MİA

  • 5 437

Azərbaycan idmanı uğurlu inkişaf dövrünü yaşayır - ŞƏRH

image

Prezident İlham Əliyev: "Bu gün dünya miqyasında Azərbaycan idman ölkəsi kimi tanınır"

Müasir dünyamızda Azərbaycan idmanı inkişafının ən yüksək dövrünü yaşayır. Əlbəttə ki, idmanın bugünkü inkişaf səviyyəsi Azərbaycan Prezidenti İlham Əliyevin həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin rəhbəri kimi bu sahəyə ayırdığı diqqətin nəticəsidir. İdmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan Avropanın idman mərkəzlərindən birinə çevrilib və dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş kimi qəbul olunur. Vurğulamaq yerinə düşər ki, ölkəmizin idman sahəsində əldə etdiyi uğurlar beynəlxalq idman təşkilatları tərəfindən maraqla qarşılanmış və ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışında bildirdiyi kimi, "Bütövlükdə idman sahəsi Azərbaycanda sürətlə inkişaf edibdir və bu gün dünya miqyasında Azərbaycan idman ölkəsi kimi tanınır. Beynəlxalq yarışlarda idmançılarımız yüksək nəticələr göstərirlər. Düzdür, Azərbaycan ictimaiyyəti bizim idman sahəsindəki qələbələrə öyrəşib və əgər biz hansısa nəticəni əldə edə bilmiriksə, əlbəttə ki, məyus olur. Ancaq hamımız bilməliyik ki, idman sahəsində rəqabət kifayət qədər güclüdür və bütövlükdə son illər ərzində idman sahəsində göstərilən nəticələr, əlbəttə, qürurvericidir".

"İDMAN SAHƏSİNDƏ ƏLDƏ EDİLMİŞ NƏTİCƏLƏR ÇOX MÜSBƏTDİR"

Əgər idman sahəsində uğurlarımıza və idmançılarımızın əldə etdiyi nailiyyətlərə nəzər salsaq görərik ki, Azərbaycan idmançıları beynəlxalq yarışlarda kifayət qədər yüksək nəticələr əldə etmişdirlər. İdmançılarımıza ayrılan diqqət, göstərilən etimad cavabsız qalmamışdır. Belə ki, Sidney görüşü ölkəmizə 2 qızıl, 1 bürünc medal qazandırdı. Afinadan Azərbaycana 5 medalla qayıdan idmançılarımız Pekin yarışlarında 1 qızıl, 2 gümüş, 4 bürünc medalla idman tarixinə imza atmış oldular. İdmançılarımızın dünya birliyində tanınmasına səbəb olan London XXX Yay Olimpiadası daha uğurlu oldu. Belə ki, qaliblər üçün nəzərdə tutulan medallardan 2 qızıl, 2 gümüş, 4 bürünc qazanmaqla ölkəmizə 10 medalla döndülər. Çində keçirilmiş yeniyetmələrin Yay Olimpiya Oyunlarında gənclərimiz əlavə aktivlər qazandılar. Göründüyü kimi saymaqla bitməyən uğurlar Azərbaycan idmanının qələbəsidir. XIII Avropa Gənclərinin Olimpiya Festivalı atletlərimiz üçün uğurlu oldu. 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmaqla ümumi turnir cədvəlində 22-ci yeri tutdular. Və hər zaman idmançılarımız qələbə sevincini yaşayıb və bizlərə yaşadırlar. Əgər idmanın qələbə sorağından yazırıqsa, buraya Azərbaycana 56 medal qazandıran Birinci Avropa Oyunlarını da qeyd etməliyik. "Bakı-2015" ilk Avropa Oyunlarında yarışlarda Azərbaycan atletləri 21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla 56 medal qazanaraq 2-ci yeri tutması, eləcə də IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımız möhtəşəm uğura imza atmış oldular və "Bakı-2017"nin ən güclüləri oldular. Dövlət başçısı çıxışında bildirib ki, idmançılarımız Dünya, Avropa oyunlarında, digər beynəlxalq yarışlarda bizi sevindirirlər: "Son Yay Olimpiya Oyunlarında Rio Olimpiya Oyunları ilə müqayisədə az medal qazansaq da, yenə də hesab edirəm ki, idmançılarımız yaxşı nəticə göstəriblər. Medalların sayına görə Azərbaycan 33-cü yeri, Avropa ölkələri arasında 20-ci, müsəlman ölkələri arasında isə 4-cü yeri tutub. Düzdür, idmançılarımız bu dəfə qızıl medal qazana bilmədilər, amma ona çox yaxın idilər. Amma yenə də deyirəm, idmanda məğlubiyyətlər də olur, qələbələr də olur. Bütövlükdə idman sahəsində əldə edilmiş nəticələr çox müsbətdir".

Qeyd edək ki, Azərbaycanın "Tokio-2020" Yay Paralimpiya Oyunlarında iştirakı və uğur qazanmaları Azərbaycan idman tarixində önəmli yer tutur. İdmanın 22 növü üzrə 529 dəst medal uğrunda keçrilən yarışlarda Azərbaycan millisinin 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə 19 medal qazanması böyük nailiyyət oldu və bu Azərbaycanın 25 illik paralimpiya tarixində bu, ən uğurlu Paralimpiya Oyunları kimi tarixiləşdi. Dövlət başçısı "Paralimpiyaçılarımız bizi çox sevindirib və böyük məharət, peşəkarlıq, fədakarlıq göstərərək çoxlu medallar, o cümlədən bir çox qızıl medallar qazanıblar", - deyən dövlət başçısı bunun çox önəmli hadisə olduğunu və haqlı olaraq paralimpiyaçılarımızla fəxr etdiyimizi bildirib.

