müəllif qeyd edir ki, Konstitusiya Məhkəməsi haqqında qanunun 4-cü maddəsində fərdi şikayətin hər iki forması - həm konkret fərdi şikayət, həm də mücərrəd fərdi şikayət nəzərdə tutulur.
6-cı maddənin 1-ci bəndində öz əksini tapmış digər prinsip bu və ya digər məhkəmə instansiyasına müraciətin formal deyil, real olması prinsipidir. Yəni bu müraciət üçün müəyyən edilmiş rüsumlar və prosedurun özü elə olmalıdır ki, şəxsi məhkəməyə müraciət hüququndan məhrum etməsin.
Nəzərə almaq lazımdır ki, Strasburq orqanları bu və ya digər inzibati və məhkəmə orqanlarının qərarlarından narazılığa deyil, 6-cı maddə ilə təminat verilmiş hüququn tanınmaması ilə bağlı məsələlərə baxır.
6-cı maddənin 1-ci bəndində öz əksini tapmış prinsiplərdən biri də aşkarlıqdır. Bu prinsip Azərbaycan Respublikası qanunvericiliyində öz əksini tam tapmışdır.
6-cı maddədə ifadəsini tapmış "ağlabatan müddət" təkcə məhkəməyə kimi olan müddəti nəzərdə tutmur. Bura məhkəmə baxışının ümumi davametmə müddəti, yuxarı məhkəməyə, yəni Ali Məhkəməyə kimi şikayət vermək imkanını da əhatə edən müddət daxildir.
Bu müddət, əlbəttə ki, subyektiv xarakter daşıyır və məhkəmələrdən aşağıdakıların nəzərə alınmasını tələb edir: işin mürəkkəbliyi, ağlabatan müddətə riayət olunmamasının nəticələri, müvafiq orqanların operativ işi, şikayətçinin özünün davranışı və s.
Simmerman və Ştaynerin işi üzrə 13 iyul 1983-cü il tarixli məhkəmə qərarında göstərilmişdir ki, Razılaşmış Tərəflər Konvensiyaya əsasən, öz hüquq sistemini elə qurmalıdırlar ki, "ağlabatan müddətdə işin baxılmasını təmin etsinlər".
Azərbaycan Respublikası Məhkəmələri tərəfindən mülki işlərə və cinayət işlərinə baxılarkən, prosessual müddətlərə əməl edilməsinə dair məhkəmə təcrübəsi haqqında 1995-ci il 22 dekabr tarixli 6 №-li qərarı da bu cəhətdən mühüm əhəmiyyət kəsb edir. Qərarın 2-ci bəndində yuxarı instansiya məhkəmələrinə tapşırılmışdır ki, "xalq məhkəmələrində mülki işlərə və cinayət işlərinə baxılarkən, prosessual müddətlərə əməl olunmasına nəzarətin gücləndirilməsi, hər bir müddət pozuntusu hallarına münasibətlərini bildirməklə, belə qanun pozuntularına yol verilməməsi üçün lazımi tədbirlər görsünlər".
Göstərilən qərarda Ali Məhkəmənin Plenumu, həmçinin, müddətlərə dair bir sıra məsələlərin tənzimlənməsində daha mütərəqqi nəticələrə nail olunması üçün Ali Məhkəmənin qanunvericilik təşəbbüsü ilə çıxış etməsini məqsədəmüvafiq hesab etmişdir.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru