MİA

  • 4 002

Erməni vandallığı: təcavüzə məruz qalmış tarixi dini-mədəni abidələrimiz - ŞƏRH

image

Azərbaycan öz mədəniyyəti, dini-mədəni abidələri, irsi ilə neçə əsrlərə malik tarixini, qədimliyini təsdiqləyir. Daş kitabələrdə iz salmış nümunələrimizdə Azərbaycan xalqının tarixi kökləri öz əksini tapır. Aparılan arxeoloji qazıntılar, araşdırmalar bir daha təsdiq edir ki, Azərbaycan tarixi minillikləri əhatə edir. Azərbaycanın neçə əsrlərə söykənən tarixi reallıqlarına, daş yaddaşlara hopmuş həqiqətlərə kölgə salmaq, saxtalaşdırmaq mümkün deyil. İki əsrdən artıq Azərbaycana qarşı təcavüzkar siyasətini həyata keçirən Ermənistan saxta tarix yaratmaq məqsədi ilə torpaqlarımıza göz dikərək, burada olan dini, mədəni abidələrimizi, toponimlərimizi saxtalaşdıraraq "Böyük Ermənistan" yaratmaq xülyaların həyata keçirmək istəyiblər. Tarixdən məlumdur ki, Ermənistan ərazidəki türk mənşəli adların dəyişdirilməsi "Türkmənçay" sülh müqaviləsindən sonra baş vermişdir. Yüzlərlə kəndlərimizin adı dəyişdirilərək erməni soyqırımına məruz qalıb. Beləliklə, tarixin müxtəlif dönəmlərində Qızıl Bulağın adı dəyişdirilərək Güllüdüz-Vardahovid, Zeytə-Zedeya, Armutlu-Danzud, Ağbulaq-Axpurak, Acıbac-Acabac, Qovşud-Kavçut, Gabut-Kapuyt, Molla Musa-Musakan və s. adları ilə əvəzləniib, saxtalaşdırılıb. Tarixi faktlara istinad edərək qeyd edək ki, 1988-89-cu ilə qədər azərbaycanlılar yaşamış 16 rayonda 90 türk mənşəli toponimlər dəyişdirilərək erməni adı ilə saxtalaşdırıldı. Bu gün Azərbaycan artıq bu saxtakarlıqlara qarşı öz iradəsini ortaya qoyub. Saxta əməlləri həqiqətlər əvəzləyir. Azərbaycan 44 günlük Vətən müharibəsində 30 ilə yaxın zamanda erməni işğalı altında olan torpaqlarımızı azad etdi. Zəfər tariximiz yazıldı. Azərbaycan artıq işğaldan azad olunan torpaqlarımızda abadlıq-quruculuq işlərinə başlayıb. Yeni yollar salınır, beynəlxalq hava limanları tikilir, infrastruktur yenidən qurulur, eyni zamanda Azərbaycanın tarixi adları özünə qaytarılır, dini-tarixi abidələrimiz təmir və bərpa olunur. Toponimlərimiz də öz tarixi adlarına qovuşur. Belə ki, 1969-cu ilin iyun ayında Basarkeçər rayonunun adı dəyişdirilərək Vardenis qoyulmuşdur. Artıq bu ad Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə bərpa edilib. 2020-ci ilə qədər Madagiz adlanmış Suqovuşanın da tarixi adı Prezident İlham Əliyev tərəfindən bərpa edildi. Zaman həqiqətləri bərpa edir. Qısa zamanda Azərbaycan torpaqlarını işğaldan azad etdiyi kimi, toponimlərini də, tarixi-mədəniyyət abidələrini də bərpa və təmir edəcəkdir.

Bu gün işğaldan azad olunmuş Şuşa, Ağdam, Zəngilan, Cəbrayıl kimi ərazilərimizdə olan tarixi dini-mədəniyyət abidələrimiz neçə əsrlərdən soraq verir. Qarğabazar kəndində Cəlil turbəsi, Aşağı Veysəlli kəndində Mirəli turbəsi, Qocəhmədli kəndində məscid binası, Horadiz kəndində məscid binası, Horadiz kəndində İmamzadə turbəsi, Aşağı Aybasandı kəndində İbrahim turbəsi və s. tarixi əhəmiyyətli abidələrimiz erməni vandalları tərəfindən məhv edilib, yararsız hala salınıbdır. İşğaldan azad olunan torpaqlarda 67 məsciddən yalnız ikisi qalmışdır.