BÖLGƏLƏRDƏ 50-YƏ YAXIN İDMAN-OLİMPİYA KOMPLEKSİ FƏALİYYƏT GÖSTƏRİR

Cənab Prezident son Olimpiya Oyunlarında medallar qazanmış idmançılarımızın bizim təcrübəli idmançılar olduğunu da qeyd edib və onların demək olar ki veteran idmançılar olduğun diqqətə çatdırıb: "Onların arasında gənc nəslin nümayəndələri yoxdur və bu, çox ciddi təhlil edilməlidir. Necə ola bilər ki, nəsillər arasında artıq belə bir ara, elə bil ki, məsafə yaranır".

Son illərdə bütün bölgələrdə idman obyektlərinin tikintisini diqqətə çatdıran Cənab Prezident təkcə bölgələrdə 50-yə yaxın idman-olimpiya kompleksinin fəaliyyət göstərdiyini qeyd edib. Əlbəttə ki, bu gün ölkəmizin hər bir guşəsində yeni idman mərkəzləri, olimpiya kompleksləri istifadəyə verilib. Beyləqan Olimpiya İdman Kompleksi, Ağcabədi Olimpiya İdman Kompleksi, Lənkəran Olimpiya İdman Kompleksi və digər şəhərlərdə müasir standartlara cavab verən komplekslər var. Eləcə də paytaxtımızda Bakı Olimpiya Stadionu fəaliyyətdədir. Dövlət başçısı bildirib ki, biz bu infrastrukturu, bu kompleksləri o məqsədlə yaratmışıq ki, həm idmanın kütləviliyi artsın, eyni zamanda, peşəkar idmançılar yetişsin: "Nəzərə alsaq ki, Tokio Olimpiya Oyunlarında gənc idmançılar medallar qazana bilmədilər, bu, çox ciddi təftiş edilməlidir. Klublardakı vəziyyətlə bağlı təhlil aparılmalıdır. Yəni, biz nəticə çıxarmalıyıq. Biz, əlbəttə, qələbələrlə fəxr edə bilərik. Ancaq çatışmazlıqlar da var və onlar aradan qaldırılmalıdır. Bu sahədə şəffaflıq tam təmin edilməlidir və bütün xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmalıdır".

"BUNDAN SONRA MÜZƏFFƏR XALQ KİMİ, QALİB ÖLKƏ KİMİ, QÜRURLU İNSANLAR KİMİ ƏBƏDİ YAŞAYACAĞIQ"

"İdman sahəsində tərbiyə məsələlərinə də çox ciddi diqqət yetirmək lazımdır", - deyən Cənab Prezident bildirib ki, bütövlükdə gənclərimizin tərbiyə edilməsi prosesi diqqət mərkəzində olmalıdır: "Gənclərimiz ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Həm məktəblərdə, həm ailələrdə ənənəvi dəyərlər bizim əsas sütunumuzdur. Azərbaycan dəyərləri, milli dəyərlərimiz bizim üçün əsas prinsipdir və gənc nəsil də bu ruhda tərbiyə almalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır".

Əlbəttə ki, hər bir gənc milli-mənəvi dəyərlərə, ənənələr sahib olmalıdır. Onların vətənpərvər gənc kimi böyümələri vacib amillərdəndir. Bir insan, vətəndaş olaraq torpağa, vətənə sədaqət, məhəbbət hissi aşılanmalıdır. Əlbəttə ki, biz 44 günlük Vətən müharibəsində gənclərimizi necə yüksək vətənpərvər olduqlarını gördük. Vətən qarşısında ən müqqəddəs borcu verərək qanı-canı bahaldarına işğaldan torpaqlarımızı azad etdilər. "Əlbəttə ki, İkinci Qarabağ müharibəsindəki parlaq tarixi Qələbəmiz gənclərin tərbiyə işində əsas rol oynamalıdır", - deyən Cənab Prezident 44 günlük Vətən müharibəsinin hər gününün bizim üçün əziz, doğma olduğunu bildirib: "Vətən uğrunda öz canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bizim üçün doğmadır, bizim üçün müqəddəsdir və gənclər bu nümunələr əsasında tərbiyə almalıdırlar. Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər. Bunun çox böyük mənəvi və psixoloji mənası var. Uzun illər Azərbaycan işğala məruz qalmış ölkə, biz azərbaycanlılar isə düşmən tərəfindən öz doğma torpağından didərgin salınmış xalq kimi yaşamışıq, əzab-əziyyət içində yaşamışıq, fiziki və mənəvi əzablar içində yaşamışıq. Biz buna son qoyduq. Bundan sonra müzəffər xalq kimi, qalib ölkə kimi, qürurlu insanlar kimi əbədi yaşayacağıq".

Nəzakət ƏLƏDDİNQIZI

QEYD: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" istiqaməti çərçivəsində hazırlanıb.

Digər xəbərlər