FÜZULİNİN TARİXİNDƏN DANIŞAN DAŞ ABİDƏLƏR

Əlbəttə ki, 30 ilə yaxın erməni işğalında olan Füzuli şəhərindəki tarixi abidələrimiz də öz orijinallığı ilə diqqəti çəkir. Qədim qalalar, qədim insan məskənləri, maddi mədəniyyət abidələri, sikkələr və s. onun tarixi şəhər olduğunu sübut edən dəlilərdir. 1993-cü ildə avqust ayının 23-ü Ermənistan silahlı qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri daxil olmaqla, 58 kənd işğal olunmuş və bir çox tarixi abidələrimiz də işğala məruz qalmışdır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində Füzuli rayonu da işğaldan azad edildi və tarixi abidələrimiz erməni əsarətindən xilas oldu. Arxeoloji abidələrdən tunc dövrünə aid Zərgərtəpə, Şəkərçik yaşayış yerləri, eramızdan əvvəl II-I minilliklərə aid Günəştəpə və s. tarixin izini özündə yaşadan nümunələr sırasındadır. XVII-XIX əsrə aid məscidləri, XVIII-XIX əsrlərə aid körpüləri də erməni təcavüzünə məruz qalmışdır. Bu sırada paleolit dövrünə aid Azıx və Tağlar mağara düşərgələrini də qeyd etməliyik. Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən qədim insanının yaşayış yerlərindən biri olan Azıx mağarasının Azərbaycan tarixinə məxsus, tarixi sərvətin olduğunu bildirib: "Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparmışdır, xaricdən qanunsuz olaraq alimlər gətizdirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar. Onlar bu ziyanın hamısını ödəyəcəklər. Onları məcbur edəcəyik. Azıx mağarasını azərbaycanlı alim aşkarlayıb. Azıx mağarası Azərbaycan ərazisində yerləşir. Bundan sonra azərbaycanlı alimlər və onların dəvəti ilə gələcək xarici alimlər burada qanuni yollarla tədqiqatlar aparacaqlar".

"FÜZULİ VƏ İŞĞALDAN AZAD EDİLMİŞ BAŞQA TORPAQLARDA YAŞAMIŞ SAKİNLƏR BİLMƏLİDİRLƏR Kİ, BİZ BÜTÜN BU YERLƏRİ BƏRPA EDƏCƏYİK"

Bu şəhərdəki tikilmə tarixi hicri tarixi ilə 1307-ci ildə olan Hacı Ələkbər məscidi də öz orijinallığı ilə seçilir. Mənbələrdə qeyd olunduğu kimi, miladi təqvimi ilə tikilmə tarixi 1889–1890-cı illəri əhatə edir. Təbii ki, məcscidin belə adlandırılmasına səbəb onun Hacı Ələkbər adlı xeyriyyəçi tərəfindən inşasına vəsaitin ayırmasıdır. Füzulinin işğalı zamanı bir çox tarixi mədəniyyət abidələrimiz kimi, Hacı Ələkbər məscidi yararsız hala salınıb.

Ermənilər bütün maddi-mədəniyyət abidələrimizə qarşı təcavüzkar siyasəti həyata keçiriblər. Bütün bunlara baxmayaraq, işğaldan azad olunan bütün ərazilərimizdə, eləcə də Füzulidə olan bütün dini-mədəniyyət abidələrimiz, dağıdılmış infrastruktur yenidən qurulacaq, bərpa və təmir olunacaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin Füzuliyə səfəri zamanı dediyi fikirləri vurğulamaq yerinə düşər: "Füzuli və işğaldan azad edilmiş başqa torpaqlarda yaşamış sakinlər bilməlidirlər ki, biz bütün bu yerləri bərpa edəcəyik. Mən demişdim, Füzulidə bir dənə də bina tapılmadı ki, orada Azərbaycan bayrağı ucaldılsın. Amma biz bərpa edəcəyik".

Nəzakət ƏLƏDDİNQIZI

QEYD: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" istiqaməti çərçivəsində hazırlanıb.

Digər xəbərlər